«Freedom House»
Azərbaycana qarşı qərəzli xislətini bir daha göstərdi
Təşkilat
"Dünyada azadlıqlar: 2013"
adlı hesabatındakı Azərbaycan
haqqında əsassız və qərəzli mövqeyinə
sadiq qalmışdır
Azərbaycana qarşı hər
zaman qərəzli və qeyri-obyektiv mövqe nümayiş
etdirən bəzi beynəlxalq qeyri-hökumət təşkilatları
arasında "Freedom House" təşkilatı bir qayda
olaraq ön sırada gedir. Bu təşkilat ənənəvi
olaraq, öz hesabatlarında Azərbaycanla bağlı həqiqəti
əks etdirməyən məlumatlara, məqamlara daha geniş
yer verir və bununla da Azərbaycana qarşı qərəzli
mövqe tutan, ölkəmizin dünyadakı artan nüfuzuna və
imicinə qısqanc yanaşan, uğurlarımızı,
nailiyyətlərimizi gözü götürməyən dairələrin,
beynəlxalq qeyri-hökumət təşkilatlarının
mövqeyini ifadə etmiş olur. Həmin qüvvələr
isə hər vəchlə Azərbaycan
dövlətini dünya birliyinin, beynəlxalq ictimaiyyətin
gözündən salmağa, onun nüfuzuna, imicinə zərbə
vurmağa çalışanlardır.
"Beynəlxalq
insan haqları təşkilatı" adlanan bu qurum 2013-cü
ildə yaydığı hesabatında ənənəsinə
sadiq qalaraq növbəti dəfə Azərbaycanı "azad
olmayan" ölkələr sırasına daxil edib. Bunun nə
dərəcədə əsassız olduğunu sübut etmək
üçün bircə fakta diqqət yetirmək kifayətdir.
Belə ki, təşkilat erməni
separatçılarının əlində olan Dağlıq
Qarabağa Azərbaycandan fərqli olaraq "qismən
azad" ölkələrin siyahısında yer verib.
Sözügedən təşkilatın tanınmamış
"Dağlıq Qarabağ" separatçı rejimini
öz siyahısına salmağı onun Azərbaycana
münasibətinin göstəricisi sayıla bilər.
Əslində
"Freedom House"nin fəaliyyəti, onun hesabatları bu təşkilatın
müəyyən siyasi maraqlara xidmət etdiyini və
ayrı-ayrı ölkələrlə, o cümlədən Azərbaycanla
bağlı konkret olaraq sifariş yerinə yetirdiyini göstərir.
Bu təşkilatı beynəlxalq səviyyəli
hüquq-müdafiə təşkilatı
adlandırmağın özü insan haqlarına hörmətsizlikdir.
İnsan
haqlarının müdafiəsi adı altında gizlənən
bu təşkilat, əslində öz məkrli fəaliyyəti
ilə insan hüquqlarının aliliyi prinsipinin, insanların
təhlükəsiz yaşamaq hüququnun təmin edilməsinə
böyük zərbə vurur. Qondarma, işğalçı
rejimi "qismən azad" ərazi kimi göstərmək
istəyən "Freedom House" separatçı rejimin
Dağlıq Qarabağdakı erməni əhalisini də qorxu
altında saxladığını bilməmiş deyil. Burada
insan haqlarından və azadlıqlarından
danışmağına dəyməz. Bu ərazi faktiki olaraq,
Ermənistanın işğalçı rejiminin və ona
himayə edən dairələrin bir poliqonudur, narkotik maddələr
istehsal edən, quldurluqla məşğul olan,
kriminallaşmış bir ərazidir. Burada
yaradılmış oyuncaq rejimin başında duranların
hamısı demək olar ki, hərbi cinayətkarlar, vaxtilə
azərbaycanlılara qarşı cinayətlərdə
iştirak etmiş şəxslərdir. "Freedom House" isə
öz hesabatında o qədər ermənipərəst
mövqedən çıxış edir ki, Ermənistan kimi
bir rejimi də "qismən azad" ölkələr
sırasına daxil edir.
Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyası hesabatda Azərbaycan
haqqında verilmiş məlumatları qərəzli hesab edir
və ölkəmizdə
baş verən müsbət hadisələrə reallıqdan
uzaq, qeyri-obyektiv mövqedən yanaşma kimi qiymətləndirir.
Birmənalı
şəkildə qeyd edirik ki, bu kampaniyanın arxasında Azərbaycanın
beynəlxalq miqyasda getdikcə artan nüfuzuna zərbə
vurmaq məqsədi daşıyan erməni lobbisi və bəzi
antiazərbaycan dairələr dayanırlar.
Ancaq
heç kim, heç bir qüvvə Azərbaycanı öz
tutduğu inkişaf və demokratiya yolundan döndərə
bilməz. Bu yol Azərbaycan xalqının, Azərbaycan
dövlətinin öz seçimidir. Bu yolu biz
özümüz şüurlu olaraq seçmişik və
ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə
də inamla gələcəyə doğru irəliləyirik.
Heç bir qüvvə bizi bu yoldan döndərə bilməz
və bu yöndəki cəhdlər də heç bir səmərə
verməyəcəkdir.
Səttar MEHBALIYEV,
Azərbaycan Həmkarlar
İttifaqları
Konfederasiyasının sədri,
Milli
Məclisin deputatı
Azərbaycan.-2013.- 22 yanvar.- S.9.