Zülmətdən azadlığa
20 Yanvar şəhidlərini torpağa tapşırdığımız gündən 23 il ötdü. Bizi qorxutmaq, qırmaq, sındırmaq istədilər, alınmadı, əksinə, daha mətin olduq, xarici təcavüzə barışmazlıq nümayiş etdirdik, dərd içində boğulsaq belə, azadlığımızı əldən vermədik, şəhid qardaş və bacılarımızın arzularını gerçəkləşdirdik. Bir daha yüksələn bayrağı daha yüksək ucalıqlara, azadlığın səmalarına qaldırdıq.
Hər il yanvarın 20-də bu
hadisələrin canlı şahidi kimi yuxum ərşə
çəkilir, səbirsizliklə səhərin
açılmasını gözləyirəm, müxtəlif
səhnələr gözümün önündə
canlanır, telekanallara baxıram, o müdhiş gecənin vəhşətlərini
sanki təkrar yaşayıram. Dəniz kimi
çalxalanıb ayağa qalxdıq, xalq kimi əzəmətimizi,
möhtəşəmliyimizi və gücümüzü hiss etdik.
Birləşdik, ucaldıq, imperiyanın
ambisiyaları, mərkəzin ədaləti, böyük
qardaşın qüdrəti, Sovetlər kimi möhtəşəm
dövlətin dünyanı səksəkədə saxlayan
nüfuzu sovet qoşunu Bakını işğal edən gecə sabun köpüyü kimi
partladı. Azadlıq sinəmizdən qopub
çıxan, başımızın üstündə nur
saçan atəşə bənzəyirdi. Qaranlıq gecələrdə
belə bu odun atəşinə söykənib gedirdik. Biz özümüzü ayrı-ayrılıqda gəzən
insanlar kimi yox, qaynayıb-qarışan və coşan təlatümlü
dəniz, qarşısına çıxan hər şeyi
kökündən qoparıb atan, cilovlanması mümkün
olmayan sel kimi hiss edirdik. Əmin idik ki, qarşımızda
kimsə duruş gətirməyəcək, vahimələnəcək,
ordu belə geri çəkiləcək. Bir də o ordunu yad bilmirdik,
hamımız sovet ordusunda qulluq etmişdik. Əliyalın
idik, silahsız-sursatsız idik. Ömrümüz boyu
içimizdə nağıl kimi dillənən əfsanəvi
azadlığın dadını hiss edib ona sarı cumurduq, pərvanələr
odun işığına gedən kimi.
Telekanallardan birində İlhamla Fərizədən
veriliş gedir. Onların ailə üzvləri danışır.
İlhamın qardaşı Elxanı 20 ildən
artıqdır ki, tanıyıram, birinci dəfədir onun
ağladığını görürəm. Möhkəm,
iradəli insandır, ancaq aradan bir qərinə ötməsinə
baxmayaraq, xatirələr onu kövrəldir. Yenə də o müdhiş gecənin
səhəri minlərlə ağlayan kişi, yas içində
olan bir ölkə yadıma düşür. Bir də
Qorbaçovun Berlin hasarını və Sovet
İttifaqını dağıtdığına görə
Nobel Sülh mükafatını alması. Berlin divarı
uçurdulanda alman xalqı birləşdi, Sovet
İttifaqı dağılanda isə bu məkanda müharibə
ocaqları alışdı.
Xatirələrin
ağırlığından geyinib bayıra
çıxıram, işığa bələnən sakit
şəhərin Xəzərin qucağında uyumasına
inanmaq olmur. Bakı bütün əzəməti və
gözəlliyi ilə acı hadisələrin izini
hörümçək toru kimi qırıb atıb. Göydələnləri,
saysız-hesabsız işıqları, alışıb-yanan
yolları ilə bərq vuran Bakı dünyanın ən
gözəl və dinc şəhəridir. Dan yeri
söküldükcə, binaların silueti tədricən
aydınlaşır,
bütün gözəlliklər doğan günəşin
və şəhərin küçələrinə
hamıdan tez çıxan sakinlərin üzünə açılır.
Zamanın çarxını geri fırladıb bu günə
23 il əvvəlin qanlı yanvarından baxanda verilən
qurbanların, tökülən qanların nə qədər əziz
və müqəddəs olduğunu dərk edirsən. Ölkənin
bugünkü dincliyinə, əmin-amanlığına,
azadlığına sevinir, şəhidlərimizin
ucaltdığı bayraqların şəhərin sinəsində
və ölkənin hər yerində necə vüqarla
dalğalandığını qürurla seyr edirsən.
23 il əvvəl
o müdhiş günlərdə isə zülmətin
içində dolaşırdıq. Xoflu bir qaranlıq ruhumuza
hakim kəsilmişdi. Hər gün dan yeri qızarıb
günəş doğsa da, sonu bilinməyən
qaranlıqların vahiməsi ölkəni əbədi
zülmətin ağuşuna almışdı. Qiyamət
günündə olduğu kimi, heç kim sübhün
açılacağını, günəşin üfüqlərə
nur çiləyəcəyini gözləmirdi. Həyat
bitmişdi, tükənmişdi. Qaranlıqların
hökmranlığına rəvac verilmişdi. Yaşamaq,
sağ qalmaq və şəhidlərin qisasını almaq, səhərləri
qarşılayıb, gecələrin ürək didən
sıxıntılarından qurtarmaq üçün
böyük qüvvə və əzm lazım idi.
Keçmiş İttifaqda ən güclü sima sayılan
Heydər Əliyevin Moskvada bu hadisələrə etiraz edərək,
bəyanat verməsi xalqın gücünü birə on
artırdı, bütünlükdə azadlıq hərəkatına
təkan verdi.
20 yanvar
yaddaşlarda günahsız insanların qətlə yetirildiyi
gecə kimi qaldı. Bakıya yeridilən sovet ordusu iblis sürüsü, Qorbaçov xallı qatil titulunu
qazandı. O gecə haqqın, ədalətin, vicdanın və
gələcək Azərbaycan dövlətçiliyinin
çarmıxa çəkildiyi bir gecə idi. Bu gün də
bizə israrla demokratiya dərslərini verən Avropa
Qorbaçovu qucağına aldı, onun törətdiyi cinayətləri
Nobel mükafatı ilə qiymətləndirdi.
İnsana
da, xalqa da güclü olmaq üçün öz
keçmişinə, kökünə güvənmək
lazımdır. Bizi özümüzdən savayı kimsə
güclü və qüdrətli etməyəcək, əksinə,
müasir dünya elə qurulub ki, içindən zəifləyən
və qarşıdurmaların girdabına yuvarlanan istənilən
dövləti didib-parçalayırlar.
20 yanvar
gecəsi də belə gecələrdən biri idi. Səmavi
kitablardan birində deyilir ki, əvvəl Söz olub, Tanrı
gündüz olsun deyib, gündüz yaranıb, gecə olsun
deyib, gecə yaranıb. Yanvarın 19-dan 20-nə keçən
gecə güllələnən yüzlərlə insan,
dağım-dağım edilən şəhərlə bərabər,
Tanrının ən müqəddəs kəlamı da qətlə
yetirilmişdi. Sözlə kimsəni kiritmək, kiməsə
baş verənləri izah etmək olmurdu. Adamların gözlərinə
baxırdın, içlərini görürdün. Hərə
elə bil ki, əlinə bel, külüng alıb Çəmbər
kənd məzarıstanında şəhidlərə yox, sərgərdan
ruhunun viran qalan xarabalıqlarında dolaşaraq heç kimi,
heç nəyi görmədən özünə məzar
qazırdı. Qan-tər və göz yaşları içində.
Kişilər ağlamaz, deyirlər. Lakin o gün ağlayan
kişiləri kimsə qınamadı. Çünki o
kişilər qorxularından, dərddən, ölənləri
itirmələrindən daha çox özlərinə, sağ
qalmaqlarına ağlayırdılar. Ölənlərin
ömür yükünü necə çəkəcəklərinə
ağlayırdılar.
Biz bu
gün misilsiz faciələrdən qalib çıxaraq
güclü dövlətə çevrilən xalq kimi
öyünə bilərik. Bu, bizim haqqımızdır.
Yadıma o qanlı günlərdə şəhərin
yollarına tökülüb aqibətinə ağlayan qərənfillər
düşür. 20 Yanvar hadisələri zamanı Bakıya
ezam olunan tələbə dostum, "Komsomolskaya pravda" qəzetinin
müxbiri Volodya Medvedevin Bakıda insanların nəcibliyinə,
ləyaqətinə heyran qalmasını indi də unutmur:
"Üzümüzə tüpürə bilərdilər,
çörək verməyə bilərdilər. Amma elə
böyük faciənin içində insanlar diqqətli və
qayğıkeş idilər". Onun yazısı dərc
olunmadı. Moskvaya qayıtdıqdan sonra Puşkin meydanında
yenə də qərənfillərin
satıldığını görmüşdü. Amma
Bakıda illər boyu qərənfil satılmadı. Ona
görə ki, bütün ölkə "qərənfil
gözləri" ilə qan ağlayırdı. Maşına
minib Bakı kəndlərindən birinə qərənfillərin
bugünkü aqibəti ilə maraqlanmağa gedirəm.
Maştağada siması ürək açan ağsaqqalla
salamlaşıram, adını, nə sənətin sahibi
olduğunu soruşuram.
- Muradxan
Azadov, - deyib özünü təqdim edir. - Müxtəlif
işlərdə işləmişəm, Abşeron rayonunda
baş aqronom da olmuşam. İndi təqaüdçüyəm,
Şəhidlər xiyabanına gedirəm.
Qərənfilləri
soruşuram. Muradxan kişi danışır ki, 1990-cı ildə
Zabratda yaşayırdı, torpaq sahəsi də var idi.
- Qərənfil
əkmişdim. Yanvar hadisələrində 850-yə yaxın
qərənfili dərib Bakıda pulsuz payladım. Ondan sonra da
bir neçə il belə etdim. İndi qocalmışam,
torpağım da yoxdur. Ancaq düşünürəm ki, biz
bu ənənəni davam etdirməliyik, yaşatmalıyıq.
Şəhidlərimizin ruhuna, keçmişimizə bir ehtiram
kimi.
Bahadur İMANQULİYEV
Azərbaycan.-2013.- 23 yanvar.- S.7.