Təsviri sənətin əbədi mövzusu

 

Qanla yazılmış şərəfli tariximizdən - xalqımızın qürur mənbəyinə çevrilən 20 Yanvardan 23 il ötür. 20 Yanvar Azərbaycan tarixinin qəhrəmanlıq səhifələrindən biridir. Xalqımızın iradəsini və yenilməzliyini bütün dünyaya nümayiş etdirən tariximizin bu səhifəsi ədəbiyyat, mədəniyyət və incəsənətdə də dərin izlər qoyub. Bunu 20 Yanvara həsr edilən sənət əsərlərində də görmək mümkündür.

Hər bir tarixi hadisə onun ictimai mahiyyətindən asılı olaraq xalqın yaddaşına  o zaman yazılır ki, o, sənət əsərlərinin mövzusuna çevrilə bilsin. Bütün dövrlərdə istər münaqişələri, istər müharibələri, istərsə də digər fəlakətləri xalq necə yaşayıbsa, onun yetirdiyi  yaradıcı övladları həmin hadisəni  bədii ifadə vasitələri ilə əks etdiriblər.

Ulu öndər Heydər Əliyev 1995-ci il yanvar ayının 18-də R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində keçirilən "Qanlı Yanvar" rəssamlıq sərgisində çıxışı zamanı demişdir: "20 Yanvar hadisələrini bir faciə kimi təsvir etmək azdır. 20 Yanvar Azərbaycan xalqının milli azadlıq uğrunda, öz mənliyini müdafiə etmək yolunda göstərdiyi qəhrəmanlıq nümunəsidir. Ona görə də qəhrəman Azərbaycan balalarının tankın altına düşüb əzilməsi faktını göstərməklə  kifayətlənməyib, onların qəhrəmanlığını, cəsurluğunu, ölümün gözünə dik baxaraq təcavüzkarın qarşısına çıxmalarını da təsvir etmək lazımdır. Bəlkə də bu, daha çox lazımdır. Təəssüf ki, buradakı əsərlərin arasında mən belələrini görmədim. Ola bilər, bu ondan irəli gəlir ki, biz Yanvar hadisələri baş verəndən indiyədək bununla əlaqədar ancaq ağlayırıq. Şübhəsiz ki, kədərimiz, qəm-qüssəmiz böyükdür. Ancaq kədərlənməklə yanaşı xalqımız göstərdi ki, Azərbaycanın qəhrəman oğulları o böyüklükdə Sovet İttifaqının ordusu qarşısında dayanmağa qadirdirlər".

20 Yanvardan ötən 23 illik zaman məsafəsindən baxanda o günlərin müdhişliyi, vahiməliyi ilə yanaşı, qəlbləri riqqətə gətirən, gəncliyin yenilməzliyinin, xalqımızın azadlıq səsinin heç bir imperiya cəlladları tərəfindən batırıla bilmədiyini görürük. Təbii ki, hər bir xalq öz azadlığı və müstəqilliyi uğrunda apardığı mübarizə meydanlarında mətinlik, əyilməzlik dərsi keçir. Qanları ilə torpağa "Azadlıq" yazan şəhidlərimiz imperiyanın vandalizm, işğalçı, terrorçu, bir sözlə, antiinsani, antihumanist siyasəti qarşısına əliyalın çıxmaqla xalqımızın mübarizliyini, əzmkarlığını təsdiqlədilər. Şəhidlər xiyabanının əbədi ziyarət yerinə çevrilməsi də məhz buradan irəli gəlir.

Bədii əsərlərdə şəhidlərin ölməzliyini və müqəddəsliyini təsdiq edən obrazlar yaradıldı. Təkcə poeziyada, nəsr və ya səhnə əsərlərində deyil, incəsənətin ayrı-ayrı növlərində 20 Yanvar aparıcı mövzuya çevrildi. Rəssamlıq sahəsində bu şərəfli tariximiz bəlkə də daha canlı, qanlı və obrazlı təsvir edildi.

Təsviri sənətin görkəmli nümayəndəsi, rənglərin dilini və sirrini bilən, öz yaradıcılığı ilə klassik və müasir Azərbaycan ədəbiyyatına möhkəm tellərlə bağlı olan fırça ustası, Dövlət mükafatları laureatı, "İstiqlal" ordenli xalq rəssamı Mikayıl Abdullayev hələ 1992-ci ildə yaratdığı "Nakamların dəfni" əsəri ilə bir daha 20 Yanvar faciəsinin unudulmayacağını göstərdi. Hər il, bir qayda olaraq, istər beynəlxalq səviyyədə, istərsə də respublika miqyasında bu mövzuya həsr edilmiş əsərlərin sərgisi keçirilir. İstiqlal Muzeyində 20 Yanvara həsr edilmiş sərgidə Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilovun bildirdiyi kimi, həmin əsərlərin bəziləri rəssamların özlərindən alınaraq muzeyin fonduna daxil edilib və müxtəlif sərgilərdə nümayiş etdirilir: "Xalq yaxşı günləri  yaşadıqca faciələrinin də unudulmaması naminə onları gələcək nəsillərə çatdırmalıdır. Tarixin belə qanlı səhifələrinin yaddan çıxmaması üçün ən yaxşı vasitələrdən biri də bu əsərlərdir. Belə əsərlər nə qədər çox olarsa, həmin tarixi dünya xalqlarının diqqətinə çatdırmaq bir o qədər mümkünləşər və asanlaşar".

Dəfələrlə qeyd edildiyi kimi, 20 Yanvar faciəsi təkcə Azərbaycan xalqının deyil, bəşər tarixinin ən qanlı səhifələrindən biri, insanlığa qarşı  təcavüzdür. 19 yanvar - şənbə gecəsi qanla başlasa da, azadlığın şəfəq kimi saçıldığı günə çevrildi. İmperiya cəlladlarının vəhşi simaları xalqımızın məğrurluğu altında əriyib yoxa çıxdı. Oğul və qızlarımız tankların, ağır hərbi texnikanın, cəlladların təpikləri altında xıncım-xıncım olsalar da, qəhrəmanlıq obrazı yaratdılar. Bu hadisə Azərbaycan xalqının iradəsini, yenilməzliyini bütün dünyaya nümayiş etdirdi. Tariximizin bu  qanlı və şanlı səhifəsi incəsənət əsərlərində öz əksini tapdıqca o, yaddaşlarda daha dərin izlər buraxdı və tarixləşdi, heykəlləşdi. Qürur, fəxr yerimiz olan Şəhidlər xiyabanı vətənə, torpağa, anaya, könül sevdasına məhəbbətin ünvanına çevrildi.

Görkəmli fırça ustası Rasim Babayevin "Təcavüz", rəngkar Hacırza Fərzəliyevin "Ağlı-qaralı dünya", Fikrət İbrahimovun "Gələcək naminə", Həmzə Abdullayevin "Çərxi-fələk", İsmayıl İsmayılovun "Haqq tərəzisi", "Qafar Seyfullayevin "Öncə Vətəndir...", Asim Səmədovun "Ruhlar" və s. tablolarda qanlı şənbə gecəsinin ağrı-acılı yaşantıları bədii ifadəsini dolğun tapıb desək, daha doğru olardı.

Qrafika ustası Arif Hüseynovun "Qara tağlı natürmort", Fəxrəddin Əliyevin "Qara Yanvar" və Arif Ələsgərovun "20 Yanvar" əsərləri də xalqımızın  imperiya təcavüzünə məruz qaldığı gecəyə həsr olunmuş bədii sənət nümunələri olmaqla yanaşı, yaddaşımızı silkələyən və daim ayıq-sayıq olmağa səsləyən əsərlər sırasındadır.

Azərbaycan Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağəli İbrahimovun  dediyi kimi, 20 Yanvar faciəsi təsviri sənətin əbədi mövzularından biridir: "Bu tarix yaddaşlardan silinməyəcək və indiyədək olduğu kimi, bundan sonra da 20 Yanvar Azərbaycan rəssamlarının vətəndaşlıq mövqeyindən daima müraciət etdiyi mövzu olaraq qalacaq. Xalq rəssamları mərhum Mikayıl Abdullayev, Kamil Nəcəfzadə, Xanlar Əhmədov və başqaları da bu mövzuda yaddaqalan sənət əsərləri yaradıblar. Düşünürəm ki, nəinki bütün rəssamlarımız, heykəltəraşlarımız və incəsənətin digər növləri ilə məşğul olan bütün yaradıcı insanlar hər zaman bu mövzuya müraciət edəcəklər".

Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən respublika İncəsənət Gimnaziyasının müəllimi, rəssam İlqar Əkbərov həmkarlarından fərqli olaraq, faciəyə ilk münasibət bildirib. O, bu mövzuya həsr etdiyi əsəri hadisələrin qaynar vaxtı, Bakı qan içində boğulanda, 1990-cı ildə yaradıb. "Şəhidlər" adlanan həmin əsər R.Mustafayev adına Dövlət İncəsənət Muzeyində nümayiş etdirilir. Onun fikrincə, rəssamlıqla məşğul olan yeniyetmələrə bu mövzunun mahiyyəti izah edilməlidir ki, sonralar onların düşüncələri və təxəyyülləri əsərə  çevriləndə obrazlar dolğun yaradılsın. Bu təbliğin nəticəsidir ki, rəssamlığa  həvəsi olan uşaqlar da adıçəkilən mövzuya daha çox maraq göstərirlər.

Görkəmli fırça ustası,  xüsusən  portret janrında özünü sınayan rəssam Kirman Abidinin tablolarında da həmin qanlı gecənin acılı-ağrılı yaşantıları yaddaqalan bədii ifadəsini tapıb. Adətən, rəssam işləyərkən ilham ala-ala tablo yaradır. Amma bəzən həyat insanların qarşısına elə bir sədd çəkir ki, istəmədiyi halda belə yenə də nə isə yaratmalı olur. 20 Yanvar  dəhşətlərinə münasibət bildirmək də asan deyildi, baxmayaraq ki, bu, xalqımızın qanlı və şanlı tarixinin bir səhifəsidir. İstedadlı rəssamın əsərləri Azərbaycan xalqının məruz qaldığı qanlı təcavüzə münasibəti təcəssüm etdirir. Rənglərin dili ilə verilən ağrı-acı, hüzn, kədər, bunların fondunda olan fəxarət, qürur, yenilməzlilik özü bir sənət nümunəsidir. Əlbəttə, heç də ötəri yerə deməyiblər ki, rəssamlıq da tarixi yaşadan incəsənətin bir növüdür.

Onu da deyək ki, faciə janrı klassik dünya rəssamlarının yaradıcılığında da özünü göstərib. Qanlı Yanvar gecəsinin nisgilli fəxarətini yaşadan əsərlər azadlıq hayqırtısının nidasıdır! Rəssamlar İttifaqının üzvü Niyazi Əhmədzadə deyir ki, xarici rəssamlar da öz əsərlərində mütləq faciə janrına yer verdilər. Onlar da Azərbaycan xalqının başına gələn bu faciəyə biganə qala bilmədilər. Ona görə də yaradıcılıqlarında 20 Yanvarı əks etdirən tablolar yaratdılar.

20 Yanvar faciəsi yalnız tanınmış xalq sənətkarlarının əsərlərində deyil, onların yetirmələrinin yaradıcılıq nümunələrində də öz əksini tapır. Bakı şəhəri 2 saylı Uşaq İncəsənət Məktəbinin  ibtidai sinif şagirdlərindən Lalə Babayevanın "20 Yanvar", Fatimə Əbilovanın "Dünya göz yumur", Sevinc Məmmədovanın "Ana fəryadı", Elvin Şahməmmədovun "Sovet ordusunun Bakıya basqını", Ülkər Əmirovanın "Erməni qəddarlığı", Ülkər Əliyevanın  "Erməni vəhşiliyi" əsərləri bir daha onların vətənpərvərlik hissləri ilə yaşadığını və bu mövzunun onlar üçün müqəddəs olduğunu təsdiqləyir.

Qeyd etməliyik ki, tarixi yaşadan bütün incəsənət əsərlərində 20 Yanvar öz təcəssümünü tapıb. Respublikanın müxtəlif bölgələrində 20 Yanvar faciəsinin qurbanlarına həsr olunmuş sənət əsərləri, o cümlədən heykəltəraşlıq nümunələri olan xatirə kompleksləri ucaldılıb. Bakı şəhərinin Yasamal rayonu ərazisindəki "20 Yanvar" dairəsində Qanlı Yanvar şəhidlərinin xatirəsinə ucaldılan memorial abidə (memarı Ədalət Məmmədov, heykəltəraşları Cavanşir Dadaşov və Azad Əliyevdir) kompleksləri və s. buna parlaq misal ola bilər. Kompleksin üzərində 20 Yanvar faciəsi zamanı şəhid olmuş 147 nəfərin adı və soyadı, habelə ümummilli lider Heydər Əliyevin Qanlı Yanvarla bağlı söylədiyi "1990-cı il yanvarın 20-si Azərbaycan tarixinə ən faciəli günlərindən biri, eyni zamanda xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur" fikri qızıl hərflərlə həkk edilib.

 

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.-2013.- 22 yanvar.- S.5.