Azərbaycanın birinci
xanımı Mehriban Əliyevanın Pakistanda layiq görüldüyü
«Humanizm simvolu-2012-ci ilin adamı» mükafatının təqdimat
mərasimi keçirilmişdir
Xəbər
verdiyimiz kimi, Pakistanın nüfuzlu "Daily Times" qəzeti
və Qadın Könüllülər Təşkilatı Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanı
"Humanizm simvolu-2012-ci ilin adamı" elan etmişdir.
Yanvarın 22-də İslamabadın "Serena" mehmanxanasında mükafatın təqdimat mərasimi
keçirilmişdir.
Tədbirdə
Pakistan Milli Assambleyasının sədri vəzifəsini icra
edən Fəsəl Kərim Kundi, Senatın sədr müavini
Sabir Bəluc, Milli Assambleyanın humanitar məsələlər
üzrə komitəsinin sədri, nazir Rubina Saadat Kaimxani,
Senatın məlumat və yayım komitəsinin sədri
Hacı Qulam Əli, müdafiə və müdafiə sənayesi
komitəsinin sədri Müşahid Hüseyn, xarici əlaqələr
komitəsinin sədri Hacı Adil, intizam komitəsinin sədri
Seyid Məshədi, daxili işlər komitəsinin sədri Məhəmməd
Talha Mahmud, senator Osman Seyfulla Khan, İslamabad Şəhəri
İcra Hakimiyyətinin başçısı Tarik Pirzada,
Pakistanın sabiq daxili işlər naziri, senator Vasim Xan, Milli
Assambleyanın deputatı Humayun Seyfulla Xan, İslamabad Sənaye
və Ticarət Palatasının sədri Zəfər Bəxtəvəri,
digər dövlət və hökumət adamları,
tanınmış ziyalılar, nüfuzlu universitetlərin
rektorları, jurnalistlər, bir sıra ölkələrin
İslamabaddakı səfirləri iştirak etmişlər.
Qadın
Könüllülər Təşkilatının sədri
xanım Samina Şah Azərbaycanın birinci xanımı
Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi
ilə Pakistanda həyata keçirilmiş humanitar layihələr
haqqında geniş məlumat vermişdir. Qeyd edilmişdir ki,
2007-ci ildə Mehriban xanım Əliyevanın təşəbbüsü
və dəstəyi ilə Pakistanın zəlzələdən
zərər çəkmiş Müzəffərabad şəhərində
qızlar məktəbi tikilmiş, 2012-ci ildə isə həmin
təhsil ocağı əsaslı təmir edilmiş, orada
yenidənqurma işləri aparılmışdır. Fond tərəfindən
Pakistanda silsilə humanitar yardım proqramları çərçivəsində
"Edhi Home" kimsəsizlər evində
sığınacaq tapan uşaqlara tibbi baxış və
hepatit B virusuna qarşı peyvəndləmə aparılmış,
Peşavar şəhərində "Akbar Care" Serebral
Paraliç İnstitutunda, həmçinin Xeybər Paxtunxva əyalətinin
Laki Marvat şəhərinin qadınlar və uşaqlar xəstəxanasında
imkansızlar üçün pulsuz müayinə təşkil
edilmiş, İslamabad şəhərinin "Kulsum
İnternational" klinikasında açıq ürək əməliyyatları
maliyyələşdirilmiş, Həmzə Fonduna (Peşavar)
müasir qanköçürmə avadanlığı və
laboratoriya ilə təchiz edilmiş təcili tibbi yardım
avtomobili və 2 min ədəd qanköçürmə paketi
hədiyyə edilmiş, Xeybər Göz Fondunun yeni binasının
inşası üçün maddi yardım göstərilmiş,
Pakistanın bütün əyalətlərində Ramazan
ayında iftar süfrələri təşkil edilmiş,
Qurban bayramında Lakki Marvat bölgəsində və Pəncab
əyalətində qurbanlıqlar kəsilərək əhalinin
kasıb təbəqəsinə paylanılmışdır.
Xanım
Samina Şah demişdir ki, "Daily Times" qəzeti və
Qadın Könüllülər Təşkilatı
bütün bunları nəzərə alaraq Mehriban
xanımı "Humanizm simvolu-2012-ci ilin adamı" elan
etmişdir.
Heydər
Əliyev Fondunun prezidenti Mehriban xanımın nəcib və
xeyirxah fəaliyyəti, rəhbərlik etdiyi fondun Pakistan da
daxil olmaqla xarici ölkələrdə həyata keçirdiyi
xeyriyyə tədbirləri barədə videoçarx
nümayiş etdirilmişdir.
Pakistan
Milli Assambleyasının sədri vəzifəsini icra edən
Fəsəl Kərim Kundi Azərbaycanın birinci
xanımı Mehriban Əliyevanın Pakistandakı fəaliyyətini
qardaş ölkələrimiz arasında dostluq münasibətlərinin
əyani göstəricisi kimi qiymətləndirmişdir. O,
Mehriban xanım Əliyevanın uşaq və qadınların
problemlərinin həlli ilə yaxından məşğul
olmasının Pakistanın böyük qızı Bənazir
Bhuttonun ideyaları ilə üst-üstə
düşdüyünü xüsusi
vurğulamışdır.
F.K.Kundi
Pakistan ilə Azərbaycan arasında inkişafda olan
qardaşlıq əlaqələrindən danışaraq bu
münasibətlərin həyatın bütün sahələrini
əhatə etdiyini bildirmişdir.
Pakistanda
hökumətin sosial problemlərin həlli istiqamətində
atdığı addımlardan, humanitar, səhiyyə və təhsilin
inkişafına yönəltdiyi diqqətdən danışan
Fəsəl Kərim Kundi Azərbaycanın birinci
xanımı Mehriban Əliyevanın təşəbbüsü
və dəstəyi ilə Pakistanın bütün əyalətlərində
keçirilən humanitar tədbirlərin iki xalq arasında
mövcud olan dostluq və qardaşlıq münasibətlərinin
daha da möhkəmləndirdiyini vurğulamışdır.
Sonra
Fəsəl Kərim Kundi Azərbaycanın birinci
xanımı Mehriban Əliyevanın təltif olunduğu
"Humanizm simvolu- 2012-ci ilin adamı" mükafatını
Azərbaycanın Pakistandakı səfiri Daşqın
Şikarova təqdim etmişdir.
Səfir
Daşqın Şikarov "Daily Times" qəzeti və
Qadın Könüllülər Təşkilatının rəhbərliyinə
və əməkdaşlarına təşkil olunmuş tədbirə
və Azərbaycanın birinci xanımını yüksək
mükafatla təltif etdiklərinə görə minnətdarlığını
bildirmişdir.
Diplomat
bu mükafatın Pakistan parlamentinin sədri vəzifəsini icra edən şəxs tərəfindən təqdim
olunması faktının xüsusi önəm kəsb etdiyini
vurğulamışdır.
Mərasim
məktəblilərin və tanınmış instrumental
qrupun ifasında konsert proqramı ilə başa
çatmışdır.
Təqdimat
mərasimi Pakistanın nüfuzlu mətbuat orqanlarında -
"Pakistan Observer", "The News", "Daily Times" qəzetlərində
və "The Nation", "DNA News", "Centreline", həmçinin
PTV, DRY News, Vakt TV, CNBC və digər yerli kanallarda geniş
işıqlandırılmışdır.
Şahin CƏFƏROV,
AzərTAc-ın xüsusi
müxbiri
İslamabad
Azərbaycan.-2013.- 24 yanvar.- S.3.