Bir-biriləri üçün doğulanlar

 

Dövrünün görkəmli ictimai xadimi, xeyriyyəçi və maarifçi Həmidə xanım Cavanşirin anadan olmasının 140 ili tamam olur. O, 1873-cü ilin yanvarında Şuşa qəzasının Kəhrizli kəndində zəmanəsinin görkəmli ziyalısı Əhməd bəyin ocağında dünyaya gəlmişdir. Əhməd bəy Pənahəli xan Cavanşirin nəticəsidir. Ailə məktəbində təhsil alan Həmidə xanım hələ yeniyetməlik illərində rus dilini səlis öyrənərək o dövrün kənd qızları üçün səciyyəvi olmayan yüksək intellektə, geniş dünyagörüşünə malik olmuşdur. Həmidə xanım milli ənənələrə möhkəm bağlanan, Avropa dəyərlərinə bələd, son dərəcədə zərif və istedadlı bir xanım idi. O həm  də böyük Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin həyat yoldaşı olub.

Həmidə xanım, sadəcə, ömür-gün yoldaşı deyildi. O, Mirzə Cəlilin ağır və xoş günlərinin şəriki olmaqla bərabər, həm də əsl silahdaşı və fədakar, dözümlü, mübariz dostu idi. Onların bir ömür qatarında birləşmələri uzun yollardan keçmişdi. Mirzə Cəlil Naxçıvanda, Həmidə xanım Qarabağda doğulmuşdu. Mirzə Cəlil də ailə qurmuşdu, övladı var idi, Həmidə xanım da. Amma tale elə gətirmişdi ki, onlar həyat yoldaşlarını erkən itirmişdilər. Zamanın bəlli üzündən Mirzə Cəlil Tiflisə gəlməli oldu. Həmidə xanım da atasının əlyazmalarını çap etdirmək məqsədilə bu qədim şəhərə üz tutdu. Xeyirxah insanların köməyi sayəsində qarşılaşdılar. Əslində bu taleyin yazısı idi. Onlar uzun illər, uzun yollar qət edərək bir məcrada görüşmək üçün üz-üzə gəldilər. Əslində onlar bir-biriləri üçün doğulmuşdular. Həyata baxışlarında, dünya görüşlərində, Vətənə, xalqa bağlılıqda, millət sevgisində bir-birilərini çox tamamlayırdılar. Bu qoşa varlığın gözəl həyatı, məhəbbət dolu günləri 1907-ci ildən sonra başladı.

 

Xanımlar xanımı

 

 Birinci həyat yoldaşı zadəgan nəslindən olan podpolkovnik İbrahim bəy Davatdarov cəbhədə həlak olandan sonra Həmidə xanım Cavanşir Kəhrizlidə ata mülkünü idarə edirdi. Öz "Xatirələrim"də Həmidə xanım atası ilə bağlı yazırdı: "Sinədəftər idi, saysız-hesabsız əhvalatlar, ibrətamiz hadisələr danışardı... O, 1867-ci ildən Rusiyanın ümumi mətbu orqanları olan "Vestnik Yevropı", "Niva" və başqa qəzet-jurnalların abunəçisi idi. Özü də bu qəzetlərə daim yazı göndərir, məqalə və əsərlərini dövri mətbuatda çap etdirirdi... Qarabağda baş verən mühüm hadisələr onun qələmi ilə adıkeçən qəzetlərdə çap olunurdu... Əhməd bəyin yazı-pozu işləri, dəftər-kitabları hər zaman yüksək səliqədə olardı. Onun kitabları səliqə ilə cildlənmiş vəziyyətdə idi. Bu kitablar bizim evdə 1920-ci ilə kimi qorunub saxlanmışdı". Həmidə xanımın yazdığına görə, Əhməd bəy Cavanşir Tiflisdə olarkən Mirzə Fətəli Axundzadə ilə tanış olmuş, hətta bir müddət məktublaşmışdılar. Əhməd bəy də Mirzə Fətəli kimi əlifba islahatının tərəfdarı idi. Onun Həsən bəy Zərdabi ilə də əlaqəsi olub. Əhməd bəy Cavanşirin "Novoye obozreniye" qəzetində "1747-ci ildən 1805-ci ilə kimi Qarabağ xanlığının siyasi mövcudluğu haqqında" əsəri dərc olunmuş, sonralar isə ayrıca kitab halında çap edilmişdi.

Həmidə xanım belə bir kişinin qızı idi. Xanlıq dövründə xan qızları küçəyə, bazara çıxarkən öndə mütləq carçı gedər və car çəkərdi: "Filankəsin qızı filankəs gəlir". Həmidə xanım yazır ki, bu xəbərdarlıq ona görə edilərdi ki, hər kəs gözünü yerə dikər, kimsə başını qaldırıb xanzadənin üzünə baxmazdı. Bu dövrün qanun-qaydası idi! Yalnız xan qızlarına şamil edilərdi! Bəy və ağa qızlarına aid deyildi. Bu səbəbdən də Həmidə xanım Avropaqiyafəli, savadlı, türk-müsəlman qadını kimi heç zaman örtülü gəzməzdi. Öz xatirələrindən də bəlli olur ki, Həmidə xanım Şeyxülislamın qəbuluna gedərkən də çadra örtməmişdi. Xanlıq bitsə də, xalq bu törələri yaşatmaqda idi. Xan qızlarının idarəetmədə iştirakı getdikcə ictimailəşməyə başladı. 1912-ci ildə Tiflisdə keçirilən Zaqafqaziya pambıqçılarının XIII qurultayında Həmidə xanım iri torpaq və böyük təsərrüfat sahibi kimi Qarabağ camaatının nümayəndəsi olaraq qurultaya qatılıb. Həmidə xanımın məruzəsi maraqla dinlənilib. Hətta təəccüb və rəğbətlə qarşılanıb. 500 nəfər nümayəndə arasında Həmidə xanımdan başqa cəmi bir nəfər yad millətə məxsus qadın olub. Belə bir mötəbər məclisdə Həmidə xanım Cavanşir Qafqazda qurultay məruzəçisi olan ilk qadın sayılırdı.

O, Kəhrizli kəndində öz vəsaiti hesabına məktəb açıb və burada uzun müddət dərs deyib. Qarabağı bürüyən aclıq illərində, müxtəlif xəstəliklər zamanı təkcə öz kəndlilərinə, qohum-əqrəbasına, millətinin nümayəndələrinə deyil, bütün insanlara xeyriyyəçilik edib. Dərman ləvazimatından tutmuş ərzağa, çörəyə qədər paylayıb. 1905-ci ildə Şuşada erməni-müsəlman toqquşması baş verib. Bu barədə də Həmidə xanımın xatirələrində oxuyuruq: "Avqustun 8-də erməni-müsəlman qırğını başladı. Ermənilər Əskəran qalasını tutdular və yolu bağladılar. Müsəlmanlardan çoxunun ailələri Şuşada və Xankəndidə yaylaqlarda idi, özləri isə mənim kimi kənddə qalıb işləyirdilər. Vəziyyət təhlükəli idi". Buna baxmayaraq, Həmidə xanım yüz nəfər atlı dəstənin önündə gedərək mühasirədə qalmış insanlara ərzaq və digər lazımi əşyalar çatdırıb. Xatirələrdən bəlli olur ki, humanist bir qəlbə, böyük ürəyə malik olan Həmidə xanım nəinki öz millətinə, hətta erməni kəndlilərinə də çörək paylayıb. Müharibədən sonra aclıq, yatalaq xəstəliyi insanları milçək kimi qırırdı. Belə bir vaxtda Həmidə xanım Cavanşir, sözün əsl mənasında, böyük qəhrəmanlıq göstərib. Bu barədə oxuyuruq: "Şuşada və Xankəndidə ermənilərin də, müsəlmanların da başında bizim qonşumuz və dostumuz Süleyman Mehmandarov dururdu. Onun dəstəsi sülhü qoruyurdu. Gecə-gündüz  növbə tutaraq ermənilərlə müsəlmanların münasibətlərini pozmaq istəyən fitnəkarlara aman vermirdilər. Xoşbəxtlikdən bizimkilər bunu bacardılar".

Həmidə xanım Cavanşir birinci nikahından doğulan qızı Minanı Tiflisdəki Qızlar İnstitutunda oxudurdu. O, bir gün həm qızını görmək, həm də mərhum atasının əlyazmalarını, tərcümələrini, şeirlərini çap etdirmək üçün dostlarının məsləhəti ilə "Qeyrət" mətbəəsinin yiyəsi Cəlil Məmmədquluzadəyə müraciət edir. Əslində, bu fikri onun başına yaxın rəfiqəsi, dövrünün ziyalı qadını Səkinə xanım - Sofiya Şahtaxtlı salmışdı. (Tiflis zadəganları arasında "Sofiya xanım" kimi məşhurlaşan Səkinə Şahtaxtlının təşəbbüsü ilə  1910-cu ildə Tiflisdə Müsəlman Qadınları Xeyriyyə Cəmiyyəti də yaradılmışdı).

Onları tanış etmək üçün Sofiya xanım Mirzə Cəlili evinə qonaq çağırıb (onlar həmyerli idilər, qohumluqları da çatırdı - F.X.). Mirzə Cəlil də dostu və həmkarı Ömər Faiq Nemanzadə ilə birlikdə bu dəvəti qəbul edib. Həmidə xanımın "Xatirələrim"ində oxuyuruq: "Mirzə Cəlil arıq, bəstədən bir azca hündürboylu idi. Səliqə ilə geyinmişdi, əynində nişastalı yaxalıq, köbəli mahud sürtuk var idi. O, hədsiz ciddi idi, üzü heç gülmürdü, sanki çiyinlərində qəm yükü vardı. Həmin 1905-ci ildə Mirzə Cəlil həm atasını, həm anasını itirmişdi..." Mirzə Cəlil əlyazmalara baxaraq onu nəşr etməyə söz verir. Bir neçə il davam edən səmimi münasibət, nəhayət, Sofiya xanım Şahtaxtlının köməyi sayəsində 1907-ci il iyunun 15-də nikahla nəticələnir.

Bütün varidatını, sərvətini Mirzə Cəlilin yaradıcılığına böyük ürəklə sərf edən Həmidə xanım Cavanşir - Məmmədquluzadə unudulmaz ədiblə 25 il əsl məhəbbət və qarşılıqlı ehtiramla ömür sürdü. Bu illər ərzində Mirzə Cəlil kəskin zərbələrə, ittihamlara, iftiralara, təzyiqlərə, təqiblərə tuş gəldi. Həmidə xanım ona mənəvi dayaq duraraq çalışırdı ki, Mirzə Cəlili nikbin ovqata kökləsin, onun ağır sınaqlardan mətanətlə çıxmasına yardım göstərə bilsin.  Həmidə xanım Mirzə Cəlilin dostlarına da qayğı və diqqətlə yanaşırdı. Xüsusilə də Mirzə Ələkbər Sabirə xəstəliyi ilə əlaqədar göstərdiyi kömək unudulmazdır. Məhz Həmidə xanımın məsləhəti ilə Mirzə Cəlil tərəfindən Sabir Tiflisə müalicə üçün dəvət alıb. Böyük satirik şairin Abbas Səhhətə göndərdiyi məktubda bu məsələ belə xatırlanırdı: "Mirzə Cəlil və Həmidə xanım cənablarından çox razıyam. Bilmirsən mənə nə qədər ehtiram edirlər. Bu neçə müddətdə təmam məxarecimi və zəhəmatımı mütəhəmmil olmuşlar. Mənim mehmanxana, ya xəstəxanada yatmağıma razı olmadılar, öz evlərində mənzil vermişlər. Xülasə, bilmirəm nə dillə təşəkkür edim". Həmidə xanımın Sabirə göstərdiyi həlim münasibət və qayğı haqqında dahi Azərbaycan bəstəkarı Üzeyir bəy Hacıbəyli gözəl bir məqalə yazmışdı. Həmin məqalənin ruhu bu gün də adamın damarlarında qanı dondurur. Sonluq belə bitirdi: "Qoy ədəbiyyat tarixinə yazılsın ki, Sabir kimi şairi diriliyində təqdir edən bir kişi olmadısa da, bir nəfər arvad oldu ki, şairin... səhhəti üçün miylonçu kişilərə rəğmən, öz varından keçəcək qədər böyük bir hamiyyət göstərdi". Bu hadisə Həmidə xanım Cavanşir-Məmmədquluzadənin vətəndaş fəaliyyətini, xeyirxah əməllərini, böyük ürəyini, səxavət və mərdliyini əks etdirən yüzlərlə faktlardan biridir. Qoçaq, mərd qadınlar haqqında biz dastanlarda, nağıllarda oxumuşuq, amma Həmidə xanım real varlıq idi. Qarabağda doğulmuşdu, xan nəslindən idi, mükəmməl təhsil görmüşdü, var-dövlətinə deyil, hünərinə, sücaətinə görə seçilirdi! Bununla bahəm həssas qəlbə, dərin duyğulara, təfəkkürə, müdrikliyə, uzaqgörənliyə malik xanımlar xanımı idi! O, Mirzə Cəlili sevdi, onun "Molla Nəsrəddin"i üçün əlindən gələni əsirgəmədi! Millətini xurafatdan, nadanlıqdan xilas etmək üçün bu naxçıvanlı ziyalı ilə əl-ələ verərək çox xeyirxah, nəcib işlərə imza atdılar. Təəssüf ki, ötən əsrin əvvəllərində ermənilərin Qarabağda törətdiyi qırğınlar, arxasınca da bolşeviklərin Azərbaycanı işğal etməsi onların da ailəsində pərişanlıq yaratdı. Bir müddət qaçqına çevrildilər. Həmidə xanımın var-dövləti həm fırıldaqçı-bələdçilər, həm də quldurlar tərəfindən oğurlandı, dağıdıldı, talan edildi. Onlar bir müddət Qarabağdan didərgin düşərək Arazın o tayında - Təbrizdə məskunlaşdılar...

 

Mirzə Cəlil və Qarabağ

 

 Mirzə Cəlil 1887-ci ildə Qori Müəllimlər Seminariyasını bitirib. İmtahanlar başa çatdıqdan sonra tələbə dostu İsmayıl bəy Səfibəyovun dəvəti ilə ilk dəfə  Şuşaya - onların ailəsinə qonaq gedib. Şuşa Mirzə Cəlili valeh edib. O zaman bu şəhər zəngin ticarət mərkəzi idi. Xüsusilə yay vaxtı Şuşanın özgə hüsnü olardı. Şəhər ətrafındakı səfalı yerlərdə musiqi məclisləri qurulardı. Xanəndələrin xoş avazı dağlarda əks-səda verərdi. Həmidə xanımın yazdığına görə, həmin səfər zamanı Səfibəyovlar Mirzə Cəlili Qarabağ hakimi Mehdiqulu xanın qızı Xurşudbanu Natəvanla tanış ediblər. Şuşadan qayıtdıqdan sonra Mirzə Cəlil bir müddət Uluxanlı kəndində müəllim işləyib. Sonralar Nehrəmə köçərək pedaqoji fəaliyyətini orada davam etdirib.

Təbii ki, illərdən sonra əsl məhəbbətini və ailə səadətini tapan Mirzə Cəlil ömrünün xeyli hissəsini Qarabağda keçirib. Həmidə xanımın yazdığına görə hətta Mirzə Cəlil "Ölülər" pyesini də məhz Qarabağda qələmə alıb. "Pyesin qəhrəmanına qohumumuz rəhmətlik atamın yaxın dostu, fars dilini gözəl bilən böyük mərifət sahibi İsgəndər Hacı Həsən oğlunun adını vermişdi. İsgəndər Hüsülü kəndində (Ağcabədi rayonundakı Hüsülü kəndi nəzərdə tutulub - F.X.) yaşayırdı. Böyük üzüm bağları var idi. Yerli ruhanilərin və başqa insanların rəyini vecinə almadan şampan şərabına bənzər əla çaxır çəkirdi. O, içən olduğundan "Kefli İsgəndər" ləqəbi ilə tanınırdı" - deyə öz xatirələrində oxucunu məlumatlandıran Həmidə xanım böyük yazıçının Qarabağla bağlı həm həyatına, həm də yaradıcılığına güzgü tutub. Biz bu aynada Mirzə Cəlillə əlaqədar çox məsələlərdən agah oluruq. "Ölülər"dəki əhvalatların əksəriyyəti bir vaxtlar İrəvan quberniyasında baş veribmiş. Pyesin tipləri isə Naxçıvan həyatından götürülüb.

Həmidə xanım Kəhrizlidə qızlarla oğlanların birgə oxumaqları üçün məktəb açmaq fikrinə düşüb, bu məqsədlə əvvəlcədən bina da tikdirib.   Bu işdə həyat yoldaşına kömək edən Mirzə Cəlil dülgərin köməyi ilə 20 parta düzəltmiş, hətta onları öz əli ilə rəngləmişdi. İlk vaxtlar həmin məktəbdə Mirzə Cəlil də dərs keçib. 1909-cu ildə Mirzə Cəlil Həmidə xanımla birlikdə bağçılıq təsərrüfatı ilə məşğul olublar. Mirzə Cəlil bağbanlığı çox sevərmiş. O,  İrəvandan, Naxçıvandan ən yaxşı meyvə növlərinin tinglərini gətirərək öz bağçalarında əkərmiş. Hətta dayısına göndərdiyi məktubların birində Mirzə Cəlil yazırdı: "Hər dəfə evə qayıdarkən uzaqdan Kəhrizli kəndi görünəndə, sıralanmış qovaqların arasından bizim malikanə seçilməyə başlayanda qəlbimi xoş həyəcan bürüyür. Səbirsizliklə faytonçunu tələsdirirəm... "Öz ailəmə, doğmalarıma tez çatmaq istəyirəm... Bir anda yubanmadan mənə əziz və xoş olan çevrəmdə olmaq istəyirəm".

Həmidə xanımın xatirələrindən bəlli olur ki, Mirzə Cəlil yayda Qarabağda olmağı çox sevərmiş. Xüsusilə də Kəhrizlidə və Şuşada özünü yaxşı hiss edərmiş. "Bu ecazkar aylı  gecələr, geniş, yaşıl kölgəli park, güllərin, çiçəkləyən ağacların ətri, bülbüllərin ötməsi, isaq-musaq quşlarının fasiləsiz çağırışı... Bütün bunlar mənim yorulmuş sinirlərimi sakitləşdirir" - deyən Mirzə Cəlil tütəkdə çalmağı da çox sevərdi. Onun qamışdan düzəltdiyi neyi Həmidə xanım ömrü boyu saxlamışdı. Mirzə Cəlil kamançada çalmağı da xoşlayardı.

1910-cu ilin yayında Mirzə Cəlil Xankəndidə ailəsi ilə dincəlirdi.  O, Şuşanın Malıbəyli kəndi haqqında çox eşitmişdi. Bu kəndin yetirmələri olan Malıbəyli Həmidi və Əsgəri yaxşı tanıyırdı. Amma kəndin özünü görməmişdi. Bu səbəbdən də ailə üzvləri ilə birlikdə Malıbəyliyə qonaq getdi. "Kəndə gəlişimiz hamını təəccübləndirmiş, böyük marağa səbəb olmuşdu... Dörd dövrəmizi saranların çoxu qadınlar və uşaqlar idi. Bütün gözlər Mirzə Cəlilə dikilmişdi. Kişilər baş-başa verib nəsə pıçıldaşırdılar. Biz çay içir, məktəb, maarif haqqında, ordan-burdan söhbət edirdik".

Mirzə Cəlil Şərq musiqisini və ifaçılarını çox sevirdi. Xüsusilə də Gülablı kəndindən olan Aşıq Nəcəfqulu və Abbasqulu ilə dostluq edirdi. 1912-ci ildə Şuşada yenə də ailəliklə dincəliblər. Ümumiyyətlə, yay aylarında Şuşada olmağı Mirzə Cəlil də, Həmidə xanım da çox sevərmişlər. O vaxt Əbdürrəhimbəy Haqverdiyev, Üzeyir bəy Hacıbəyli, Azad Əmirov, Hüseynqulu Sarabski, Mirzə Cəlil bir yerə yığışar, müəyyən ədəbi məclislər təşkil edərmişlər. Mirzə Cəlil "Ölülər" pyesini də ilk dəfə həmin toplantıda oxumuşdu. 1914-cü ildə ailə yenidən Şuşaya gəlmişdi. Həmin il Şuşaya - istirahətə gələn çox olub. Mirzə Cəlil tez-tez Firidun bəy Köçərli ilə görüşər, söhbət edərdilər. Həmidə xanım Firidun bəylə məsləhətləşərək belə qərara alıblar ki, ədəbiyyat gecələri keçirsinlər. Həmin gecə şairlər öz şeirlərini, Mirzə Cəlil də "Molla Fərzəli" hekayəsini oxuyub. İstər felyeton, istərsə də satirik hekayə və komediyaların azman yaradıcısı sayılan Mirzə Cəlil kənd həyatını, təsərrüfat işlərini də çox sevirdi. Xüsusilə də mədəni səviyyəsi çox aşağı olan təbəqənin həyatını və gün-güzəranını sahmana saldıqca, özünü insanlara gərəkli hesab edirsən - düşüncəsi ilə hər kəsə kömək əlini uzadan Mirzə Cəlil Kəhrizli camaatı tərəfindən həmişə hörmətlə qarşılanırdı.  O, "Molla Nəsrəddin" jurnalının nəşri ilə əlaqədar tez-tez Tiflisə getsə də, ürəyi Qarabağda idi.

1917-ci ilin yayında Həmidə xanım uşaqları ilə birlikdə Şuşada qalırdılar. Mirzə Cəlil onları yoluxub yenidən Tiflisə qayıtmışdı. Ölkəni bürümüş inqilab qasırğasının təlatümləri Şuşada da hiss olunurdu. Yayın sonlarında kəndə dönən Həmidə xanımgil təzadlı vəziyyətə düşmüşdü. Şuşa ilə gediş-gəliş kəsilmişdi, Qalada qalan oğlu Midhətə ərzaq göndərə bilmirdi. Qarşıdan isə 1918-ci ilin anarxiyalı günləri gəlirdi. Yerli əhali "Hürriyyət" deyib çığırırdı. Hətta kənddən-kəndə getmək belə müşkülə dönmüşdü. Quldur dəstələrinin özbaşınalığı getdikcə qızışırdı. Ermənilər fürsəti fötə vermədən quldurluq edirdilər.

1918-ci ildə Bakını rus-erməni işğalçılarından təmizləmək üçün Nuru Paşa islam ordusu ilə birgə Azərbaycana gələrək xalqımızı məhv olmaqdan xilas etdi. Həmidə xanım yazırdı: "Şuşada ermənilərlə müsəlmanların münasibətləri tarıma çəkilmiş vəziyyətdə idi... Söz-söhbət dolaşırdı ki, türklər gəlirlər... Hər kəs türklərin gəlişini gözləyirdi. Ağ kələğayı üzərində tikmə naxışla hilal və ulduz salmış və türkcə belə bir şüar yazmışdıq: "Gün gələcək, həqiqət Günəşi doğacaq, əsarətdə qalan ana Şərq istiqlal qazanacaq!" Şəhərə birinci olaraq Cəmil Cahid Paşa avtomobillə daxil oldu".

Türklər silahlı qüvvələrin bir hissəsini şəhərin erməni səmtində yerləşdirdilər. Cəmil Cahid Paşa Xan sarayında qalırdı. Ertəsi gün Mirzə Cəlil Şuşaya gəldi. Ailədə əsl bayram başlandı. Demək olar ki, Şuşanın bütün küçələrində türk əsgəri gəzir və keşik çəkirdilər. Hiyləgər ermənilər yenə də özlərini zavallı göstərərək tülkülük edirdilər. Həmidə xanımın yazdığına görə, erməni ziyalıları türk paşasının şərəfinə ziyafət təşkil etdilər. Bu ziyafətə müsəlman ziyalılar da dəvət olunmuşdu. Mirzə Cəlil  və Həmidə xanım da həmin ziyafətdə iştirak edirdilər. Həmidə xanımın xatirələrində incə bir detal diqqətimizi çəkdi: "Ziyafət çox canlı keçdi. Paşa son dərəcə razı qalmışdı. Onun ətrafında gözəl bir erməni qadını dolaşırdı. Tezliklə Paşa onunla dostlaşdı". Bəli, Həmidə xanımın özünəməxsus etika və həssaslıqla verdiyi işarədən çox mətləblər duyulur.

1919-cu ilin sonu - 1920-ci ilin əvvəllərində Qarabağda türklərlə ermənilərin münasibətləri yenə də gərginləşmişdi. Həmin dövrdə Ənvər Paşanın qardaşı Nuru Paşa bir axşam Mirzə Cəlillə birlikdə onların evlərinə qonaq gəlib. Mirzə Cəlil onunla Ağdamda tanış olubmuş. Sözarası Paşa bildirib ki, çox yorğundur, iki aydır istirahət edə bilmir. Mirzə Cəlil də onu kəndə dincəlməyə dəvət edib, bu səbəbdən də Kəhrizliyə birlikdə dönüblər. "Nuru Paşa gənc, yaraşıqlı bir adam idi. Bizim evdə cəmi iki gün qaldı... Həmin ərəfədə bizdən xahiş etdi ki, portretlərimizi çəkməyə izin verək. Məlum oldu ki, həm də rəssam imiş". Beləliklə, Nuru Paşa həm Həmidə xanımın, həm də Mirzə Cəlilin portretlərini çəkərək rəsmlərin altına imza atıb tarix qoyaraq onlara bağışlayıb.

Onlar hələ də Kəhrizlidə qalmışdılar. Həmidə xanımın ata mülkündə yaşayırdılar. Vəziyyət yaxşı deyildi. 1920-ci ilin mayında Həmidə xanımgilə xəbər çatır ki, Gəncədə qiyam qalxıb. Qarabağda addımbaşı qaçaq-quldur dəstələri müxtəlif hücumlar təşkil edir, insanlar öldürülürdü. İnsanlar arasında vəlvələ düşmüşdü, ev-eşiklərini ataraq qaçırdılar. Həmidə xanım Mirzə Cəlillə camaatı nə qədər dilə tutaraq "ev-eşiyinizi qoyub heç yana getməyin" desələr də, əhali qorxu və çaşqınlıq içində idi. Kənd camaatı, demək olar ki, heç kəsi eşitmək istəmirdi. Vəziyyət o həddə çatdı ki, Mirzə Cəlil və Həmidə xanım da bu axına qoşulmaq məcburiyyətində qaldı. Onlar taleyin qəfil və amansız gərdişinə boyun əymişdilər. Dərədən, dağdan, təpədən, düzdən, uçurumdan, çaydan, sudan keçərək min cür əzab-əziyyət içində yol getdilər. Xudafərin körpüsündən keçmək istəyərkən göy guruldadı, ildırım çaxdı, şimşəyin işığında Həmidə xanım Arazın üzərindəki körpünün uçmuş tağlarını görərək qışqırdı: "Ora bax, körpü partladılıb". Qaynı Mirzə Ələkbər cavab verib ki, "bu Makedoniyalı İsgəndərin tikdirdiyi qədim körpüdür, Xudafərin hələ irəlidədir".

Uzun döngələrdən sonra onlar bir müddət Təbrizdə yaşayıblar. Mirzə Cəlilin pərəstişkarlarından olan Məşədi Zülfüqar onlara kömək edib. Əslən şuşalı olan, amma uzun müddət Təbrizdə ticarətlə məşğul olan bu xeyirxah insan Mirzə Cəlilin ailəsinə şərait yaradıb. Bir müddət Təbrizdə yaşayan Mirzə Cəlil "Molla Nəsrəddin"in səkkiz nömrəsini çapdan buraxır. Həmin günlərdə Mirzə Cəlil teleqram alır. Həmin teleqramda onun yubanmadan Bakıya dönməsi xahiş olunurdu.

Onlar bir də Qarabağa 1922-ci ildə qayıtdılar.

 

Quruyan ağaclar, ölməyən ümidlər

 

Var-yoxları əldən çıxmış ailənin özünü bərpa etməsi çox çətinləşdi. Həmidə xanım Qarabağda - doğma Kəhrizlidə dəyirman, kəhriz işlədib, meyvə satıb dolanmaq üçün vəsait qazanırdı. "Molla Nəsrəddin" jurnalını "Allahsızlar cəmiyyəti"nin orqanı etdilər. "Mən dini xurafata, nadanlığa qarşı çıxmışam, Allahsız deyiləm" fikri ilə üzləşdiyi zillətdən əzab çəkən Mirzə Cəlil həyatını bağladığı dərginin redaktorluğundan imtina etdi. Sıxıntı o həddə çatdı ki, Mirzə Cəlil əlyazmalarını sobada yandırıb "istisinə" qızındı.

Haqsızlıqlar, içini yeyən dərdlər ürəyini susdurdu. 1907-ci ildə Həmidə xanımla kəbin kəsdirərkən Xındırıstandan molla gətizdirən Mirzə Cəlil ölümqabağı qətiyyətlə vəsiyyət etdi: "Mən öləndə üstümə molla çağırmayın". Şübhəsiz ki, bu, övladlarının təhlükəsizliyi naminə, gələcəkdə hansısa ittihama, təzyiqə, təqibə tuş gəlməmələri üçün böyük ədibin müdrikliyi idi. Mirzə Cəlil 1932-ci ilin yanvarında gözlərini əbədi yumdu. Övladlarının taleyindən də narahat və xəbərsiz qaldı. Oğlu Midhət vərəm xəstəliyindən dünyasını dəyişdi. Qızı Münəvvər xeyli yaşadı. Oğlu Ənvər İkinci Dünya müharibəsi zamanı ordu sıralarında Cənubi Azərbaycana getdi. Uzun müddət onun varlığından xəbər tutulmadı. Hətta çox sonralar uzaq qohumlarına yazdığı məktubların birində Ənvər deyirdi ki, mənim yazıq və bədbəxt anam Həmidə xanım heç vaxt xəbəri olmadı ki, onun oğlu sağdı. Lap yaxınlığındadır. 1955-ci ildə dünyasını dəyişən Həmidə xanım Cavanşir Mirzə Cəlilin yanında dəfn edildi.  

Mirzə Cəlilin qızı Münəvvər xanım 1965-ci ildə vəfat edib. Övladı olmayıb. 1979-cu ildə Tehranda vəfat edən Ənvər Məmmədquluzadənin çox sonralar böyük oğlu Midhət Cavanşirin sorağı Polşadan, digər övladları Teymur və İrena Cavanşirin sorağı Tehrandan gəldi... Dünyasını dəyişənləri də var, yaşayanları da... Əlbəttə, nəhəng bir nəsil ağacının qol-budağını kəsib özünü qurutsalar da, yeni pöhrələr cücərməkdə davam etdi. Həmidə xanımın da, Mirzə Cəlilin də nəvə-nəticələri ulduz kimi dünyaya səpələndilər.

 

 

Flora XƏLİLZADƏ

 

Azərbaycan.-2013.- 24 yanvar.- S.7.