Ötən il korrupsiyaya və rüşvətxorluğa
qarşı mübarizədə
yaxşı nəticələr əldə olunmuşdur
Yanvarın
23-də Baş Prokurorluğun Elm-Tədris Mərkəzində
Azərbaycan Respublikasının Baş Prokuroru yanında
Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən
2012-ci il ərzində korrupsiyaya qarşı mübarizə
sahəsində görülmüş işlərlə
bağlı mətbuat konfransı keçirilmişdir.
AzərTAc
xəbər verir ki, idarənin rəisi Kamran Əliyev və
Korrupsiyaya Qarşı Mübarizə üzrə
Komissiyanın katibi Vüsal Hüseynov görülmüş
işlər barədə ətraflı məlumat vermişlər.
Bildirilmişdir ki, ümummilli lider Heydər Əliyev siyasi irsinin layiqli davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda 2012-ci ildə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkə həyatının bütün sahələrində yenidənqurma işləri görülmüş, yüksək sosial-iqtisadi inkişaf göstəricilərinə nail olunmaqla hüquqi, demokratik dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesləri yeni müstəviyə qaldırılmışdır.
Cari il yanvarın 15-də Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında dövlət başçısı ölkəmizdə həyata keçirilən korrupsiyaya qarşı mübarizə tədbirlərini müsbət qiymətləndirmiş, korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə yaxşı nəticələrin olduğunu, bu siyasətin məqsədyönlü şəkildə davam etdiriləcəyini bildirmiş, korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin daha ciddi aparılmasının, eyni zamanda institusional və sistem xarakterli tədbirlərin görülməsinin vacibliyini qeyd etmişdir.
Bildirilmişdir ki, Prezident İlham Əliyevin böyük siyasi iradə, əzm və qətiyyəti hesabına ölkədə korrupsiyaya qarşı ardıcıl və sistemli mübarizənin aparılması istiqamətində görülən işlərin, həyata keçirilən islahatların, təşkilati və institusional tədbirlərin səmərəliliyi artırılmışdır. Hesabat ilində bu sahədə bir sıra mühüm qanunvericilik və praktiki tədbirlər həyata keçirilmişdir.
Belə ki, Avropa Şurasının "Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında" Konvensiyasının 5-ci, 6-cı, 10-cu və 12-ci maddələrinə dair Azərbaycan tərəfindən edilmiş qeyd-şərtlərin ləğvi və bu konvensiyanın 2003-cü il 15 may tarixli Əlavə Protokoluna sözügedən sənədin Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində tətbiq edilməyəcəyi barədə bəyanatla qoşulması ilə əlaqədar ölkədaxili prosedurlar həyata keçirilmişdir.
Bundan başqa, Azərbaycan Beynəlxalq Antikorrupsiya Akademiyası "Beynəlxalq Təşkilat kimi təsis edilməsi haqqında" Sazişə qoşulmaqla bu qurumun tam hüquqlu üzvü olmuşdur.
Əməkdaşlığın davamı olaraq Baş prokuror Zakir Qaralovun rəhbərlik etdiyi nümayəndə heyəti ötən il noyabrın 29-30-da Vyanada "Beynəlxalq Antikorrupsiya Akademiyasının Beynəlxalq Təşkilat kimi təsis edilməsi haqqında" Sazişi ratifikasiya etmiş ölkə və təşkilatların yüksək vəzifəli nümayəndələrinin ilk assambleyasında iştirak etmişdir.
Bununla yanaşı, 2012-2015-ci illər üçün nəzərdə tutulmuş "Açıq Hökumətin təşviqinə və Korrupsiyaya qarşı mübarizəyə dair Milli Fəaliyyət Planları"nın təsdiqi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və onun tabeliyində əsas məqsədi şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi olan "ASAN xidmət" mərkəzinin yaradılması bu sahədə görülən böyük işlərdir.
Qeyd olunmuşdur ki, prokurorluq orqanları korrupsiya ilə mübarizəni öz fəaliyyətinin prioritet istiqaməti kimi müəyyən etmiş, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi 2012-ci ildə də fəaliyyətini uğurla davam etdirmişdir.
Ötən il idarə tərəfindən vətəndaşların 1198 müraciətinə baxılmış, 229 cinayət xarakterli material araşdırılmışdır. Bu materialların 58 faizi üzrə cinayət işi başlanmış, digər məlumatlar üzrə zəruri qabaqlayıcı tədbirlər görülmüşdür.
Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin 161 nömrəli "Qaynar xətt" əlaqə mərkəzinə bu müddət ərzində 5143 müraciət daxil olmuşdur. Həmin müraciətlərin 34-ü üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanmaqla istintaq aparılmış, onlardan 17-si üzrə ibtidai istintaq yekunlaşdırılaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilmişdir. Korrupsiya ilə əlaqədar olmayan müraciət müəlliflərinə mülki, ailə, mənzil, inzibati və digər hüquq sahələrində pozulmuş hüquqlarının bərpası yollarına dair ətraflı izahlar verilmişdir.
Prokurorluq orqanlarına korrupsiya cinayətləri üzrə əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətlərinin verilməsi Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən bu kateqoriyadan olan cinayətlərin aşkar edilməsi, qarşısının alınması istiqamətində səmərəli nəticələr əldə etməyə zəmin yaratmışdır.
Belə ki, hesabat dövründə törədilmiş və hazırlanan cinayətlər barədə idarənin əməliyyat qurumları tərəfindən 369 müraciət araşdırılmış, cinayət başında yaxalanmış şəxslər barəsində 29, o cümlədən korrupsiya hüquqpozmaları ilə əlaqədar toplanmış materiallar üzrə 4 cinayət işi başlanmışdır. Qeyd olunan cinayət işlərindən 23-ü üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilmişdir.
2012-ci il ərzində idarənin istintaq şöbəsi tərəfindən 298 şəxs barəsində 170 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilmişdir.
Əvvəlki illərlə müqayisədə hesabat dövrü ərzində korrupsiya cinayətlərinin ən təhlükəli formalarından olan passiv rüşvətxorluq (rüşvət alma) ilə istintaq olunan cinayət işlərinin sayı əhəmiyyətli dərəcədə artmışdır ki, bu da istintaq və əməliyyat qurumlarının səmərəli fəaliyyətinin birbaşa nəticəsidir. Məhkəmələrə göndərilmiş cinayət işlərindən 52 şəxs barəsində 32 iş rüşvət alma, 51 şəxs barəsində 33 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, 75 şəxs barəsində 44 iş qulluq mövqeyindən istifadə etməklə dələduzluq və digər faktlarla əlaqədar olmuşdur.
Ötən il ərzində məhkəmələrə göndərilmiş cinayət işləri üzrə vurulmuş cəmi 52 milyon 128 min manat ziyandan ibtidai araşdırma mərhələsində 25 milyon 972 manat və ya 49,82 faizi ödənilmiş, qalan ziyanın təqsirləndirilən şəxslərin əmlakları üzərinə həbs qoyulmaqla ödənilməsi üçün qanunla nəzərdə tutulmuş tədbirlər görülmüşdür.
Hesabat dövründə korrupsiyaya qarşı mübarizə sahəsində idarə əməkdaşları tərəfindən bir sıra qabaqlayıcı tədbirlər həyata keçirilmişdir.
Belə ki, daxil olmuş cinayət xarakterli məlumatların araşdırılması, eləcə də kütləvi informasiya vasitələrində verilmiş yazıların təhlili son vaxtlar çoxmənzilli yaşayış binalarının inşa edilməsi və belə binalarda mənzillərin vətəndaşlara satılması sahəsində kütləvi və ciddi qanun pozuntularına, dələduzluq hallarına yol verildiyini aşkara çıxarmışdır. İdarənin preventiv tədbirlər və təhqiqat şöbəsi tərəfindən 2012-ci ilin aprel ayında "Çoxmənzilli yaşayış binalarının tikilməsi üçün mənzil-tikinti kooperativlərinin yaradılması və mənzillərin satılması sahəsində problemlər və onların aradan qaldırılması yolları barədə" təkliflər hazırlanıb aidiyyəti qurumlara təqdim edilmişdir.
Korrupsiya ilə barışmaz mübarizə prokurorluq orqanlarında da həyata keçirilmiş, ötən il ərzində 3 prokurorluq işçisi barəsində 2 cinayət işi istintaq edilərək baxılması üçün aidiyyəti məhkəmələrə göndərilməklə müvafiq ittiham hökmləri çıxarılmışdır. Bundan əlavə, idarənin Daxili Təhlükəsizlik Xidməti tərəfindən aparılmış araşdırmalar nəticəsində 4 prokurorluq əməkdaşı intizam tənbehi ilə cəzalandırılmaqla onlardan 1-i tutduğu vəzifədən azad edilmiş, 1-i isə prokurorluq orqanlarından xaric edilmişdir.
Hesabat dövründə idarə tərəfindən korrupsiyaya qarşı mübarizə fəaliyyətində qeyri-hökumət təşkilatları ilə sıx münasibətlərin qurulmasına xüsusi önəm verilmiş, bu əməkdaşlığın təzahürü kimi Korrupsiyaya Qarşı Mübarizə İdarəsi və korrupsiya ilə mübarizə aparan QHT-lərin məlumat və əməkdaşlıq şəbəkəsi arasında Anlaşma Memorandumu imzalanmışdır.
Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığa, bu sahədə ixtisaslaşmış beynəlxalq qurumlar və digər ölkələrin müvafiq hüquq-mühafizə orqanları ilə əlaqələrin daha da genişlənməsinə xüsusi diqqət yetirilmişdir. 2012-ci ildə BMT-nin Korrupsiya əleyhinə Konvensiyasının implementasiyası çərçivəsində beynəlxalq əməkdaşlıq genişləndirilmişdir.
Eyni zamanda, BMT-nin müvafiq Konvensiyasının implementasiyası çərçivəsində dövlətlərin püşkatma yolu ilə seçimində Azərbaycan Respublikası Meksika Birləşmiş Ştatları üzrə dəyərləndirici dövlət qismində seçilmiş və bu yaxınlarda həmin prosesin başlanması nəzərdə tutulmuşdur.
Hesabat dövrü ərzində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ilə əlaqələr genişləndirilmiş, qurumun Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planına müvafiq olaraq Azərbaycan Respublikası üzrə 2-ci raund dəyərləndirmə hesabatında verilmiş tövsiyələrin icrası istiqamətində bir sıra mühüm addımlar atılmışdır.
Ötən il dekabrın 10-11-də İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Parisdə keçirilmiş yüksək səviyyəli görüşündə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov çıxış edərək təşkilatın Azərbaycan Respublikası üzrə 3-cü raund dəyərləndirməsinin başlanmasını dəstəkləmiş və 2013-cü ilin iyun ayının əvvəllərində Bakı şəhərində keçirilməsi planlaşdırılan Monitorinq missiyasının səfəri ilə əlaqədar zəruri tədbirlərin görüləcəyini bildirmişdir.
Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupu (GRECO) ilə Azərbaycan Respublikası arasında əməkdaşlıq uğurla davam etdirilmişdir.
2012-ci ildə idarə tərəfindən Beynəlxalq Prokurorlar Assosiasiyası, TAIEX, GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Avropa İttifaqı Şərq Tərəfdaşlığı çərçivəsində Demokratiya, yaxşı idarəçilik və sabitlik üzrə birinci çoxtərəfli Platformanın nəzdində yaradılmış "Korrupsiyaya qarşı mübarizə üzrə Panel", Avropa İttifaqı - Azərbaycan Əməkdaşlıq Komitəsi çərçivəsində fəaliyyət göstərən Ədliyyə, azadlıq, təhlükəsizlik, insan hüquqları və demokratiya üzrə Alt Komitəsi çərçivəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsinə xüsusi diqqət yetirilmişdir.
Qeyd
olunmuşdur ki, dövlət başçısının
Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi
inkişafının yekunlarına və 2013-cü ildə
qarşıda duran vəzifələrə həsr olunmuş
iclasında rüşvətxorluq və korrupsiya kimi neqativ təzahürlərə
qarşı daha ciddi mübarizə aparılması sahəsində
vermiş olduğu göstərişlərə uyğun olaraq
Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə
İdarəsi tərəfindən bundan sonra da korrupsiya
hüquqpozmalarını doğuran səbəb və şəraitin
müəyyən edilməsi və cinayətlərin qarşısının
alınması istiqamətində sistemli, ardıcıl və
qətiyyətli mübarizə tədbirləri davam etdiriləcəkdir.
Tədbirdə
iştirak edən qeyri-hökumət təşkilatlarının
nümayəndələri çıxış edərək
korrupsiyaya qarşı mübarizə sahəsində Baş
Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin
2012-ci il ərzində gördüyü işləri müsbət
dəyərləndirmişlər.
Tədbirdə QHT və kütləvi
informasiya vasitələrinin nümayəndələrinin
sualları ətraflı cavablandırılmışdır.
Azərbaycan.-2013.- 24 yanvar.- S.5.