Ermənistanın aeroport təxribatı

 

Artıq belə bir təsəvvür formalaşır ki, iqtisadi-sosial böhran burulğanında çapalayan Ermənistanda hakim rejim cəmiyyətin reaksiyasını "zərərsizləşdirmək" üçün daim axtarışlar aparır, vətəndaşların diqqətini mövcud problemlərdən yayındırmaq məqsədilə cürbəcür təxribatlara əl atır. Bu "layihə"lər təkcə təcavüzkar ölkənin özündə yox, həm də regionda vəziyyəti gərginləşdirməyə, nəticə etibarilə rəsmi Yerevanın bulanıq suda balıq tutması üçün şərait yaranmasına hesablanır.

İndi Ermənistan hakimiyyəti növbəti təxribatını həyata keçirməyə hazırlaşır. Söhbət işğal altında olan Xocalı şəhərində bərpa edilmiş hava limanının işə salınmasından gedir. Özübu təxribat kifayət qədər "uğurlu" alınmışdır: zarafat deyil, təxminən iki ildir ki, aeroport məsələsi müntəzəm olaraq gündəliyə gəlir, ictimaiyyəti məşğul edir, diqqətdən kənarda qalmır. Bir ilə yaxındır ki, hava limanının işə başlayacağı yeni-yeni tarixlər açıqlanır, açılış baş tutmayanda isə bunu "texniki səbəblər"lə əlaqələndirirlər. Artıq rəsmi Yerevan Xocalı aeroportunun fəaliyyətə başlayacağının konkret vaxtını elan etməkdən boyun qaçırır, "tarixi hadisə"nin bu gün-sabah baş verəcəyini bildirməklə kifayətlənir.

Məlum olduğu kimi, Ermənistan iki il əvvəl Xocalı şəhərindəki aeroportu bərpa edib işə salmaq fikrinə düşmüşdü. Layihəni reallaşdırmaq üçün ixtisaslaşmış xarici şirkətlərə müraciətlər cavabsız qalmışdı, çünki heç kim  belə bir perspektivsiz işə maraq göstərməmişdi. Bununla belə, erməni tərəfi diasporun köməyi ilə cürbəcür yollara əl ataraq zəruri avadanlıqlar alıb aeroportu hazır vəziyyətə gətirdi. Hava limanından uçuşlara başlamaq vaxtı gələndə isə məsələ qəlizləşdi: bunun üçün Azərbaycanın razılığı lazımdır, əks təqdirdə, aeroportun heç bir statusu olmayacaq, uçuşların təhlükəsizliyinə heç kim zəmanət verə bilməyəcək.

Qeyd edək ki, Azərbaycanın əlaqədar dövlət orqanları Ermənistanın bu təxribatı başlayandan sonra Beynəlxalq Mülki Aviasiya Təşkilatına yeddi dəfə Dağlıq Qarabağda qanunsuz aeroport tikintisi barədə rəsmi məlumat vermiş, təşkilat isə hər dəfə Ermənistana müvafiq xəbərdarlıq etmişdir. Rəsmi Bakı dəfələrlə xatırlatmışdır ki, aeroportun açılması təyyarə uçuşlarını tənzimləyən Çikaqo Konvensiyasına ziddir, üstəlik, Azərbaycanın ərazi bütövlüyününsuverenliyinin pozulması deməkdir, Azərbaycan isə hava məkanının pozulmasına icazə verə bilməz.

Amma Ermənistan, həmişə olduğu kimi, beynəlxalq hüquq normalarına məhəl qoymur. İşğalçı dövlət Xocalıda aeroportu işə salmaqla beynəlxalq qanunlara meydan oxuyur. Təbii ki, rəsmi Yerevan bu hərəkətinin Beynəlxalq Mülki Aviasiya Təşkilatının müəyyənləşdirdiyi qaydalara zidd olduğunu yaxşı bilir. Ermənistan tərəfi bu qaydalara riayət etmək əvəzinə, ritorikaya üstünlük verir: Dağlıq Qarabağdakı ermənilərin bütün bəşər övladları kimi təyyarə ilə uçmaq hüququ vars.

Lakin bu cür iddiaları beynəlxalq hüquqla əsaslandırmaq mümkün deyil. Ona görə də Ermənistan aeroport təxribatına beynəlxalq dəstək qazanmaqda çətinlik çəkir, hətta ən yaxın dostlarının həmrəyliyinə bel bağlaya bilmir. Həm beynəlxalq təşkilatlar, həm ayrı-ayrı dövlətlər, həm də ekspertlər Ermənistanın növbəti təxribatına mənfi yanaşır, rəsmi Yerevana bu addımdan çəkinməyi tövsiyə edirlər. Elə bu günlərdə Norveçin xarici işlər naziri Espen Bart Eide ölkəmizə rəsmi səfəri zamanı sözügedən məsələyə də toxunmuşdur. Norveçin mövqeyi kifayət qədər aydın və birmənalıdır: "Bizim Xocalı aeroportu ilə bağlı məsələyə münasibətdə mövqeyimiz bəllidir. Yerevana bildirmişik ki, bu aeroport vasitəsi ilə uçuşların həyata keçirilməsini pisləyirik. Ermənistan qarşı tərəfə yönələn təxribat xarakterli hərəkətlərə əl atmamalıdır".

Əslində kiçik bir aeroportun istifadəyə verilməsi istər Ermənistan, istərsə də Dağlıq Qarabağdakı erməni icması üçün elə bir əhəmiyyətli hadisə deyil, çünki onların hansısa problemini həll etmir. Dağlıq Qarabağın Ermənistandan savayı kənara çıxışı yoxdur. Ermənistanın özündən isə əhali xaricə (Dağlıq Qarabağa yox!) axışıb gedir. Elə Dağlıq Qarabağ erməniləri də Ermənistandakı soydaşlarının yolunu tuturlar. Odur ki, Ermənistanla Dağlıq Qarabağ arasında qarşılıqlı aviareyslərin həyati əhəmiyyətindən danışmaq lazım gəlmir. Güman ki, aeroport işə başlasa belə, az sonra sərnişin çatışmazlığı problemi meydana çıxacaq.

Xocalı aeroportunun işə salınması məsələsini ortaya atmaqla rəsmi Yerevan tamamilə başqa məqsədlər güdür. Söhbət ilk növbədə Qarabağ tənzimlənməsinə dair onsuz da dalana dirənmiş danışıqlar prosesini "ölü nöqtə"də saxlamaqdan gedir. Ermənistan rejimi danışıqları irəli aparmaq, beynəlxalq vasitəçilərin təkid etdiyi kimi, status-kvonu dəyişmək məqsədilə zaman-zaman irəli sürülən təşəbbüsləri pozmaq üçün həmişə müxtəlif bəhanələr gətirir, ağlasığmaz iddialar ortaya atır. Görünür, artıq bəhanə tapmaq da çətinləşir. Ona görə də rəsmi Yerevan bir daha danışıqlar stolu arxasına qayıtmamaq üçün "möhkəm" zəmin hazırlayır. Yəqin ki, Ermənistan strateqləri Xocalı aeroportunun yenidən açılmasını və bu məsələ ətrafında mübahisələrin qızışmasını belə bir zəmin hesab edirlər.

Digər tərəfdən isə, gələn ayın 18-də Ermənistanda prezident seçkiləri keçiriləcək. Seçkilərin faktiki olaraq alternativsiz keçəcəyi, Serj Sarqisyanın prezident postunu qoruyub saxlayacağı gözlənilir. Təbii ki, hansısa demokratik, şəffaf seçkidən söhbət gedə bilməz. Hakim rejim səsvermənin nəticələrini elə indidən müəyyənləşdirir. Bu isə ilk növbədə beynəlxalq ictimaiyyəti razı salmır. Özü də qarşıdan həm də 2008-ci il mart hadisələrinin ildönümü gəlir. Ermənistan cəmiyyəti hələ də beş il əvvəl prezident seçkilərindən sonra Yerevanda baş vermiş qanlı hadisələrin əsl səbəbkarlarının cəzalandırılacağını gözləyir. Çox güman ki, seçkilərdən sonra Ermənistan cəmiyyətində  narazılıq artacaq, iqtidar yenidən beynəlxalq ictimaiyyətin, hüquq-müdafiə təşkilatlarının tənqid obyektinə çevriləcək. Fevralın axırları-martın əvvəllərinə təsadüf edəcəyi təxmin olunan növbəti narazılıq dalğasını yatırmaq üçün Xocalı aeroportu məsələsini qızışdırmaqla diqqəti tamamilə başqa səmtə yönəltmək olar. Düşünülmüş "taktika"dır, deyilmi?

 

 

Allahverdi MEHDİYEV

 

Azərbaycan.-2013.- 24 yanvar.- S.5.