Millətin hünər dastanı
Əzəlimiz və sonumuz olan torpaq həqiqətən möcüzədir. Ona baş əyəni göyə qaldırır. Yolunda ölümə sinə gərəni şəhidliyə ucaldır.
Bu qeyri-adi rütbənin epiteti isə ölümsüzlükdür. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu tərəfindən xalqımıza qarşı misli görünməmiş qəddarlıq törədildi. Azərbaycan xalqı totalitar kommunist rejiminin hərbi təcavüzünə tuş gəldi. Xalqın inam və iradəsini qırmaq, mənliyini alçaltmaq, milli azadlıq hərəkatını boğmaq üçün dinc əhaliyə qarşı edilən ağır cinayət nəticəsində yüzlərlə insan yaralandı və qəddarcasına qətlə yetirildi.
İndi o
faciədən 23 il keçir. Bu qocalan dərdin
ucalığında ötənlərə boylananda tariximizin
qanla yazılmış yaddaşından süzülən
xatirələrin qarşısında bir etiraf qolumuzdan
yapışır: ağlama, mərdlərin var, mərd ol namərdlərin
var. "20 Yanvar şəhidi" fəxri adının təsis
edilməsi haqqında 1998-ci ildə ümummilli lider Heydər Əliyev
tərəfindən imzalanan fərmanda deyilir: "20 Yanvar
xalqımızın qəhrəmanlıq günüdür. Azərbaycan xalqı hərbi, siyasi, mənəvi təcavüzə
məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə
sadiqliyini, vətənin müstəqilliyini qorumaq
üçün şəhid olmaq əzmini bütün
dünyaya nümayiş etdirmişdir. Azadlıq
yolunda özünü qurban vermiş şəhidlərimizin fədakarlığı
xalqımızın qəlbində daim yaşayacaq, gələcək
nəsillər üçün qəhrəmanlıq məktəbi
olacaqdır".
Başına çox bəlalar gəlmiş Azərbaycan
zaman-zaman düçar olduğu qasırğalardan,
haqsızlıqlardan məhz fədakar övladlarının
şücaəti sahəsində qalib çıxıb. O qanlı-qadalı qış
gecəsində doğulan körpələrin indi 23
yaşı var. İnanmaq istəmirsən ki, aradan bu qədər
illər keçib. Sanki dünən hər
şey olmuş kimi təptəzədir. Hələ
də gözlərimiz önündən bozhavalı, qüssəli
Bakının o qəhərli günləri çəkilmir.
Əlbəttə, 20 Yanvar əslində millətimizin
qürur və şərafət günüdür. Nail
olduğumuz azadlığı kimdənsə sovqat almadıq. Onu qanımızla, canımızla torpağa
tapşırdığımız müqəddəs əmanətlərimizlə
əldə etdik. Paytaxtımızın
Dağüstü parkında öz varlıqları ilə
hopduqları torpağı millətin hünər dastanına
çevirən şəhidlərin ruhu ilə qazandıq.
Ötən əsrin əvvəllərində də
bu yerlərdə erməni daşnaklarının və
bolşeviklərinin güdazına getmiş
soydaşlarımız dəfn edilmişdi. Amma sovet rejiminin sərt qanunları çox
şeyin, hətta yaddaşımızın üstündən
də qara xətt çəkmişdi. Torpaq
isə heç nəyi unutmur. Yeni
qurbanlarını qoynuna alanda naməlum şəhidlərin
dağılmış sümükləri üzə
çıxdı. Bu, tarixin ən
ağır ittihamı olsa da, millətimizin suçu deyildi.
Azadlığa uzanan yollar heç vaxt hamar və düz
olmur. Odlardan, tikanlardan, ölüm püskürən
tankların, mərmilərin, topların hədəfindən
keçir. Elə bu çətinliyə
görə də azadlığın şirinliyini dadmaq
üçün üzləşdiyimiz ağır yolları dəf
etməyi bacarmalıydıq. Türk dünyasının
böyük şairi Hüseyn Cavidin misralarıdır:
Azadlıq
öylə nazlı afət ki, tək vüqar,
Qan tökülmədikcə üzə gülməz o
işvəkar.
O vahiməli günlər heç
vaxt gözümün önündən çəkilmir. Bir şahid kimi mən ilk dəfə şəhidlərin
şərəfli ölümü önündə sağ
qaldıqlarına görə xəcalət çəkən
insanlar gördüm. Bizim hər birimiz həyatla
ölümün qovuşuğunda çırpınan millətimizin
birliyinin, eyni dərdin, fəlakətin içində candan,
qandan yaratdığı həmrəyliyin şahidi olduq.
O gün millətimizin Azərbaycan adlı müqəddəs
bir anası var idi. Məhz yeganə anası... Yaşından,
başından asılı olmayaraq hamımız bu mərd və
dərdli ananın başına qara şal
bağlamasının səbəbkarlarına - qatillərə,
qaniçənlərə nifrət bəsləyirdik. O
gün cocuğundan ahılına kimi hamı döyüş
ruhunda idi. O gün insanlar necə qorxmaz, cəsarətli,
vüqarlı görünürdülər. Dərd
bizi ağlatsa da, içimizi yesə də,
gözümüzü göynətsə də,
vüqarımızı əyə bilməmişdi. O
gün Bakının bütün küçələrinə
sanki qərənfil yağışı yağırdı. Azadlıq meydanından başlamış ta Şəhidlər
xiyabanınadək başdan-başa döşənmiş qərənfillər
Azərbaycan xalqının torpağa axıdılmış
qanının rəmzi idi. Hər damla qan
isə bizi intiqama, qisasa çağırırdı.
Bizim göz
yaşlarımız qərənfillə qoşa
düzülmüşdü o yerlərə. Dünya
özü heyrətə gəlmişdi bu mənzərədən.
Qatillər yalnız igidlərə, uşaqlara,
qadınlara, ahıllara deyil, həm də mənəviyyatımıza,
ovqatımıza güllə atmışdılar. Hamımızın ruhu eyni simin üstündə
köklənmişdi. Gözlərimizdən
eyni dərdin ağırlığı
asılmışdı. İndi düşünəndə dəhşətə
gəlirəm ki, ruhumuzu, yazıb-yaratmaq eşqimizi, yaşamaq
həvəsimizi o sarsıntıdan necə çıxara
bildik. Mənəvi qürur hər şeyə
qalib gəldi. Bizi əysələr də,
sındıra bilmədilər. Azərbaycanın
bütün ziyalı təbəqəsi, mədəniyyət
işçiləri, musiqisi, mahnısı düşmənə
qarşı mübarizəyə qalxmışdı. O
müdhiş gecənin səhəri belə insanlar heç nədən
çəkinmədən ölümün üstünə
yeriyir, ondan qorxmurdular. Əksinə,
azadlığa uzanan yollarda hər kəs öz
ölümünü şərəfli sayırdı.
Həmişə 20 Yanvardan danışanda xəyalıma
ilkin gələn xalq yazıçısı unudulmaz müəllimimiz
Əzizə xanım Cəfərzadə olur. Yəqin ki,
gözlərimdən çəkilməyən o ağır mənzərəni
ömrüm boyu unutmayacağam. Yaxından
tanıdığımız kövrək təbiətli Əzizə
xanımı biz o dərəcədə yuxa, pərişan
görməmişdik. Fəlakətin əlində
yumağa dönmüş ağbirçək anamız əllərini
qoşalayaraq ağ saçlarını
yolurdu. Bununla bərabər həm də bütün dərdlərin
içindən güc taparaq öz bayatıları ilə
düşmənə meydan oxuyurdu: "Sən məni dəryaz
kimi biç, nə qədər bacarırsan biç, amma mənim
şəhidlərimin qanı torpağa toxum kimi
düşüb. Hər yerdən boy verib cücərəcək".
Arazam,
keç üstümdən,
Keç, karvan, keç üstümdən.
Bu dərdi
mən əkmişəm,
Dəryaz al biç üstümdən.
O gün Azərbaycanın səsini
içində boğurdular. Boğurdular ki,
harayını kimsə eşidib köməyinə gəlməsin.
Səsimiz içimizə düşsə də,
o ağır məqamlarda jurnalist həmkarlarımız dəridən,
qabıqdan çıxdılar. Xüsusilə
də mərhum Elmira Əmrahqızının 1990-cı ilin
yanvarındakı fəaliyyəti əsl qəhrəmanlıq
nümunəsi idi. Bakının
ağır dərdləri Elmira xanımın titrək səsi
ilə dünyaya yayılırdı. O vaxt təkcə
xarici ölkələrdə yaşayan soydaşlarımız
deyil, Azərbaycanın özündə də məhz Elmira
xanımı dinləyir, onun həyəcan dolu məlumatları
əsasında Bakıda baş verənlərdən xəbər
tuturdular.
O günlərdə
Ramiz Quliyevin tarı, Habil Əliyevin kamanı, Kamil Cəlilovun
qoboyu millətin dərdini öz yanıqlı sədalarında
dilə gətirirdi. Hər kəsin ürəyindən
bu keçirdi ki, qoy haqqın fəryadı bitməsin.
Xalq artisti Zeynəb Xanlarova bir il şəhidlərə
yas saxlayaraq oxumadı. O bu sükutu ilə qaniçənlərin
murdar sifətlərinə şillə vurdu. Çoxumuz
bu sitəmə elə o günlərdə dözüm gətirə
bilmədik. Səhnə ustası Hamlet
Xanızadə kimi böyük sənətkarımızın
da ürəyi elə Şəhidlər xiyabanında
dayandı. Fərizələr,
İlhamların eşqinə məhəbbətləri yolunda
özlərini şəhid etdilər. Beləliklə
də torpaq uğrunda ölənlərin sevgililəri məhəbbətin
əbədiliyinə imza atdılar. Bir daha
dünyaya sübut olundu ki, Azərbaycan qadını necə mərd
və sədaqətlidir, fədakardır, ölümdən də
güclüdür.
Şairlərimizdən
Bəxtiyar Vahabzadə, Məmməd Araz, Nəbi Xəzri, Xəlil
Rza Ulutürk, Mədinə Gülgün, Məmməd Aslan,
Cabir Novruz, Tofiq Mütəllibov, Şahmar Əkbərzadə,
Nüsrət Kəsəmənli, Fikrət Qoca və digərləri
də o ağır günlərin dərdini misra-misra dilə
gətirdilər.
20 Yanvar
faciəsi ürəkləri tar-mar etdi, hər tərəfi
bürümüş qırmızı qərənfillərin
harayı o dövrdə Məmməd Aslanın misraları ilə
anaların ağısına qarışdı:
Bu
günahsız qanlara,
Bu
didilmiş canlara,
Bu
cansız cavanlara,
Ağla, qərənfil, ağla.
O gecə Azərbaycanda başqa bir
şərəfli ad da doğuldu: ŞƏHİD ANASI! Xalq
şairi Fikrət Qoca bu dərdli analara həsr etdiyi şeirlərinin
birində deyirdi:
Dərd
daş atar, ayna sınar,
Sınar evin sonası da.
Dönər
şəhid anasına
Dünyaya gələn analar.
Unuda bilmədiyimiz və
o günlər ürəyimizə toxtaqlıq gətirən məqamlardan
biri də Qazaxıstan Yazıçılar İttifaqı
İdarə Heyətinin birinci katibi Oljas Süleymenovun Azərbaycanda
baş verən hadisələrdən xəbər tutan
günün səhəri Bakıda olması idi. O həmkarları,
ziyalılar və gənclərlə görüşərək
dərdimizə şərik çıxdı.
Yaşadığı mehmanxananın divarlarına sovet əsgərlərinin
tuşladığı avtomatları gözləri ilə
görən bu qələm sahibi inamla deyirdi:
"Qışdan sonra mütləq bahar gələcək".
Əlbəttə, təki dəryalarımız
qurumasın. Bir arx buxarlanarsa, dünya
dağılmaz ki?! Vətəni qorumaq
üçün ölmək şərəfdir. Elə bu istək, bu məqsədlə də
övladlarımız əliyalın olaraq tankların, BTR-lərin,
silahların üstünə qorxmadan getdilər. O gecə
əslində ölən qorxumuz idi. Bir
şıqqıltıya belə üşənən
canımızdan qorxu hissi yoxa çəkilmişdi. Qaniçənlərin üstünə cəsarətlə
yeriyirdik. Silahlı adamların vəhşi
baxışlarından hürkümüz yox idi. Necə qürurlu bir gün idi. Ölüm
şərəf sayılırdı. Təki
millətin ruhu ölməsin. O gecə güllə
yağışı altında dünyaya gələn körpələrin
arasında oğlan cocuqları daha çox idi. Yeni
əsgərlər doğulurdu. Dağları
aşıb sönən Günəş səhərlər
yenidən məmləkətimizə boylanırdı. Ürəyimizə gələn qarışıq
duyğulardan bir rahatlıq tapırdıq. Qürur
qarışıq bu xiffətin içində fikirləşirdik:
şəhidlik Allahın bağışladığı elə
bir tacdır ki, hər başa qoyulmaz! Unudulmaz Bəxtiyar
Vahabzadə bir-birinin ardınca yazdığı şeirlərində
sanki düşüncələrimizə qanad taxırdı:
Şəhidlərin
hamısı bənzəyir bir-birinə,
Bir bax qəbirlərinə!
Hamısı
qıpqırımızı qərənfilə bələnmiş,
Hamısı
bir biçimdə, bir boyda cərgələnmiş,
Səbəb
birdir, əməl bir, hədəf birdir, hədə bir!
Əlbəttə, şəhidlər heç zaman sadə
insanlar kimi dünyasını dəyişmirlər. Onlar öz
ömürlərini yurdun ömrünə calayırlar. Şəhid ömrünün qarşısında əbədiyyət
kəlməsi də belə sönük görünür.
Çünki bu müqəddəs varlıqlar
torpağı əyinlərinə geyərək basılmaz
oldular. Bizə qalansa onlarla öyünməkdir...
Flora XƏLİLZADƏ
Azərbaycan.-2013.- 20 yanvar.- S.8.