Millətimizdə azadlıq duyğusunun oyandığı tarix unudulmayacaqdır

 

Bunu Şəhidlər xiyabanına gələnlər dönə-dönə vurğulayırdılar

 

 23 ildir ki, xalqımız 20 Yanvar tarixli sabahı fərqli açır, bu gün özgədir millətimiz üçün. Kiməsə ünvan göstərməyə də ehtiyac yoxdur, insanların gedəcəyi yer bəllidir - Şəhidlər xiyabanı. Hər kəsin üzündə hüzn, kədər, alınmamış qisas hissinin yaratdığı ifadə, bir də qürur hissi. Yol yoldaşımız da qərənfillərdir. Uşaqlı-böyüklü insanlar bir-birlərinə yoldaş-sirdaş olub şəhidlərin uyuduğu xiyabana gedirlər. Bu tarixi 23 il öncə onlar qanlarıyla yaratdılar və əbədi susdular. Biz də 23 ildir ki, danışır və yazırıq o tarixi, hələ çox danışacaq və yazacağıq.

XX əsrin sonlarında xalqımıza qarşı xəyanətkar mövqe tutan, düşmənçilik siyasəti bəsləyən sovet imperiyasının və dünyada terrorizmin mənşəyi hesab olunan Ermənistanın əməlləri millətimizi meydanlara çıxartmışdı. Məqsəd cənnət Qarabağı Azərbaycan xalqının bağrından qoparmaq cəhdinə etiraz etmək idi. Ədalətsizliyə dözməyən xalqımız vulkan kimi püskürür, gecə-gündüz meydanlarda haqq səsini dünyaya yayırdı. Hadisələr qarşısıalınmaz məcraya gəlmişdi. Əsrin əvvəlindən sonunadək bütün zamanlarda Azərbaycanı qanla susduran imperiyanın başqa çözümü yox idi, çıxış yolu yenə də millətimizi qan gölündə boğmaq idi. 1918-20, 1937-ci və sonrakı illərdə  Azərbaycanda törətdilən fəlakətlərin dünyada bənzəri olmamışdır. Ssenari dəyişmədi, bu dəfə də elə oldu. M.Qorbaçovun əli və vicdanı yüzlərlə günahsız insanın qanına batdı.

Lakin XX əsrin sonlarında Azərbaycanda müstəqillik uğrunda baş qaldıran milli azadlıq hərəkatı 20 Yanvar hadisələrindən sonrakı mərhələdə müstəqilliyimizin, azadlığımızın bünövrəsini qoydu.

Bazar günü paytaxtımızda hava çox gözəl idi, lap yazı xatırladırdı. Şəhidlər xiyabanına axışan insanların da sayı-hesabı yox idi, hər kəsin əlində qərənfillər, şəhidlərimizə ehtiramlarını bildirmək üçün xiyabana tələsirdi. Bizim də vəzifəmiz bu insanlarla ünsiyyət yaratmaq, duyğularını öyrənməkdi. Cavanşir Kərimov 20 Yanvar əlilidir, sol əli biləkdən aşağı yoxdur. Salyan kazarmasının yaxınlığında yaşayır. O hadisələri hər gün yaşayıram deyir:

- Politexnik İnstitutunda oxuyurdum, tələbə yoldaşlarımla birgə kazarmanın yaxınlığında idik. İnsanlar küçələrdə idi. Heç kəs bir saat sonra nə olacağını bilməsə də, amma hamı nigarançılıq və təlaş içində nəyisə gözləyirdi. Heç kim də evinə getmək haqqında düşünmürdü. Əksinə, yaxınlıqda yaşayan ailələr küçələrdəki insanlara isti çay, yemək gətirirdi. Gecə saat on ikiyə doğru kazarmada bomba partladı, tanklar, toplar, zirehli texnika sağa-sola baxmadan millətin üstünə yeridi. İnsanlar dağılışdı, pərən-pərən düşdü. Sən demə, ciddi plan hazırlanıbmış, şəhərin bir neçə yerindən paytaxta qoşun girdi. Elə vəziyyət yarandı ki, inanın, evimizin yerini unutdum, hamı kimi mən də hara gəldi qaçırdım. Birdən gördüm ki, qolumdan qan axır. Hər gün o faciəni yaşayıram. Məni də götürən təcili tibbi yardım maşınını o xəstəxanadan buna, bundan ona göndərirdilər. Çünki yer yox idi. Yaralıları dəhlizə, xəstəxananın həyətinə belə yığmışdılar. 23 ildir ki, sol əlimi biləkdən aşağı itirmişəm, amma nə ümidimi, nə də qisas hissimi itirməmişəm. Bizim düşməndən intiqamımızı almadığımız qisasımız var.

Qənirə Umudova da o dövrü görüb acıları yaşayan insanlardandır. İki nömrəli tikiş fabrikində çalışırmış, həmin gecə səhərə qədər iş yerində qalıblar.

- İmperiya xalqımızın qanına susamışdı. Hər gün Moskvadan pis xəbərlər eşidirdik. Bu xəbərlər düşməni bizim üstümüzə cumdurur, bizim də hiddətimizi artırırdı. Bu gün rahat və qorxusuz uşaqlarımızı, nəvələrimizi götürüb ziyarətə gələ bilirik. Bu cür qorxusuz-ürküsüz Qarabağa qədər də gedəcəyik. Çünki bu qanlar Qarabağ uğrunda tökülüb.

Mehdi Usubov Bərdədə müəllim işləyir. Xalqımızın öz şəhidlərinə bu qədər müqəddəs yanaşmasından qürur duyduğunu deyir:

- Bəlkə də dünyanın heç bir yerində Şəhidlər məzarlığına bu qədər diqqət göstərilmir. Hər gün mərmər daşların üzərində tər qərənfillər olur. Elə bir xiyabandır ki, bura hamını çəkir. Bu, dövlətimizin şəhidinə verdiyi qiymətdir. Rayonlarda da şəhid xiyabanları var, Orada daha çox Qarabağ uğrunda gedən savaşlarda şəhid olan insanlar dəfn olunub. Bu gün bölgələrimizdə də insanlar gül-çiçəklə şəhidlər xiyabanlarına gedir, məzarlarını ehtiramla ziyarət edirlər.

Şəhidlər xiyabanı müqəddəs məkandır, bu məbədgaha ziyarət etmək hər birimizin müqəddəs borcumuzdur. Bununla biz xalqımızın azadlıqsevər oğul və qızlarının uyuduğu torpağa qədəm basmaqla dünya xalqlarına müstəqilliyimizi və azadlığımızı göz bəbəyi kimi qorumağa hazır olduğumuzu göstəririk.    

23 yaşlı Şəhidlər xiyabanını ziyarətə gələnlərin arasında ağsaqqal da var, ağbirçək də, uşaq da, böyük də, sağlam olan da,  əlil də... Elə xiyabanın yaşıdlıları da burada az deyil. 23 yaş gəncliyin, odlu-alovlu hisslərin və duyğuların baş alıb getdiyi dövrdür. Nə yaxşı ki, bu yaşda olanlarda vətənpərvərlik daha çox hiss olunur.  Onları bu müqəddəs məkana gətirən  bir gecədə torpaq üzərinə qanları ilə "Azadlıq" yazan şəhid fidanların məzarlarını ziyarət etmək və amallarına sadiq qalacaqlarını dönə-dönə təsdiqləməkdir. Ötən müddət ərzində xiyabanda şəhidlərimizin müqəddəs məzarlarını ziyarət edənlərin sayı ildən-ilə artmaqdadır ki, bu da xalqımızın  övladlarının vətənpərvər hisslərlə yaşaması  deməkdir. Belələrindən biri də II qrup  20 Yanvar əlili  Heybət Heybətovdur. O  qanlı şənbə gecəsinin şahidi və özü demişkən, "dirigözlü şəhidi"nin fikirləri maraqlıdır:  - 23 il ərzində o dəhşətli  şənbə gecəsində şahidi olduqlarımı dilə gətirməmişəm. Niyə?! Özümü şəhid sanmışam. İllərdir ki, o gecənin ağrılarını, düşmənlərimizin Vətənimizə  və azadlığımıza tuşladığı odsaçan güllələri bədənimdə gəzdirirəm. 1990-cı il yanvarın 19-u  axşamı "Şamaxinka" adlanan  yerdən  şəhərə  soxulan sovet ordusunun əsgərləri ilə üzbəüz gələndə inanmadım ki, onlar  mənim kimi əliyalın insanlara əl qaldırar! Amma  məni də qanıma qəltan elədilər. O gecə üç növ güllə atıldığının şahidiyəm. Üçü də işıqsaçan idi. Mənim  sol çinahdan sinəmi deşib, kürəyimdə və qolumun dirsək hissəsində hələ də gəzdirdiyim güllələr xalqımızın azadlıq və müstəqillik arzularına və mübarizliyinə atılan atəşlərin yadigarıdır. O gecə şəhid olmalıydım, amma həkimlər və xeyirxahlar neçə-neçə mənim kimi yaralını xilas etdilər. II qrup əliləm. Bu əlillik mənə fiziki ağrılarla yanaşı, mənəvi, psixoloji sarsıntılar da verib. 1994-cü ilin mart ayında  metronun "20 Yanvar" stansiyasında törədilən terrorda da yaralandım, amma özümü unudub, yaralıların köməyinə çatmağı borc bildim. Axı, 20 Yanvar hadisələrində mənim də köməyimə çatmışdılar. Bu, ilk növbədə, insanlıq borcumuz idi. Ötən ilin fevralında cənab Ali Baş Komandan, Prezident İlham Əliyev biz  20 Yanvar əlillərini mənzillə təmin etdi. Bu, eyni zamanda 20 Yanvar şəhidlərinə dərin ehtiramın, əlillərinə isə dövlət qayğısının bariz nümunələrindən biridir. Biz 20 Yanvar əlilləri Qarabağ uğrunda savaş başlayarsa, yenidən döyüşlərə atılacağıq, torpaqlarımızın işğalçılardan azad  edilməsində  ön sıralarda olacağıq.

1936-cı ildə Naxçıvanın Şərur rayonunun Kürdçülü kəndində anadan olan şair təbli, Yeni Azərbaycan Partiyasının üzvü  Məşədühüseyn oğlu Baxşəliyev o dəhşətli gecəni tariximizin şəhidlərimizin qanıyla yazılmış  şərəfli səhifəsi sayır. 1941-45-ci illər müharibəsinin dəhşətlərini 5 yaşlı uşaq yaddaşına yazdığını söyləyir. 20 Yanvar hadisələrində canlarını Vətən yolunda qoymuş insanların  heç zaman qocalmayacaqları, elə həmin yaşda müdrikləşəcəklərini poetik ovqatla deyir dünyagörmüş ağsaqqal. Bu zaman  yan-yörəsindən ötüb-keçmək istəyən məktəblilər ayaq saxlayır, onu dinləyirlər. Öyrənirik ki, Aslan Talıbov Bakının Suraxanı rayonunun 87, Cavid Feyziyev Xəzərin 136, Mehman Əsgərov isə 265 nömrəli orta məktəbin yuxarı sinif şagirdləridirlər. Onları xiyabana gətirən vətənpərvərlik hissləridir. Hər biri gələcəyin əsgəri, Vətənin keşikçiləridir. Onların şəhidlik tariximizin qürur və şərəfli olması barədə öz fikirləri var. Xalqımızın bu birliyini Qarabağ torpaqlarının azad edilməsində də göstərəcəyini əminliklə bildirirlər.

Şəhidlər xiyabanı həmişəki kimi, bu  il də baş ziyarətgaha çevrilib. Ayrı-ayrı əmək kollektivlərini bura gətirən yalnız vəzifə borcu deyil, ilk növbədə, Vətənin azadlığı uğrunda  şəhid olanların heç zaman unudulmayacağını sonrakı nəsillərə göstərmək məqsədi daşıyır. 20 Yanvar gecəsi Bakıdakı təcili yardım tibbi xidmət stansiyalarının həkimlərinin gördükləri və yaşadıqları daha dəhşətli idi. Onların bir qismi bu gün burada həmkarlarını təmsil edir: Çingiz Səfərov 8, Ramiz Əsgərov 12, Nazim Hümbətov isə 1 saylı təcili-təxirəsalınmaz tibbi yardım stansiyalarında çalışır.

Xiyabana üz tutanların arasında Mədəniyyət və Turizm Nazirliyini təmsil edənlərin mütəşəkkilliyi diqqəti cəlb edir. Mədəniyyət və İncəsənət Universiteti, Musiqi Akademiyası, Dövlət Filarmoniyası ilə yanaşı, "Atəşgah" sığorta şirkətinin ( Tələt Səfərov, Ruslan Əliyev, Əkbər Məmmədli, Aytən Hüseynova, Hüseynqulu Quluyev və s.) əməkdaşları da ziyarətçilərin sırasındadırlar.

Əlbəttə, Şəhidlər xiyabanı ilboyu ziyarət  və yeni ailə quranların müqəddəs and yerinə çevrilir. 23 ildir ki, ildönümü buranı  ziyarət edənlərin sayı-hesabı olmur. Bakı Şəhər Nəqliyyat Departamentindən Arif  Məmmədov, "Azərbaycan Dəmir Yolları" QSC-dən həkim Adil Şükürov, İlqar Qurbanov, Elman və Elnur Həsənov qardaşları, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, coğrafiya elmləri üzrə fəlsəfə doktoru Mirvari Verdiyeva, Gəncədən Aybəniz Şahbəndəyeva, Bakı şəhərindən Aytən Aydınqızı,  Türkiyədən ziyarətə gələn uzman həkim Qardaşxan Arifoğlu,  I kurs tələbələrindən Emin və Elçin Əliyev qardaşları da bildirirlər ki,  20 Yanvar şəhidlərinin uyuduğu xiyaban hər birimiz üçün müqəddəs məkandır. Ona görə də illər keçdikcə bu xiyaban nəsillərimizin ziyarətgahına çevriləcək. Bu gün, o qanlı və dəhşətli gecədən 23 il keçdikdən sonra da xalqımızın Şəhidlər xiyabanını mütəşəkkil qaydada ziyarət etməsi bir daha bunu təsdiqləyir. Xiyabana tələsən hər kəsin baxışlarında bu dəfə qəm-qüssə, kədər deyil, düşmənə nifrətlə yanaşı, bir qürur, əzmkarlıq ifadələri də hiss olunur. 20 Yanvar miqyasına görə faciədirsə, mahiyyətcə mübarizlik və tariximizin şanlı səhifəsidir. O dəhşətli gün bir daha təsdiqlədi ki, xalqımızın milli azadlıq duyğularını, qətiyyətini hər hansı imperiyanın nə tankı, nə topu, nə də digər ağır hərbi texnikası ilə sındırmaq olmaz! Təbii ki, 20 Yanvar öz dəhşətləri ilə yaddaşımıza yazılıb. Çünki çürüməkdə olan, müvazinətini itirmiş sovet imperiyasının  əli qanlı cəlladları o müdhiş gecədə daşnaklarla birləşərək Bakını qan çanağına döndərmişdi. Keçmiş SSRİ-nin ilk və həm də sonuncu prezidenti M. Qorbaçov nəinki milli azadlıq mübarizlərinin qətlinə, əslində, insanlığa qarşı fərman vermişdi. Lakin o dəhşətli gecədən qan içində çıxan xalqımızın mərd, qorxmaz, mübariz övladları öz şəhidlikləri ilə imperiya xislətli, erməni qiyafəli ölümə qələbə çaldılar.

 

 

Rəsmiyyə RZALI,

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.-2013.- 22 yanvar.- S.4.