Mövqeyini itirmiş
«ziyalı»dan «üçüncü
qüvvə» olarmı?
Rüstəm
İbrahimbəyov, Eldar Namazov
və onların Moskvadakı həmfikirləri
antimilli siyasət yürüdürlər
Azərbaycan ziyalısı cəmiyyətdə
hər zaman öz mövqeyi ilə hadisələrə
münasibəti, dövlətçiliyə sədaqəti, vətəndaşların
fikir və düşüncələrini istiqamətləndirmək
bacarığı ilə seçilən insandır. Onlar
üçün ən vacib olan cəmiyyətin mənəvi
saflaşması, insanların bir-birini başa düşməsi,
cəmiyyətdə birgəyaşayış prinsiplərinin
daha möhkəmlənməsi yolunda mühüm addımların
atılmasına dəstək verməkdir. Ancaq bu gün
adını "ziyalı" qoyan bir qrup şəxs Azərbaycan
ziyalısı adına yaraşmayan hərəkət edir və
ölkə ictimaiyyəti arasında çaşqınlıq
yaratmaqla məşğuldur. Əslində, həmin qrupa
toplaşan şəxslər xalqı, milli maraqları deyil,
yalnız özlərini düşünür və öz məqsədlərinə
çatmaq üçün hər cür yola əl
atırlar.
"Ziyalılar
forumu" adlı qondarma qurumda təmsil olunan Eldar Namazov,
Rüstəm İbrahimbəyov kimi reneqatlar öz
ambisiyalarını həyata keçirmək üçün
səy göstərirlər.
Bu məsələyə
münasibət bildirən Milli Məclisin deputatı Qalib
Salahzadənın sözlərinə görə,
"Ziyalılar forumu" adlanan qurum boş-boş işlərlə
məşğuldur. Özlərini reklam etmək istəyən
bəzi "ziyalılar" bu qurumda bir araya gəlib mənasız
fəaliyyətlə məşğuldurlar: "Ziyalı xalq,
dövlət üçün vacib məsələlərin həllinə
öz töhfəsini verməlidir. Bir cəmiyyətin
ziyalısının vəzifəsi ondan ibarətdir ki, o
öz işi ilə məşğul olmaqla yanaşı, bu cəmiyyətin
ağrısını, acısını da çiynində
daşıya bilsin. Belə "ziyalı" qrupunda təmsil
olunan şəxslərin ümummilli maraqlar pərdəsi
altında gizlənərək şəxsi ambisiyaları
uğrunda mübarizə apardıqları hər kəsə bəllidir.
Kimisi ziyalı adından istifadə edib imkanlarını
genişləndirmək istəyir, kimisi dövlət əleyhinə
çıxışlar edib reklam olunmaq istəyir. Belə
insanları necə ziyalı adlandırmaq olar? Onların məqsədləri,
niyyətləri hər kəsə bəllidir".
Deputat
bildirdi ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyəti
göz qabağındadır. Azərbaycanın sosial-iqtisadi
inkişafı, dünyaya inteqrasiyası və Cənubi
Qafqazda lider dövlətə çevrilməsi məqsədyönlü
siyasətin nəticəsidir. Azərbaycan ictimaiyyəti isə
kimin kim olduğunu yaxşı anlayır.
Milli
Məclisin deputatı Rüfət Quliyev isə hesab edir ki,
"Ziyalılar forumu" adlı qurumun Azərbaycan
ziyalılarının adından istifadə etmələri
absurd bir şeydir: "Burada təmsil olunanlar bu və ya digər
sahədə şəxsi maraqlarını güdən
cılız bir qrupdur və onların Azərbaycan
ziyalılarının adından danışmağa nə mənəvi,
nə də hüquqi haqları yoxdur. Rəhmətlik Mirzə
Ələkbər Sabir demişkən: "Kim sizi qəyyum
edib hökm edəsiz bizlərə".
Deputatın
fikrincə, əsl ziyalı öz mövqeyini dəyişməz
və həmişə bir məsləkin
daşıyıcısı olar. Müəyyən sahələrdə
öz mövqelərini itirmiş bu şəxslər hakimiyyət
iddiasına düşərək, indi özlərini
"üçüncü qüvvə" adlandırır və
Moskvadakı həmfikirləri də daxil olmaqla antimilli siyasət
yürüdürlər. Onun sözlərinə görə,
Rusiyanın özündə də elə qüvvələr
var ki, Azərbaycanın müstəqil siyasət xəttindən
qıcıqlanır, ölkədə qarışıqlıq
salmağa cəhd göstərirlər. Lakin onların
bütün cəhdləri əbəsdir. Çünki Azərbaycan
xalqı artıq ağı qaradan yaxşı seçir.
Onların hakimiyyətə gəlmək kimi xülyaları xəstə
təxəyyüllərinin məhsulundan başqa bir şey
deyil. Xalq arasında heç bir dayağa malik olmayan bu qüvvələr
aqressiv müxalifət dəyirmanına su tökməklə
özlərini də xalqın gözündən
salmışlar.
R.Quliyev
onu da əlavə edib ki, Prezident seçkilərinin
keçiriləcəyi ildə onların xüsusi canfəşanlığının
mahiyyəti hamıya məlumdur. Xalqımız bir daha səhvə
yol vermək fikrində deyil və öz düzgün seçimini
edəcəkdir: "Tam əminliklə bildirirəm ki, əgər
günü bu gün Prezident seçkiləri keçirilsə,
xalqın 80-90 faizi cənab İlham Əliyevi dəstəkləyəcək"
- deyən deputat bildirib ki, Azərbaycan sabit və dinamik
inkişaf yolundadır və heç bir qüvvə dövləti
bu yoldan sapdıra bilməyəcək. Hər hansı bir
"üçüncü" qüvvənin təhdidləri,
şər və böhtanları fəaliyyətimizə mane
ola bilməyəcək. Belələrini əvvəllərdə
olduğu kimi, yenə də acı məğlubiyyət
gözləyir".
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.-2013.- 24 yanvar.- S.4.