Xalqımızın istiqlal yolu

 

Deyəsən ağlayır anam xəlvətcə.

Girmir heç olmasa yuxuma -

deyəm, ağlama, ay ana,

mən çox yaxşıyam.

Səndən narahatam,

Niyə hər gecə çıxıb

qaranlıqda yola baxırsan?!

Niyə vaxtsız yatıb,

vaxtsız qalxırsan?!

 

Bu misralar 20 Yanvar şəhidi, gənc şair Ülvi Bünyadzadəyə məxsusdur. Ölümündən çox əvvəl sanki özünə onunla eyni taleyi bölüşən dostlarına - şəhidlərə yazdığı şeirdəndir. Bu misralar da sübut edir ki, o qanlı hadisələrin, qanunsuzluğun tüğyan etdiyi 1990-cı ilin 20 Yanvar günü Azərbaycan tarixində  təkcə faciə kimi deyil, eyni zamanda xalqımızın istiqlal yolunun, müstəqillik arzularının zirvəsi, milli məfkurəmizdə azadlıq istəyinin oyanış günü olaraq yaddaşlarda daima yaşayacaqdır.

Doğrudan da, 20 Yanvar uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini şərəflə ucaltdığı, torpaq bütövlüyü, öz suverenliyi uğrunda qəhrəmanlıq, mərdlik nümayiş etdirdiyi şərəfli bir tarixdir. Bu tarixi gün həm dostun düşməndən seçilib ayrıldığı, imtahana çəkildiyi bir gün idi.

Həmin hadisələrdən 23 il keçməsinə baxmayaraq, o, xalqımızın qan yaddasına əbədi həkk olunub. Sovet dövlətinin hərb maşınının o gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi terror aktı ümumilikdə insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixdə qalacaq. Öz azadlığı, ərazi bütövlüyü, doğma torpaqları uğrunda mübarizəyə qalxan insanlara divan tutulması, yüzlərlə günahsızın qətlə yetirilməsi sovet rejiminin təhdid hədədən ibarət cinayətkar mahiyyətini bir daha bütün dünyaya açıb göstərdi.

Həmin gün vaxtilə Çexoslovakiyaya, Macarıstana, Əfqanıstana zorla qoşun yeridən sovet rəhbərliyi bunu artıq müttəfiq respublikalardan biri olan Azərbaycanda da təkrarlamaqdan çəkinmədi. O vaxt Azərbaycan qonşu Ermənistanın da təcavüzü ilə üz-üzə qalmışdi -  Qarabağda hadisələr günü-gündən şiddətlənir, Ermənistandan azərbaycanlılar kütləvi şəkildə deportasiya edilir, öz doğma ocaqlarından didərgin salınırdılar. Belə bir vaxtda sovet hökuməti münaqişənin qarşısını almaq, Ermənistanı işğalçılıq iddialarından çəkindirmək əvəzinə Azərbaycana  qoşun hissələri yeridib Stavropol, Krasnodar Rostovdan səfərbərliyə alınan erməni əsgər zabitləri həmin qüvvələrə daxil etdi.

Qoşun kontingentinə "doyüş" tapşırığını yerinə yetirmək üçün möhkəm psixoloji hazırlıq keçilmişdi. Sovetlər birliyinin rəhbərliyi Azərbaycanda "erməni kartı"ndan məharətlə istifadə edərək guya Bakıya qoşunların  hərbi qulluqçuların ailələrini qorumaq, hakimiyyətin zorakılıqla ələ keçirilməsinin qarşısını almaq üçün yeridildiyini bəyan edirdi. Əslində isə bu, riyakarlıqdan yalandan başqa bir şey deyildi. Çünki həmin vaxt burada daxili qoşunların 11,5 min əsgəri, Müdafiə Nazirliyinə tabe olan Bakı qarnizonunun çoxsaylı hərbi hissələri, hava hücumundan müdafiə qüvvələri var idi. 4-cü ordunun komandanlığı da Bakıda yerləşirdi.

Bütün bunlara baxmayaraq, 1990-cı il yanvarın 19-da Mixail Qorbaçov  yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzaladı. Bir gün əvvəl - yanvarın 19-da isə SSRİ  DTK-nın "Alfa" qrupu Azərbaycan televiziyasının enerji blokunu partlatdı bununla respublikada televiziya verilişləri dayandırıldı, əhali baş verənlərdən məlumatsız qaldı. Gecə isə qoşun fövqəladə vəziyyət elan edilməsindən xəbərsiz olan şəhərə girdi əhaliyə divan tutmağa başladı. M.Qorbaçovun fərmanı qüvvəyə minənədək - yanvarın 20-də saat 00-dək artıq 9 nəfər öldürülmüşdü. Bakıda fövqəladə vəziyyətin elan olunması haqqında məlumat isə əhaliyə yalnız yanvarın 20-də səhər saat 7-də respublika radiosu ilə çatdırıldı. Həmin vaxt öldürülənlərin sayı 100 nəfərə çatmışdı.

Hərbçilər hər yanı atəşə tuturdular. İnsanlar küçələrdə, avtobusda,  öz mənzillərində oturduqları yerdə güllələrə tuş gəlirdilər. Bir neçə gün ərzində 140 nəfərdən çox insan öldürüldü, 700-dək yaralandı, 800-dən çox adam qanunsuz həbs edildi.

 Qətlə yetirilən insanlar xüsusi qəddarlıqla öldürülmüşdü. Məsələn, şəhidlərdən birinə 21, digərinə 10-dan çox,  başqa birisinə isə 23 güllə vurulmuş, maşınlar atəşə tutulmuş, həkimlər öldürülmüş, adamlar süngü-bıçaqla qətlə yetirilmişdir.

 Həlak olanlar arasında yetkinlik yaşına çatmayanlar, qadınlar, qocalar, şikəstlər var idi.

Yanvarın 20-də artıq bütün dünya Bakıda törədilmiş dəhşətli qırğından xəbər tutdu. Amma o vaxtkı sovet imperiyasının ideoloji ruporu olan "Pravda" qəzeti 22 yanvar tarixli nömrəsində belə yazırdı:

"Fövqəladə vəziyyət elan edilməsi üçün görülmüş tədbirlər nəticəsində guya qadınlar uşaqların tələf olması barədə bəyanatlar aşkar fitnəkar xarakter daşıyır. Bir daha təkrar etmək lazımdır ki, bu, qərəzli yalandır! Ondan məqsəd əhalini sovet ordusuna hüquq-mühafizə orqanlarına qarşı qaldırmaqdır"...

20 Yanvar Azərbaycan tarixində ondan əvvəlki faciəli hadisələr XX əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü idi. Azərbaycan xalqına qarşı törədilən soyqırımı, sovet hakimiyyəti illərində Azərbaycan ərazilərinin tədricən ilhaq olunması, nəticədə ölkənin ərazisinin 125 min kvadratkilometrdən 87 min kvadratkilometrədək azalması, sovet rəhbərliyinin havadarlığı ilə başlayan Dağlıq Qarabağ hadisələri, azərbaycanlıların Ermənistan ərazisindəki əzəli torpaqlarından qovulması bu siyasətin nəticəsi idi.

1990-cı ilin 20 Yanvar qırğını qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli-azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar...

Şəhid şair Ülvi Bünyadzadə şeirlərinin birində 1979-cu ildə SSRİ-nin Əfqanıstana soxulduğu zaman sovet ordusunda xidmət edən istər-istəməz bu savaşa qoşulan nahaq yerə qərib ölkədə torpağa düşən azərbaycanlı oğulların əziz xatirələrini ehtiramla yada salaraq yazırdı:

 

Əcəl sizi qılıqlayıb,

Yuvanızdan hara saldı?

Adlarınız hansı daşda,

Hansı yurdda batıb qaldı?

 

 "Hansı yurdda batıb qaldı?" - deyən gənc şair bir az bir çoxu kimi sonra üzərindən keçəcək tankların, sinəsini deşəcək güllələrin üstünə yeriməyi bacardı. Əfqanıstanda həlak olan həmvətənlərindən fərqli olaraq, onlar nə üçün şəhid olduğunu yaxşı bilirdilər:

 

Adınızı oxuyuram ...

Əli, Səməd, Vaqif, Məhər ...

Özünüzü görməsəm də,

Ruhunuzu axtaracam,

Səhər-axşam, axşam-səhər.

 

 

 Bəxtiyar QARACA

 

Azərbaycan.-2013.- 20 yanvar.- S.6.