Serj Sarkisyan ermənilərin
olmayan bir şəhərdə
yuxarı başda əyləşib, ermənilərin olmayan başqa
bir şəhərin xarabalıqlarının yubileyini qeyd etməyə
hazırlaşır
Ermənistan
prezidenti Serj Sarkisyan "Azadlıq" radiosuna müsahibəsində
demişdir ki, Azərbaycan rəhbərləri
"Dağlıq Qarabağı özlərininki hesab etməklə
kifayətlənmir, onlar artıq belə hesab edirlər ki, Ermənistan
Azərbaycan torpaqlarında yaradılmışdır, onlar
artıq belə hesab edirlər ki, Yerevan Azərbaycanın
tarixi ərazisidir. Özü də bu sözləri
adını cəmi 100 il bundan əvvəl almış
ölkənin prezidenti deyir. Biz isə tezliklə Yerevanın
2800 illiyini qeyd edəcəyik".
Ermənistan
rəhbərinin bu sözləri yalnız onu göstərir
ki, onun başçılıq etdiyi dövlətdə tarix
elmi acınacaqlı vəziyyətdədir.
Gənc
qonşu dövlətin çaşmış prezidentinə
xatırlatmaq lazımdır ki, o, həqiqətən, bir
neçə min il bundan əvvəl mövcud olmuş qədim
Urartu dövlətinin Erebuni şəhərinin
xarabalıqlarında deyil, əsası nisbətən yaxın
vaxtda, özü də bu yerlərin azərbaycanlı
hökmdarı Rəvanqulu xan tərəfindən qoyulmuş
şəhərdə əyləşmişdir.
Ömrünü çoxdan başa vurmuş və
çox-çox uzaqlarda yerləşmiş Erebuniyə
heç bir aidiyyəti olmayan bu şəhərə azərbaycanlı
xan öz adını vermişdir - İrəvan (İr-Rəvan).
İrəvanın əsası qoyulan gündən ta XX əsrin
əvvəlinə qədər bu şəhərin əhalisinin
böyük əksəriyyəti azərbaycanlılar
("tatarlar") olmuşdur, bunu hətta Çorc Burnutyan,
Ronald Suni, Riçard Ovannisyan və başqa erməni
tarixçiləri də təsdiq edir. Qoy bu gün İrəvanda
əyləşən Sarkisyan 1828-ci ildə həmin şəhəri
fəth etmiş rus generalları şəhərin
açarlarını kimin əlindən aldıqlarını
xatırlasın. Hətta general Paskeviç də
yazırdı ki, İrəvan xanlığının əhalisinin
3/4 hissəsini müsəlmanlar təşkil edir (ruslar Cənubi
Qafqaz azərbaycanlılarını o vaxt belə
adlandırırdı, sonra isə "tatarlar" terminindən
istifadə etməyə başladılar). İrandan və
Osmanlı imperiyasından etnik ermənilərin 1828-ci ildə
başlanan və 70 il davam etmiş immiqrasiyasından, paralel
olaraq yerli azərbaycanlı əhalinin əks istiqamətdə
köçürülməsindən sonra gəlmə ermənilərin
çoxluq təşkil etdiyi İrəvan şəhəri
guya "qədim erməni şəhəri"
"Erebuni"nin müasir variantı kimi qələmə
verilmiş və bu fakt Sarkisyanın əcdadlarının
qızğın fantaziyasının inkişafına təkan
vermişdir.
Buna
görə də qoy kəmsavad Sarkisyan Azərbaycan şəhərində
əyləşərək qonşu Urartu dövlətinin
xarabalıqlarının yubileyini qeyd etsin,
sağlığına qismət...
Yeri
gəlmişkən, Erebuninin də erməni tarixinə
heç bir aidiyyəti yoxdur, çünki bu şəhərin
təməlini qoymuş hürrit dilli urartlar və Urartuya uzaq
Frigiyadan gəlmiş hind-Avropa hayları tamamilə müxtəlif
xalqlar olmuşlar, avtoxton urartlar tarix səhnəsindən gedəndən
sonra isə gəlmə haylar çoxəsrlik adətləri
üzrə, başqa xalqın bütün mədəni və
tarixi irsinin mənimsəməyi qərara almışlar,
çünki özlərinin bu cür irsi yox idi. Yeni ərazilərdə
hayların öz tarixi izlərinin qıtlığı və
natamamlıq kompleksi Sarkisyanın həmyerlilərini sonralar
Dağlıq Qarabağda, Zəngəzurda və ətraf vilayətlərdə
xristian albanların mədəni irsini mənimsəməyə
başlamağa sövq etmişdir.
İkincisi,
Azərbaycan (Atropatena) adı yüz il bundan əvvəl deyil,
bir neçə min il bundan əvvəl yaranmışdır.
Azərbaycanlıların polietnik əcdadları Araz
çayının hər iki tərəfində çox
geniş əraziləri əhatə edən ilk dövlətlərini
- Manna, Midiya, Atropatena, Qafqaz Albaniyası, Atabəylər
dövləti, Ağqoyunlu, Qaraqoyunlu, Səfəvilər,
Avşarlar, Qacarlar və digər dövlətləri yaradanda
bu diyarda nə "Ermənistandan" əsər-əlamət
vardı, nə də haylardan. Qafqazda "Ermənistan" ilk
dəfə 1828-ci ildə, Rusiya imperatorunun Azərbaycanın
keçmiş İrəvan və Naxçıvan
xanlıqlarının ərazisində "Ermənistan vilayəti"
adlı bir qurum yaradılması haqqında fərmanı ilə
yaranmışdır. Tarixi səliqə-sahman
baxımından, adında yalnız "Yeni" sözü
çatışmayan bu süni qurum sonralar bu gün Azərbaycanın
bir şəhərində əyləşərək ermənilərə
aidiyyəti olmayan tamamilə başqa bir şəhərin
yubileyini qeyd etməyə, bu münasibətlə bayram
süfrəsi açmağa hazırlaşanlar
üçün yeni vətən olmuşdur.
Halbuki
istər birinci, istərsə də ikinci şəhərin
yaradılmasına onların heç bir aidiyyəti olmamışdır.
Serj Azatoviç, sizin "Ermənistan" sərhəd
çayı Arazın o tayında qalmışdır. O da
siyasi mənada deyil, coğrafi mənada Ermənistandır,
etnik haylar bu adı əsas götürərək "erməni"
adlandırılmağa başlanılmışdır.
Üçüncüsü,
təkcə Bakı deyil, bütün sivil dünya
Dağlıq Qarabağı Azərbaycanın
özününkü, yəni onun tərkib hissəsi hesab
edir. Dünyanın qeyri-sivil hissəsinin fikri isə, xüsusən
bu sərsəm fikir Xocalı soyqırımının
birbaşa iştirakçısının dilindən səslənəndə,
Azərbaycan xalqı üçün əhəmiyyətsizdir.
AzərTAc
Azərbaycan.-2013.- 23 yanvar.- S.7.