Sovet imperiyasının saxta humanizmi

 

1905-ci il 9 yanvar "Qanlı bazar" günü 1990-cı il 20 Yanvar "Qanlı şənbə" günü

 

 Deyirlər, tarix təkrar olunur. Hər bir dövrün müəyyən inkişaf mərhələsində müxtəlif ölkələrdə baş verən ictimai-siyasi xarakterli hadisələr nə vaxtsa onu doğuran mühit və şərait yarandıqda yenidən təkrarlanır. Lakin həmin hadisələr arasında çox fərqli cəhətlər də özünü göstərir.

Müqayisə üçün çox da uzaq olmayan keçmişə nəzər salmağımız fikrimizə aydınlıq gətirə bilər. Sovetlər dönəmində orta məktəbdə oxuyarkən "SSRİ tarixi" kitabında belə bir mövzu var idi: "9 yanvar  qanlı bazar günü". Burada göstərilirdi: "Çar hökuməti zamanında Rusiyada  haqsızlıq, ədalətsizlik, hüquqsuzluq, zülmistibdad hökm sürürdü. Hakim sinfin qəddarlığı, məmurların özbaşınalığı, aclıq, səfalət və xəstəliklər minlərlə insanın həyatına son qoyurdu, savadsızlıq, nadanlıq və cəhalət ölkəni başdan-başa bürümüşdü. Müharibələr, üsyanlar ölkəni taqətdən salmış, iqtisadiyyat tənəzzülə uğramış, həyat, demək olar ki, iflic vəziyyətə düşmüşdü.

Hökumətdən, onun mürtəce siyasətindən, müharibələrin ağır nəticələrindən, həyat və məişətin dözülməzliyindən cana doyan xalq kütlələrinin mütləqiyyətə qarşı nifrəti və qəzəbi getdikcə artır, üsyanlar baş verir, azadlıq və demokratiya uğrunda mübarizə hərəkatına çevrilirdi.

1905-ci il birinci rus inqilabı, Rus-yapon müharibəsində Rusiyanın məğlubiyyəti, genişlənən inqilabi-azadlıq hərəkatı mütləqiyyətin süqutunu tezləşdirirdi. Bundan qorxuya düşən çarizm hakimiyyətini saxlamaq üçün ən dəhşətli tədbirlərə əl atmaqdan çəkinmirdi. Hər gün minlərlə günahsız insanın  qanı axıdılır, yüzlərlə adam edam olunur və güllələnirdi. Bütün cəza tədbirlərinin nəticəsiz qaldığını görən çar o zaman xalqı qorxutmaq üçün daha dəhşətli bir tədbirə əl atdı: 1905-ci il yanvar ayının 9-da bazar günü keşiş Qaponun yalançı vədi əsasında Peterburq meydanına axışan və çara inanan on minlərlə insan - qoca, cavan, böyük, kiçik, xəstə, sağlam və xırda uşaqlar böyüklərə qoşularaq çardan mərhəmət gözləməyə başladılar. Onlar Allaha dualar oxuyurdular.

Elə bu zaman keşiş Qaponun əmri ilə meydanı hər tərəfdən mühasirəyə almış çar ordusunun silahlı dəstələri əliyalın, silahsız insanları gülləbaran etməyə başladılar. Meydan qan gölünə döndü. Heç bir insanlığa sığmayan bu hadisə "9 yanvar qanlı bazar günü" adı ilə tarixin səhifələrinə düşdü".

Bəs gülləbaran edilən insanların günahı nə idi? Zülm və istismarın olmadığı azad bir cəmiyyətdə, ədalət və haqqın hökm sürdüyü bir quruluşda yaşamaq, sərbəst nəfəs almaq istəyi! Bu, Tanrının öz bəndələrinə bəxş etdiyi ən böyük hüquqdur. Bu hüququ onun əlindən almağa heç kimin ixtiyarı yoxdur!

O zaman sovet tarixçiləri həmin hadisələri şagirdlərə və tələbələrə bəlağət və fəsahətlə təbliğ edirdilər. Məqsəd də bu idi ki, hamı bilsin, sovet hökuməti, Kommunist Partiyası nə qədər humanist, nə qədər insanpərvərdir, ədalət və haqqın keşikçisi, sülhün və demokratiyanın, azadlığın müdafiəçisidir, onun dayağıdır. Sovet ordusu sovet xalqlarının qoruyucusu, hüquq və mənafelərinin  təminatçısıdır.

Lakin tarix irəlilədikcə, illər bir-birini əvəz etdikcə məlum oldu ki, bu, qara maskaya bürünmüş yalançı və saxta bir siyasət, xalqın başını qarışdırmaq üçün təşkil olunmuş oyun imiş.  Baş verən müxtəlif məzmunlu hadisələr nəticəsində "qara maska"nın rəngi solmağa, altında gizlədilmiş sirlər aydınlaşmağa başladı. Məsələn, Leninin "Xalqların öz müqəddəratını təyin etməsi və lazım gələrsə, ayrılaraq müstəqil dövlət yaratmaq hüququna malik olması" haqqındakı bəyanatına bolşeviklərin münasibəti bunu aydın göstərdi. İnqilabdan sonrakı illərdə sovet hökuməti bu bəyanatdan üz döndərdi və qeyd etdi ki, onun həyata keçirilməsi gələcəkdə ən ağır nəticələr doğura bilər .

Həmin fakt sovet hökumətinin və Kommunist Partiyasının yeritdiyi siyasətin maskalanmış, hiyləgər bir siyasət olduğunu göstərən ilk əlamət idi. Lakin biz buna əhəmiyyət vermədik. Axı bu, təkcə bizə aid deyildi, aid olsaydı da, heç nə edə bilməzdik. Ona görə də sovet hökumətinin daxilixarici siyasətini bəyəndik, onu canımızla, qanımızla qoruyacağımıza and da içdik!

Təsəvvürümüzə belə gətirə bilməzdik ki, sovet hökuməti, Kommunist Partiyası tərkibindəki respublikalara ikili standartla yanaşa bilər, birinə doğma, digərinə ögey münasibət göstərər. Düzdür, böyüdükcə, ağlımız kəsdikcə hadisələrin mahiyyətini az-çox anlamağa başlayırdıq, dərk etmək isə qadağan idi. Qadağaya riayət etməyənləri  çox uzaqlara - gedər-gəlməz səfərlərə yola salırdılar.

1948-ci və 1988-ci illərdə sovet hökuməti və Kommunist Partiyasının yeritdiyi ikili siyasətin ağır nəticələrinin şahidi olduq. Erməniləri özünə doğma, azərbaycanlıları ögey hesab edən sovet imperiyası, nəhayət, öz çirkin simasını  açıb göstərdi. Bir milyondan çox azərbaycanlı zorla, silah gücünə, doğma ata-baba yurdlarından deportasiya edildi, qovuldu, yurdumuzun 20 faizi  ermənilərə verildi.

Azərbaycan xalqı artıq bu ikiüzlü və hiyləgər siyasətlə barışa bilmədi. Sovet hökuməti və onun partiyasının mürtəce siyasətinə öz etiraz səsini ucaltdı, sovet hökumətini, onun dayağı olan yerli rəhbərləri bu iyrənc və təhqiredici siyasətə son qoymağa çağırdı. İmperiya isə bu çağırışı başqa cür qarşıladı. Çar Nikolayonun sevimli keşişi Qaponun üsulundan istifadə etməyi çıxış yolu kimi seçdi.

1990-cı il yanvar ayının 20-də şənbə günü sovet hökuməti xüsusi təlim görmüş və əksəriyyəti erməni millətindən olan ordunu gizli şəkildə Bakıya yeritdi. İçkininnarkotik maddənin təsirindən beyinləri dumanlanmış, başdan-ayağa qədər silahlanmış  quduz əsgərlər heç nəyə, heç kimə fərq qoymadan dinc əhalini gülləbaran etməyə başladılar. Qarşılarına çıxan hər şeyi tankların altına salır, güllələyir, yerlə yeksan edirdilər. Yüzlərlə insan, o cümlədən qocalar, yaşlılar, körpə uşaqlar al qana boyanırdılar. Küçələrdə qanlı gölməçələr yaranmışdı. Yaralıları yerləşdirmək üçün xəstəxanalarda  yer yox idi. İnsanlar vahimə içərisində nə edəcəklərini bilmirdilər. Onlar inanmırdılar ki, bu hadisələri törədən sovet ordusu, sovet hökumətidir.

Bu qanlı olaylar əyani şəkildə göstərdi ki, tarixtarixi hadisələr təkrar olunur... 1905-ci il 9 yanvar qanlı bazar günü 1990-cı il 20 Yanvar şənbə günündə təkrar olundu. O zaman ölkəni çar Nikolay,  1990-cı ildə isə Nikolayın davamçısı, soykökü bir olan Qorbaçovonun kimilər idarə edirdilər.

Özünü humanist, sülhün və demokratiyanın dayağı və təminatçısı kimi qələmə verən sovet hökumətinin, Kommunist Partiyasının maskalanmış siyasəti, iyrənc siması həmin gün ifşa olundu.

 

 

Müstəqil AĞAYEV,

AMEA Fəlsəfə, Sosiologiya və

Hüquq İnstitutunun

aparıcı elmi işçisi, qabaqcıl maarif xadimi,

 fəlsəfə üzrə fəlsəfə doktoru

 

Azərbaycan.-2013.- 22 yanvar.- S.5.