Çətinliklər arxada qalır

 

Zaqatala 2012-ci ildə iki dəfə təbiətin çətin sınağı ilə üz-üzə qaldı. Mayın 7-də və 18-də baş verən güclü zəlzələlərdən sonra əhalinin rahatlıqı pozuldu. Yeraltı təkanlar nəticəsində insan tələfatı olmasa da, qəzalar, dağıntılar baş verdi. Ancaq ölkə Prezidenti İlham Əliyevin dərhal fəlakət bölgəsinə gəlməsi, zəlzələnin vurduğu ziyanla yerində maraqlanması, insanlarla ünsiyyəti, onlara ürək-dirək verməsi və dövlətin yüksək qayğısı sayəsində bütün fəsadların tezliklə aradan qaldırılacağını bəyan etməsi zaqatalalıları, həmçinin Qaxda və Balakəndə təbii fəlakətdən ziyan çəkmiş sakinləri zəlzələ şokundan çıxardı, ümidləndirdi. İnsanlar bir daha əmin oldular ki, Azərbaycan dövləti və onun başçısı ən çətin məqamda belə öz vətəndaşının yanındadır.

Prezident İlham Əliyevin bəyan etdiyi kimioldu. Dövlətin göstərdiyi kömək sayəsində dağılmış, qəzalı hala düşmüş evlərin, təhsil, mədəniyyət ocaqlarının və digər obyektlərin əvəzində qısa müddətdə yenidaha möhkəmi, daha müasirləri tikildi. Bəzi obyektlərin açılışında Prezident İlham Əliyev iştirak etdi, bildirdi ki, Zaqatalanın, eləcə də zəlzələdən zərər çəkmiş digər rayonların daha da abadlaşması, gözəl bir diyara çevrilməsi üçün dövlət bundan sonra da bütün zəruri tədbirləri həyata keçirəcək.

Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə söhbət zamanı dedi ki, istər FHN-in, istərsə də digər qurumların nümayəndələri həm söküntü, həm də tikinti işlərində əllərindən gələni əsirgəmədilər. İnşaat işləri indi də sürətlə davam etdirilir. Onu da qeyd edək ki, fövqəladə hallar naziri Kəmaləddin Heydərov dəfələrlə fəlakət bölgəsində olmuş, zəlzələdən ziyan çəkmiş sakinlərin çətinlikləri, arzu və təklifləri ilə maraqlanmış, həmçinin yeni tikilmiş obyektlərin, fərdi yaşayış evlərinin istifadəyə verilməsi mərasimində iştirak etmişdir.

İndi Zaqatalanın əvvəlki gözəlliyi daha müasir görkəmdə bərpa olunur. Bu işdə dövlət qayğısı ilə yanaşı, insanların torpaq sevgisi, zəhmətə bağlılığı, qurub-yaratmaq əzmi də mühüm əhəmiyyət kəsb edir.

Ölkədə həyata keçirilən irimiqyaslı layihələr, dövlət proqramları da rayonun  inkişafında böyük rol oynayır. Dövlət başçısı İlham Əliyev çıxışlarının birində demişdir: "Qəbul edilmiş ən gözəl qərar əgər yerlərdə icra olunmursa, onun heç bir əhəmiyyəti yoxdur. Ona görə də ictimai nəzarət güclü olmalıdır, yerli icra hakimiyyəti orqanları səmərəli işləməli, insanların qayğıları ilə yaşamalı, kömək etməli, yaratmalı, abadlıq-quruculuq işləri aparmalıdır. Bir sözlə, bizim müasir tələblərimizə uyğun şəkildə işləməlidir".

Zaqatala Rayon İcra Hakimiyyəti də fəaliyyətini məhz ölkə Prezidentinin tövsiyə etdiyi prinsiplərə uyğun qurmağa çalışır. İnsanların qayğıları ilə yerində və vaxtında məşğul olmaq üçün səyyar qəbulların səmərəli təşkil edilməsi, tədbirlərin həyata keçirilməsinə ciddi nəzarət, müraciət və ərizələrə operativ reaksiya, işçi-məmur münasibətlərinin şəffaflığı, qarşılıqlı etimad qazanılan uğurları şərtləndirən amillərdir.

Rayonda sahibkarlığın inkişafına da daim lazımi şərait yaradılır. Ötən il 11 sahibkara 4,3 hektar torpaq sahəsi satılıb, 13 sahibkarlıq obyektinin tikintisinə başlanılıb. Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına 20 layihə üzrə 539 min manat həcmində güzəştli kredit verilib. Rayonda 1 yeni qeyri-bank kredit təşkilatı fəaliyyətə başlayıb. 9 bank filialı və 3 qeyri-bank kredit təşkilatı tərəfindən əhaliyə və adamlarına ümumilikdə 23,2 milyon manat həcmində kredit verilib. Bu isə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 19,5 faiz çoxdur.

Rayonda illik istehsal gücü 500 ton olan quş əti və 5 ton olan müxtəlif fındıq məmulatları istehsalı müəssisələrində, 1000 tonluq soyuducu anbarda, təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədi ilə 4 beton zavodunda tikinti işləri başa çatdırılıb. Müasir standartlara uyğun xırman, qaraj və 300 tonluq taxıl anbarının tikintisinə başlanıb. Yeni çörək zavodunun, kiçik su-elektrik stansiyasının tikintisi üçün torpaqayırma və tutumu on min ton olan taxıl anbarının inşası üçün sənədləşmə işləri görülüb.

Tikintisi başa çatan obyektlər sırasında Zaqatala şəhərində (Heydər Əliyev Fondunun vəsaiti hesabına), inşa olunan 50 yerlik uşaq bağçasını, daxili imkanlar hesabına tikilən Danaçı kəndində idman zalını, Yevlax-Balakən dəmir yolunun 151-ci mənzilində Göyəm dayanacağını, statistika və baytarlıq idarələrinin inzibati binalarını, F.Əmirov küçəsində ictimai "Xeyir-şər" evini   və digərlərini qeyd etmək olar.

Ötən il Tala çayının sağ sahilində şəhər üçün çox əhəmiyyətli olan 100 metr uzunluğunda daş-beton bənd də inşa edilib. Sabunçu kəndində 80 şagirdlik ümumi orta məktəb binasının tikintisi də sakinlərin ürəyincədir.

Zaqatala Hərbi Prokurorluğunun, polis şöbəsinin, qaz istismar sahəsinin yeni inzibati binalarının, şəhərdəki 500 nömrəlik elektron ATS binasının, C.Cabbarlı küçəsində ictimai "Xeyir-şər" evinin, Suvagil və Göyəm kəndlərində sahə baytarlıq məntəqələrinin tikintisi davam edir. Şəhərin İmam Şamil küçəsində yeni şadlıq sarayı tikilib istifadəyə verilib. Yeni ticarət, xidmət, turizm və istirahət obyektlərinin, çoxmərtəbəli yaşayış binalarının tikintisi də qaydasında gedir. Şəhərin Dədə Qorqud meydanında və ətrafındakı ərazidə yenidənqurma işləri başa çatdırılıb, meydanda yeni işıqlandırma sistemi, fəvvarələr quraşdırılıb. Dədə Qorqudun abidəsi qoyulub, yaşıllaşdırma işləri görülüb.

Zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş Muxaxçay üzərindəki 160 metrlik körpü bərpa olunub,  Car, Axaxdərə kəndlərində dağılmış körpülərin bərpasına başlanıb.

"Zaqatala şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması və tikintisi" layihəsinin ikinci mərhələsinin icrasına uyğun şəhərdaxili sukanalizasiya xətlərinin yenidən qurulması və tikinti işləri davam edir.

Rayonda 299 fərdi mənzilə və 3 müəssisəyə yeni qaz xətləri çəkilib, əhali abonentlərinin sayı 10687-ə, qeyri-əhali abonentlərinin sayı 109-a çatıb.

Çökək, Göyəm, Dardoqqaz, Sumaylı və Yolayrıc kəndlərinin qaz təchizatının yaxşılaşdırılması üçün Maqov qazpaylayıcı stansiyasından 2 km uzunluğunda orta təzyiqli qaz xətti çəkilib.

Əhalinin dayanıqlı elektrik enerjisi təminatı üçün yararsız dayaqlar yeniləri ilə əvəz edilir, müxtəlif gərginlikli elektrik hava xətləri əsaslı təmir olunur.

Ötən il zaqatalalılar üçün yaddaşlardan silinməyəcək hadisələrdən biriZaqatala və Niderlandın Osterveyk şəhərləri arasında dostluq əlaqələrinin qurulmasıdır. İkinci Dünya müharibəsi zamanı Niderlandda müqavimət hərəkatının rəhbərlərindən olmuş, bu ölkənin ən yüksək "Kraliça cəngavəri" fəxri adına layiq görülmüş, Niderlandın Milli Qəhrəmanı, əslən Zaqatalanın Muğanlı kəndindən olan əfsanəvi "Medo" döyüşçü ləqəbi ilə tanınmış Məmməd Məmmədovun abidəsinin təntənəli açılış mərasimində iştirak etmək üçün iyun ayında Osterveyk şəhərinə nümayəndə heyəti getmişdi. Təntənəli açılış mərasimindən sonra ZaqatalaOsterveyk şəhərləri arasında "Dostluq Bəyannaməsi" imzalanmışdır.

Bəli, ötən il Zaqatalanın həyatında çətinliklər, sınaqlar ili kimi iz qoysa da, dövlətin yüksək qayğısı, Prezident İlham Əliyevin diqqəti sayəsində rayon sınaqlardan bacarıqla çıxmağı bacarmış, sosial-iqtisadi inkişafla bağlı uğurlara nail olmaq üçün özündə güc tapa bilmişdir.

 

 

Telman NƏZƏRLİ

 

Azərbaycan.-2013.- 24 yanvar.- S.6.