2013-cü il Azərbaycanın sosial-iqtisadi
və mədəni inkişafında
mühüm mərhələ olacaqdır
Biz bütün məsələlərdə
öz gücümüzə, Azərbaycan xalqının iradəsinə
və Azərbaycan ordusunun qüdrətinə güvənirik.
İlham ƏLİYEV
Azərbaycan Respublikası bu gün birmənalı olaraq regionda həlledici mövqeyə malik aparıcı dövlətə, vaxtilə xarici yardımlara, investisiyalara ehtiyacı olan ölkədən sərmayə ixracatçısına çevrilməkdədir. Yola saldığımız 2012-ci il Azərbaycanın daxili və xarici siyasətində, iqtisadi, sosial və mədəni sahələrdə qazanılmış nailiyyətlər baxımından xeyli uğurlu olmuşdur. Dövlətimiz qarşıya qoyulan bir çox vəzifələrin həllinə nail olmuş, ölkəmizin regional və qlobal əhəmiyyəti, etimad səviyyəsi xeyli artırılmış, regional və qlobal enerji təhlükəsizliyi sahəsində mövqelərimiz, milli iqtisadiyyatımızın rəqabətədavamlı xarakteri gücləndirilmiş, əhalinin sosial rifahı nəzərəçarpacaq səviyyədə yüksəlmişdir.
Ötən müddət ərzində Azərbaycana dünya birliyinin ali orqanına sədrlik etimadı göstərilmiş, ölkəmiz beynəlxalq səviyyəli bir sıra mötəbər tədbirlərə, o cümlədən mədəniyyət və idman üzrə nüfuzlu yarışmalarına ev sahibliyi etmişdir.
Azərbaycan eyni zamanda Cənubi Qafqazda sülhün və təhlükəsizliyin bərqərar olunması istiqamətində də zəruri addımlarını atmış, Ermənistanın bütün səylərinə baxmayaraq, regionun sosial-iqtisadi inkişafına, inteqrasiya prosesinə böyük töhfələrini vermişdir. Bu uğurları ölkəmizin zorən cəlb olunduğu problemlər, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli müstəvisindən dəyərləndirən Prezident İlham Əliyev dövlətimizin gələcək hədəflərini müəyyən edərək demişdir: "Bizim hər bir qələbəmiz Ermənistanın faciəsidir. Hər bir uğurumuz onların məyusluğudur. Bizim uğurlarımız hələ çox olacaqdır. Ən böyük uğur o vaxt olacaqdır ki, Azərbaycan bayrağı Şuşada və Xankəndidə dalğalanacaqdır. Mən buna əminəm, buna şübhə etmirəm. Hər birimiz, hər bir vətəndaş o tarixi günü öz işi ilə yaxınlaşdırmalıdır".
Hazırda münaqişə məhz Ermənistanın sülh prosesinə qeyri-konstruktiv yanaşması səbəbindən dondurulmuş vəziyyətdə olsa da, işğalçı dövlətin həm siyasi, həm də iqtisadi limiti tükənmək üzrədir. Azərbaycanla müqayisədə ciddi tənəzzül, milli fəlakət həddinə çatdırılmış iqtisadi-siyasi böhran, sosial gərginlik dövrünü yaşayan Ermənistan hakimiyyəti yaxşı dərk edir ki, dövlətimiz öz prinsiplərindən bir addım da geri çəkilməyəcəkdir. Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyevin bir daha vurğuladığı kimi: "Bu məsələ ancaq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. İşğal edilmiş bütün torpaqlardan işğalçı qüvvələr çıxarılmalıdır. Diplomatik və siyasi əsaslar, əlbəttə ki, bizim mövqeyimizi gücləndirir. Bizim mövqeyimiz həm hüquqi, həm siyasi cəhətdən sarsılmazdır".
Keçən ilin yaddaqalan hadisələrindən biri Azərbaycan Respublikasının 155 üzv dövlətin dəstəyini qazanaraq, müstəqillik tarixində ilk dəfə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında qeyri-daimi üzvü kimi fəaliyyətə başlamasıdır. Bu əlamətdar hadisə münasibətilə xalqımızı təbrik edən Prezident İlham Əliyev bildirmişdir: "Müstəqilliyimiz dövründə - 20 il ərzində belə böyük uğurun əldə edilməsi doğrudan da tarixi nailiyyətdir. Biz 20 il ərzində müstəqil ölkə kimi özümüzü dünyada təsdiq edə bilmişik. Biz sübut edə bilmişik ki, Azərbaycan etibarlı tərəfdaşdır, Azərbaycan dost ölkədir və dostların sayının artması bizim siyasətimizin təntənəsidir". Dövlətimiz üzərinə düşən məsuliyyətli missiyanın öhdəsindən layiqincə gəlmiş, ona göstərilən etimadı layiqincə doğrultmuşdur. 2012-ci il may ayının 4-də Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasında "Beynəlxalq sülh və təhlükəsizliyə təhdidlər" çərçivəsində "Terrorçuluqla mübarizə sahəsində öhdəliklərin yerinə yetirilməsi ilə əlaqədar beynəlxalq əməkdaşlığın gücləndirilməsi" mövzusunda yüksək səviyyyəli görüş keçirilmişdir. Həmin görüşün nəticəsi olaraq qəbul edilmiş bəyanatda Təhlükəsizlik Şurası üzvləri terrorçuluğun bütün təzahürlərini bir daha pisləmiş, BMT-yə üzv ölkələrin qoşulduğu beynəlxalq hüquq normalarından və üzərlərinə götürdükləri öhdəliklərdən irəli gələn suverenlik, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, dini, mədəni müxtəliflik və s. prinsiplərə hörmət olunmasının zəruriliyi, terrorçuluqla mübarizədə insan hüquq və azadlıqlarının, qanunların aliliyinin təminatı məsələləri xüsusi vurğulanmışdır.
Azərbaycan Respublikasının
BMT-nin Təhlükəsizlik Şurasına sədrlik etdiyi
dövr ərzində Sudan və Cənubi Sudan arasında
yaranmış hərbi münaqişəyə, BMT-nin təhlükəsizlik
qüvvələrinin Cənubi Sudanda fəaliyyətinə
dair mandat müddətinin uzadılması və
Qvineya-Bisaudakı hərbi çevrilişlə bağlı
üç mühüm qətnamə qəbul edilmiş,
ümumilikdə 13 açıq və 16 qapalı iclas
keçirilmişdir. Azərbaycan BMT Təhlükəsizlik
Şurasındakı sədrlik fəaliyyəti ilə zəngin
təcrübə toplamaq və etimad qazanmaqla yanaşı,
dünya birliyinin diqqətini bir daha üzləşdiyi problemlərin
həllinə, milli maraqlarımızın müdafiəsinə
yönəltməyə nail olmuşdur. Prezident
İlham Əliyev dünya birliyinin ali orqanında Azərbaycanın
məhsuldar fəaliyyətini dəyərləndirərək
demişdir: "Ötən il Azərbaycan Respublikası
müstəqillik tarixində ilk dəfə olaraq BMT Təhlükəsizlik
Şurasında sədrliyə başlamaqla dünyanın
siyasi olimpinə yüksəldi və qlobal güclərlə
birlikdə planetimizdəki əsas
çağırışlara cavab verdi. BMT Təhlükəsizlik
Şurasına üzv seçildik. Cəmi 20 il müstəqillik
həyatını yaşayan ölkə üçün bu,
tarixi nailiyyətdir. Yüz əlli beş ölkə bizi dəstəklədi.
Qoşulmama Hərəkatına üzv olduq. Bu da siyasi cəhətdən
çox düzgün bir addım idi. Bu, yenə də bizim
xarici siyasətimizin böyük qələbəsi idi. O təşkilata üzv olmaq və üzv olduqdan
sonra cəmi bir il ərzində Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı, ərazi bütövlüyü prinsipini rəhbər
tutan qətnamənin qəbul edilməsinə nail olmaq
çox böyük tarixi nailiyyətdir".
2012-ci
ilin yaddaqalan hadisələri sırasında Rusiyanın kosmik
hücumdan müdafiə qüvvələri sisteminə daxil
olan Qəbələ Radiolokasiya Stansiyasının icarə
müddətinin başa çatması ilə əlaqədar
istismarının dayandırılması da xüsusi qeyd
olunmalıdır. Əminliklə qeyd edə bilərik ki, bəzi
bədxah xarici siyasi qüvvələrin, xüsusilə Ermənistanın
bütün cəhdlərinə baxmayaraq,
qarşılıqlı razılaşma əsasında öz
hüquqi həllini tapan bu proses ölkələrimiz
arasında mövcud olan çoxşaxəli əlaqələrə,
əməkdaşlığa təsir göstərməyəcəkdir.
Prezident İlham Əliyevin "Rossiya-24" televiziya
kanalına verdiyi müsahibədə bir daha bəyan etdiyi
kimi, Azərbaycan və Rusiya arasında strateji tərəfdaşlıq
münasibətləri yüksək dinamik inkişaf səviyyəsinə
malikdir. Təkcə ötən il ölkələrimiz
arasında ticarət dövriyyəsinin həcmi ən yüksək
həddə çataraq 2 milyard 828 milyon ABŞ dolları təşkil
etmişdir. Rusiya Federasiyasının 70-dən çox regionu
Azərbaycanla iqtisadi və ticarət əlaqələri
qurmuşdur və ticarət dövriyyəsinin 81,8 faizi məhz
onların payına düşür.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasını təsdiq etməsi də ötən ilin əhəmiyyətli tarixi hadisələri sırasındadır. Müasir Azərbaycanın siyasi, iqtisadi, sosial və mədəni inkişaf xüsusiyyətlərindən, məqsədli dövlət proqramları vasitəsilə yeni yüksəliş mərhələlərinə keçidin zərurətlərindən, ən nəhayət, gələcəyin strateji hədəflərinin müəyyənləşdirilməsindən irəli gələn bu mühüm sənəd dövlətimizin davamlı inkişafının təmin olunmasında, Azərbaycanın geosiyasi və geoiqtisadi əhəmiyyətinin artırılmasında, Avropa məkanına inteqrasiya prosesinin sürətləndirilməsində, əhalinin sosial rifahının yüksəldilməsində, cəmiyyətin bütün istiqamətlərdə tərəqqiyə nail olunmasında, keyfiyyətcə mükəmməl inkişaf modelinin formalaşdırılmasında müstəsna rol oynayacaqdır. "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası çoxşaxəli olmaqla yanaşı, qarşıdakı illər üçün yeni prioritetləri, hədəfləri əhatə edir.
Prezident İlham Əliyevin vurğuladığı kimi: "Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır". 2013-2020-ci illəri nəzərdə tutan mərhələdə Azərbaycanın əsas hədəfi bütün iqtisadi-sosial göstəricilər üzrə inkişaf etmiş Qərb ölkələrinə çatmaq, vətəndaşların rifah halının yüksəldilməsinə nail olmaqdır. Konsepsiya demokratik prinsiplərə uyğun olaraq açıq ictimai müzakirəyə təqdim edilmiş, alim və mütəxəssislərin, qeyri-hökumət təşkilatlarının, ayrı-ayrı vətəndaşların rəy və təklifləri nəzərə alınmaqla mükəmməl ümumxalq konseptual sənəd xarakteri almaqdadır. Belə ki, yaxın perspektivdə Azərbaycanın seçdiyi hədəflər və sosial-iqtisadi, mədəni sahələrdə fəaliyyət istiqamətləri məhz bu konsepsiya əsasında müəyyən ediləcəkdir.
Ölkəmiz 2012-ci ildə regionun ən güclü iqtisadi potensiala və inkişaf tendensiyasına malik dövləti olduğunu bir daha təsdiqləmiş, milli iqtisadiyyatımız özünün inkişaf tendensiyalarını qoruyub saxlaya bilmişdir. Dünyanın bir sıra ölkələrini, hətta inkişaf etmiş dövlətləri əhatəsinə alan iqtisadi və maliyyə böhranının Azərbaycan Respublikası üçün təsirsiz ötüşməsi, hətta qlobal iqtisadi-siyasi vəziyyətin mürəkkəbliyinə baxmayaraq, özünün dinamik inkişafını təmin etməsi ilk növbədə Prezident İlham Əliyevin yürütdüyü çevik və düşünülmüş iqtisadi siyasət kursunun nəticəsidir. Bu baxımdan Dünya İqtisadi Forumunun "Dünya Rəqabətlilik Hesabatı - 2012-2013" nəşrinə əsasən, Azərbaycan Respublikasının reytinq cədvəlində 9 pillə irəliləyərək dünyanın 144 dövlət arasında 46-cı yerdə qərarlaşması təbii və gözlənilən olmuşdur. Forumun hesablamalarında ölkəmiz makroiqtisadi sabitliyə görə hazırda dünya miqyasında 18-ci yerdədir və bu göstəricinin yaxın dövrlərdə xeyli yaxşılaşdırılması üçün kifayət qədər iqtisadi resursa və mexanizmlərə malikdir. Regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası nəticəsində Azərbaycanın bölgələrində geniş abadlıq və quruculuq işləri görülmüş, yeni sənaye və kənd təsərrüfatı obyektləri istifadəyə verilmiş, 200-ə yaxın ümumtəhsil məktəb binası, əlavə tədris korpusları inşa edilmiş, 100-dən çox məktəb əsaslı təmir olunmuş, onların maddi-texniki bazası yenilənmişdir.
Ötən il ölkənin valyuta ehtiyatlarının məbləği artaraq 46 milyard dollar olmuşdur. Bu isə ümumi daxili məhsulun 70 faizini təşkil edir. Digər tərəfdən, Azərbaycan Respublikasının 2013-cü il üçün müəyyən olunmuş dövlət büdcəsi ölkənin iqtisadi potensialının gücləndirilməsinin təzahürü olaraq rekord həddə çatdırılmışdır. Belə ki, bu il dövlət büdcəsi gəlirlər üzrə 19 milyard 159 milyon manat və yaxud 24,4 milyard ABŞ dolları, xərclər üzrə isə 19 milyard 850 milyon manat (25,2 milyard dollar) təşkil edir. Bu isə on il əvvəlki dövr ilə müqayisədə büdcə həcminin müvafiq olaraq 15,7 və 16 dəfə artımı, ölkənin iqtisadi-sosial problemlərinin aradan qaldırılmasına geniş maliyyə imkanlarının yönəldilməsi deməkdir. Mütəxəssislərin qənaətinə görə, cari ildə qeyri-neft sektorunun sürətli artımı gözlənilir. Proqnozlaşdırılan artım əsasən tikinti, kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları sahələrində daha qabarıq nəzərə çarpacaqdır. Bütövlükdə cari il ərzində bir milyondan çox ölkə vətəndaşının əməkhaqqı, pensiya və müavinətlərinin həcminin artırılması, onların sosial rifahının xeyli yaxşılaşdırılması nəzərdə tutulmuşdur. Halbuki qonşu Gürcüstanın 2013-cü ilə proqnozlaşdırılan dövlət büdcəsi gəlirlərinin həcmi 4,9 milyard, işğalçı Ermənistanın isə cəmi 2,6 milyard dollara bərabərdir. Adambaşına düşən icmal büdcə xərcinin həcminə görə Azərbaycan Respublikası MDB ölkələri arasında Rusiya Federasiyası ilə ilk pillədə qərarlaşmışdır. Onu da xatırladaq ki, Dünya İqtisadi Forumunun hesabatında Azərbaycan ötən il dövlət borclarının həcminin azlığına görə dünya dövlətləri sırasında 12-ci yeri tutmuşdur. Son statistik məlumatlarda isə hazırda ölkəmizdə işsizlik 5,2 faizə, yoxsulluğun səviyyəsi 6 faizə enmiş, əhalinin məşğulluq səviyyəsinin 95 faizə çatdırıldığı bildirilir və Azərbaycan yoxsulluq üzrə ən aşağı göstəricilərə malik 20 dövlətdən biri kimi tanınmışdır.
2012-ci ildə əhalinin pul gəlirlərinin təqribən 12,2 faiz artması müqabilində inflyasiya cəmi 1,2 faiz təşkil etmişdir. Təkcə 2012-ci ildə 2419 sahibkarlıq subyektinə ümumi məbləği 218 milyon manat olan güzəştli kreditlər verilmişdir. 2011-ci illə müqayisədə güzəştli kreditlər hesabına maliyyələşdirilən layihələrin sayı 47,2 faiz, yeni iş yerlərinin sayı isə 40,2 faiz artmışdır. Ötən ilin on bir ayının yekunlarına görə, ölkədə 31 milyard manatlıq sənaye məhsulu istehsal edilmiş, ümumi sahəsi 1559,5 min kvadratmetr olan yeni yaşayış evləri inşa olunmuşdur. İl ərzində 60-dan çox iri sənaye müəssisəsi, kənd təsərrüfatı və sosial təyinatlı obyekt istifadəyə verilmişdir. Bir məqama da diqqət yetirək: ötən ilin nəticələrinə əsasən, ölkəmizdə investisiya xərcləri rekord səviyyəyə yüksəlmiş, bütövlükdə 22 milyard ABŞ dollarından çox olmuşdur. Bu vəsaitin 13 milyard dollardan çox hissəsi daxili, qalan hissəsi isə xarici investisiyaların payına düşür. Azərbaycan iqtisadiyyatına 9 milyard dollardan çox xarici sərmayənin qoyulması ilk növbədə ölkəmizdə bərqərar olmuş iqtisadi-siyasi sabitliyin məntiqi təzahürü və Azərbaycanın etibarlı tərəfdaş kimi nüfuzunun möhkəmləndirilməsinin nəticəsidir.
Müqayisə üçün bildirək ki, Ermənistan Respublikasının xarici borclarının məbləği 2013-cü il üçün müəyyənləşdirilmiş dövlət büdcəsini xeyli üstələmişdir. Nəticədə kənar donor yardımları olmasa, cari büdcə vəsaiti ölkə əhalisinin minimal ehtiyaclarının ödənilməsinə kifayət etməyəcəkdir. İlk dəfə olaraq Ermənistanın büdcəsində investisiya layihələrinin reallaşdırılması nəzərdə tutulmamışdır. Yaranmış böhran vəziyyətinin, kütləvi narazılığın artaraq sosial partlayış həddinə çatdırılmasının əsas səbəbləri rəsmi Yerevanın yürütdüyü işğalçılıq siyasəti, qonşu dövlətlərə əsassız ərazi iddiaları üzündən regional və qlobal layihələrdən kənarda qalması, iqtisadi tərəfdaş kimi nüfuzunu itirməsi, xarici investisiyaların qoyuluşu üçün əlverişsiz ölkəyə çevrilməsidir. Dövlət başçısı yaranmış situasiyanı belə dəyərləndirmişdir: "Bu gün Azərbaycan iqtisadiyyatı güclü iqtisadiyyatdır və bizim gözəl gələcəyimiz vardır. Ermənistanın iqtisadiyyatı tənəzzülə uğrayır, bu ölkənin gələcəyi böyük sual altındadır. Çünki onların işğalçı siyasəti özlərini bu vəziyyətə qoyubdur. Nə qədər ki bu münaqişə davam edəcəkdir, onların vəziyyəti daha da ağırlaşacaqdır. Biz isə öz növbəmizdə bütün imkanlardan istifadə edib gələcəkdə də Ermənistanı sıxışdırmalıyıq".
Qeyd olunmalıdır ki, cari ildə Azərbaycanda iqtisadi artım 5,3 faiz həcmində proqnozlaşdırılmışdır. Bu göstəricinin isə əsas etibarilə qeyri-neft sektoru vasitəsilə təmin edilməsi nəzərdə tutulmuşdur. Keçən ilin yekunlarına görə, Azərbaycanın qeyri-neft sektorunda 9,7 faiz, qeyri-neft sənayesində və kənd təsərrüfatında müvafiq olaraq təqribən 8 faiz və 6 faiz artma müşahidə olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev Azərbaycanın əldə etdiyi uğurlardan və cari il üçün dövlət planlarından danışarkən onu da qeyd etmişdir ki, "2013-cü ildə sənaye istehsalı ilə bağlı çox ciddi addımlar atılacaqdır. Bütün hazırlıq işləri görülüb. Nəinki hazırlıq işləri görülüb, eyni zamanda böyük sənaye müəssisələri işə düşüb. Onların bir hissəsi dövlət, böyük hissəsi isə özəl sektor tərəfindən icra edilib. Əvvəlki illərdə qeyd etdiyim kimi, Azərbaycanda bir neçə sənaye mərkəzi yaradılır. Gəncədə, Sumqayıtda, Bakının Qaradağ rayonunda, digər yerlərdə böyük sənaye obyektləri tikilir və 2013-cü ildə bu istiqamətdə daha da böyük işlər görüləcəkdir. Xüsusilə sənaye istehsalının təşviqi üçün yeni qaydaların tətbiq edilməsi, texnoparkların fəaliyyətinin gücləndirilməsi üçün əlavə tədbirlərin görülməsi, güzəştlərin verilməsi məsələləri nəzərdə tutulub".
Bununla belə, Azərbaycanda ötən müddət ərzində qeyri-neft sektorunun dinamik inkişafına baxmayaraq, enerji sektoru milli iqtisadiyyatın aparıcı seqmenti olaraq qalmaqdadır. Ölkəmiz enerji təhlükəsizliyi sahəsində də milli maraqlarını tam şəkildə təmin edə bilmişdir. Bu gün ölkəmizin əldə etdiyi iqtisadi uğurların təməlini ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan yeni neft strategiyasının uğurla reallaşdırılması təşkil edir. Ötən il neft hasilatı sahəsində müəyyən çətinliklər yaşansa da, həyata keçirilmiş tədbirlər sayəsində həmin problemlər müsbət həllini tapmışdır. Məsələn, təqribən 300 milyard kubmetr qaz ehtiyatına malik olan "Ümid" yatağı Azərbaycanın enerji təhlükəsizliyinə ilk töhfələrini verməkdədir. Eyni zamanda Azərbaycanın zəngin təbii ehtiyatlarında maraqlı olan "Qaz de Frans" və "Total" şirkətləri "Abşeron" yatağında məhsuldar qaz ehtiyatları müəyyən etmişlər. Yeni yataqların kəşfi nəticəsində Azərbaycanın qaz ehtiyatlarının həcmi artaraq 2,6 trilyon kubmetrə çatdırılmışdır. Proqnozlar isə ümumi potensialın 6 milyard kubmetr təşkil etdiyini göstərir.
Ötən il Azərbaycan və Türkiyə arasında əlaqələr daha da inkişaf etdirilərək ən yüksək həddə çatdırılmışdır. Məlum olduğu kimi, 2025-ci ilədək Azərbaycandan ixrac olunan qazın əsas hissəsinin qardaş Türkiyəyə və Avropa ölkələrinə ünvanlanması nəzərdə tutulmuşdur. Bu baxımdan ötən ilin əhəmiyyətli iqtisadi uğurları sırasında iyun ayının 26-da İstanbulda Azərbaycan və Türkiyə hökumətləri arasında Trans-Anadolu qaz kəməri (TANAP) layihəsi ilə bağlı imzalanmış iki saziş xüsusi əhəmiyyətə malikdir. Geniş iqtisadi, siyasi və strateji mahiyyət daşıyan, Azərbaycan dövlətinin təşəbbüsü ilə irəli sürülən həmin layihə üzrə çəkilən kəmər Türkiyənin şərq hissəsindən qərb istiqamətinə uzanaraq, Azərbaycan qazının Avropaya kənar vasitəçi olmadan sabit və təhlükəsiz şəkildə tranzitini təmin edəcəkdir. Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı bir daha vurğulamışdır ki, "TANAP layihəsinin də təşəbbüskarı məhz Azərbaycandır. Bizim bu sahədəki liderliyimiz gözəl nəticələrə gətirib çıxarıb. Biz nəinki ölkəmizi inkişaf etdiririk, eyni zamanda inkişafımız bölgəyə də müsbət təsir göstərir, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün bizə imkan yaradır. Təsadüfi deyildir ki, Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış sənədlərdə Azərbaycan bu sahədə çox önəmli və həlledici tərəfdaş kimi göstərilir".
Ümumi smeta dəyəri 7 milyard ABŞ dolları olan və 2018-ci ildə istismara daxil edilməsi nəzərdə tutulan yeni boru magistralı Cənubi Qafqaz kəmərini Avropa Birliyinin qaz təminatı xətləri ilə əlaqələndirəcəkdir. İlkin hesablamalara əsasən, 2020-ci ildə TANAP xətti vasitəsilə nəql olunan 16 milyard kubmetr qazın 6 milyard kubmetri Türkiyənin, qalan hissəsi isə Avropa dövlətlərinin istehlakçıları üçün nəzərdə tutulmuşdur. Gələcəkdə - 2026-cı ildə isə ümumi qaz nəqlinin həcmi artaraq 31 milyard kubmetrə çatdırılacaqdır. ABŞ-ın "İnvestor" saytı qlobal enerji təhlükəsizliyində Azərbaycanın müstəsna əhəmiyyəti barədə bunları yazır: "TANAP-ın tikintisi və istismarı Azərbaycan, Türkiyə və Gürcüstana xeyli iqtisadi fayda gətirəcək, hər üç ölkə arasında iqtisadi və institusional əlaqələri genişləndirəcəkdir". 2012-ci ildə enerji sahəsində Azərbaycan və Türkiyə arasında qarşılıqlı faydalı əməkdaşlıq TANAP layihəsi ilə məhdudlaşmamışdır. İzmir şəhərində "Petkim" şirkətinin yeni "Star" Neft Emalı Zavodunun da təməli qoyulmuşdur.
Bu gün dünyanın 100 meqalayihəsi siyahısına daxil edilən və inşasına 2007-ci ilin noyabr ayında başlanılan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin əsas hissəsində tamamlama işləri də başa çatmaq üzrədir. Yaxın müddətdə həmin xətt boyu ilk qatarın Türkiyə sərhədinə qədər hərəkəti təmin olunacaqdır. Azərbaycanın, Türkiyənin və Gürcüstanın dəmir yolu şəbəkəsini birləşdirən, perspektivdə region ölkələrinin qarşılıqlı iqtisadi inteqrasiyasında, hər üç dövlətin nəqliyyat dəhlizi vasitəsilə Avropaya çıxışında müstəsna rol oynayan transsərhəd nəqliyyat magistralı ildə təqribən 15 milyon ton yük daşınmasının həyata keçirilməsinə imkan verəcəkdir. Xüsusilə vurğulanmalıdır ki, ötən ilin sonlarında layihənin icrası ilə bağlı rəsmi Tbilisidə yaranmış narahatlıq - yeni xəttin istismarından sonra guya Gürcüstanın dəmir yolu şəbəkəsində yükdaşımaların həcminin azalacağı barədə əsassız şübhələr qısa vaxt ərzində danışıqlar vasitəsilə aradan qaldırılmışdır. Belə ki, Gürcüstanın Baş naziri Bidzina İvanişvili Azərbaycana rəsmi səfəri zamanı həmin şübhələrə aydınlıq gətirərək bildirmişdir ki, Bakı-Tbilisi-Qars dəmir yolu magistralı layihəsinin reallaşdırılmasına mane ola biləcək problem mövcud deyildir.
Macarıstanda məsuliyyətə cəlb olunmuş Milli ordumuzun zabiti Ramil Səfərovun Azərbaycana ekstradisiyası və ölkə başçısı İlham Əliyev tərəfindən əfv edilməsi bütövlükdə dövlətimizin öz vətəndaşının hüquq və mənafelərinin qorunmasına yönəldilmiş səylərinin bariz nümunəsidir. Ölkə vətəndaşlarının rəğbət və qürur hissi ilə qarşıladığı bu hüquqi hərəkət ilk növbədə Macarıstanın və Azərbaycanın qanunlarına, beynəlxalq hüquq normalarının tələblərinə tamamilə uyğun şəkildə baş vermişdir. Bu baxımdan Ramil Səfərovun işi ilə bağlı bəzi xarici dairələrin, eləcə də Ermənistanın reaksiyası, ilk növbədə erməni diasporunun siyasi demaqogiyasının nəticəsi və hələlik həllini tapmayan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən yaranan gerçəkliklərinin məntiqi yekunu kimi dəyərləndirilir.
Azərbaycanın mədəniyyət sahəsində əldə etdiyi uğurlar sırasında ötən il Bakıda dünyanın populyar musiqi yarışmasının - 57-ci Avroviziya mahnı müsabiqəsinin uğurlu təşkili xüsusilə qeyd olunmalıdır. "Öz məşəlini yandır" devizi altında keçirilən, eyni zamanda Azərbaycanın zəngin tarixinin və mədəniyyətinin təbliğinə istiqamətləndirilən Bakı yarışmasına dünyanın 42 ölkəsinin təmsilçiləri qatılmış, bu məqsədlə Xəzərin sahilində 23 min tamaşaçı üçün nəzərdə tutulmuş unikal memarlıq incisi - "Bakı Kristal Zalı" tikilib istifadəyə verilmişdir.
Yola saldığımız il Azərbaycan paytaxtı daha bir mötəbər beynəlxalq tədbirə - İkinci Bakı Beynəlxalq Humanitar Forumuna ev sahibliyi etmişdir. Oktyabr ayının 4-də Heydər Əliyev Mərkəzində işə başlayan forumun işində dünyanın 70 ölkəsini, 7 nüfuzlu beynəlxalq təşkilatını təmsil edən 694 nümayəndə iştirak etmişdir. Onların arasında sabiq dövlət başçıları, beynəlxalq qurumların rəhbərləri, Nobel mükafatı laureatları, tanınmış alimlər, görkəmli ictimai və siyasi xadimlər də vardır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva da forumun açılış mərasimində iştirak etmişlər. Azərbaycanın əsrlər boyu müxtəlif mədəniyyətlərin qovuşduğu diyar olduğunu, əsrlər boyu müxtəlif xalqların, dinlərin nümayəndələrinin əmin-amanlıq və qarşılıqlı anlaşma şəraitində yaşadığını və bu müsbət meyillərin bu gün də davam etdiyini vurğulayan dövlət başçısı belə yanaşmanın gələcəkdə daha da gücləndiriləcəyinə əmin olduğunu bildirmişdir. Forumda cəmiyyət həyatında multikulturalizmin rolu və mədəni özünüdərk, qloballaşma prosesinə yeni metodoloji yanaşmalar, elmlərin konvergensiyası, biotexnologiyalar və etika problemləri, inkişafın iqtisadi modellərinin humanitar aspektləri, sosial jurnalistika və yüksək texnologiyalar, postmodernist mədəniyyətdə ənənəvi dəyərlər sistemləri kimi aktual mövzulara dair çıxışlar edilmiş, səmərəli müzakirələr aparılmışdır. Tədbirin sonunda dünyanı əhalə edən humanitar problemlərin aradan qaldırılmasında qlobal səylərin əhəmiyyətinə, dünyanın müxtəlif regionlarında getdikcə artan qarşıdurma meyilləri ilə yanaşı əməkdaşlığa və qarşılıqlı anlaşmaya zəmin yaradan proseslərin diqqət mərkəzində dayanmalı olduğunun zərurətinə dair Bakı Bəyannaməsi qəbul olunmuşdur.
Azərbaycanda "İdman ili" elan olunan 2012-ci il təkcə siyasi, iqtisadi və mədəniyyət sahələrində deyil, idmanda da böyük uğurlarla müşayiət olunmuşdur. Bütövlükdə milli atletlərimiz ötən il iştirak etdikləri yarışlarda ölkəmizə 750-dən çox medal qazandırmışlar. XXX London Yay Olimpiya Oyunlarında iştirak edən idmançılarımız ikisi qızıl, ikisi gümüş, altısı isə bürünc olmaqla 10 medal əldə etmiş, nəticədə Azərbaycan dünyanın 204 ölkəsi arasında 30-cu, Avropanın 54 ölkəsi arasında 15-ci yeri tutaraq millilərimizin olimpiya oynlarında iştirakı tarixində ən yüksək göstəriciyə nail olmuşlar. Bu nailiyyətlər Azərbaycanın idman sahəsində də zəngin potensiala malik olduğunun, idman infrastrukturunun inkişafına yönəldilən dövlət qayğısının bariz nümunəsidir. Təsadüfi deyildir ki, ötən ilin dekabr ayının 8-də daha bir əlamətdar hadisə baş vermiş, Romada Avropa Olimpiya Komitəsinin Baş Assambleyasında Birinci Avropa Olimpiya Oyunlarının 2015-ci ildə Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilməsi haqqında qərar qəbul edilmişdir. Prezident İlham Əliyev Avropa Olimpiya Komitəsinin bu qərarını Azərbaycanda son illər ərzində görülən işlərin təzahürü, dövlətimizin beynəlxalq miqyasda nüfuzunun möhkəmləndirilməsinin əlaməti kimi dəyərləndirmişdir: "Bu, Azərbaycanın iqtisadi və siyasi cəhətdən sabit ölkə kimi tanınmasının nəticəsidir. Böyük məsuliyyətdir, böyük şərəfdir və böyük etimaddır. Mən heç də şübhə etmirəm ki, biz bu məsuliyyəti şərəflə hiss edərək lazım olan bütün tədbirləri görəcəyik və Avropa Olimpiya Oyunlarını ən yüksək səviyyədə, yəni Beynəlxalq Olimpiya Oyunları səviyyəsində keçirəcəyik".
Bir qədər də bədnam qonşumuz Ermənistanda yaranmış iqtisadi-sosial vəziyyətə toxunmaq istərdik. Burada iqtisadi və siyasi böhran son illərdə daha da dərinləşərək milli fəlakət həddinə çatmışdır. Bu ilin fevral ayının 18-də Ermənistanda keçiriləcək prezident seçkilərində Serj Sarqsyanın "qələbəsi" gözlənilsə də, ölkə iqtisadi, siyasi və sosial tənəzzül mərhələsini yaşamaqda davam edəcək, sosial-iqtisadi vəziyyətin daha da gərginləşməsi üzündən əhalinin hakim rejimə, onun yalançı vədlərinə qarşı narazılığı daha kütləvi xarakter alacaqdır. Populist çıxışları ilə seçilən S.Sarqsyan ötən prezidentlik dövrü ərzində ölkənin sosial-iqtisadi problemlərinin heç birini aradan qaldıra bilməmiş, onun irəli sürdüyü "Zəngin Ermənistana doğru" seçkiqabağı şüarı isə erməni xalqının tarixində növbəti siyasi avantüra nümunəsi kimi qalacaqdır.
Azərbaycanın
isə torpaqlarını erməni işğalından azad etmək
üçün siyasi iradəsi, iqtisadi qüdrəti, həm
də hərbi gücü yetərincədir. Bu baxımdan
Prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasında
söylədiyi fikir xalqının taleyi ilə manipulyasiya edən
rəsmi Yerevan üçün ciddi xəbərdarlıq
olmalıdır: "Eyni zamanda iqtisadi gücümüz, hərbi
gücümüz də yerindədir. Biz bu gücü
artırırıq. Əminəm ki, Ermənistanda məsələyə
real prizmadan yanaşan qüvvələr açıq-aydın
dərk edirlər ki, Azərbaycan ilə bu münaqişə
və bu rəqabət onlara heç də yaxşı nəticələr
vəd etmir, əksinə, onlar getdikcə bu mübarizədə
uduzurlar. Həm beynəlxalq müstəvidə, həm beynəlxalq
təşkilatlar çərçivəsində, eyni zamanda
bölgədə gedən proseslər mövqeyimizi gücləndirir".
Fərhad MƏMMƏDOV,
Azərbaycan Respublikası Prezidenti
yanında
Strateji Araşdırmalar Mərkəzinin
direktoru
Azərbaycan.-2013.-
23 yanvar.- S.4.