Qanlı Yanvar faciəsi
qurbanlarının xatirəsi ehtiramla yad edilmişdir
Moskva
Azərbaycanın Rusiyadakı səfirliyində Qanlı Yanvar faciəsinin 23-cü ildönümünə həsr edilmiş mərasim keçirilmişdir.
Tədbir iştirakçıları Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin səfirlikdəki barelyefinin və 20 Yanvar qırğınının günahsız qurbanlarının siyahısı yazılmış stendin önünə tər çiçəklər düzmüşlər. 20 Yanvar faciəsini əks etdirən fotostendlə tanış olmuşlar.
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu çıxış edərək 23 il əvvəl baş vermiş hadisələri xatırladaraq vurğulamışdır ki, bu faciəli tarix xalqın yaddaşında daim qalmalı və gələcək nəsillər üçün mərdlik dərsi olmalıdır. Azərbaycan rəhbərliyi hər il dövlət səviyyəsində qeyd edilən bu hadisəyə böyük əhəmiyyət verir. Səfir sovet qoşunlarının Azərbaycan xalqına qarşı törətdiyi özbaşınalıqlardan və informasiya blokadasının qırılması ilə əlaqədar çətinliklərdən söhbət açaraq bildirmişdir ki, bu faciə Azərbaycan tarixində dönüş nöqtəsi olmuşdur.
Polad Bülbüloğlu Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin cəsarətli hərəkəti, onun bu faciəyə siyasi qiymət verməsi və o hadisənin dərk edilməsindəki əvəzedilməz rolu barədə ətraflı məlumat vermişdir. Səfir demişdir: "Görkəmli siyasi xadim, ümummilli lider Heydər Əliyev 1990-cı il yanvarın 21-də özünün və ailəsinin həyatını təhlükə altında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək bütün dünyaya elan etdi ki, bu hadisə Azərbaycan xalqına qarşı yönəlmiş repressiyadır. Ulu öndər Heydər Əliyev o dövrdə bu fakta siyasi qiymət vermiş ilk və yeganə siyasi xadim olmuşdur". Diplomat xüsusi qeyd etmişdir ki, sovet hakimiyyəti Azərbaycanın timsalında keçmiş ittifaqın bütün xalqlarına ibrət dərsi vermək istəyirdi. Lakin Azərbaycan xalqı öz müstəqillik yolundan dönmədi.
Polad Bülbüloğlu bir sıra xarici dövlətlərin səfirlərinə və diplomatik missiyaların nümayəndələrinə bu tədbirdə iştirak etmələrinə və Azərbaycan xalqının haqq səsinin dünyaya yayılması işində dəstəyə görə təşəkkür etmişdir.
Sonra Qanlı Yanvar faciəsi haqqında sənədli film nümayiş etdirilmişdir.
Matəm mərasimində Moskvada akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri və təmsilçiləri, habelə Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin əməkdaşları, Ümumrusiya Azərbaycan Konqresinin, Rusiya Azərbaycanlı Gənclər Birliyinin və Rusiya ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Mərasim Rusiyanın bir çox nüfuzlu kütləvi informasiya vasitələri, o cümlədən "Rossiya 24" və "Mir" telekanalları tərəfindən işıqlandırılmışdır.
Sonda Azərbaycanın Rusiyadakı səfirliyi adından ehsan verilmişdir.
Tehran
Azərbaycanın
Tehrandakı səfirliyində 20 Yanvar faciəsinin 23-cü
ildönümü ilə əlaqədar "20 Yanvar: səbəb,
məqsəd və nəticələr" mövzusunda elmi
konfrans keçirilmişdir.
Konfransda
İranın dövlət və hökumət nümayəndələri,
Tehrandakı diplomatik korpusun və beynəlxalq təşkilatların
rəhbərləri, ictimaiyyət təmsilçiləri,
alimlər iştirak etmişlər.
Əvvəlcə şəhidlərimizin ruhuna dualar oxunmuş, faciədən bəhs edən sənədli film nümayiş etdirilmişdir.
Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov mərasimdə çıxış edərək 20 Yanvar faciəsinin başvermə səbəbləri və ağır nəticələri barədə ətraflı məlumat vermişdir. Səfir bildirmişdir ki, bu cinayətin törədilməsində məqsəd Azərbaycan xalqının mübarizə əzmini qırmaq olmuşdur. Lakin hərbi təcavüzün ağır fəsadlarına baxmayaraq, Azərbaycan xalqı amansız düşmənə boyun əyməmiş, mübarizə əzmini daha da gücləndirmişdir.
Tehran Universitetinin professoru Bəhram Əmirəhmədian, İran və Asiya Araşdırmaları Mərkəzinin elmi işçisi İlyas Vahidi, sovet dövründə İranın Bakıda baş konsulu işləmiş, İran Xarici İşlər Nazirliyinin rəsmisi Əbülqasım Danişgahi 20 Yanvar faciəsi barədə fikirlərini bölüşmüşlər.
Tədbir
iştirakçıları həmçinin
işğalçı Ermənistan tərəfindən Azərbaycana
qarşı həyata keçirilən terror və hərbi təcavüz
aktlarından bəhs edən, 20 Yanvar faciəsinin dəhşətlərini
əks etdirən kitab, jurnal,
buklet və qəzetlərdən ibarət guşə ilə
tanış olmuşlar. İştirakçılara faciə
ilə bağlı Azərbaycan, ingilis və fars dillərində
çap olunmuş materiallar, CD və DVD-lər
paylanmışdır.
Belqrad
Yanvarın 20-də Azərbaycanın
Serbiyadakı səfirliyi tərəfindən qanlı Yanvar
faciəsinin 23-cü ildönümü ilə əlaqədar
anma mərasimi keçirilmişdir.
Səfirlikdən bildirmişlər ki, tədbirdə Serbiya ictimaiyyətinin nümayəndələri, ölkə parlamentində fəaliyyət göstərən Azərbaycan ilə dostluq qrupunun üzvləri, Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin və Serbiya-Azərbaycan Ticarət-İqtisadi Palatasının üzvləri, Serbiyada yaşayan Azərbaycan icmasının üzvləri və təhsil alan azərbaycanlı tələbələr, KİV-lərin və Belqrad şəhərinin müsəlman icmasının nümayəndələri iştirak etmişlər.
Tədbirin əvvəlində iştirakçılar 20 Yanvar faciəsini əks etdirən fotoguşə ilə tanış olmuş, sonra Qanlı Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Mərasimdə çıxış edən səfir Eldar Həsənov 20 Yanvar faciəsi zamanı Sovet qoşunları tərəfindən törədilmiş vəhşilikləri xatırlayaraq milli azadlıq yolunda şəhid olan qəhrəmanların xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağını diqqətə çatdırmışdır. O, 1990-cı il 20 Yanvar tarixində Sovet İttifaqı Kommunist Partiyası rəhbərliyinin və mövcud rejimin, sovet Silahlı Qüvvələrinin Azərbaycan xalqına qarşı törətdikləri və öz qəddarlığı ilə seçilən təcavüzdən bəhs edərək, konstitusiya hüquqlarının bərqərar edilməsini tələb edən, azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə aparan silahsız Vətən övladlarının və dinc əhalinin vəhşicəsinə gülləbaran edilməsindən danışmışdır.
Səfir faciə zamanı 147 nəfər günahsız insanın qətlə yetirildiyini və 800-dən artıq soydaşımızın müxtəlif dərəcəli bədən xəsarətləri aldığını qeyd etmişdir. O, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskva şəhərindəki nümayəndəliyinə gələrək sovet rəhbərliyinə qarşı açıq etiraz etdiyini xüsusi vurğulamış, həmin hadisələrə məhz ulu öndərin təşəbbüsü ilə ilk dəfə siyasi-hüquqi qiymət verildiyini bildirmişdir.
Sonra mərasim iştirakçıları "Azadlığa aparan yol" sənədli filminə baxmışlar.
Səfirlik
tərəfindən hazırlanmış, 20 Yanvar faciəsinin
səbəblərini və nəticələrini özündə
əks etdirən mətbuat məlumatı xarici ölkələrin
Belqrad şəhərindəki səfirlikləri və beynəlxalq
təşkilatların nümayəndəlikləri,
Serbiyanın dövlət strukturları, qeyri-hökumət təşkilatları
və KİV arasında yayılmışdır.
Kiyev
Ukrayna
Azərbaycanlıları Konqresinin (UAK) təşkilatçılığı
ilə Kiyevdə 20 Yanvar şəhidlərinin xatirəsi
anılmışdır.
UAK-dan
bildirmişlər ki, Ukraynada yaşayan bir sıra xalqların
diaspor təşkilatlarının rəhbərlərinin və
media nümayəndələrinin qatıldığı mərasimdə
Azərbaycanın bu ölkədəki səfiri Eynulla Mədətli
çıxış edərək 23 il bundan əvvəl
canlarını dövlətimizin müstəqilliyi yolunda fəda
etmiş oğul və qızlarımızın şücaətindən
danışmışdır. 20 Yanvar faciəsini totalitar sovet
rejiminin Azərbaycana qarşı həyata keçirdiyi bəşəri
cinayət adlandıran səfir bu tarixi xalqımızın qəhrəmanlıq
və şərəf salnaməsi adlandırmışdır.
UAK-ın
rəhbəri Rövşən Tağıyev, diasporumuzun fəalları
Vilayət Quliyev, Əbülfəz Qasımov, Azərbaycan
diasporunun Ağsaqqallar Şurasının sədri Firudin Məmmədov,
Bakı Slavyan Universitetinin Kiyev Linqvistik İnstitutundakı Azərbaycan
Dili və Mədəniyyət Mərkəzinin rəhbəri
professor Rafiq Novruzov, Ukrayna Azərbaycanlı Gənclər
Birliyinin sədri Anar Tahirov və digərləri
çıxışlarında qanlı 20 Yanvar faciəsinin əsl
günahkarı olan Mixail Qorbaçovun beynəlxalq məhkəmə
qarşısında cavab verməsinin vacibliyini
vurğulamışlar. Natiqlər xalqımızın haqq səsinin
boğulduğu bir zamanda Azərbaycanın Rusiyadakı daimi
nümayəndəliyinə gələrək sovet rejiminin
törətdiyi bəşəri cinayətin dünya ictimaiyyətinə
çatdırılmasında ulu öndər Heydər Əliyevin
tarixi xidmətlərindən danışmışlar.
Çıxışlarda Azərbaycanın dövlət müstəqilliyi
uğrunda canlarından keçən qəhrəman oğul və
qızlarımızın xatirəsinin heç zaman
unudulmayacağı, bu faciənin gələcək nəsillər
üçün əsl vətənpərvərlik nümunəsi
olduğu vurğulanmışdır.
Ukrayna
Yəhudilər Forumunun prezidenti Arkadi Manastrski və digər
ictimai təşkilatların rəhbərləri aradan 23 il
ötməsinə baxmayaraq, 20 Yanvar faciəsini törədənlərin
hələ də cinayət məsuliyyətinə cəlb
edilməməsini tarixi ədalətsizlik kimi qiymətləndirmişlər.
Sonra
sovet ordusunun 1990-cı ilin 20 Yanvar gecəsində Bakıda
törətdiyi qanlı faciə ilə bağlı sənədli
film nümayiş etdirilmişdir.
Tbilisi
Azərbaycan xalqının tarixində
ümumxalq hüzn günü kimi iz buraxmış 20 Yanvar
faciəsinin 23-cü ildönümü ilə əlaqədar
Gürcüstanda da anma mərasimləri keçirilmişdir.
Tbilisidə keçirilmiş mərasimdə 20 Yanvar şəhidlərinin
əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuş,
ruhlarına dualar oxunmuşdur.
Azadlıq,
müstəqillik uğrunda şəhid olanların əziz
xatirəsini unutmayaq, unutsaq unudularıq şüarları səsləndirilmişdir.
Kaxeti
bölgəsinin Saqareco rayonunda, azərbaycanlılar yaşayan
Qaraçöp mahalında 20 Yanvar Bakı şəhidlərinin
və 9 Aprel Tbilisi şəhidlərinin xatirəsinə
ucaldılmış abidə önündə də anma mərasimi
keçirilmişdir.
ARDNŞ-in
Gürcüstan nümayəndəliyinin əməkdaşı
Şövqi Mehdizadə bu abidənin ətrafının
abadlaşdırılması layihəsini təqdim etmişdir.
Layihə yerli ictimaiyyət tərəfindən rəğbətlə
qarşılanmışdır.
Azərbaycan
Respublikasının Gürcüstandakı səfiri Azər
Hüseyn tədbir iştirakçılarına 1990-cı il
yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun Azərbaycanın
paytaxtı Bakıda və respublikanın rayonlarında törətdiyi
qırğınların səbəb və nəticələri
barədə ətraflı məlumat vermişdir.
Gürcüstan
parlamentinin komitə sədri Qiqla Aqulaşvili demişdir ki, bu
abidə Azərbaycan və gürcü xalqlarının tarixi
qardaşlığının təcəssümüdür.
Deputat bu günün hər iki xalqın həm fəxri, həm
də kədər günü olduğunu qeyd etmiş, şəhid
qanı hesabına qazanılmış müstəqilliyin
qorunmasında hamını birliyə
çağırmışdır.
Gürcüstan
parlamentinin deputatı Mahir Dərziyev 20 Yanvar və 9 Aprel faciələrinin
xalqlarımızın qəhrəmanlıq tarixinin unudulmaz
salnaməsi olduğunu qeyd etmişdir.
Professor
Fərhad Xubanlı, İsmayıl Həmzəyev, Nizami Şərifov,
İsmixan Məmmədov və başqaları 20 Yanvar və 9
Aprel faciələrinin hər iki xalqın ortaq dərdi və
ortaq fəxri olduğuna diqqəti çəkmiş,
müasir gəncliyi qan yaddaşımızı unutmamağa
çağırmışlar.
Berlin
Azərbaycan
Respublikasının Almaniyadakı səfirliyində 20 Yanvar
faciəsinin 23-cü ildönümünə həsr
olunmuş anma mərasimi keçirilmişdir.
Əvvəlcə
20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik
sükutla yad edilmişdir.
Azərbaycanın
Almaniyadakı səfiri Pərviz Şahbazov mərasim
iştirakçılarına Qanlı Yanvar faciəsi barədə
ətraflı məlumat vermiş, bu hadisələrin Azərbaycanın
müstəqilliyinin əldə edilməsində oynadığı
roldan danışmış və 20 Yanvar tarixini Azərbaycan
xalqının azadlığı uğrunda qəhrəmancasına
apardığı mübarizə kimi səciyyələndirmişdir.
Səfir ümummilli lider Heydər Əliyevin bu hadisələr
zamanı nümayiş etdirdiyi əsl vətəndaş
mövqeyini xatırlatmış və bu hadisələrə
siyasi və hüquqi qiymət verilməsində ulu öndərin
xidmətlərini vurğulamışdır. Diplomat 20 Yanvar
hadisələrinin xalqımızın tarixində qəhrəmanlıq
səhifəsi olduğunu demişdir.
Dünyanın
ən böyük kənd təsərrüfatı sərgisi
olan "Yaşıl həftə" çərçivəsində
Berlində səfərdə olan kənd təsərrüfatı
naziri İsmət Abasov mərasimdə çıxış
etmiş və 20 Yanvar hadisələri barədə xatirələrini
iştirakçılarla bölüşmüşdür.
Nazir 20 Yanvar hadisələri zamanı keçmiş sovet
hakimiyyətinin öz xalqına qarşı törətdiyi
ağır cinayətdən bəhs edərək bu hərəkətlərə
bəraət qazandırılmasının mümkün
olmadığını dilə gətirmişdir. İsmət
Abasov eyni zamanda ümummilli lider Heydər Əliyevin məlum
hadisələr zamanı göstərdiyi fədakarlıqdan
danışmışdır.
Daha
sonra söz alan Potsdam Universitetinin professoru Vilfred Fuhrman
çıxışında faciənin qurbanlarının
arzularını, ümidlərini xatırlamağın
vacibliyini qeyd edərək, Azərbaycan xalqının müstəqillik
uğrunda mübarizə yolundan danışmışdır.
Çıxışlardan
sonra Almaniya Köln Musiqi və Rəqs Ali Məktəbində
təhsil alan azərbaycanlı pianoçu Toğrul
Hüseynlinin ifasında Azərbaycan və alman bəstəkarlarının
əsərləri təqdim olunmuşdur.
Mərasimdə
"Yaşıl həftə" çərçivəsində
Berlində səfərdə olan Azərbaycan nümayəndə
heyətinin üzvləri, Almaniya siyasi və ictimai dairələrinin
nümayəndələri, AFR Xarici İşlər Nazirliyinin
əməkdaşları, eləcə də Almaniyadakı
diasporumuzun təmsilçiləri iştirak etmişlər.
Tədbir
iştirakçıları səfirlik tərəfindən 20
Yanvar hadisələrinə həsr olunmuş fotosərgi ilə
tanış olmuşlar. Alman dilində izahlarla tərtib
olunmuş sərgidəki fotoşəkillər qonaqlarda
acı təəssürat doğurmuşdur.
Rəsmi
hissədən sonra şəhidlərimizin xatirəsinə
ehsan verilmiş, tədbirin iştirakçılarına
ölkəmiz haqqında alman dilində çoxsaylı
kitablar hədiyyə edilmişdir.
Qahirə
20 Yanvar faciəsinin 23-cü
ildönümü ilə əlaqədar Azərbaycanın
Misirdəki səfirliyində anma mərasimi
keçirilmişdir.
Səfirlikdən
bildirmişlər ki, tədbirdə Misirin kütləvi
informasiya vasitələrinin nümayəndələri, Azərbaycan-Misir
Dostluq Cəmiyyətinin üzvləri, ictimaiyyətin nümayəndələri,
Qahirə və Ayn-Şəms universitetlərinin tələbələri,
bu ölkədə yaşayan və təhsil alan azərbaycanlılar
iştirak etmişlər.
Mərasimi
açan səfir Şahin Abdullayev Azərbaycan xalqının
sovet rejiminə qarşı milli azadlıq mübarizəsi və
Ermənistanın ölkəmizə qarşı ərazi
iddiaları haqqında məlumat vermişdir. Diplomat 1990-cı
ilin 20 Yanvar gecəsi kommunist rejimini xilas etmək və Azərbaycan
xalqının mübarizə əzmini boğmaq
üçün Bakıya yeridilən sovet ordu birləşmələrinin
mülki əhaliyə qarşı ağır texnika və
odlu silahlardan istifadə edərək 147 nəfəri
amansızlıqla qətlə yetirdiyini, 800-dən çox
insanı yaraladığını diqqətə
çatdırmışdır. Səfir Azərbaycanın əvəzsiz
töhfələr verdiyi sovet ordusunun xalqımızın dinc
etiraz nümayişinə divan tutduğunu xüsusi vurğulamışdır.
SSRİ-nin
dağılmasından sonra Azərbaycanın
azadlığı və bu yolda üzləşdiyi çətinliklərdən,
xüsusilə Ermənistanın ölkəmizə
qarşı təcavüzündən danışan səfir
respublikamızın 22 illik müstəqillik dövrü ərzində
əldə etdiyi nailiyyətlər və Prezident İlham Əliyevin
rəhbərliyi altında bugünkü dinamik inkişaf
haqqında məlumat vermişdir.
Sonra
Ş.Abdullayev iştirakçıların suallarını
cavablandırmışdır.
Tədbirdə
"20 Yanvar faciəsinə aparan yol" filmi və Bakıda
törədilmiş qırğının nəticələri
haqqında videoçarx nümayiş etdirilmiş, faciənin
dəhşətləri ilə bağlı fotostend
hazırlanmışdır. Bununla yanaşı,
iştirakçılara faciə barədə kitablar və səfirliyin
press-relizi paylanmışdır.
Misirin
"Qahirə-3" dövlət televiziya kanalı mərasimdən
reportaj hazırlamışdır.
20
Yanvar faciəsi ilə əlaqədar səfirlik tərəfindən
həyata keçirilmiş silsilə tədbirlər çərçivəsində
Ş.Abdullayevin Misirin birinci televiziya kanalında müsahibəsi
yayımlanmışdır. Həmçinin Ş.Abdullayevin
faciə ilə bağlı məqalələri nüfuzlu
"Youm7", "Şuruq", "Əl-Cumhuriyyə",
"Məsəiyə", "Əl-Əxbar", "Əl-Təhrir",
"Əl-Dustur Əl-Əsli" və "Əl-Qurnal"
qəzetlərində dərc edilmişdir.
Əl-Küveyt
Xalqımızın yaddaşında
silinməz iz buraxmış 20 Yanvar faciəsinin 23-cü
ildönümü ilə əlaqədar Azərbaycan
Respublikasının Küveyt Dövlətindəki səfirliyi
silsilə tədbirlər keçirmişdir.
Səfirlikdən
bildirmişlər ki, yanvarın 20-də Küveytdə
yaşayan və işləyən Azərbaycan vətəndaşlarını
öz ətrafında birləşdirən "Vətənsevər"
Dostluq Cəmiyyətinin və "Kuveyt-Azəri"
müştərək şirkətinin təşkilatçılığı
ilə anma mərasimi keçirilmişdir. Tədbirdə səfirliyin
əməkdaşları, Azərbaycan, Türkiyə, İran
və digər ölkələrin nümayəndələri,
diaspor təşkilatlarının təmsilçiləri, eləcə
də Küveytin ictimai-siyasi xadimləri, millət vəkilləri
və KİV nümayəndələri iştirak etmişlər.
Səfir
Tural Rzayev mərasimdə çıxış edərək
keçmiş sovet ordusunun Bakıda və ölkəmizin digər
şəhərlərində törətdiyi vəhşiliklərdən
danışmış, Mixail Qorbaçov başda olmaqla bu
qanlı faciədə əli olan digər cinayətkarların
bütün beynəlxalq hüquq normalarına zidd hərəkətləri
barədə ətraflı məlumat vermişdir.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin səyləri
nəticəsində Azərbaycanın öz müstəqilliyini
bərpa etdiyini, həmçinin 20 Yanvar faciəsi barədə
həqiqətlərin üzə
çıxdığını, ölkəmizə
qarşı həyata keçirilən təcavüzkar siyasətin
bütün dünyaya
çatdırıldığını xüsusi qeyd
etmişdir.
Səfir
ölkəmizin taleyüklü problemi olan Dağlıq
Qarabağ münaqişəsinə xüsusi yer
ayırmışdır. O, Azərbaycan ərazilərinin erməni
vandalları tərəfindən işğal olunması, həmin
ərazilərdə törədilmiş
vəhşiliklər, insan tələfatı, xalqımıza
dəyən maddi və mənəvi zərər barədə
ətraflı məlumat vermişdir. İşğal
olunmuş Azərbaycan torpaqlarının
boşaldılmasına dair BMT Təhlükəsizlik
Şurasının 4 qətnaməsinə, İqtisadi Əməkdaşlıq
Təşkilatı və Avropa İttifaqının bəyanatlarına rəsmi
Yerevanın etinasız yanaşdığını qeyd
etmişdir.
Səfirliyin
təşəbbüsü və yardımı ilə ərəb
dilində hazırlanmış "20 Yanvar" foto-albomu və
faciədən bəhs edən sənədli filmin ərəb
dilində CD variantı, səfirliyin mətbuat məlumatı
Küveytin dövlət, hökumət qurumlarına, parlamentinə,
ölkədə fəaliyyət göstərən ictimai təşkilatlara
və kütləvi informasiya vasitələrinə göndərilmiş,
20 Yanvar faciəsi ilə bağlı fotosərgi təşkil
olunmuş, faciə haqqında film və kitablar
paylanmışdır.
Küveytin
geniş oxucu kütləsinə malik "Əl-Vasat" qəzetində
20 Yanvar faciəsinə həsr olunmuş məqalə dərc
olunmuşdur.
Əmman
İordaniya-Azərbaycan
Dostluq Cəmiyyəti 20 Yanvar faciəsinin 23-cü
ildönümü ilə əlaqədar anma mərasimi təşkil
etmişdir.
Azərbaycanın
İordaniya Krallığındakı səfirliyindən
bildirmişlər ki, tədbirdə cəmiyyətin baş
katibi Xalid Həmşavi, idarə heyətinin sədri senator Mərvan
Humud və üzvləri, eləcə də Türkiyənin,
Ukraynanın, Gürcüstanın və Qazaxıstanın bu
ölkədəki səfirləri, diplomatik nümayəndəliyimizin
əməkdaşları, Krallığın ictimai-siyasi dairələrinin,
Azərbaycan diasporunun təmsilçiləri və tələbələr
iştirak etmişlər.
Mərasimdə
çıxış edən Azərbaycanın
İordaniyadakı səfiri Sabir Ağabəyov
xalqımızın yaddaşında Qara Yanvar gecəsi kimi
qalan bu tarixin həm şəhidlərimizin anım
günü, həm də Azərbaycan xalqının müstəqillik
uğrunda mübarizəsinin təcəssümü
olduğunu diqqətə çatdırmışdır. Səfir
20 Yanvar günü keçmiş SSRİ rəhbərliyinin
göstərişi ilə nizami ordu birləşmələri
tərəfindən dinc əhaliyə qarşı həyata
keçirilən cəza tədbirləri zamanı insanlıq əleyhinə
törədilmiş dəhşətli qırğın nəticəsində
BMT-nin Dünya İnsan Hüquqları Bəyannaməsinin,
1949-cu il Cenevrə Konvensiyasının, habelə insan
haqlarına dair digər beynəlxalq hüquqi sənədlərin
müddəalarının kobud şəkildə pozulduğunu
vurğulamışdır.
Anma
mərasiminin keçirildiyi salonda Qanlı Yanvar faciəsini əks
etdirən sərgi təşkil edilmiş, sənədli filmlər
nümayiş olunmuşdur.
Tədbir
iştirakçılarına 20 Yanvar faciəsi ilə
bağlı materiallar paylanmışdır.
20 Yanvar
faciəsi İordaniya mətbuatında da geniş
işıqlandırılmışdır. Bu ölkədə
fəaliyyət göstərən "Əl-Dustur", "Əl-Diyar"
qəzetlərində və "Uruba" informasiya agentliyinin
saytında faciə ilə bağlı geniş məqalələr
dərc edilmişdir.
AzərTAc
Azərbaycan.-2013.- 22 yanvar.- S.6.