Qızıl əyarından tanınar
"2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 22 may 2009-cu il tarixli sərəncamının tələblərinə uyğun olaraq, akademiyanın maddi-texniki bazası daha da zənginləşmiş, tikinti-abadlıq işləri sürətlə davam etmişdir. Son üç ildə bütün fakültələr, kafedralar, laboratoriyalar, şöbə və bölmələr zəruri avadanlıqla təchiz edilmişdir. Bunlarla yanaşı, MAA-nın infrastrukturuna tədris-laboratoriya kompleksi, Trenajor Mərkəzi, Elmi-tədqiqat Nəqliyyat və Aviakosmik Problemlər İnstitutu (ETNAPİ), Təcrübə-sınaq istehsalatı, idman kompleksi, kompyuter-test imtahan zalı, hotel kompleksi, yeməkxana, kafe, tibb məntəqəsi, avtomobil parkı və s. əlavə olunmuşdur.
MAA-nın
ümumi ərazisi 290000 m2-dir. Bu sahənin 215000 m2-i 2009-2011-ci
illərdə MAA-nın infrastrukturunun genişləndirilməsi,
müasir təyyarə və helikopterlər üzrə yeni
trenajor mərkəzinin inşası, qəza-xilasetmə
hazırlığı üçün trenajorun
quraşdırılması, yeni tədris, tədris-təcrübə
və laboratoriya binalarının, təcrübə-sınaq
istehsalatının tikintisi, texnoloji parkın
yaradılması, habelə geniş meydanda Heydər Əliyev
parkının yaradılması və digər məqsədlər
üçün ayrılmışdır.
MAA-nın tədris prosesi ümumi sahəsi 12559 m2 olan 4
tədris binasında keçirilir. Sahəsi 5450 m2 olan
yeni 5-ci tədris korpusunun tikintisi tam başa
çatdırılmış və istismara verilmək ərəfəsindədir.
2011-ci ildə MAA-da sənəd qəbulu
üçün yeni binanın inşasına
başlanmış, 2012-ci ildə 150 yerlik beşmərtəbəli
yeni hotel istifadəyə verilmişdir.
MAA-nın
müasir beynəlxalq tələblərə cavab verən
idman kompleksinə süni örtüklü 2 futbol
meydançası, futzal meydançası, əl oyunları
üçün zal, ağır atletika zalı, trenajor zalı,
güləş zalı, örtülü
üzgüçülük hovuzu, saunalar, soyunub-geyinmək və
yuyunmaq üçün otaqlar daxildir. MAA-nın idman
kompleksinin ümumi sahəsi 1728 m2-dir. Onu da qeyd etmək
lazımdır ki, son illər MAA-nın kosiki karate-do idmanı
üzrə komandası Rusiyada,Yaponyada, Ukraynada və s. ölkələrdə keçirilən Avropa və
dünya çempionatlarından qızıl medalla
qayıtmışdır. Akademiyanın tələbələri
arasında ikiqat dünya, Avropa çempionları və
Olimpiya mükafatçıları təhsil alırlar.
Tədris prosesində informasiya-kommunikasiya
texnologiyalarından (İKT) geniş istifadə olunur. Bu məqsədlə
akademiyada müasir tipli kompyuterlə təchiz olunmuş 8
kompyuter sinfi və 25 ixtisaslaşdırılmış
auditoriya təşkil olunmuşdur.
Müasir multimedia vasitələrinin tətbiqi nəticəsində
tədrisdə ənənəvi vasitələrdən daha
çox effektli olan elektron dərsliklərdən, elektron
mühazirələrdən geniş istifadə olunur. Həmin dərslər
kompyuter və proyektor vasitəsilə aparılır. Həmçinin son illərdə telekörpü və
onlayn mühazirələr təşkil olunur.
2008-ci ildən
etibarən MAA-da tələbələrin bilik səviyyəsini
yoxlamaq məqsədilə SHtest elektron test sistemi tətbiq
edilir. Bu məqsədlə eyni vaxtda 85 tələbədən
imtahan qəbul etmək imkanına malik zal fəaliyyət
göstərir.
Dünyaya çıxış
MAA dünyanın bir sıra aparıcı elm və tədris
mərkəzləri ilə sıx əməkdaşlıq əlaqələri
yaradıb. Bu
siyahıda Amerika Aeronavtika və Astronavtika İnstitutu
(AİAA), Lütfhansa Təlim Mərkəzi (Almaniya), Anadolu
Universiteti, İzmir Yüksək Texnoloji İnstitutu,
İstanbul Texniki Universiteti, Səlcuq Universiteti (Türkiyə),
Ukrayna Milli Aviasiya Universiteti, Dnepropetrovsk Milli Universiteti,
A.S.Popov adına Odessa Milli Rabitə Akademiyası, N.Y.Jukovski
adına Milli Aerokosmik Universiteti (Ukrayna), M.V.Lomonosov adına
Moskva Dövlət Universiteti, Moskva Fizika-Texniki İnstitutu,
Moskva Dövlət Mülki Aviasiya Texniki Universiteti,
Sankt-Peterburq Mülki Aviasiya Universiteti, Moskva Aviasiya
İnstitutu, N.E.Bauman adına
Moskva Dövlət Texniki Universiteti, N.Y.Jukovski adına Mərkəzi
Aerohidrodinamika İnstitutu, Mərkəzi Aviasiya Mühərrikqayırma
İnstitutu, Ümumrusiya Aviasiya Materialları İnstitutu
(Rusiya Federasiyası), Baltik Aviasiya Akademiyası (Litva), Riqa
Texniki Universiteti, Nəqliyyat və Rabitə İnstitutu
(Latviya), Tartu Aviasiya Kolleci (Estoniya), İstilik Mühərrikləri
İnstitutu (İtaliya), Aerokosmik İnstitut (İsrail),
Portuqaliya Texniki Universiteti, Patras Universiteti (Yunanıstan),
Oksford Universiteti (Böyük Britaniya), Avropa Təhsil Mərkəzi
INSE, Fransa İstilik və Reaktiv Araşdırmalar Laboratoriyası
və başqaları vardır.
Milli
Aviasiya Akademiyası Beynəlxalq Mülki Aviasiya Təşkilatları
ilə yanaşı, eyni zamanda Avropa Universitetləri
Assosiasiyası, Amerika Riyaziyyatçılar Cəmiyyəti
(AMS), Amerika Mühəndis-Mexaniklər Cəmiyyəti (ASME),
Dünya Elmi Mühəndislik və Texnologiya Akademiyası
(WASET), Beynəlxalq Elmlər Akademiyası kimi nüfuzlu təşkilatların
üzvüdür.
Elm və
təhsil sahəsində peşəkar elmi kadrların
hazırlanmasında uğurlu fəaliyyətinə görə
Milli Aviasiya Akademiyası bir sıra beynəlxalq sertifikat və
mükafatlara layiq görülmüşdür:
2008-ci ilin fevral ayında Dövlətlərarası
Aviasiya Komitəsinin sədri professor Tatyana Anodina MAA-nın
rektoru akademik Arif Paşayevə "Aviasiya mütəxəssislərinin
hazırlanması işindəki xüsusi xidmətlərinə
görə" DAK-ın qızıl medalını təqdim
etmişdir.
2008-ci
ilin mart və oktyabr aylarında keçirilən Avropa Biznes
Assambleyasının Oksford Sammitində MAA "European
Quality" və "The Best Enterprise" beynəlxalq
mükafatlarına, MAA-nın rektoru akademik Arif Paşayev isə
"İlin ən yaxşı meneceri" mükafatına
layiq görülmüşlər.
Akademik
Arif Paşayev Dövlətlərarası Aviasiya Komitəsinin
aviasiya mütəxəssislərinin hazırlanması üzrə
Koordinasiya Şurasının üzvü, Ukrayna Milli Aviasiya
Universitetinin, Gürcüstan Aviasiya Universitetinin, A.S.Popov
adına Odessa Milli Rabitə Akademiyasının fəxri doktoru
və Vyana Universitetinin fəxri professorudur.
2011-ci ildə MAA-nın rektoru akademik Arif Paşayev Azərbaycan
Mühəndislik Akademiyasının prezidenti, Beynəlxalq
Mühəndislik Akademiyasının vitse-prezidenti
seçilmişdir. Akademik Arif Mehdiyev isə Azərbaycan
Mühəndislik Akademiyasının vitse-prezidenti
seçilmiş və hər iki akademik Beynəlxalq Mühəndislik
Akademiyasının Qızıl medalına layiq
görülmüşdür.
MAA-da tədrisin keyfiyyətini beynəlxalq standartlara
uyğun şəkildə inkişaf etdirmək məqsədilə
akademiyanın əməkdaşları xarici ölkələrdə
və xarici ölkələrin mütəxəssislərinin
iştirakı ilə MAA-da təşkil edilmiş bir sıra
kurslarda və treninqlərdə iştirak etmiş və
sertifikatlar almışlar.
Beynəlxalq əməkdaşlıq çərçivəsində
MAA-ya xarici ölkələrdən mütəxəssislər
dəvət edilmişdir. B.Anna Shwedelin (Sirakus Universiteti),
professor Yaghoob Ebrahimi (ABŞ, FAA-nın təlim üzrə
mütəxəssisi), Treysi Prins, Lloyd Gibbs, Pol Lapvud, Edvard
Jerri, Nikolas Postorino, Devid Kanninxem (mexanika və avionika B1/B2
kateqoriyaları üzrə), təlimatçı-kapitanlar
Karen Stemvel, Barri Rocers, təlimatçılar Sherry Sahlenou,
Clifford Kyukendal ("Boeing 757/767" təyyarələri
üzrə mütəxəssislər), Patricia Szasz və Karen
Milton (ingilis dilinin tədrisinin metodikası üzrə) və
digərləri qarşılıqlı faydalanmaya layiqincə
xidmət etmişlər.
Uğurların
açarı
MAA öz fəaliyyətində Azərbaycan
Respublikasının Konstitusiyasını, "Təhsil
haqqında" və "Aviasiya haqqında" Azərbaycan
Respublikasının qanunlarını, Azərbaycan
Respublikası Prezidentinin fərman və sərəncamlarını,
Nazirlər Kabinetinin qərar və sərəncamlarını,
Təhsil Nazirliyinin əmrlərini, sərəncamlarını,
kollegiyasının qərarlarını, normativ-hüquqi sənədlərini,
Dövlət Mülki Aviasiya Administrasiyasının əmrlərini,
qərarlarını, sərəncamlarını,
normativ-hüquqi sənədlərini, Azərbaycanın
Aviasiya Qaydalarını və prosedurları, "Azərbaycan
Hava Yolları" QSC-nin prezidentinin əmrlərini, göstəriş
və sərəncamlarını, kollegiyasının qərarlarını,
Beynəlxalq Mülki Aviasiya Təşkilatı, Avropa Mülki
Aviasiya Konfransı, Dövlətlərarası Aviasiya Komitəsi
(DAK) və Azərbaycan Respublikasının üzv olduğu
beynəlxalq mülki aviasiya təşkilatları tərəfindən
qəbul edilmiş qaydaları, standartları, tövsiyə
etdikləri təcrübəni və prosedurları,
Avropanın Uçuşların Təhlükəsizliyi
Agentliyi ilə bağlanmış işçi sazişdən
irəli gələn öhdəlikləri, "Azərbaycan
Hava Yolları" QSC-nin və MAA-nın nizamnamələrini
rəhbər tutur. MAA Beynəlxalq Mülki Aviasiya Təşkilatının
(ICAO) mülki aviasiya sahəsində mütəxəssis
hazırlayan ali təhsil müəssisələrinin
reyestrinə daxil edilmişdir.
MAA-nın idarəetmə orqanları Elmi Şura və
rektorluqdur. Elmi Şura müvafiq əsasnamənin tələblərinə
uyğun olaraq formalaşdırılmışdır.
Elmi Şuranın tərkibi 51 nəfərdən (onlardan 3 nəfəri
AMEA-nın akademiki, 3 nəfəri AMEA-nın müxbir
üzvü, 17 elmlər doktoru, 27 elmlər namizədi və 7
elmi dərəcəsi olmayanlar) ibarətdir. Elmi Şuranın
iş planlarının və protokollarının təhlili
göstərir ki, müzakirəyə çıxarılan məsələlər
ümumilikdə akademiyanın cari və perspektiv
inkişafının həllinə yönəlmişdir. Elmi
Şura və rektorluq akademiyanın fəaliyyətinin idarə
edilməsini Tədrisin Təşkili və Elmi Kadrların
Hazırlığı İdarəsi, fakültə, kafedra və
digər struktur bölmələri ilə birlikdə əlaqəli
şəkildə həyata keçirir.
MAA-nın ixtisaslarının tədris prosesi baza təhsil
proqramları əsasında hazırlanmış, Dövlət
Mülki Aviasiya Administrasiyası tərəfindən bəyənilmiş
və MAA-nın Elmi Şurasında təsdiq edilmiş tədris
planları əsasında həyata keçirilir. Tədris
olunan 1000-dən ardıq fənn proqramı kafedralar tərəfindən
yeniləşdirilmiş, kafedraların iclaslarında,
fakültələrin elmi şuralarında və
akademiyanın Elmi-Metodik Şurasında baxılaraq, Təhsil
Nazirliyində qrif alınması üçün tövsiyə
olunmuşdur. Fənn proqramlarının Azərbaycan
Respublikasının Dövlət Mülki Aviasiya
Administrasiyası tərəfindən bəyənilməsi zəruridir.
Proqramların bir hissəsi Təhsil Nazirliyinin
qrifini almışdır. Qrifi olmayan
proqramlar qrif almaq üçün Mülki Aviasiya
Administrasiyası tərəfindən seçilərək Təhsil
Nazirliyinə təqdim olunur.
Beləliklə,
Milli Aviasiya Akademiyasında kadr hazırlığı prosesi bütün
sahələrdə elmi-praktiki-hüquqi əsaslara söykənmək
və prosesin gedişinə ciddi nəzarət etmək prinsipi
üzərində qurulmuşdur. Bu da,
sözsüz ki, uğurlara aparan əsas yoldur.
Akkreditasiya və nəticələr
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin "Təhsil müəssisələrinin
akkreditasiyası Qaydaları"nın təsdiqi
barədə 28 sentyabr 2010-cu il tarixli qərarına uyğun
olaraq, Təhsil Nazirliyinin 28 mart 2011-ci il tarixli məktubuna əsasən
2012-ci ilin mart ayında "Azərbaycan Hava Yolları"
Qapalı Səhmdar Cəmiyyətinin Milli Aviasiya
Akademiyasının akkreditasiyasının keçirilməsi nəzərdə
tutulmuşdur. Bununla əlaqədar MAA-nın rektorunun 2011-ci il 28 dekabr tarixli əmri ilə
Özünütəhlil komissiyası
yaradılmışdır...
Akademiyanın
Özünütəhlil komissiyasının sədri,
MAA-nın tədris işləri üzrə prorektoru Ədalət
Səmədov bununla bağlı dedi:
-
Özünütəhlil komissiyası bir neçə ay ərzində
gərgin işləyərək akademiyanın bütün fəaliyyət
sahələrini yoxlamadan keçirdi, dərindən təhlil etdi. Sonda
komissiyanın gəldiyi nəticə belə oldu: Milli Aviasiya
Akademiyasının fəaliyyəti Azərbaycan Respublikası
Təhsil Nazirliyi, "Azərbaycan Hava Yolları"
Qapalı Səhmdar Cəmiyyəti və digər mərkəzi
icra hakimiyyəti orqanları tərəfindən təsdiq
edilmiş normativ-hüquqi sənədlərin, Milli Aviasiya
İdarəetmə Sistemi, tədris sənədləri,
struktur bölmələrinin qarşılıqlı fəaliyyətinin
təşkili mövcud qanunvericiliyə və MAA-nın
Nizamnaməsinin, Mütəxəssis
hazırlığının məzmunu Dövlət Təhsil
Standartlarının tələblərinə uyğundur. Mütəxəssis hazırlığının
keyfiyyəti qənaətbəxşdir, təhsilalanların mənimsəmə
səviyyəsi "yaxşı" qiymətləndirilir.
MAA-da elmi-tədqiqat işlərinin vəziyyəti,
tərbiyə işlərinin təşkili, beynəlxalq əməkdaşlıq
fəaliyyəti, maddi-texniki baza, sosial-məişət şəraiti
və maliyyə təminatı mövcud tələblərə
cavab verir.
- Son nəticə
necə oldu? MAA-nın akkreditasiyası, 20 illik fəaliyyəti
hansı qiymətə layiq görüldü?
- Milli Aviasiya Akademiyasının akkreditasiyası üzrə
hesabat akademiyanın Elmi Şurasında müzakirə olunaraq
təsdiq edildi və Təhsil Nazirliyinə göndərildi. Bu günlərdə
şad xəbər aldıq. Azərbaycanın ali və orta ixtisas təhsili müəssisələri
arasında MAA qalib çıxıb. 100
ballıq qiymətləndirmə sistemində 96 bala layiq
görülmüşük. Bu isə
birinci yer deməkdir. Tezliklə Təhsil
Nazirliyinin qələbə sertifikatını alacağıq.
20
yaşlı Milli Aviasiya Akademiyasına, onun zəhmətkeş
kollektivinə daha böyük uğurlar arzulayırıq. Həmişə
qismətinizə yüksək əyarlı mükafatlar düşsün!
Yusif KƏRİMOV,
əməkdar jurnalist
Azərbaycan.-2013.- 22 yanvar.- S.6.