Azərbaycanın və Çinin beyin mərkəzləri arasında qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında memorandum imzalanmışdır

 

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) nümayəndə heyətinin Çinə səfərinin ikinci günü bu ölkənin Sosial Elmlər Akademiyasının Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya Tədqiqat İnstitutunda görüşlə başlamışdır.

SAM-dan AzərTAc-a bildirmişlər ki, görüşdə SAM-ın direktoru Fərhad Məmmədov Azərbaycanın müstəqilliyinin bərpasından sonra əldə edilən sosial-iqtisadi və siyasi nailiyyətlərdən danışmışdır. Qeyd edilmişdir ki, Azərbaycan Çində postsovet məkanı kontekstində öyrənilir. Lakin artıq Çində Cənubi Qafqaz və Azərbaycan üzrə mütəxəssislərin yetişdirilməsinin vaxtı çatmışdır.

Ölkəmizin iqtisadi potensialı, qeyri-neft sektorunun inkişafı, Azərbaycan-Çin əlaqələrinin genişləndirilməsi imkanları institutun mütəxəssislərinin diqqətini cəlb etmişdir.

F.Məmmədov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, İranın nüvə proqramı ilə bağlı dövlətimizin mövqeyi və Suriyadakı proseslərə dair bir çox sualları cavablandırmışdır. O,  Çinin Azərbaycanın ərazi bütövlüyünü tanımasının ölkəmizin tərəfindən yüksək qiymətləndirildiyini xüsusi olaraq qeyd etmişdir.

Daha sonra SAM ilə Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya Tədqiqat İnstitutu arasında qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında memorandum imzalanmışdır.

İnstitutun direktor müavinləri Sun Li və Li Jinfenq bu ilin iyununda Azərbaycana səfər etmək istədiklərini bildirmişlər.

İmzalanma mərasimində Azərbaycanın Çindəki səfiri Lətif Qəndilov da iştirak etmişdir.

Xatırladaq ki, hər iki beyin mərkəzi bir neçə birgə tədqiqat layihələri həyata keçirir.

Həmin gün Azərbaycan nümayəndə heyəti Çin Daxili İşlər Nazirliyinin Avropa və Mərkəzi Asiya ilə əlaqələr şöbəsinin müdiri Janq Xanxuey ilə görüşmüşdür.

Görüşdə Azərbaycan-Çin ikitərəfli münasibətlərinin hazırkı səviyyəsi müzakirə edilmiş, hər iki ölkənin mütəxəssislərinin araşdırması üçün mövzular müəyyənləşdirilmişdir.

F.Məmmədov Çin tərəfinə Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzv seçilməsində dəstəyinə görə təşəkkürünü bildirmişdir. O, Avrasiyada inteqrasiya məsələlərində, Asiya və Avropa arasında nəqliyyat dəhlizinin formalaşmasında və eləcə də qeyri-neft sektorunun inkişafında Azərbaycanın artan rolunu xüsusi vurğulamışdır. Belə olduğu halda Azərbaycan-Çin əlaqələri üçüncü bir dövlətdən asılı olmayaraq, bərabərhüquqlu tərəflər arasında qarşılıqlı mənfəət əməkdaşlığı kimi davam etməlidir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan F.Məmmədov bildirmişdir ki, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi, lakin işğalçı dövlət tərəfindən hələ də yerinə yetirilməyən dörd qətnamə bütün dünyada təhlükəsizlik sistemini təhdid edir. Bir dövlətə qarşı törədilən ədalətsizliyin gələcəkdə başqa çoxmillətli ölkəyə qarşı təkrarlanmaq təhlükəsi vardır.

F.Məmmədov Azərbaycan kimi Çinin də münaqişələrin həllində BMT-nin rolunun artmasının tərəfdarı olduğunu vurğulamışdır.

J.Xanxuey ölkələr arasında qarşılıqlı əlaqələri müsbət qiymətləndirmiş, Azərbaycanın Çindəki səfirliyinin yüksək fəallığını qeyd etmişdir. O, Azərbaycanın Çin ilə bağlı tədqiqat işlərinin fəallığından razılığını bildirmişdir. J.Xanxuey iki ölkənin bir-biri haqqında daha çox məlumatlanması üçün beyin mərkəzləri arasında müzakirələrin tez-tez təşkil olunmasının vacibliyini vurğulamışdır.

Azərbaycan nümayəndə heyətinin Çinə səfəri başa çatmışdır.

 

 

Azərbaycan.-2013.- 24 yanvar.- S.3.