Avropa Azərbaycanlıları Konqresi bəyanat
yaymışdır
20 Yanvar hadisələrinin 23-cü ildönümü ilə əlaqədar Avropa Azərbaycanlıları Konqresi bəyanat yaymışdır.
Bəyanatda deyilir ki, 23 ildir Azərbaycan xalqı hər il 1990-cı il Qara Yanvar faciəsinin qurbanlarının xatirəsini yad edir. Müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxan Azərbaycan xalqının iradəsini qırmağa çalışan keçmiş SSRİ-nin rəhbəri M.Qorbaçovun əmri ilə sovet ordusunun 66 min əsgəri Azərbaycanın müxtəlif şəhərlərinə yeridildi. Yanvarın 20-nə keçən gecə fövqəladə vəziyyət elan edilməzdən öncə sovet ordusu zirehli tanklarla və ağır silahlarla hər tərəfdən, hətta Xəzər dənizindən hərbi donanma vasitəsilə şəhərə hücuma keçdi. Silahsız vətəndaşlar ağır silahlı qoşunla üzbəüz qaldı. Həmin hadisələr zamanı 147 dinc sakin həyatını itirdi, 800-dən artıq insan ağır yaralandı. Bu faciədən dərhal sonra xalq tətilə başladı. Qırx gün davam edən matəm tətili bütün ölkəni, demək olar ki, iflic vəziyyətinə saldı. Tətil və fövqəladə vəziyyət Azərbaycanın siyasi və ictimai həyatını uzun zaman öz təsiri altında saxladı. 1991-ci ilin oktyabr ayının 18-də "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" Konstitusiya Aktı qəbul olundu və Azərbaycan müstəqillik əldə etdi.
Bəyanatda
deyilir ki, 20 Yanvar şəhidləri öz ölümləri
ilə gələcək nəsillər üçün vətənlərinin
azadlığı və müstəqilliyi uğrunda
mübarizə aparan ideala çevrildilər. Allah şəhidlərə
rəhmət etsin.
AzərTAc
Azərbaycan.-2013.- 22 yanvar.- S.6.