Xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti olmayan şəxslərə qulluq və kömək göstərə biləcək qohumların olmamasının müəyyən edilməsi Qaydası

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 22 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmişdir

 

 1. Ümumi müddəalar

 

1.1. Bu Qayda "Sosial xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 7.1.4-cü maddəsinə əsasən hazırlanmışdır və xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti (bundan sonra - özünəqulluq qabiliyyəti) olmayan şəxslərə qulluq və kömək göstərə biləcək qohumların olmamasının müəyyən edilməsi qaydasını tənzimləyir.

1.2. Şəxsə (ailəyə) qulluq və kömək göstərə biləcək qohumlar dedikdə - əmək qabiliyyətli babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğmaögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər və nəvələr nəzərdə tutulur.

 

2. Özünəqulluq qabiliyyəti olmayan şəxslərə qulluq və kömək göstərə biləcək qohumların olmamasının müəyyən edilməsi

 

2.1. Özünəqulluq qabiliyyəti olmayan şəxslər sosial xidmət göstərilməsi üçün ərizə ilə yaşayış yeri üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin şəhər, rayon əhalisinin sosial müdafiəsi mərkəzlərinə (bundan sonra - Mərkəz) ərizə ilə müraciət edirlər. Ərizədə həmçinin onlara qulluq və kömək göstərə biləcək qohumların (əmək qabiliyyətli babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğmaögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər və nəvələr) olmaması qeyd edilir.

2.2. Ərizə daxil olduqdan sonra sosial işçi yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərinə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi yanında Əhalinin Dövlət Reyestri Xidmətinə (şəxsin valideynləri, özü və övladları barədə) və digər aidiyyəti qurumlara sorğu göndərir.

2.3. Həmin qurumlar tərəfindən qohumlar barədə məlumatlar göstərilməklə, 5 (beş) günü müddətində sorğuya cavab verilir.

2.4. Sorğu göndərilən qurumlarda zəruri məlumatlar olmadıqda, mərkəzlərin, yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin, bələdiyyələrin, mənzil istismar sahələrinin nümayəndələrinin, çoxmənzilli binaları idarə edən şəxslərin, eləcə də şəxsin qonşularının iştirakı ilə şəxsin qohumları barədə sosial işçi tərəfindən akt tərtib olunur.

2.5. Sorğununya aktın nəticələri əsasında sosial işçi tərəfindən şəxsə qulluq və kömək göstərə biləcək qohumların olub-olmamasını özündə əks etdirən hesabat hazırlanır.

2.6. Mərkəz tərəfindən sosial işçinin hesabatı (sorğunun və ya aktın nəticələri əlavə olunmaqla) əsasında özünəqulluq qabiliyyəti olmayan şəxslərə kömək göstərə biləcək qohumların olmaması barədə qərar qəbul edilir.

 

 

Azərbaycan.-2013.- 25 yanvar.- S.2.