20 Yanvar şəhidlərinin
xatirəsi anılmışdır
Türkiyə
Azərbaycanın Türkiyədəki səfirliyində 20 Yanvar faciəsinin 23-cü ildönümü ilə əlaqədar tədbir keçirilmişdir. Azərbaycan və Türkiyənin millət vəkilləri, tanınmış siyasətçilər, elm xadimləri, Türkiyə paytaxtında təhsil alan tələbə və müdavimlərimiz, KİV təmsilçiləri tədbirdə iştirak etmişlər.
Salona toplaşanlar şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. 20 Yanvar faciəsinin səbəblərindən bəhs edən sənədli film nümayiş olunmuşdur.
Tədbiri giriş sözü ilə açan ölkəmizin Türkiyədəki səfiri Faiq Bağırov müstəqilliyin bərpa edilməsi yolunda canlarını fəda etmiş qəhrəmanlarımızın şücaətindən, Qanlı Yanvar hadisələrinin səbəb və nəticələrindən ətraflı bəhs etmişdir.
Milli Məclisin deputatı, professor Yaqub Mahmudov çıxışında bildirmişdir ki, 20 Yanvar bir hüzn və kədər günü deyil, xalqımızın qəhrəmanlıq və şücaətinin simvolu olan bir gün kimi qiymətləndirilməlidir. Təəssüf ki, torpaq uğrunda canlarını fəda etmiş insanlar həmin hadisələr zamanı respublikaya rəhbərlik edənlərin səhvi, bəzən isə xəyanəti ucbatından ölümə sürükləndilər. Mixail Qorbaçovun ermənipərəst siyasətinə, Dağlıq Qarabağda Arkadiy Volskinin başçılığı ilə xüsusi rejimə, Bakıya qoşun yeridilməsinə etiraz etməyən bu rəhbərlər azadlıq mübarizəsinə qalxmış insanları yalqız qoydular. Lakin bu ağır günlərdə Moskvada təhdidlər altında yaşayan ulu öndər Heydər Əliyev həyatını təhlükəyə ataraq Azərbaycanın daimi nümayəndəliyinə gəldi və qanlı cinayəti pisləyən bəyanat verdi. Bu hadisələrin layiqli siyasi-hüquqi qiyməti də məhz ulu öndərimizin ikinci dəfə hakimiyyətə gəldiyi vaxtda - 1993-cü ildə verildi. O mürəkkəb dövrdə respublikanın bədnam rəhbərlərinin SSRİ-nin qorunub saxlanılmasına dair referendumda imperiyanın lehinə səs verdikləri halda, ümummilli liderimizin sədrliyi ilə Naxçıvan Ali Məclisinin sessiyasında kommunist rejiminin əleyhinə qərar qəbul olundu.
Toplantıda çıxış edən Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Necdət Ünüvar, Türkiyənin millət vəkili, professor Yusuf Halaçoğlu, tələbə Kamran Abbasov və hərbi məktəbin müdavimi Xəqani Abbaszadə ermənilərin və rus imperiyasının əsrlər boyu xalqımızın başına gətirdikləri müsibətlər, qətliamlar və etnik təmizləmə siyasətindən bəhs etmişlər.
Azərbaycanın
Türkiyədəki səfirliyinin əməkdaşları
TRT-nin Ankara studiyasında 20 Yanvar hadisələrindən bəhs
edən proqramda da iştirak etmişlər.
Böyük Britaniya
Azərbaycanın Böyük
Britaniyadakı səfirliyində 20 Yanvar faciəsinin 23-cü
ildönümünə həsr olunmuş anma mərasimi
keçirilmişdir.
AzərTAc
xəbər verir ki, tədbirdə səfirliyin əməkdaşları,
Böyük Britaniyada fəaliyyət göstərən Azərbaycan
təşkilatlarının nümayəndələri,
Britaniya ictimaiyyətinin təmsilçiləri iştirak
etmişlər.
Əvvəlcə
şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla
yad edilmişdir.
Azərbaycanın
Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov bu
qanlı faciənin tarixi kökləri, onu doğuran səbəblər
barədə ətraflı məlumat vermişdir. Bildirilmişdir
ki, 1990-cı il yanvarın 20-də sovet silahlı qüvvələrinin
Azərbaycan xalqına qarşı həyata keçirdiyi
qanlı aksiya insanlığa qarşı törədilmiş
ən ağır cinayətlərdən biri kimi yadda
qalmışdır. Həmin günlərdə Azərbaycan
xalqının azadlığını, şərəf və
ləyaqətini hər şeydən uca tutan vətən
övladları canlarından keçərək şəhidlik
zirvəsinə ucalmışlar. Ona görə də 20 Yanvar
Azərbaycanın azadlığı və ərazi
bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq
səhifəsi kimi daxil olmuşdur.
İngilis
şairi və dramaturqu Deyvid Perri 20 Yanvar hadisəsində mərd
Azərbaycan övladlarının Vətənimizin suverenliyi
uğrunda canlarından keçmələrini yüksək
qiymətləndirmiş, beynəlxalq aləmdə ədalətin
bərpa olunmasının vacibliyini vurğulamışdır.
Londonda
fəaliyyət göstərən "Azərbaycan Evi"nin
nümayəndəsi və 20
Yanvar hadisələrinin şahidi Fəridə Pənahova
tarixə nəzər salaraq, xalqımıza qarşı
törədilən bu ədalətsiz faciə haqqında iştirakçılara ətraflı
məlumat vermişdir.
Tədbirdə
xüsusi vurğulanmışdır ki, Azərbaycan xalqı
20 Yanvar qurbanlarının xatirəsini həmişə əziz
tutur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
şəhid ailələrinin sosial problemlərinin həlli ilə
bağlı mütəmadi olaraq konkret tədbirlər həyata
keçirir, onlara lazımi diqqət və qayğı
göstərir.
Tədbirdə
20 Yanvar şəhidlərinin xatirəsinə həsr
olunmuş videoçarx nümayiş etdirilmişdir.
AzərTAc
Azərbaycan.-2013.- 20 yanvar.- S.6.