Diqqət və qayğı
olan yerdə...
Gerçəkliklər və uğurlarla dolu bir il də tarixə çevrildi və o, yardımlılıların da
həyatında izsiz ötüşmədi. Hansı sahəyə
baxsan orada real həyatın yeni rəng çalarlarını
görmək mümkündür.
Konkret desək, ölkənin dinamik inkişafı onun bu ucqar
əyalətində də
geniş aspektdə özünü göstərdi
və rayonun sosial-iqtisadi, mədəni
həyatında yeni mərhələ yaşandı.
Bu mərhələ ilk növbədə rayonda sosial-iqtisadi inkişafın
sürətləndirmə əmsalı
sayılan insan kapitalına sağlam münasibətlər sisteminin
qurulması ilə şərtlənir.
Məlumdur ki, yerlərdə əhali ilə görüşlər keçirmək,
səyyar qəbullar, dinləmələr təşkil
etmək müasir idarəetmənin ən məqbul formalarından sayılır. Prezident İlham Əliyevin vaxtaşırı bölgələrə
səfər etməsi,
regionların sosial-iqtisadi
inkişafı Dövlət
Proqramının icrasını
nəzarətdə saxlaması,
görülən işlərlə
yaxından maraqlanması
və ictimaiyyət nümayəndələrini dinləməsi
hər bir rəhbər üçün
örnəkdir.
Rayon rəhbərliyi də
belə nümunəvi
fəaliyyət mexanizmindən
səmərəli faydalanmağa
çalışır. Çətin
coğrafi relyefə baxmayaraq, ötən il rayon icra
hakimiyyəti idarə,
müəssisə və
təşkilat rəhbərlərinin
iştirakı ilə
90 yaşayış məntəqəsinin
hamısında insanlarla
görüşlər keçirib,
dinləmələr təşkil
edib. Bu zaman
rəsmi qəbullardan
fərqli olaraq, insanlar öz istək və arzularını, narahatlıq
doğuran məsələləri
rayon rəhbərliyinə çatdırıblar.
Səmimi dialoqlar, şikayət, təklif və müraciətlərə
obyektiv, qərəzsiz
münasibət rəhbərliklə
insanlar arasında olan
inam körpüsünün
dayaqlarını daha da möhkəmləndirib.
Bu birlik sosial-iqtisadi
inkişafın bütün
imkanlarını üzə
çıxarıb. Sağlam atmosferdən
ruhlanan xeyriyyəçi
insanlar da qollarını çırmalayıblar.
Vərgədüz kəndində şəxsi
təşəbbüslə artezian quyusu qazılıb, 20 tonluq su anbarı tikilib, Cerinbel kəndində yeni bulaq kompleksi inşa olunub, körpülər salınıb
və s.
Keçən il Yardımlı, sözün
həqiqi mənasında,
tikinti meydançasına
çevrilmişdi. Öncə rayon mərkəzini gözəl
və yaraşıqlı
bir dağ şəhərinə çevirmək
istiqamətində tikinti-abadlıq
işləri sürətləndirilmişdi.
Şəhərin giriş
hissəsindən başlayaraq
küçəətrafı istinad divarları hörülmüş və
ağ üzlük
daşlarla bərkidilmişdir.
İndi həmin istiqamətdə magistral yol da
genişləndirilir, su
arxları çəkilir,
piyadalar üçün
səkilər salınır,
ora ornamentli üzlük plitələr
döşənir. Artıq həmin
ərazidə yerləşən
Heydər Əliyev bulağının ətrafı
göz oxşayır.
Rayon Statistika İdarəsi üçün
yeni ikimərtəbəli
inzibati bina və Vergi Terminalı
da şəhərə
yaraşıq verir.
Yeni Azərbaycan Partiyasının
yerli təşkilatı
üçün tikilən
binada tamamlama işləri gedir. Bundan əlavə, Şəhidlər
xiyabanında əsaslı
təmir və yenidənqurma işləri
görülüb. Rayon
polis şöbəsi üçün
üçmərtəbəli binanın tikintisi isə sürətlə davam edir. Eyni zamanda, şəhərin ən gözəl guşəsində Heydər
Əliyev Mərkəzi
tikilir, park salınır,
dar küçələr
genişləndirilir.
Tikinti-abadlıq işləri kəndlərdə
də gedir. Bunun ən
yaxşı nümunəsi
kənd yollarının
abadlaşdırılmasıdır. Mürəkkəb coğrafi relyefə
malik rayonun kənd yollarında uzun illər əsaslı təmir işlərinin aparılmaması
ciddi problemlər yaradırdı. Payız-qış aylarında ucqar kəndlərlə əlaqə
kəsilir, nəqliyyatın
hərəkəti çətinləşirdi.
Hazırda Nəqliyyat Nazirliyinin
xüsusi təyinatlı
texnikası, həmçinin
44 saylı rayon Yol İstismar Sahəsi bu yolların təmiri ilə məşğuldur. Qış mövsümünədək
30-a qədər kəndin
yolu əsaslı təmir olunub. 41 kilometr kəndarası
yola çınqıl
səpilib, 19 kilometr yol 6 metrədək genişləndirilib. Seporadi,
Vərgədüz, Teşkan
və Urağaran kəndlərinə gedən
yolda dağ çaylarının üstündə
beton-dəmir konstruksiyalı
körpülər tikilib.
Əhalinin içməli su təminatı da rayonun ciddi problemlərindən
sayılır və bu səbəbdən həmin istiqamətdə görülən işlər
əhali tərəfindən
razılıqla qarşılanır. Artıq
rayon rəhbərliyinin təşəbbüsü
ilə 18 kəndin tələbatını ödəmək
üçün Viləş
çayının Qaraqaya
qolundan su xəttinin çəkilməsinə
start verilib. Odrağaran və Alçabulaq
kəndlərində isə
artezian quyuları qazılıb. Bundan başqa, Yardımlı şəhərinin içməli
su tələbatının
ödənilməsi üçün 52,2 kilometr
uzunluğunda su və 58,2 kilometr uzunluğunda kanalizasiya xətlərinin çəkilməsinə
başlanılıb.
Kəndlərin qazlaşdırılması da
davam edir. Əngövül kəndində 133 abonentə
təbii qaz verilməsi nəticəsində
əhali üzrə abonentlərin sayı
1200-dən çoxdur. İyun ayından çəkilişinə
başlanılan və
300 abonenti olan Bozayran kəndinin qazlaşdırılması da
başa çatmaq üzrədir. Daha 18
kəndin qazlaşdırılması
üçün isə hazırlıq
görülür.
Rayonda sahibkarlığın
inkişafına mane olan
bütün süni maneələr aradan qaldırılıb. İş adamlarının öz fəaliyyətlərini
genişləndirmələri üçün ideal şərait
yaradılıb. İqtisadi İnkişaf
Nazirliyi Sahibkarlığa
Kömək Milli Fondunun xətti ilə rayonda sahibkarların maarifləndirilməsi
üçün tədbirlər
həyata keçirilib
və onlara güzəştli kreditlər
verilib.
Ötən əsrin 90-cı illərinin
əvvəllərindən bu
yana Yardımlıda
ən çox narahatlıq doğuran məsələlərdən biri
də elektrik enerjisinin verilməsi ilə bağlı olub. Elektrik təsərrüfatının bərbadlığı bu
sahəni iflic etmişdi. Xüsusilə gündüz saatlarında
kəndlərə işıq
verilməməsi haqlı
narazılıqlar doğururdu.
İndi bu məsələ həll olunub və bütün kəndlər fasiləsiz enerji alır.
Rabitə sistemində də köklü dəyişikliklər
baş verib. Bütün kənd
ATS-ləri elektronlaşıb.
Həmçinin çoxşaxəli internet şəbəkəsi istifadəyə
verilib ki, hazırda 170 abonent bu xidmətdən yararlanır. Eyni zamanda,
əhalinin xahişi nəzərə alınaraq
Şəfəqli və
Sırıq kəndlərində
bankomatlar quraşdırılıb.
Diqqəti çəkən ən vacib məsələlərdən
biri də təhsilə olan münasibətdir. Təhsilin maddi-texniki bazasının
yaxşılaşdırılması üçün rayonda ardıcıl iş gedir. Məktəb binaları tikintisinin
sürətlə və
keyfiyyətlə aparılması
məsələsi daim
diqqət mərkəzindədir.
Təkcə son 4 ayda rayonda
4 məktəb binası
tikilib. Hazırda isə 8 kənddə
yeni təhsil ocağı inşa olunur.
Yardımlının ən böyük sərvəti onun insanlarıdır. Bütün bu işlər,
sosial-iqtisadi inkişaf
əhalinin sosial rifah halının yaxşılaşdırılmasına xidmət edir. Bu günlər ölkə
rəhbərinin rayonun
sosial-iqtisadi inkişafını
sürətləndirmək üçün əlavə
tədbirlər haqqında
imzaladığı sərəncam
Yardımlıda böyük
rəğbət hissi
ilə qarşılanıb.
Rayonun tanınmış
ağsaqqal və ziyalılarından Mir Mahmud Mahmudov,
Şahbaz Hüseynov,
Mir Həqiqət Həsənov,
Feyruz Sultanov, Pənah Tağızadə,
Baba Bəhruz, Hüseyn
Vəliyev, Əliş
Baratov, Firsənd İbayev, Həzi Məcidov, Nadir Əliyev, Məlikməmməd Əliyev
və onlarca başqaları Prezidentin bu sərəncamını
əhaliyə xüsusi
qayğı kimi qiymətləndirirlər.
Seyran CAVADOV
Azərbaycan.-2013.- 24 yanvar.- S.6.