20 Yanvar faciəsi xarici mətbuatda
Türkiyənin nüfuzlu "HaberTürk" qəzetində Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırovun 20 Yanvar faciəsi haqqında "Bakı qətliamını anarkən" başlıqlı məqaləsi dərc olunmuşdur.
Məqalədə qeyd olunur ki, 1990-cı il 20 Yanvar gününün Azərbaycanın dövlətçilik tarixində xüsusi yeri vardır. Bu gün tarix boyu müxtəlif səbəblərdən süqut edib yenidən qurulan Azərbaycan dövlətlərinin sonuncusu - Azərbaycan Respublikasının qurulmasına aparan yolu açmışdır. 1920-ci ildə Azərbaycan Demokratik Respublikasının süqutu ilə müstəqilliyini itirən xalqımız 1991-ci ildə Azərbaycan Respublikasının elan olunması ilə suverenliyini bərpa etmişdir.
Müəllif keçən əsrin 80-ci illərinin sonunda SSRİ rəhbərliyinin Azərbaycana münasibətdə ikili standartlar siyasəti yürütdüyünü, dahi siyasətçi, ulu öndər Heydər Əliyevin təzyiqlərə məruz qalaraq istefaya məcbur edilməsinin, Mixail Qorbaçovun ermənipərəst siyasətinin və Azərbaycan torpaqlarına qarşı təcavüzün xalqımız əleyhinə hazırlanmış məkrli planın tərkib hissəsi olduğunu bildirmişdir. Qeyd etmişdir ki, bütün bu hadisələrin fonunda Moskvanın Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında qərara biganə qalması, azərbaycanlıların silahlanmasına imkan verilməməsi, Ə.Vəzirov kimi xalqına qənim kəsilmiş insanın respublika rəhbərliyinə gətirilməsi 20 Yanvar hadisələrinin baş verməsinə zəmin hazırlamışdır.
Məqalədə
xalqımızın ümummilli lideri Heydər Əliyevin həyatını
təhlükəyə ataraq bu dövlət terroruna
qarşı Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə
gəlməsi və Mixail Qorbaçov başda olmaqla həmin
dövrün bütün rəhbərlərinin insanlıqdan
kənar qərarlarını kəskin şəkildə
ifşa etməsi vurğulanır.
***
20 Yanvar faciəsinin 23-cü ildönümü ilə bağlı Mərakeşin nüfuzlu "əl-İslah və ət-Tənmiyə" qəzetində "Azərbaycan xalqının tarixində qanlı Yanvar faciəsi" sərlövhəli məqalə dərc edilmişdir.
Azərbaycanın Mərakeşdəki səfirliyindən AzərTAc-a bildirmişlər ki, məqalənin müəllifi 1990-cı ilin 20 Yanvar gününün xalqımızın tarixinə Qanlı Yanvar və ya Qara Yanvar kimi yazıldığını bildirmişdir. Yazıda 20 Yanvarın təkcə faciə günü deyil, həm də Azərbaycanın müstəqilliyi və dirçəlişi yolunda, xalqın azadlıq uğrunda mübarizəsinin tarixi olduğu xüsusilə qeyd edilmişdir.
Məqalədə 1990-cı il 20 Yanvar gecəsi tərkibində ehtiyatdan çağırılmış ermənilərin də olduğu sovet ordusunun Azərbaycan xalqına qarşı vəhşi terror aktı həyata keçirdiyi vurğulanmışdır. Müəllif həmçinin sabiq Sovet İttifaqı rəhbərliyinin əsassız və ermənilərin mövqeyini müdafiə edən siyasətinə etiraz əlaməti olaraq paytaxt Bakının küçə və meydanlarına axışan dinc əhaliyə qarşı tank və zirehli maşınların yeridilməsindən, qocalara, uşaqlara və qadınlara fərq qoymadan günahsız vətəndaşlara qarşı törədilmiş qanlı cinayətdən söhbət açmışdır.
Bildirilmişdir ki, bu vəhşi təcavüz, qanlı qırğın nəticəsində 147 nəfər amansızlıqla qətlə yetirilmiş, 800-dən çox insan yaralanmış, 841 nəfər qanunsuz həbs edilmiş, yüzlərlə adam itkin düşmüşdür.
Yazıda vurğulanmışdır ki, belə bir dövrdə xalq Heydər Əliyev kimi müdrik və həqiqi bir liderə ehtiyacı olduğunu dərk edirdi. Həmin vaxt xüsusi nəzarət altında olan Heydər Əliyevin özünün və ailəsinin həyatı üçün yarana biləcək təhlükəyə baxmayaraq, 20 Yanvar hadisəsindən dərhal sonra oğlu, Azərbaycan Respublikasının hazırkı Prezidenti İlham Əliyev ilə birlikdə ölkəmizin Moskvadakı Daimi Nümayəndəliyinə gəlməsi, 20 Yanvar faciəsinə kəskin etirazı, başda M.Qorbaçov olmaqla keçmiş Sovet İttifaqı rəhbərliyini təcavüzlə bağlı möhkəm tənqid etməsi, faciəni həyata keçirənləri ittiham etməsi, ordunun dərhal Bakıdan çıxarılmasını tələb etməsi böyük hünər və vətənpərvərlik nümunəsi kimi qiymətləndirilmişdir.
Daha sonra məqalədə ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının təkidli tələbi ilə 1993-cü ildə hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymət verildiyi, məhz Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar gününün ümumxalq hüzn günü elan edildiyi, qanlı hadisələr zamanı şəhid olanların xatirəsinə salınmış Şəhidlər xiyabanında xatirə kompleksinin ucaldıldığı bildirilmişdir.
20 Yanvar hadisələrinin xalqımızın yaşadığı ən ağrılı faciələrdən biri olduğunu vurğulayan müəllif Azərbaycanın müstəqilliyimizin ilk illərində qarşılaşdığı çətinliklərdən söhbət açmışdır. Tarixən Azərbaycan ərazisi olan Dağlıq Qarabağ və ona bitişik 7 rayon da daxil olmaqla torpaqlarımızın 20 faizinin Ermənistan tərəfindən işğal edildiyi, bir milyondan çox insanın doğma yurd-yuvalarından didərgin salınaraq öz vətənlərində qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyü, işğal altındakı ərazilərdə məscidlərin, tarixi abidələrin və məktəblərin tamamilə dağıdıldığı oxucuların diqqətinə çatdırılmışdır.
Müəllif Azərbaycan xalqına qarşı törədilmiş qanlı cinayətlərin və terror aktlarının beynəlxalq birlik, o cümlədən qardaş Mərakeş Krallığı tərəfindən qəti şəkildə pisləndiyini qeyd etmişdir. Yazıda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı, BMT Baş Məclisinin "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət haqqında", eləcə də İslam Əməkdaşlıq Təşkilatının və AŞPA-nın qətnamələr qəbul etdiyini vurğulamışdır.
Məqalənin
sonunda dost və qardaş dövlətlərin mövqelərinin
Azərbaycan xalqı və dövləti tərəfindən
yüksək qiymətləndirildiyi, bütün problemlərin
dövlətlərin ərazi bütövlüyü,
suverenliyi və beynəlxalq birlik tərəfindən
tanınmış sərhədləri əsasında həll
edilməsinin zəruriliyi vurğulanmışdır.
Azərbaycan.-2013.- 22 yanvar.- S.6.