«Qatarın altına atılan qadın»
tamaşası Fəcr Beynəlxalq teatr
festivalında
Yanvarın 21-dən İran İslam Respublikasının paytaxtı Tehran şəhərində 31-ci Fəcr Beynəlxalq teatr festivalı işə başlamışdır.
Festivalda Azərbaycan tanınmış yazıçı-dramaturq, əməkdar incəsənət xadimi Afaq Məsudun eyniadlı əsəri əsasında hazırlanmış "Qatarın altına atılan qadın" tamaşası ilə təmsil olunur.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının yaradıcı kollektivinin təqdim edəcəyi tamaşa yanvarın 23-də İran Milli Dram Teatrında nümayiş olunacaqdır.
Mişel Leqranın musiqilərindən istifadə olunmuş tamaşaya Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimi, rejissor Mehriban Ələkbərzadə quruluş vermişdir.
İkihissəli tragikomediyada əsas rolları əməkdar artistlər Cəfər Namiq Kamal (Xasay Dilgir), Kəmalə Hüseynova (Gültəkin Sarabskaya), Pərviz Bağırov (Nəzarətçi), Hicran Nəsirova (Tumsatan), Kazım Abdullayev (Rejissor), aktyorlar Rəşad Bəxtiyarov (Qəzetsatan), Elnar Qarayev (Dilənçi) və Şəhla Əliqızı (Rejissor köməkçisi) ifa edəcəklər.
Festivalda nümayiş olunacaq "Qatarın altına atılan qadın" tamaşası ilə bağlı fikirlərini AzərTAc ilə bölüşən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru, sənətşünaslıq doktoru, professor İsrafil İsrafilov demişdir ki, artıq 31-ci dəfə keçirilən Fəcr Beynəlxalq teatr festivalı dünya teatr məkanında böyük nüfuzu olan mədəniyyət təsbirlərindəndir. Dünyanın bütün məşhur teatr kollektivləri bu festivalda iştirak edirlər. Biz Fəcr festivalına 20-dən artıq tamaşanın disklərini təqdim etdik. Festivalın münsiflər heyəti tanınmış yazıçımız Afaq Məsudun eyniadlı əsəri əsasında hazırlanmış "Qatarın altına atılan qadın" tamaşasının üzərində dayandı.
Tamaşada özünün bütün gəncliyini, ömrünü səhnəyə həsr etmiş bir aktrisanın həyatının artıq səhnədən uzaqlaşmış dövrü təsvir edilmişdir. Aktrisa özünün yaradıcılığı haqqında ağrılı-acılı təəssüratlarını bölüşür. Bəlli olur ki, bir neçə klassik dramaturgiya nümunəsindəki çıxışını istisna etməklə, o, əsasən, dövrün konyunktur sifarişi kimi yazılan pyeslərdə rol almışdır. Harasa getməyi planlaşdıran aktrisa Gültəkin Sarabskaya dəmiryol vağzalında sifarişli pyeslərin müəllifi Xasay Dilgirlə üzləşir. Bomj durumunda olan həmin müəlliflə xatirələrində yaşayan aktrisanın münasibətlərində cəmiyyət və sənətkar probleminin gizli məqamları aşkarlanır.
İ.İsrafilov vurğulamışdır ki, orijinal süjet xətti üzərində qurulmuş tamaşada cərəyan edən hadisələr tamaşaçını daim intizarda saxlayır. Bu həm Afaq Məsud yaradıcılığının özünəməxsusluğundan, həm Mehriban Ələkbərzadənin orijinal rejissor yozumundan, həm də maraqlı aktyor ifasından irəli gəlir. Sonluğu faciə ilə bitən səhnə əsərində müasir dünyamızla səsləşən bir çox məqamlar həm yazıçı, həm də rejissor tərəfindən çox böyük ustalıqla işlənmişdir. İnanırıq ki, tamaşa Fəcr festivalı iştirakçılarının rəğbətini qazanacaq və münsiflər tərəfindən layiqli qiymətini alacaqdır.
Azərbaycanın xalq artisti Cənnət Səlimova 31-ci Fəcr Beynəlxalq teatr festivalında münsiflər heyətinin üzvü kimi iştirak edir.
Festival yanvarın 31-dək davam edəcəkdir.
Azərbaycan.-2013.-
22 yanvar.- S.10.