Azərbaycanlı deputat
Nazirlər Komitəsinin sədrinə
sualla müraciət etmişdir
Avropa
Şurası Parlament Assambleyasının (AŞ PA) qış
sessiyasının birinci iş günündə Nazirlər
Komitəsinin fəaliyyətdə olan sədri,
Andorranın Nazirlər Komitəsinin
sədri və xarici işlər
naziri Gilbert Saboya Sunye ötən sessiyadan keçən
dövr ərzində görülmüş işlər barədə
məlumat vermişdir. Hesabat məruzəsində G.Saboya Sunye
qarşıdakı aylarda Nazirlər Komitəsi tərəfindən
həyata keçirilməsi nəzərdə tutulan səfərlərdən
də bəhs etmişdir. Nazirlər Komitəsinin sədri
bildirmişdir ki, Azərbaycanda bu il keçiriləcək
prezident seçkiləri ilə əlaqədar yaz aylarında
Bakıya səfər təşkil ediləcəkdir.
Daha
sonra ənənəvi olaraq Nazirlər Komitəsi sədri
assambleya üzvlərinin suallarına cavab vermişdir. Əksər
suallar ümumavropa demokratik dəyərləri ilə əlaqələndirilmişdir.
Azərbaycan nümayəndə heyətinin üzvü Rafael
Hüseynovun sualı da həmin silsilədən olmuşdur.
Deputat
Rafael Hüseynov Nazirlər Komitəsi sədrindən
soruşmuşdur: "İnsana həyat bağışlamaq və
həyatı onun əlindən almaq yalnız Allahın
müstəsna haqqıdır. Lakin son dövrlərdə bir
sıra üzv ölkələrdə də ölüm
hökmünün bərpa edilməsi ilə bağlı təşəbbüslər
irəli sürülməkdə və müzakirələr
keçirilməkdədir. Avropa Şurasının Nazirlər
Komitəsi bu cəhdlərin intensivləşməsinin
qarşısını almaq məqsədilə hansı
addımları atmaq fikrindədir?"
Nazirlər
Komitəsi sədri bu sualı təqdir etmiş və
bildirmişdir ki, azərbaycanlı deputatın
qaldırdığı məsələ ona Avropa
Şurasının təməl prinsiplərindən biri barədə
növbəti dəfə söz açmaq, bəyanat vermək
imkanı yaradır. G.Saboya Sunye demişdir ki, Avropa
Şurası fəxr edir ki, ölüm hökmünün
olmadığı bir zona yaratmağa müvəffəq
olmuşdur. Bir çox üzv ölkələrdə
ölüm hökmü ləğv edilmiş, digərlərində
isə ölüm hökmünə moratorium qoyulmuşdur. Biz
bunu son dərəcə ciddi nailiyyət hesab edirik və bu
mövqedən geri çəkilməyəcəyik. Rafael
Hüseynovun sualında da əslində, Avropa
Şurasının əsas məramı ifadə edilmişdir.
Ölüm hökmünün icra edilmədiyi bir zonanın
varlığı Avropa Şurasının fəaliyyətdə
olduğu illərdəki müvəffəqiyyətlərindən
ən önəmlilərindəndir. Biz nail olduğumuz dəyərləri
qorumalıyıq. 2012-ci ilin oktyabrında Avropa
Şurasının ölüm hökmünün ləğvinin
və tətbiq edilməməsinin vacibliyi ilə əlaqədar
ayrıca bəyanatı da olmuşdur.
Nazirlər
Komitəsinin sədri assambleyada bu mühüm sualın
qaldırılmasından, Azərbaycanın insan haqları ilə
bağlı və Avropa Şurasının siyasəti ilə
tam uyğun gələn belə təşəbbüslərindən
razılığını ifadə etmişdir.
Əsgər ƏLİYEV,
AzərTAc-ın xüsusi
müxbiri
Strasburq
Azərbaycan.-2013.- 23 yanvar.- S.5.