Qızıl əyarından tanınar
"Gün var ki, ilə bərabərdir. İl də var ki, əsrə bərabərdir." Müdriklər yəqin ki, bu cür vaxt bənzətməsini müəyyən zaman kəsiyində görülən möhtəşəm işlərin miqyasını nəzərə alaraq söyləyiblər. Tarixdə belə möcüzələr az olmayıb. İnsan oğlunun bir gündə yaratdığını illərin, bəzən də əsrlərin çərçivəsinə sığışdırmaq mümkün olmayıb. Elə möcüzələrin şahidi olmaq bizim nəslin qismətindən də yan keçməyib.
Fikrimə bir qədər işıq salmaq istəyirəm. Ötən əsrin 70-ci illərində Bakıda ilk örtülü idman qurğusunun bünövrəsi qoyuldu. İndiki Tbilisi prospektində ("Avropa" hotelinin yaxınlığında) ucaldılan "İdman Sarayı" adlı "nəhənğ" qısa müddət ərzində (ən uzağı 3 ilə) tikilib istifadəyə verilməli idi. Çünki o paytaxtın yeganə əzəmətli "Sarayı" olmalı idi. Elə ona görə də hökumətin bütün qurumları yeni idman qurğusunun inşasını başa çatdırmaq üçün mümkün olanı edirdilər. Lakin... gözləyənlər gözlədiklərini görə bilmədilər. Bakının ilk idman nəhəngi düz 15 ilə tikilib qurtardı, o da ala-yarımçıq. Çünki tikinti işləri başa çatsa da içərisindəki avadanlığın alınmasına və quraşdırılmasına vəsait çatmadı. Odur ki, onu "idman kompleksi" siyahısından çıxararaq, adi sərgi salonu kimi istifadə etməli oldular...
Daha bir misal. Bir qonağımla Bakıdan Mərdəkana
gedirdik. Dostum bir neçə il ərzində
Bakıda olmadığından Heydər Əliyev prospekti və
şose boyunca düzülən yenilikləri maraqla seyr edir, az
vaxt ərzində baş verən dəyişikliklərdən
heyrətini gizlədə bilmirdi.
Nəhayət, düşündüklərini belə
ifadə etdi: "Təkcə bu yolu (Aeroport yolunu) belə
şəklə salmaq üçün sovet dövründə
100 ildən çox vaxt lazım gələrdi... Nədir bu sıçrayışın sirri?"
Qəlbimdə onunla razılaşdım. Ancaq qonağın dediklərinə
bunları da əlavə etdim: - Bunun səbəbi Müstəqillikdir.
Yalnız öz sərvətinin, öz iradəsinin
sahibi olanlar belə möcüzə yarada bilərlər.
Hazırda Azərbaycan bu durumdadır...
Bu
giriş sözünü özümə bələdçi
seçdim ki, yüksəliş sürətinə görə
günü ilə, ili illərə çevirən və
qocamanlar cərgəsində ön sıraya çıxan 20 yaşlı təhsil
ocağını sizlərə lazımınca təqdim edə
bilim...
Çətin başlanğıc
Müstəqilliyimizin bərpasının ilk
dövründə bütün sahələrdə olduğu
kimi, aviasiya kadrları hazırlığına da böyük
ehtiyacımız vardı. Bunu nəzərə alan
Azərbaycan hökuməti 15 iyun 1992-ci il tarixli qərarı
ilə "Azərbaycan Hava Yolları" Dövlət
Konserni ("Azərbaycan Hava Yolları" Qapalı Səhdar
Cəmiyyəti) nəzdində Milli Aviasiya Mərkəzi
yaratdı. Mərkəzin nəzdində
"İxtisasartırma" fakültəsi və
"Ümumi texniki fənlər", "Fizika,
radioelektronika" və "Azərbaycan və xarici dillər"
kafedraları təşkil olundu. 1993-cü
ildə Mərkəzdə "Hava nəqliyyatının
istismarı" fakültəsi yaradıldı və
mövcud kafedralar bu fakültəyə daxil edildi.
1994-cü il fevralın 24-də isə Azərbaycan
Respublikası Nazirlər Kabinetinin qərarı ilə Milli
Aviasiya Mərkəzinin bazasında Milli Aviasiya Akademiyası
(MAA) yaradıldı. Beləliklə, Milli Aviasiya Akademiyası
bir fakültə, iki ixtisas, 80 tələbə ilə fəaliyyətə
başladı...
İlk illər çox çətin keçdi. Yeni təhsil
ocağının maddi-texniki bazası, təlim-tədris vəsaiti,
kadr-müəllim heyəti aşağı səviyyədə
idi. Məktəbin ərazisi şiddətli
hücuma məruz qalmış döyüş
meydanını xatırladırdı. Vaxtilə
bu məkanda yerləşən hərbi hissə ərazini tərk
edərkən özündən sonra ağır texnika
tullantıları, təhsil üçün yaramayan
uçuq-sökük kazarmalar qoyub getmişdi. Buranı təmizləmək, təhsil
üçün yararlı hala salmaq üçün çox
vəsait lazım idi. Verilən vəsait
isə kifayət etmirdi. Çünki məktəbi
maliyyələşdirən, ixtisasa uyğun mütəxəssislərlə
təmin edən AZAL-ın özünün vəziyyəti də
o zaman ürəkaçan deyildi.
Bununla belə müstəqilliyimizin ab-havası insanlarda,
o cümlədən aviatorlarımızda və təhsil
işçilərində ayağa qalxmaq, yüksəlmək
hissiyatını hədsiz dərəcədə coşduran
güclü amil yaratmışdı. Hamı ucalmaq
üçün təkan nöqtəsi axtarırdı. Və
arzu olunan həmin təkan nöqtəsi özünü
çox gözlətmədi...
Təkan nöqtəsi
İnkarolunmaz həqiqətdir
ki, müasir Azərbaycanın bir dövlət kimi möhkəmlənib
inkişaf etməsi ümummilli lider Heydər Əliyevin
adı ilə bağlıdır. "Azərbaycanın
mülki aviasiyasının əsas vəzifəsi
uçuşların təhlükəsizliyini təmin etməkdir"
- deyən ulu öndər hələ hakimiyyətinin birinci mərhələsində
bu sahənin inkişafına xüsusi diqqət yetirirdi.
Mülki aviasiyamızın dirçəlişi üçün yerli
hava limanlarının tikilib istifadəyə verilməsi ilə
yanaşı, həm də milli
kadrların yetişməsi üçün təsirli tədbirlər
həyata keçirilirdi. Tələbə gənclərin bir çoxu təhsil almaq
üçün SSRİ-nin müxtəlif ali məktəblərinə,
o cümlədən təyyarəçilik məktəblərinə göndərilirdi. Məhz həmin
gənclər müstəqilliyə qovuşduğumuz ilk illərdə
düşmənlə döyüşlərdə qəhrəmanlıq
nümunəsi göstərdilər, Azərbaycanı qorumaq
üçün canlarını əsirgəmədilər...
İnamla demək olar ki, Heydər Əliyev həm də
Milli Aviasiya Akademiyasının memarıdır. O, Azərbaycanda ilk olan
mülki aviasiya məktəbini - Milli Aviasiya
Akademiyasını dünya
standartlarına cavab verə biləcək unikal təhsil
ocağı səviyyəsində görmək istəyirdi və
bu istəyini həyata keçirmək üçün
çoxlu sayda tədbirlər görürdü. Bu tədbirlərdən
biri də ulu öndərin 1996-cı ildə
imzaladığı sərəncamla AMEA-nın həqiqi
üzvü, əməkdar elm xadimi, fizika-riyaziyyat elmləri
doktoru, professor Arif Mir Cəlal oğlu Paşayev Milli Aviasiya
Akademiyasının rektoru vəzifəsinə təyin edilməsi
oldu. Bu, adi kadr dəyişikliyi deyildi. Yeni rektor dünya şöhrətli alim, bir sıra
Beynəlxalq Akademiyaların üzvü olmaqla yanaşı, həm
də yüksək təşkilatçılıq qabiliyyəti
ilə, xüsusilə aviasiya sahəsinə olan sevgisi ilə
seçilən yaradıcı şəxs idi.
Bütün bu keyfiyyətlər A.Paşayevin MAA-ya rəhbərlik
etdiyi 16 il ərzində bariz şəkildə
özünü sübuta yetirmişdir.
Yüksəliş
1996-cı ildən başlayaraq, MAA özünün yeni
inkişaf dövrünə qədəm qoydu. Az müddət ərzində
Akademiyada "Uçuş fənləri", "Aviasiya
radiotexnikası və elektrotexnikası", "Avtomatika və
aviasiya cihazları", "İngilis dili", "Hava
naviqasiyası və havada hərəkətin idarə
olunması", "Mülki aviasiya iqtisadiyyatı",
"Texniki fizika", "Riyazi təminat və mexanika"
kafedraları, təcrübə-sınaq istehsalatı və
qiyabi fakültə yaradıldı. Azərbaycanda
mülki aviasiyanın inkişafı ilə əlaqədar
olaraq 1997-1998-ci tədris ilindən MAA-ya qəbul olan tələbələrin
sayı sürətlə artmağa başladı. Əgər 1992-1997-ci illərdə MAA-ya qəbul
olan tələbələrin sayı 50-97 nəfər təşkil
edirdisə, 1998-ci ildə bu rəqəm 219-a çatdı.
Sonrakı illərdə bu göstərici yüksələn
xətlə dəyişdi. Qəbul olan tələbələrin
sayının artması Akademiyanın strukturuna və
inkişafına çox müsbət təsir etdi.
Azərbaycan
Respublikası Prezidentinin 15 iyun 1999-cu il
tarixli sərəncamı ilə "Azərbaycan
Respublikasının təhsil sahəsində islahat
proqramı" təsdiq olunduqdan sonra MAA-da bir sıra struktur
dəyişiklikləri aparıldı. Əlavə olaraq,
"Avianəqliyyat istehsalatı" fakültəsi, onun nəzdində
"Avianəqliyyat istehsalatı", "Riyaziyyat və
mexanika" kafedraları, "İqtisadiyyat və
hüquq" fakültəsi və onun tabeliyində
"Hüquqşünaslıq" kafedrası təşkil
olundu. Hazırda Akademiyanın
tədris strukturuna 5 fakültə, 22 kafedra, Aviasiya Personalının
Hazırlığı Mərkəzi (APHM), Trenajor mərkəzi
və digər bölmələr daxildir. MAA-da ali ixtisas təhsilinin
3 ixtisas qrupunun (1-ci, 2-ci və 3-cü) "diplomlu mütəxəssis",
"bakalavriat" və "magistratura" səviyyələri
üzrə mütəxəssis hazırlanır.
MAA-da baş verən yeniliklərdən ən önəmlisi
bu yaxınlarda istifadəyə verilən Trenajor mərkəzidir. Bu unikal qurğu öz təchizatı və funksional
səviyyəsinə görə MDB məkanında və
Şərqi Avropada ən müasir və böyük mərkəzlərdəndir.
MAA-nın nəzdində qurulmuş yeni
trenajorlar Azərbaycan aviasiyasının müasir hava gəmiləri
parkının nomenklaturasını əhatə edir.
2011-ci il 18 oktyabr tarixində "Azərbaycan Hava
Yolları" QSC-nin və Milli Aviasiya Akademiyasının
ABŞ-ın "Boeing" şirkəti ilə
imzaladığı müqaviləyə əsasən,
MAA-nın Trenajor mərkəzində "Boeing" şirkətinin
tövsiyələri ilə bir çox xarici aviasiya şirkətlərinin
"Boeing 757/767" hava gəmilərinin uçuş heyəti
üzvlərinin hazırlıq keçməsi nəzərdə
tutulmuşdur. Trenajor mərkəzi pilotların
məqsədyönlü, davamlı, fasiləsiz ilkin və
yenidən hazırlığı, həmçinin
uçuş heyəti üzvlərinin istehsalatdan ayrılmadan
ixtisaslarını artırmalarına xidmət edir.
2005-ci ildən MAA-da Hesablama Mərkəzi (HM) fəaliyyət
göstərir. HM-in əsas fəaliyyəti MAA-nın tədris
prosesində, həmçinin elmi-tədqiqat, inzibati idarəetmə
və təsərrüfat fəaliyyətində müasir
kompyuter texnologiyalarının tətbiqinə yönəlmişdir.
Hazırda MAA-nın tədris prosesində 350-dən
artıq kompyuter istifadə olunur. Tədris
prosesində istifadə edilən kompyuter proqramlarının
sayı 20-dən artıqdır. MAA-nın
Hesablama Mərkəzinin son 4 ildə yerinə yetirdiyi məsuliyyətli
və vacib işlərdən biri tələbələrin və
dinləyicilərin imtahanlarının kompyuter-test üsulu ilə
keçirilməsidir. Testlərin hazırlanması, tələb
olunan formata salınması, yerləşdirilməsi və
yoxlanılması, imtahanların təşkili və
keçirilməsi HM-in əməkdaşları, fakültələr
və kafedralar tərəfindən peşəkarlıq, obyektivlik
və şəffaflıq şəraitində yerinə
yetirilir.
Ölkəmizdə
aviasiyanın son illərdə sürətli inkişafı,
aviasiya müəssisələrinin infrastrukturunun genişləndirilməsi,
yeni hava limanlarının inşası və mövcud
aeroportların bərpası, müasir naviqasiya sistemlərinin
qurulması, hava gəmiləri parkının sayının
artırılması və yeniləşdirilməsi, Milli
Aviasiya Akademiyasında müasir Trenajor mərkəzinin
yaradılması və vahid təhsil standartlarına
keçid məzunlara olan tələbatı
artırmışdır. 2010-2011-ci tədris
ilində MAA-nı 515 nəfər bitirmişdir. Onlardan 463 nəfəri diplom və
buraxılış işi müdafiə etmiş, 52 nəfəri
isə dövlət imtahanı vermişdir. Ümumi
keyfiyyət göstəricisi 79,6 faiz təşkil
etmişdir. MAA-nın məzunları "Azərbaycan Hava
Yolları" QSC-nin və Azərbaycanda fəaliyyət göstərən
digər mülki aviasiya şirkətlərinin və müəssisələrinin,
habelə Azərbaycan Respublikasının dövlət
qurumlarının aviasiya xidməti strukturlarında, dövlət
orqanlarında, ali təhsil müəssisələrində,
elmi-tədqiqat institutlarında, ölkəmizdə fəaliyyət
göstərən xarici şirkətlərdə, MDB-nin və
xarici dövlətlərin aviasiya şirkətlərində,
banklarda, maliyyə və vergi idarələrində, habelə
digər xidmət sahələrində
çalışırlar. Son beş ildə
MAA məzunlarının sayı 2001 nəfər olmuşdur.
Onlardan 1673 nəfəri (83,6 faiz) işlə
təmin olunmuşdur. İşə düzəlmək
üçün növbədə dayananların sayı 328 nəfərdir
(16,4 faiz). Müqayisə
üçün deyək ki, MAA-da ilk buraxılış
1994-1995-ci tədris ilində olmuş və məzunların
sayı cəmi 39 nəfər təşkil etmişdi.
MAA-nın tədris prosesinə Akademiyanın yüksək
ixtisaslı professor-müəllim və təlimatçı
heyəti, "Azərbaycan Hava Yolları" QSC-nin,
aviaşirkətlərin və aviasiya müəssisələrinin
aparıcı mütəxəssisləri cəlb olunurlar. Akademiyada
2011-2012-ci tədris ilində ştatda olan professor-müəllim
heyətini 147 nəfər təşkil edir. Onlardan 3 nəfəri
AMEA-nın akademiki, 3 nəfəri AMEA-nın müxbir
üzvü, 23 nəfəri elmlər
doktoru, professor, 54 nəfəri
dosent, elmlər namizədidir. Son beş ildə
MAA-nın müəllimləri tərəfindən 6 elmlər
doktoru və 17 fəlsəfə doktoru dissertasiyaları
müdafiə edilmişdir.
Milli Aviasiya Akademiyasında əməkdaşların
elmi-tədqiqat fəaliyyəti geniş vüsət
almışdır. Elmi işlərin
perspektiv planı Akademiyanın Elmi Şurasında qəbul
olunduqdan sonra "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar
Cəmiyyətinin prezidenti tərəfindən təsdiq edilir
və planauyğun şəkildə həyata keçirilir.
Əsasən kafedralarda və MAA-nın Elmi-Tədqiqat Nəqliyyat
və Aviakosmik Problemləri İnstitutunda görülən
elmi-tədqiqat işləri tədrisin və kadr
hazırlığının profilinə uyğun
aparılır. Əldə edilən nəticələr
tədris prosesində, habelə digər sahələrdə tətbiq
olunur. Əməkdaşların uğurlu
elmi işləri nəşrinə 1999-cu ildən
başlanmış "Elmi Məcmuələr"
jurnalında və "Elmi Əsərlər toplusu"nda
çap olunur. MAA-nın əməkdaşları son
üç ildə 181-i xarici ölkə mətbuatında
olmaqla 420 elmi məqalə, 60 dərs vəsaiti, 32 dərslik,
16 monoqrafiya nəşr etdirərək, 9 patent almışlar.
Tələbələrin elmi-tədqiqat işlərinə
cəlb olunması da yüksək səviyyədədir. Bu iş əsasən Tələbə
Elmi Cəmiyyəti (TEC) vasitəsilə həyata keçirilir.
2010-2011-ci tədris ilində MAA-da təhsil alan 2200 tələbə
və dinləyicidən 830 nəfəri TEC-in üzvü
olmuşdur ki, bu da tələbələrin ümumi
sayının 38 faizini təşkil edir. Məqsəd
tələbələrin elmə meylini, öz ixtisasları
üzrə elmi biliklərini artırmaqla yüksək
ixtisaslı, elmli, peşəkar kadr kimi
formalaşdırmaqdır. Cəmiyyətin
əsas vəzifəsi fənn olimpiadalarında tələbələrin
iştirakını, yarışların, viktorinaların,
intellektual oyunların keçirilməsini, konfrans və
seminarların təşkilini təmin etməkdir. Bütün bunlar öz nəticəsini verir.
2011-ci ildə MAA-nın
II kurs tələbəsi Emil Vahablı Rusiya Federasiyasında
keçirilən A.F.Mojayski adına VIII Aviasiya və Aeronavtika
Tarixinə həsr olunmuş Beynəlxalq Olimpiadada qalib gələrək,
qızıl medal qazanmışdır.
MAA-da tədrisin
inkişafına təkan verən amillərdən biri də tədris
və tədris-metodiki informasiyanın əsas mənbəyi
olan zəngin kitabxana sistemidir.Əsaslı kitabxananın
ümumi sahəsi 563 m2 olmaqla, 400 m2 sahəsi olan oxu
zalları, 15 kompyuteri, surətçıxaran aparatı, 2 kitab
skaneri var. Akademiyanın kitabxana fondunda 55000 nüsxə ədəbiyyat
mövcuddur ki, ondan 46500-ü tədris, 380-i elmi, 8000-i bədii
ədəbiyyat, 120-si isə xarici nəşrə aiddir. Son
beş ildə kitabxanaya orta hesabla hər il 4689 nüsxə
kitab, 71 adda elmi, elmi-texniki və ictimai-siyasi jurnal, 17 adda qəzet
alınmışdır. Hazırda 83 adda
informasiya xarakterli jurnal və 20 adda qəzet alınır.
Göstərilən müddət ərzində
kitabxanaya 23445 nüsxə kitab daxil olmuşdur. 2011-ci
ilin oktyabr ayınadək kitabxananın oxucularının
sayı 2565 nəfər olmuşdur ki, bunların 494 nəfəri
professor-müəllim, 2000 nəfəri tələbələr,
qalanları isə digər kateqoriyalı şəxslərdir.
Fondda olan ümumi kitabların sayına görə
hər tələbəyə 23, ixtisas üzrə isə 19
kitab düşür. MAA-nın Poliqrafiya mərkəzində
2006-2011-ci illərdə 124 adda dərslik və dərs vəsaiti,
23 adda monoqrafiya, 630 adda jurnal məqalələri, 135 adda
konfrans materialları, 171 adda proqramlar və metodik materiallar nəşr
edilib kitabxanaya verilmişdir. Akademiyada hazırda
ümumi sahəsi 80 m2 olan müasir tipli elektron kitabxana fəaliyyət
göstərir. M.F.Axundzadə adına Milli Kitabxana ilə
birgə layihə
əsasında MAA-nın Əsaslı kitabxanası
bütünlüklə elektron kataloq sisteminə keçməyə
hazırlaşır.
Tələbələrin
təlim-tərbiyəsində və təhsilin keyfiyyətində
mühüm xidməti olan qurumlardan biri də 2008-ci ildən fəaliyyət
göstərən
Mülki Aviasiya Muzeyidir. MAA-nın IV tədris
binasında 255 m2
sahəsi olan muzey 7000-dən artıq nadir
eksponatlardan və müxtəlif materiallardan ibarət fond və
ekspozisiya şöbələrindən ibarətdir. Muzeyin fondunun zənginləşdirilməsi üzrə
işlər mütəmadi olaraq davam etdirilir.
(Ardı var)
Yusif KƏRİMOV,
əməkdar journalist
Azərbaycan.-2013.- 22 yanvar.- S.8.