Xocalı faciəsi növbəti dəfə beynəlxalq səviyyədə soyqırımı kimi tanınmışdır

 

İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Parlamentlər İttifaqının (İƏT Pİ) Sudanın paytaxtı Xartum şəhərində keçirilən 8-ci sessiyası başa çatmışdır.

Sessiyada Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumu (DƏ-İKGF) tərəfindən təqdim olunan layihə əsasında "İƏT Pİ və DƏ-İKGF arasında əməkdaşlıq" adlı qətnamə qəbul edilmişdir.

 DƏ-İKGF-nin İstanbuldakı baş qərargahından AzərTAc-a bildirmişlər ki, qətnamənin "Xocalıya ədalət" kampaniyası ilə bağlı paraqrafında İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrdən 51-nin nümayəndələrini sıralarında birləşdirən İƏT Pİ Xocalı faciəsini erməni silahlı qüvvələri tərəfindən dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı aktı kimi tanımış və faciəni insanlıq əleyhinə cinayət adlandırmışdır. Faciəni törədənlərin hüquqi məsuliyyətə cəlb olunmasının tələb edildiyi qətnamədə, həmçinin DƏ-İKGF-nin mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə irəli sürülmüş "Xocalıya ədalət" beynəlxalq məlumat və təşviqat kampaniyasının əhəmiyyəti vurğulanmışdır. Bundan başqa, sənəddə İƏT Pİ-yə üzv parlamentlərdə hadisəyə müvafiq hüquqisiyasi qiymət, "Xocalıya ədalət" kampaniyasına isə dəstək verilməsinə çağırılmışdır. Sənəd üzv parlamentlərin sədrlərinin və deputatlarının iştirakı ilə yekdilliklə qəbul edilmişdir.

Xatırladaq ki, 2012-ci ilin noyabr ayında Cibutidə keçirilən İƏT Xarici İşlər Nazirləri Şurasının 39-cu sessiyasında DƏ-İKGF-nin irəli sürdüyü qətnamə əsasında təşkilata üzv olan 57 ölkənin xarici işlər nazirləri Xocalı faciəsini soyqırımı aktı kimi tanımış və bu qətliamı insanlığa qarşı törədilmiş cinayət adlandırmışdır.

Qətnamədə, həmçinin DƏ-İKGF tərəfindən həyata keçirilən beynəlxalq "İƏT Modeli" proqramına dəstək ifadə edilmiş, xüsusilə, proqram çərçivəsində Milli Gənc Parlamentlər Modeli üzrə əməkdaşlığın vacibliyi vurğulanmışdır.

 

 

Azərbaycan.-2013.- 24 yanvar.- S.3.