Çeşmələr gur çağlayır

 

Şəmkirin uğurları yerli icra orqanlarının əlbir fəaliyyətinin bəhrəsidir.

Çayın gur axını çeşmələrdən yarandığı kimi, ümumən şəhər və rayonların uğurları da yerli icra orqanlarının fəaliyyəti ilə bağlı olur, ona görə də bölgələrdə onların əlbir işinə xüsusi diqqət yetirilir.

Rayonun ərazisi böyük, əhalisi çoxdur. Qəsəbə və kəndlərdə 48 icra nümayəndəliyi və 46 bələdiyyə fəaliyyət göstərir. İl ərzində yerlərdə toplantılar keçirilir, vəziyyət ətraflı təhlil olunur, yeni ilin vəzifələri müəyyən edilir. İndiyə kimi 29 qəsəbə və kənddə icra nümayəndələrinin hesabatları dinlənilmişdir. Xüsusən  Zəyəm qəsəbə, Təzə kənd, Abbaslı, Çənlibel kəndlərində və başqa yerlərdə hesabat tədbirləri daha maraqlı və məzmunlu olmuşdur. İndi isə növbə Şəmkir şəhəri üzrə Ərazi icra nümayəndəliyinindir. Bəlli olduğu kimi, Şəmkir respublikamızın ən iri yaşayış mərkəzlərindən biridir. Şəhər əhalisinin sayı 40 min nəfərdən çoxdur. Onların tələb və ehtiyaclarının, qayğı və arzularının həlli xüsusilə vacibdir.

Rayon icra hakimiyyətinin başçısı Nazim Veysov tədbiri açaraq son vaxtlarda ümumən respublikamızda, eləcə də Şəmkir rayonunda görülən genişmiqyaslı işlər barədə ətraflı  məlumat verdi. Dövlət başçısı İlham Əliyevin tövsiyə və tapşırıqlarının icrası sahəsində görülən işlərdən və qarşıda duran vəzifələrdən danışdı.

İcra hakimiyyəti başçısının Şəmkir şəhəri üzrə ərazi üzrə nümayəndəsi Çingiz Həsənov məruzə ilə çıxış etdi. Sonra şəhər bələdiyyəsinin sədri  Müseyib Vəliyevin, mənzil istismar idarəsinin müdiri Rəşid Rzayevin, Heydər Əliyev mərkəzinin direktoru Fəxri Yusifovun, 2 nömrəli uşaq bağçasının müdiri Leyla Rzayevanın, habelə  qaz istismar sahəsi, elektrik şəbəkəsi, kommunal təsərrüfatı müəssisəsi və digər təşkilatların  nümayəndələrinin məlumatları dinlənildi.

Yekdilliklə qeyd olundu ki, Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq abadlıq və quruculuq sahəsində geniş işlər görülür. Şəmkir şəhəri, sözün tam mənasında, əsl tikinti meydanına bənzəyir. İllər boyu hamını narahat edən bir sıra problemlər, xüsusən  içməli sukanalizasiya məsələsi uğurla həll olunur. Bu sahədə sistemli surətdə görülən işlər hamının ürəyindən xəbər verir. Şəhərin ən səfalı guşəsində Bayraq meydanı yaradılır, gənclər sarayı tikilir, abidələr parkı yenidən qurulur, ən əsası isə bölgədə analoqu olmayan layihə üzrə Heydər Əliyev Mərkəzi yaradılır. Burada bir sıra dəyərli işlərlə yanaşı, azı 14 hektar parkın salınması nəzərdə tutulmuşdur.  Şəhər üzrə bir sıra digər abadlıq və quruculuq işləri sürətlə davam edir.

Toplantıda çoxunu düşündürən mühüm bir məsələnin icrası barədə məlumat verildi. Vaxtılə sənədsiz-sistemsiz tikilən evlərin özəlləşdirilməsi problemi həll olunur. Qeyd edildi ki, indiyə kimi 421 evə order verilib. Təqribən iki min mənzilin sənədləşdirilməsi üçün tədbirlər görülür. Bununla yanaşı, mövcud mənzillərin və digər obyektlərin təmir-bərpa işlərinə xüsusi diqqət yetirilir. Son vaxtlarda onlarca mənzilin dam örtüyü təzələnmiş, fasadları sahmana salınmış, hörgüsuvaq işləri görülmüşdür. Əhməd Cavad və Səməd Vurğun küçələrindəki  bir sıra mənzillərin zirzəmiləri əsaslı təmir olunmuşdur. Vaxtılə almanların yaşadıqları mənzillər alman layihəsi üzrə bərpa edilir.

Şəmkir təkcə abadlıq-quruculuq mərkəzi kimi tanınmır, həm də əsl gül-çiçək diyarına çevrilir. Yaşıllıq zonaları, parklarbağlar müasir üslubda sahmana salınır. Son bir neçə ay ərzində 15 min mövsümi gül-çiçək və 3 minə qədər ağac əkilib.

Şəmkirdə neçə vaxtdır ki, kütləvi abadlıq, təmizlik hərəkatı elan olunub, məişət tullantıları yığılıb qalmır, hər yerdə sanitariya qaydalarına ciddi əməl olunur. Ona görə də yolların kənarları, su arxları və evlərin ətrafı həmişə təmiz olur. Toplantıda hamının böyük marağına səbəb olan belə bir fakt səsləndi. Şəmkirdə qazlaşdırma 98 faizə çatdırılıb! Ucqar dağlarda yerləşən bir neçə kənd qalır. İndi orada da qızğın gedir. Dedilər ki, Novruz bayramına kimi həmin kəndlərə də mavi yanacaq veriləcəkdir.

Tənqid və özünütənqid şəraitində keçən toplantıda görülən xoş işlər qeyd edilməklə yanaşı, icrası vacib olan bir sıra məsələlərə toxunuldu və natiqlərin arzu və təklifləri əsasında cari il üçün görüləcək işlərin geniş proqramı hazırlandı.

N.Veysov deyir ki, bütün bunlar şəhər təşkilatlarının qarşılıqlı fəaliyyətinin nəticəsidir. Biz ilk öncə müxtəlif təşkilatlar arasında əlaqə, ünsiyyətin yaradılmasına, əhalinin arzu və istəklərinin öyrənilib həyata keçirilməsi üçün konkret tədbirlər görülməsinə çalışırıq. Çeşmələr gur çağlayanda ümumən işlər yaxşı gedir. Rayon üzrə istər sosial-iqtisadi sahədə və istərsə də abadlıq və quruculuq işlərində qazanılan uğurlar icra nümayəndələrinin, bələdiyyələrin, digər xidmət  təşkilatlarının əlbir əməyinin bəhrəsidir. Əminik ki, cari ildə bu uğurlar daha çox olacaqdır.

 

 

Əhməd İSAYEV

 

Azərbaycan.-2013.- 24 yanvar.- S.6.