Ürəklərdə gör
nələr var
Kətan üzərinə
köçən duyğular
20 Yanvar faciəsi ilə bağlı yaşlı nəslin və orta nəslin iztirabları bəllidir. Qanlı faciə onların gözləri qarşısında olub. İllər keçdikcə yaralar için-için qövr edir. Bu, təbiidir. Həmin qəfil bəlanı görməyən, ondan xeyli sonralar dünyaya gələn körpə fidanların, gənc oğlan və qızların ürəkləri çoşduran duyğuları daha çox hörmət və ehtiram doğurur. Deməli, mərd ataların layiqli davamçıları, müstəqil ölkənin sadiq-sədaqətli nəsli yetişir.
Samux rayonunda "20 Yanvar şagirdlərin gözü ilə" adlı sərgiyə baxarkən bu hisslər hər kəsin qəlbini çoşdurur. Yüzlərlə rəsm 20 Yanvar faciəsinə həsr olunub. Bu əsərlər bəlkə də sənət baxımından o qədər də kamil deyil. Lakin onlardakı duyğular ürəklərə işıq salır, min bir təəssürat yaradır. Düşünürəm, körpə ürəklərdə gör nələr var! Vətənə məhəbbət, düşmənə nifrət hər bir əsərin ana xəttini təşkil edir. Xüsusən şəhər 3 nömrəli məktəbin şagirdi İbrahim Tamalidzenin, Yenikənd məktəbinin şagirdi Elvin Əhmədlinin, Ziyadlı məktəbinin şagirdi Gözəl Şahverdiyevanın, Paraağasbəyli kənd məktəbinin şagirdi Zeynəb Xəlilovanın və başqalarının əl işləri daha böyük maraq doğurur.
Əhmədbəyli kənd məktəbinin əlaçı şagirdi Elvinin iki işi nümayiş olunur. İkisi də gözəl, ikisi də maraqlı, mənalı! Elvin milli qəhrəman Elton İsgəndərovun qardaşıdır. Onun kimi qeyrətli, hünərvərdir. Elton İsgəndərov ilə bütün Samux əhli fəxr edir. Cəlilabad rayonunun Əsədli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidmət ərazisində dövlət sərhədini keçməyə çalışan quldurların qarşısını alıb. Namərdlər ciddi müqavimətə rast gələndə iki ədəd əl qumbarası atdılar. Elton İsgəndərov cəld hərəkətlə qumbaraların üstünə atılaraq sərhədçi yoldaşlarının həyatını xilas etdi. İgid əsgər Elton öldü. İki sərhədçi zabitimiz isə yaralansa da, sağ qaldı. Elvin deyir ki, hər necə olur-olsun, o namərdlərdən qardaşımın qisasını alacağam. Onun davranışında, təhsil və tərbiyəsində, həyata münasibətində bu mübariz ruh çox aydın duyulur. Burada hamının qəlbi sözlə doludur. Şəhid Yedigarovun qardaşı qızı Sevinc isə düşmənə nifrətini Bəxtiyar Vahabzadənin ölməz misraları ilə bəyan edir:
İnsan
insan olur öz hünəriylə,
Millət
millət olur xeyri, şəriylə.
Torpağın bağrına cəsədləriylə
Azadlıq toxumu əkdi şəhidlər.
Sevinc deyir ki, biz onların arzularını yaşatmalıyıq. Bu, bizim vətəndaşlıq
borcumuzdur.
Samux cəsurlar,
igidlər diyarıdır. Ötən əsrin
doxsanıncı illərində
hər cür bədxah qüvvələrdən
rayonu qoruyub saxladılar, Qarabağ döyüşlərində də
mərd, mərdanə
vuruşdular. Çox da
böyük olmayan bu rayon 101 şəhid verib. Həsən Atakişiyev "Azərbaycan Bayrağı"
ordeni ilə təltif olunub. Elton İsgəndərov Milli Qəhrəman adına
layiq görülüb.
Təcrübəli təhsil işçisi Gülağa Hüseynov deyir ki, samuxlular
həmişə dövlətə,
dövlətçiliyə sadiq-sədaqətli olublar. Onların
hər biri işğal altında olan torpaqların
azad olunması üçün ən ciddi sınaqlara hazırdır. Məktəblərdə vətənpərvərlik tərbiyəsinə xüsusi
fikir verilir. Müntəzəm surətdə 20 Yanvar,
Xocalı faciəsi və digər qanlı olaylarla bağlı tədbirlər
keçirilir, sərgilər
təşkil olnur.
Bu günlərdə rayonun
bütün məktəblərində
təşkil olunmuş
"20 Yanvar - qan yaddaşı" adlı
inşa yazılarında
Samux şəhər
2 nömrəli orta məktəbin şagirdi Tərlan İmamquliyeva birinci, Hacalı kənd məktəbinin şagirdi Gülmira Həsənova ikinci, İstixana qəsəbə
məktəbinin şagirdi
Zəhra Verdiyeva üçüncü yerə
çıxdılar. Şahmat məktəbində
və idman məktəblərində keçirilən
yarışlarda da qaliblərə fəxri fərmanlar və hədiyyələr verilmişdir.
Rayonda şəhidlərin
xatirəsi əziz tutulur. Neçə məktəb mərd
oğulların adını
daşıyır. Ziyadlıda,
Sərkərdə, Kolayırda
xatirə abidələri
ucalır. Qarayeridə Şəhidlər xiyabanı yaradılıb.
Bütün bunların
nəticəsidir ki, ali hərbi
məktəblərə və
Naxçıvanski adına
məktəbə oxumağa
gedənlərin sayı
ilbəil artır.
Samux məktəblilərinin əl
işləri və nümunəvi inşa yazıları hüzn günü ümumrayon
tədbirində nümayiş
etdiriləcəkdir.
Əhməd İSAYEV
Azərbaycan.-2013.- 20 yanvar.- S.8.