Anım mərasimləri keçirilmişdir

 

20 Yanvar faciəsi xalqımızın milli mənliyinə, milli azadlıq ruhuna qarşı törədilmiş qanlı cinayətdir. Xalqımızın qan yaddaşına silinməz faciə kimi yazılmış 20 Yanvar, eyni zamanda tariximizin qəhrəmanlıq və qürur səhifəsi, iftixar günüdür.  1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə tökülmüş qanlar Azərbaycan xalqının müstəqillik uğrundakı mübarizə əzmini qıra bilməmiş, igid oğullarımız şəhidlik zirvəsinə yüksələrək xalqımızın yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini bütün dünyaya, ən əsası isə faciənin təşkilatçılarına nümayiş etdirmişlər.  

20 Yanvar faciəsinə ilk dəfə ulu öndər tərəfindən Naxçıvan Muxtar Respublikasının Ali Məclisində siyasi qiymət verilmiş, onun təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1990-ci il 21 noyabr tarixli sessiyasında "1990-cı ilin yanvar ayında Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında" qərar qəbul olunmuşdur. Qərarda 20 Yanvar gününün hər il Naxçıvan Muxtar Respublikasında milli matəm günü kimi qeyd olunması öz əksini tapmışdır. Ümummilli liderin rəhbərliyi ilə 1992-ci il yanvarın 13-də "1990-cı ilin yanvar ayında Bakı faciəsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Rəyasət Heyətinin bəyanatı" da qəbul olunmuşdur. Ulu öndərin ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıdışından sonra isə 20 Yanvar faciəsinə dövlət səviyyəsində hüquqi-siyasi qiymət verilmiş, 1994-cü ilin fevralında Milli Məclisin xüsusi sessiyasında Azərbaycana qoşun yeridilməsi xalqımıza qarşı hərbi təcavüz və cinayət kimi qiymətləndirilmişdir.

Hər il 20 Yanvar faciəsinin ildönümündə milyonlarla insan şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad edərkən ümummilli lider Heydər Əliyevin bu fikirləri bir daha yada düşür: "20 Yanvar faciəsində həlak olanlar xalq qəhrəmanlarıdır, onlar millətimizin qəhrəmanlarıdır. Onların həlak olması bizim üçün, xalqımız üçün böyük itkidir. Ancaq eyni zamanda onların şəhid olması xalqımızın qəhrəmanlıq rəmzidir. Onların tökülən qanı bütün xalqımızın qanıdır. O qanın hər damcısında xalqımızın qüdrəti, qəhrəmanlığı var, xalqımızın milli azadlıq, müstəqillik arzuları vardır. O gecə tökülən qanlar Azərbaycanın müstəqilliyini nümayiş etdirən milli bayrağımızın üstündəki qandır".

20 Yanvar faciəsi ölkəmizin bütün güşələrində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da hər il yad olunur, Naxçıvan şəhərindəki Şəhidlər xiyabanı ümumxalq ziyarətgahına çevrilir.

Yanvarın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Şəhidlər xiyabanındakı "Ana abidəsi"nin önünə əklil qoymuş, şəhidlərin xatirəsinə ehtiramını bildirmişdir. Sonra Naxçıvan qarnizonunun hərbi orkestrinin ifasında Azərbaycan Respublikasının Dövlət himni səslənmişdir.

Ali Məclisin Sədri Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə öz canlarından keçərək şəhidlik zirvəsinə ucalanların da məzarlarını ziyarət etmiş, 1918-1920-ci illərdə erməni daşnakları ilə mübarizədə Naxçıvanın köməyinə gələn qardaş türk ordusunun bu torpaqlarda şəhid olmuş əsgərlərinin xatirəsinə ucaldılmış abidə önünə tər güllər qoymuşdur.

Sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, nazirlik, komitə və mərkəzi təşkilatların, məhkəmə, hüquq-mühafizə orqanlarının, hərbi hissələrin, elm və təhsil müəssisələrinin, bankların, Naxçıvan Şəhər İcra Hakimiyyətinin və onun yerli təşkilatlarının, ictimai təşkilatların və yaradıcılıq birliklərinin, kütləvi informasiya vasitələrinin, mədəniyyət, səhiyyə və sağlamlıq müəssisələrinin kollektivləri, şəhər sakinləri və ictimaiyyətin nümayəndələri şəhid məzarları önündən keçərək onların əziz xatirəsini ehtiramla yad etmişlər.

Yanvarın 20-də saat 12.00-da Naxçıvan şəhərində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Naxçıvan Muxtar Respublikasının bütün rayon mərkəzlərində də 20 Yanvar faciəsinin ildönümü ilə bağlı tədbirlər keçirilmişdir.

 

* * *

20 yanvar 2013-cü il tarixdə Astara rayonunda 20 Yanvar faciəsinə həsr olunmuş ümumrayon tədbiri keçirilmişdir.

Qeyd edilmişdir ki, Azərbaycan xalqının tarixinə qanlı yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar faciəsindən 23 il keçir. Həmin qanlı gecədə imperiya ordusunun vəhşiliyi nəticəsində 140-dan çox əliyalın, günahsız insan amansızcasına qətlə yetirilmiş, 800-ə qədər adam yaralanmışdır. Həmin müdhiş qış gecəsində imperiya əsgərlərinin gülləsinə tuş gələnlərdən Əliyev Çingiz Mirzəhüseyn oğlu və Əsgərov Novruz Faiq oğlu astaralı idi.

Böyük itkilərlə, günahsız insanların qətli ilə tarixə düşən 20 Yanvar faciəsi, M.Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərlərinin Azərbaycana qarşı xəyanətini, öz azadlığına, müstəqilliyinə qalxan xalqın isə mübarizliyini, məğrurluğunu nümayiş etdirdi.

1990-cı ilin Yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, mübarizə əzmini qıra bilmədi. Həmin faciədə həlak olan vətən oğulları şəhidliyi ilə Azərbaycan tarixinə parlaq səhifə yazdılar.

Tədbir iştirakçıları tərəfindən Vətənin müstəqilliyi uğrunda şəhid olanların xatirəsi yad edilmiş, ruhlarına dualar oxunmuşdur.

Məktəblilərin nümayiş etdirdiyi kompozisiyadan sonra Xatirə Kompleksinin önünə əklil qoyulmuş, tər qərənfillər düzülmüş, şəhidlərin xatirəsi ehtiramla yad edilmişdir.

Tədbir iştirakçıların ziyarəti ilə davam etmişdir. 

 

* * *

20 Yanvar faciəsinin 23-cü ildönümü münasibətilə Gədəbəy rayonunda anım mərasimi keçirilmişdir. Tədbir iştirakçıları milli qəhrəmanlar İlham Müzəffər oğlu Əliyevin, Məzahir İzzət oğlu Rüstəmovun və Sovet İttifaqı Qəhrəmanı Mehdi Quliyevin büstləri önünə gül-çiçək dəstələri düzdülər. Sonra rayondan olan 183 nəfər şəhidin ruhuna dualar oxundu. 

Anım mərasimində çıxış edən rayon icra hakimiyyətinin başçısı Ramiz Yediyarov bildirdi ki, vətən şəhidlərini heç vaxt unutmayacaq, 20 Yanvar Azərbaycan xalqının hüzn və şərəf günüdür. Xalqımız bu faciədə həyatından keçmiş övladlarına matəm saxlamaqla bərabər, eyni zamanda onların şəhidlik zirvəsinə baxaraq başını dik tutmalıdır. Çünki vətən və torpaq şəhidləri ilə ucalır.

Rayon rəhbərliyi Şəhidlər xiyabanında şəhid ailələri ilə söhbət edərək onların istək və arzularını da dinlədilər. 20 Yanvar əlili Zahid Seyidovun həyat yoldaşı Hekayət Seyidovaya rayon icra hakimiyyəti tərəfindən yardım göstərildi. Mərasimdə 1 nömrəli şəhər tam orta məktəbində kollektiv tərəfindən hazırlanmış ədəbi-bədii kompozisiya dinlənildi.

 

* * *

Respublikamızın hər yerində olduğu kimi, "Azərikimya" İstehsalat Birliyinin müəssisə və idarələrində də 20 Yanvar faciəsi ilə bağlı silsilə tədbirlər keçirilmişdir.

Birliyin akt zalında Sumqayıt şəhərinin müəssisə, idarə və təşkilatlarının, mədəniyyət və təhsil sistemi nümayəndələrinin iştirakı ilə geniş mərasim təşkil edilmişdir.

20 Yanvar faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbir iştirakçıları xalqımızın azadlıq, istiqlal mübarizəsinin qarşısını hər cəhdlə almağa çalışan Sovet imperiyasının Azərbaycana qarşı ədalətsiz, ermənipərəst siyasəti toplantı iştirakçılarının nəzərinə çatdırılmışdı. Tədbirdə Sumqayıt hadisələri, 20 Yanvar qırğını və Xocalı faciələrinin tədqiqatçısı, həmin hadisələrlə bağlı 3 tammetrajlı və sənədli filmlərin ssenari müəllifi, respublikanın əməkdar jurnalistı Eyruz Məmmədov, Sumqayıt Dövlət Universitetinin kafedra müdiri, filologiya elmləri doktoru Ramazan Məmmədov, Milli Məclisin deputatları Leyla AbdullayevaMuxtar Babayev 1990-cı ilin 20 Yanvar günü vətən torpaqlarının müdafiəsinə qalxmış xalqımızın azadlıq mübarizəsindən, ölkəmizin bugünkü davamlı sosial-iqtisadi inkişafında ulu öndər Heydər Əliyevin xidmətlərindən söhbət açmışdılar.

Tədbir zamanı 20 Yanvar faciəsi ilə bağlı çəkilmiş sənədli filmlərdən fraqmentlər nümayiş olunmuşdu.

 

 

Azərbaycan.-2013.- 22 yanvar.- S.4.