Azərbaycan Diplomatik
Akademiyasında «Dövlətlərarası barışıq və dostluq: Almaniya və Fransa»
mövzusunda konfrans keçirilmişdir
Yanvarın
22-də Azərbaycan Diplomatik Akademiyasında (ADA) "Dövlətlərarası
barışıq və dostluq: Almaniya və Fransa"
mövzusunda konfrans keçirilmişdir.
AzərTAc
xəbər verir ki, tədbirdə ADA-nın professor-müəllim
heyəti və tələbələri, Azərbaycanda akkreditə
olunmuş diplomatik korpusun nümayəndələri, gənclər
təşkilatlarının və KİV-nin təmsilçiləri
iştirak etmişlər.
Fransa
Beynəlxalq Münasibətlər İnstitutunun professoru Filip
More Defarjenin moderatorluğu ilə keçirilən və
ictimai müzakirələrlə davam edən konfrans Almaniya və
Fransa dövlətləri arasında barışıq yaradan
"Yelisey" müqaviləsinin 50-ci ildönümünə
həsr olunmuşdur.
Konfransı
açan ADA-nın rektoru, xarici işlər nazirinin müavini
Hafiz Paşayev tədbirin əhəmiyyəti haqqında
danışmışdır.
Almaniyanın
Azərbaycandakı səfiri Herbert Kvelle çıxış
edərək bildirmişdir ki, Avropa İttifaqı ölkələrini
həmrəylik içərisində saxlamağın, eləcə
də hazırkı iqtisadi böhranla mübarizə
aparmağın yeganə yolu ortaq layihələrin həyata
keçirilməsidir.
Qeyd
edilmişdir ki, 1963-cü ildə "Yelisey" müqaviləsinin
imzalanması ilə Fransa və Almaniya arasındakı
düşmənçiliyə və ədavətə son
qoyulmuş, həmin ölkələr arasında sülh və
əməkdaşlığa şərait
yaranmışdır.
Herbert
Kvelle diqqətə çatdırmışdır ki, bu
müqavilə Almaniya və Fransa dövlətlərinin
barışığı baxımından əhəmiyyət
kəsb etməklə yanaşı, bu gün Avropa
xalqlarının Aİ çərçivəsində
sıx birləşməsi üçün mühüm rol oynamışdır.
Bildirilmişdir ki, "Yelisey" müqaviləsi
Almaniyanın digər dövlətlərlə əlaqələrinin
genişlənməsinə də mühüm töhfə
vermişdir.
Fransanın
Azərbaycandakı səfiri Paskal Mönye bildirmişdir ki,
1871-ci ildə Fransa və Almaniya dövlətləri
arasında Elzas və Mozel əyalətləri ilə
bağlı yaranan mübahisələr tərəflər
arasında qarşılıqlı nifrətin yaranmasına gətirib
çıxarmışdır. Bu ədavət yalnız II
Dünya müharibəsinin başa çatmasından sonra
aradan qalxmışdır.
P.Mönye
həmçinin II Dünya müharibəsindən sonra Avropa Kömür
və Polad Birliyinin, Roma Müqaviləsinin və Avropa Valyuta
Sisteminin yaradılmasının Fransa-Almaniya münasibətləri
üçün əhəmiyyətindən bəhs
etmişdir. Bildirilmişdir ki, bütün bunlara baxmayaraq hər
iki ölkə arasındakı münasibətlərin bərpa
olunmasında "Yelisey" müqaviləsinin müstəsna
əhəmiyyəti olmuşdur.
Fransalı
diplomat sonrakı illərdə hər iki ölkənin şəhərlərinin
qardaşlaşmasının, Fransa-Almaniya ortaq "Arte"
televiziya kanalının istifadəyə verilməsinin,
Genşagen Fondu mükafatının təsis edilməsinin həmin
ölkələr arasında əməkdaşlığa
töhfə verdiyini qeyd etmişdir.
Daha
sonra çıxış edən Beynəlxalq Münasibətlər
İnstitutunun professoru Filip More Defarjen yeni geosiyasi şəraitdə
imzalanmış "Yelisey" müqaviləsi haqqında ətraflı
məlumat vermişdir. O, müqavilənin imzalanmasında
ABŞ-ın xüsusi rolunun olduğunu da diqqətə
çatdırmışdır. Fransız alim həmçinin
qeyd etmişdir ki, Fransa və Almaniyanın sülh və əməkdaşlıq
naminə bir-birinə güzəştə getməsi həmin
ölkələr arasında münasibətlərin bərpa
olmasına şərait yaratmışdır.
Sonra
tədbir iştirakçıları "Yelisey"
müqaviləsinin imzalanması ilə əlaqədar
videoçarxa baxmışlar.
Daha
sonra suallar cavablandırılmışdır.
Tədbirdən
sonra ziyafət təşkil olunmuş və fotosərgi
nümayiş etdirilmişdir.
Azərbaycan.-2013.- 23 yanvar.- S.3.