Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-ın «McKinsey&Company»

 şirkətinin rəhbəri Dominik Barton ilə görüşü

 

Yanvarın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda ABŞ-ın qlobal layihələrinin idarəçiliyi üzrə tanınmış konsaltinq şirkəti "McKinsey&Company"nin rəhbəri Dominik Barton ilə görüşü olmuşdur.

Görüşdə "McKinsey& Company" şirkətinin rəhbəri Dominik Barton Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sahəsində mühüm layihələrin həyata keçirilməsində maraqlı olduqlarını bildirdi. Son vaxtlar Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının inkişafı üçün yaradılmış şəraitin ölkəmizdə bu sahədə layihələrin həyata keçirilməsində xarici investorların diqqətini cəlb etdiyini vurğuladı.

Azərbaycan Prezidenti İlham Əliyev informasiya-kommunikasiya texnologiyalarının genişləndirilməsində elm və təhsil sahələrinin inkişafının da vacib olduğunu və ölkəmizdə bu işə diqqətin artdığını dedi. Dövlət başçısı qeyd etdi ki, Azərbaycan dünyanın bu sahədə tanınmış müxtəlif şirkətləri ilə əməkdaşlıq etməkdə maraqlıdır.

 

AzərTAc

Azərbaycan.-2013.- 24 yanvar.- S.1.