Vergi Məcəlləsinə olunan dəyişikliklər vətəndaşların
mənafeyinə və
sahibkarlıq mühitinin daha da yaxşılaşmasına xidmət
edir
Vergilər
Nazirliyində 2012-ci ilin yekunları və 2013-cü ildə
görüləcək işlərə, eləcə də
Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərə
həsr olunmuş mətbuat konfransı keçirilmişdir.
Vergilər
nazirinin 1-ci müavini, 3-cü dərəcəli dövlət
vergi xidməti müşaviri Natiq Əmirov media nümayəndələrinə
əvvəlcə 2012-ci ildə nazirliyin fəaliyyətinin
yekunları ilə bağlı ətraflı məlumat verərək
bildirmişdir ki, ötən ildə Vergilər Nazirliyi tərəfindən
dövlət büdcəsinə 6 milyard 25,4 milyon manat vəsaitin
ödənilməsi təmin olunmuşdur. Bu da 2011-ci illə
müqayisədə 553,5 milyon manat və ya 10,1 faiz
çoxdur. Daxil olan vergilərin 4 milyard 330,2 milyon manatı
(71,9 faizi) qeyri-dövlət sektorunun payına
düşür. Qeyri-dövlət sektorundan vergi
daxilolmalarının həcmi əvvəlki ilə nisbətən
512,6 milyon manat və ya 13,4 faiz artmışdır. Bu sektordan
daxilolmalar isə 3 milyard 286,5 milyon manat təşkil etməklə
2011-ci ilə nisbətən 415,7 milyon manat (14,5 faiz) çox
olmuşdur.
Qeyd
olunmuşdur ki, 2012-ci ildə vergi sistemində həyata
keçirilən islahatlar davam etdirilmiş, vergi nəzarəti
təkmilləşdirilmiş, vergi ödəyicilərinə
göstərilən xidmətlərin səviyyəsi və keyfiyyəti
yüksəldilmişdir. Vergi xidmətində informasiya
texnologiyalarının tətbiqi və genişləndirilməsi
istiqamətində bir sıra ciddi nailiyyətlərə imza
atılmışdır. Keçən il yerli investisiyalı
hüquqi şəxslərin dövlət qeydiyyatı elektron
formata keçirilmiş, vergi və rüsumların elektron
ödənilməsi imkanları yaradılmış, elektron
xidmətlərin çeşidi
artırılmışdır. Media nümayəndələrinin
nəzərinə o da çatdırılmışdır ki,
ölkəmizdə elektron hökumət çərçivəsində
təqdim olunan elektron xidmətlər arasında Vergilər
Nazirliyi ən çox sayda - 57 elektron xidmət göstərən
dövlət orqanıdır.
Natiq
Əmirov Prezidentin fərmanı ilə təsdiq olunan "Azərbaycan
Respublikasının Vergi Məcəlləsində dəyişikliklər
edilməsi haqqında" 21 dekabr 2012-ci il tarixli Azərbaycan
Respublikasının Qanunu barədə də ətraflı məlumat
vermişdir. Vergi Məcəlləsinin 65 maddəsinə 131 bənd
üzrə 176 əlavə və dəyişikliyin edildiyini
vurğulayan nazir müavini dəyişikliklərin əsasən
vergi ödəyicilərinin hüquqlarının müdafiəsi,
vergi ödəyicilərinin mənafelərinin qorunması,
vergi inzibatçılığının və vergi nəzarətinin
təkmilləşdirilməsi ilə bağlı məsələləri
əhatə etdiyini bildirmişdir. Qeyd olunmuşdur ki, bunlar
Vergi Məcəlləsində son illər ərzində
edilmiş ən böyük dəyişikliklərdir və əsas
hissəsi vergi ödəyicilərinə və vətəndaşlara
müxtəlif vergi güzəştlərinin verilməsi,
sahibkarlıq mühitinin
yaxşılaşdırılması, ölkəmizin
investisiya cəlbediciliyinin artırılmasına xidmət edən
tədbirlərdir.
Sonra
nazirliyin Vergi siyasəti və strateji araşdırmalar baş
idarəsinin rəisi Akif Musayev Vergi Məcəlləsinə
edilmiş dəyişikliklərin əsas istiqamətləri və
mahiyyəti barədə ətraflı məlumat vermişdir.
İdarə rəisi vergi ödəyicilərinin
hüquqlarının müdafiəsi istiqamətində Vergi Məcəlləsinə
olunan əsas dəyişikliklər sırasında vergi
partnyorluğu sazişinin bağlanması hüququnun verilməsini
qeyd etmişdir. Vergi ödəyicilərinin
hüquqlarının müdafiəsini təmin etmək məqsədilə
edilmiş bu dəyişiklik vergi ödəyicisinin maliyyə
itkilərinin minimallaşdırılmasına imkan verəcək.
Vergi Məcəlləsinə edilmiş mühüm dəyişikliklərdən
biri də vergi orqanı tərəfindən kameral və səyyar
vergi yoxlamaları ilə hesablanmış vergilər, faizlər
və maliyyə sanksiyalarından məhkəməyə
şikayətin verilməsi, bu dövrdə vergi ödəyicisinin
pul vəsaitlərinin yalnız məhkəmənin müvafiq
qərarına uyğun olaraq dövlət büdcəsinə
alınması qaydasını tənzimləyir.
Məcəlləyə
edilmiş dəyişikliklər sırasında diqqət
çəkən yeniliklərdən biri büdcəyə
ödənilməli olan əlavə dəyər vergisinin təqdim
edilmiş mallara, görülmüş işlərə və
göstərilmiş xidmətlərə görə vergi
ödəyicisinin kassasına və hesablaşma hesabına
daxil olmuş məbləğlərdən
hesablanmasının nəzərdə tutulmasıdır. Əsas
vəsaitlərə aid edilən aktivlərin dəyərinin
100 manatdan 500 manatadək artırılması uçot-hesabat
işlərinin aparılmasının daha da sadələşdirilməsinə
müsbət təsir göstərəcək, eyni zamanda dəyəri
500 manatdan aşağı olan aktivlərin xərclərə
silinməsinə imkan verəcək. Bu isə vergi ödəyicilərinə
əlavə dövriyyə vəsaitinin əldə edilməsinə,
investisiya fəaliyyətləri üçün əlavə
imkanlar yaranmasına səbəb olacaq. Sözügedən dəyişikliyi
faktiki olaraq 100 faiz həcmində sürətli amortizasiya kimi
də dəyərləndirmək mümkündür.
A.Musayevin
sözlərinə görə, Vergi Məcəlləsinə
olunan daha bir əsas dəyişiklik fiziki şəxslərin
aylıq gəlirlərinə və qeyri-sahibkarlıq fəaliyyətindən
illik gəlirlərinə tətbiq edilən gəlir vergisinin
maksimal dərəcəsinin 30 faizdən 25 faizə endirilməsi,
fiziki şəxslərin 14 faiz dərəcə ilə gəlir
vergisinə cəlb edilən aylıq gəlirlərinin 2000
manatdan 2500 manatadək artırılması, fiziki şəxslərin
qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərinin 14
faiz dərəcə ilə gəlir vergisinə cəlb edilən
illik gəlirlərinin isə 24000 manatdan 30000 manata
qaldırılmasıdır. Bu dəyişiklik muzdla işləyən
fiziki şəxslərə ödənişlərin əmək
haqları şəklində leqallaşdırılmasına, əhalinin
pul gəlirlərinin artırılmasına və onların
sosial müdafiəsinin gücləndirilməsinə xidmət
edir.
Gəlir
verigisi üzrə qanunvericiliklə müəyyən
edilmiş güzətlərdə də dəyişikliklər
vardır. Sosial vəziyyətindən asılı olaraq fiziki
şəxslərin müxtəlif kateqoriyalarının
aylıq gəlirlərinə tətbiq edilən vergi güzəştləri
müvafiq olaraq 100 manatdan 200, 55 manatdan 100, 20 manatdan 50 manatadək
artırılmışdır.
İdarə
rəisi bildirdi ki, mühüm dəyişikliklər
sırasında Azərbaycan Respublikası Prezidentinin fərman
və sərəncamları ilə yaradılmış sənaye
və texnologiyalar parklarında sahibkarlıq fəaliyyəti
göstərən fiziki şəxslərin gəlirlərinin
7 il müddətinə gəlir vergisindən, parkların idarəedici
təşkilatının və operatorunun mənfəətinin
parkın infrastrukturunun tikintisinə və saxlanılmasına
yönəldilmiş hissəsinin müddət qoyulmadan və
sənaye və texnologiyalar parklarının rezidenti olan
hüquqi şəxslərinin fəaliyyətindən əldə
etdikləri gəlirlərin 7 il müddətinə mənfəət
vergisindən, sənaye və texnologiyalar parklarının
infrastrukturunun, istehsal sahələrinin yaradılması və
tikintisi məqsədilə idxal edilən texnikalar, texnoloji
avadanlıqlar və qurğuların ƏDV-dən,
parkların idarəedici təşkilatı və operatoru,
parkların rezidenti olan hüquqi və fiziki şəxslərin
əmlak və torpaq vergilərindən azad edilməsi də
vardır.
Məcəlləyə
edilən dəyişikliyə görə, Dövlət Neft
Fondunun vəsaitinin yerləşdirilməsindən əldə
edilən gəlirlər mənfəət vergisindən, fondun
aktivlərində yerləşdirilməsi üçün
idxal edilən qızılın və qanunvericilikdə nəzərdə
tutulmuş vəzifələrinin yerinə yetirilməsi ilə
bağlı mal idxalı, iş görülməsi və xidmət
göstərilməsi ƏDV-dən azad edilmişdir.
A.Musayev
jurnalistlərin nəzərinə çatdırdı ki,
geniş ictimaiyyətin marağına səbəb olmuş dəyişikliklərdən
biri də ödənişli təhsil xidmətlərinin
göstərilməsinin ƏDV-dən azad edilməsidir. Eyni
zamanda Vergi Məcəlləsində sığorta agentlərinin
və sığorta brokerlərinin xidmətləri maliyyə
xidmətlərinə aid edilmişdir və bundan sonra həmin
xidmətlər maliyyə xidmətlərinin tərkib hissəsi
kimi ƏDV-dən azad ediləcək.
Bütövlükdə
son dəyişikliklərlə vergi güzəşt və
imtiyazlarının əhəmiyyətli şəkildə
artdığını vurğulayan A.Musayev bu addımın Azərbaycanda
innovasiya və bilik menecmentinə əsaslanan iqtisadiyyatın
qurulması istiqamətində vergi siyasətinin, eləcə
də "Azərbaycan 2020: Gələcəyə
baxış" İnkişaf Konsepsiyasının vergi siyasəti
baxımından hədəf və məqsədlərinə
xidmət etdiyini bildirdi.
Vergi
inzibatçılığının təkmilləşdirilməsi
məqsədilə Vergi Məcəlləsinin 51 maddəsinə
dəyişikliklər edilmişdir. Bunların sırasında
nağdsız ödənişlərin aparılması
zamanı vergi ödəyiciləri tərəfindən
POS-terminalların quraşdırılması, vergi orqanı tərəfindən
kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər
və məlumatlar əsas olmadan təqdim olunmadıqda əlaqəli
məlumatlardan istifadə etməklə vergilərin
hesablanması və s. dəyişiklikləri qeyd etmək
olar. Həmçinin əlavə dəyər vergisi ödəyicisi
kimi qeydiyyata alınmalı olan hüquqi və hüquqi şəxs
yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul
olan fiziki şəxslər üçün ardıcıl 12
aylıq dövr ərzində vergi tutulan əməliyyatlarının
həcmləri eyniləşdirilib və 120.000 manat müəyyən
edilib. Bunlardan əlavə, yol vergisinin hesablanmasının və
ödənilməsinin təkmilləşdirilməsi və təbii
inhisar subyektlərinin sadələşdirilmiş vergitutma
sistemini tətbiq etmək hüququnun olmamasını nəzərdə
tutan dəyişikliklər də qeyd edilməlidir.
Vergi
Məcəlləsinə edilən dəyişikliyə əsasən,
Azərbaycan Respublikasında daşınmaz əmlakın
(yaşayış fondu istisna olmaqla) vergitutma məqsədləri
üçün aylıq icarə haqqının məbləğinin
bazar qiymətləri nəzərə alınmaqla müəyyən
ediləcəyini deyən A.Musayev bildirmişdir ki, vergi
inzibatçılığının təkmilləşdirilməsi
vergi qanunvericiliyinin vahid normativ sənəd əsasında tənzimlənməsini
zəruri edir. Bu məqsədlə Vergi Məcəlləsinə
Nazirlər Kabinetinin müvafiq qərarları ilə tənzimlənən
vergi ödəyicilərində istehsal həcminin və ya
satış dövriyyəsinin müəyyənləşdirilməsi
məqsədilə xronometraj metodu ilə müşahidənin
aparılması qaydaları, iri vergi ödəyicilərinin və
xüsusi vergi rejimli müəssisələrin müəyyən
edilməsi meyarları və idman mərc oyunlarını həyata
keçirən vergi ödəyicilərinin vergiyə cəlb
edilməsi qaydalarını nəzərdə tutan 50-1-ci maddə
daxil olunmuşdur.
A.Musayev
vurğuladı ki, Vergi Məcəlləsinə vergi nəzarətinin
təkmilləşdirilməsi məqsədilə də müəyyən
dəyişikliklər edilmişdir. Vergi ödəyicisinin
filialı, nümayəndəliyi və digər təsərrüfat
subyektlərinin olduğu ünvan üzrə uçota
alınması, əcnəbilərin və vətəndaşlığı
olmayan şəxslərin müvafiq dövlət orqanı tərəfindən
verilmiş sənəd əsasında vergi orqanlarında
uçota alınması, vergi ödəyicisində əmlak
vergisinin hesablanması və ödənilməsinin
düzgünlüyü yoxlanılarkən inventarizasiya
aparılması, vergi orqanının əsaslandırılmış
qərarına əsasən növbəti və növbədənkənar
səyyar vergi yoxlamalarının 9 aydan çox olmayan müddətdə
dayandırılması (təxirə salınması) məhz
bu qəbildən olan dəyişikliklərdir.
Vergi
Məcəlləsinə əlavə edilmiş bir sıra
yeniliklər sırasında cari ildə elektron auditin tətbiqi
ilə əlaqədar əlavələr xüsusi qeyd
olunmalıdır. Bu dəyişiklik və əlavələr
nəticəsində ilk dəfə qanunvericilikdə elektron
auditin tətbiqi üçün imkanlar
yaradılmışdır. Dəyişikliklərə elektron
fayl formasında sənədlərin tələb edilməsi,
elektron qaydada audit aparılan zaman sənədlərin müəyyən
edilmiş müddətdə təqdim olunmaması, bilərəkdən
təhrif olunmuş formada təqdim edilməsi və sənədlərin
qanunla müəyyənləşmiş müddətdə
saxlanılmamasına görə maliyyə sanksiyasının
tətbiqi də daxildir.
Flora SADIQLI
Azərbaycan.-2013.- 23 yanvar.- S.3.