Leyla ƏLİYEVA: «Baku»
jurnalının beş yaşı var. Bu illər axtarışlar və
tapıntılar dövrü olmuşdur»
"Baku"
jurnalının beş yaşı
var. Bu illər axtarışlar
və tapıntılar
dövrü olmuşdur.
Bu illərin ən böyük tapıntısı
sizsiniz, bizim mehriban və qədirbilən oxucularımız!
Biz sizə qədim və həmişə müasir olan Bakının gözəlliklərini
göstərmişik, sizi
Azərbaycanın tarixi
və mədəniyyəti,
ənənələri və
mətbəxi ilə,
taleləri bizim şəhərlə bağlı
olan qeyri-adi insanlarla tanış
etmişik. Biz öz arzu və niyyətlərimizi
sizinlə bölüşmüşük,
jurnalımızın üz
qabığını çevirib
onu vərəqləyən
hər kəsə maraqlı səyahətlər,
özünü mehriban
dost kəşf etmiş
əsl Kolumb kimi hiss etmək imkanı təklif etmişik.
Bu sözləri "Baku" jurnalının təsisçisi
və baş redaktoru Leyla xanım Əliyeva nəşrin 5 illiyinə həsr olunmuş xüsusi buraxılışına
giriş sözündə
yazmışdır.
Ötən 5 il ərzində
"Baku" jurnalının Azərbaycanımızın dünyada
tanınmasında böyük
xidmətləri olmuşdur.
Siz mavi dalğalı Xəzərin
sahilində qərar tutan, qala divarlarından
süzülüb gələn
səba yelinin həzin nəğməsinə
dalan, hamının heyran qaldığı gözəllər gözəli
Bakını görmüsünüzmü?
Siz sirli əfsanələri özündə
yaşadan, hər qarışı əsrarəngiz
nağıllar aləmini
xatırladan, çox
qədim və eyni zamanda, müasirlik
təcəssümünə çevrilmiş Bakının
tacı sayılan İçərişəhəri, Qız qalasını seyr etmisinizmi?
Siz gündən-günə
gözəlləşən, əsl cənnətə çevrilən bu cənub şəhərinin
sabaha inamla addımlayan sadə, məğrur və gülərüz insanları
ilə xoş ünsiyyətdən zövq
almısınızmı?
Siz qonaqpərvərliyi
və tolerantlığı
ilə şöhrət
qazanmış, duzlu, məzəli söhbətləri
ilə ürəkləri
ofsunlayan mehriban bakılıların zəngin
süfrəsinə qonaq
olub ləziz yeməklərdən dadmısınızmı?
Siz qəlbləri
riqqətə gətirib
ürəklərə hakim kəsilən Azərbaycan
tarını, kamanını,
qavalını, ecazkar
muğamını dinləyib
şirin xəyallara dalmısınızmı?
Əgər bütün bunlar hələ sizə nəsib olmayıbsa, heç düşünmədən
nəfis "Baku" jurnalının
səhifələrini vərəqləyin. Tam əmin
ola bilərsiniz
ki, jurnalı oxuduqca ilk baxışdan sanki illər boyu tanıdığınız,
hər guşəsinə
yaxından bələd
olduğunuz Bakını
özünüz üçün
yenidən kəşf
edəcəksiniz. "Baku"
sizi bu şəhərin
zəhmətkeş, istedadlı
və maraqlı adamları ilə bir daha görüşdürəcək,
qədim və müasir məkana unudulmaz qiyabi səyahətiniz zamanı
əvəzsiz bələdçinizə
çevriləcəkdir.
Bu illər ərzində
jurnal öz nəfis tərtibatlı səhifələrində Bakı
və bakılılar
barədə neçə-neçə
maraqlı layihələrə,
oçerk və müsahibələrə, fotoreportajlara
yer ayırıb. Yarandığı
ilk gündən "Baku" müqəddəs bir məqsədə xidmət
edir: Azərbaycanı,
onun qədim paytaxtını, xalqımızın
xoş məramını,
tükənməz arzularını,
insanpərvər əməllərini,
mədəniyyətini və
incəsənətini dünyaya
tanıtmaq, milli-mənəvi
sərvətimizi qiymətləndirmək,
milli sənət nümunələrini layiqincə
təbliğ etmək.
Son illər həm
də ingilis dilində nəşr olunaraq dünyanın bir çox ölkələrində geniş
yayılan "Baku" jurnalının
və onun baş redaktoru Leyla xanım Əliyevanın bu sahədə rolu əvəzsizdir. Nəşrin hər sayına ön söz yazan Leyla xanım
səmimiyyəti və
ülvi hissləri, inandırmaq və maraq oyatmaq bacarığı
ilə oxucunu dərhal ələ ala bilir, qəlbinə yol tapır. Leyla Əliyevanın bu və digər müsbət keyfiyyətləri,
peşəkarlığı və əzmkarlığı,
incə zövqü nəşrdəki bütün
yazıların ümumi
qayəsində açıq-aşkar
hiss olunur.
Həmkarlarım yaxşı bilirlər ki, orijinal tərtibatlı
bu jurnalın hər bir səhifəsinin
arxasında gərgin yaradıcılıq axtarışları,
günlərlə, bəzən
həftələrlə çəkilən
zəhmət, yuxusuz gecələr durur. Müasir
informasiya texnologiyaları
dövründə jurnal
nəşr etməklə
böyük uğura imza atmaq heç
də asan iş deyildir. Maraqlıdır ki, "Baku" haqqında
rəy söyləyən
əcnəbi mütəxəssislər,
peşəkar jurnalistlər
Leyla xanımın şəxsi keyfiyyətlərini
və bacarığını,
onun demokratik dəyərlərə bağlılığını,
həqiqəti olduğu
kimi əks etdirməyə meyilliliyini
yüksək qiymətləndirirlər.
Yeri gəlmişkən, Leyla xanım Əliyeva həm də xeyriyyəçi kimi böyük hörmət qazanmışdır. Heydər Əliyev
Fondunun Rusiya nümayəndəliyi Leyla
Əliyevanın şəxsi
təşəbbüsü ilə kimsəsiz, xəstə və əlil uşaqlara yardım aksiyaları, xeyriyyə konsertləri təşkil edir.
Tam məsuliyyətlə demək
olar ki, beş yaşlı
"Baku" Azərbaycan həqiqətlərinin
parlaq aynasına çevrilib. Jurnal ölkəmizin inkişaf
dinamikasına dair faktları, xalqımızın
tarixini əks etdirən qiymətli əlyazmalarını özünəməxsus
şəkildə dünya
oxucularına çatdırmaqda
çox mühüm rol oynayır. Jurnalın səhifələrində ulu
öndər Heydər
Əliyevin memarı olduğu müasir müstəqil Azərbaycanın
sabaha inamla addımlaması geniş təcəssüm olunur.
Oxucular respublikamızın ildən-ilə
artan siyasi nüfuzuna, sosial-iqtisadi və mədəni inkişafına heyran qalırlar. Nəşrin yazdıqları həyat
həqiqətləri ilə
tam üst-üstə düşür.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi ardıcıl
və məqsədyönlü
müdrik siyasət bütün sahələrdə
sanballı bəhrələr
verir. Prezident İlham Əliyev
respublikanın bütün
bölgələrinin hərtərəfli
inkişafına qayğı
göstərdiyi kimi, Bakının da mədəni-sosial inkişafını
daim diqqət mərkəzində saxlayır.
Həqiqətən də, son illər
Bakı tanınmaz dərəcədə dəyişib,
abadlaşıb, paytaxt
sakinlərinin həyat
şəraiti və yaşayış səviyyəsi
əhəmiyyətli dərəcədə
yaxşılaşıb.
İnsan
təbiətin şah
əsəridir! Bu fikir nəşrin hər sayının ana xəttini təşkil edir desək, yanılmarıq.
Müasirlərimiz - Azərbaycanın
adlı-sanlı elm və
sənət adamları,
ziyalılar, din xadimləri
"Baku" jurnalının müntəzəm qonaqlarıdır.
Onların hər biri öz bənzərsiz həyat hekayətini danışır, müasir
inkişaf üçün
qədim ənənələrə
sadiqliyin vacib olduğunu vurğulayır.
Xarici ölkələrdə yaşayıb-yaradan
həmyerlilərimiz də
nəşrin əhatə
dairəsindən kənarda
qalmayıb. Əgər bu
məşhurların adlarını
yazmalı olsaq, uzun bir siyahı
alınar. Nəzərə alsaq ki, belə
adamların sayı yüzlərcədir, deməli,
"Baku" bizi maraqlı
yazılarla hələ
çox sevindirəcəkdir.
Bu illər ərzində
"Baku" jurnalında dərc
olunmuş bütün
yazılar bilgi verməklə yanaşı,
həm də oxucunu düşünməyə
vadar edir. Müəlliflərin
və yazı qəhrəmanlarının söz-söhbətindəki
sətirarxası gizli
bir sualı da sezməmək mümkün deyil: Belə qədim tarixi olan millət,
belə qəhrəman
sərkərdələr, ziyalılar,
sənətkarlar və
nəhayət, dahi şəxsiyyətlər yetirmiş
xalqı mənfur qonşular hansı əsasla kobud və geridəqalmış
adlandırırlar? Onlar bizi
dünyaya belə tanıtmaq istəsələr
də, bu xülyalar bir-birinin ardınca puça çıxıb. Bu cəfəngiyatı alt-üst
edənlərdən biri
də məhz
"Baku" jurnalı və
onun yaradıcı kollektividir. Leyla Əliyeva öz xeyirxah əməlləri ilə xalqımız barədə söylənilən
haqsızlıqların üstündən
qırmızı qələmlə
xətt çəkərək
azərbaycanlıları dünya
miqyasında tanıtmaq
üçün əvəzsiz
iş görür.
Jurnalda dərc olunmuş yazılardan birinin qəhrəmanı belə
bir fikir söyləmişdi: "Azərbaycanlı,
xüsusən də, bakılı olmaq, bu şərəfli adı daşımaq hər adama nəsib olmur. Ona görə də çalışın həm
bu adı, həm də torpağınızı qoruyun!"
Leyla xanım Əliyeva və 5 yaşı tamam olmuş "Baku"
jurnalı məhz bu ideyanın daşıyıcısıdır. Əminik ki, Leyla Əliyevanın
Vətən sevgisi, doğma torpağa bağlılıq kimi ülvi hissləri çoxları üçün
əsl vətəndaşlıq
nümunəsi olacaqdır.
Fəridə ABDULLAYEVA,
AzərTAc-ın xüsusi müxbiri
Moskva
Azərbaycan.-2013.- 23 yanvar.- S.2.