Nüsxələrinə nəzarət
markası yapışdırılması nəzərdə tutulan müəlliflik hüququ
və əlaqəli hüquqlar obyektlərinin
(audiovizual əsər, fonoqram,
kompyuter proqramı, məlumat toplusu, kitab) dövlət reyestrinin aparılması Qaydaları
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2013-cü il 18 yanvar tarixli 9 nömrəli qərarı
ilə təsdiq edilmişdir
1. Bu
qaydalar "Əqli
mülkiyyət hüquqlarının təminatı və
piratçılığa qarşı mübarizə
haqqında" Azərbaycan Respublikasının 2012-ci il 22 may
tarixli 365-IVQ nömrəli Qanununun tətbiqi barədə"
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyul tarixli 668
nömrəli Fərmanının 1.1.7-ci yarımbəndinin
icrasını təmin etmək məqsədi ilə
hazırlanmışdır və nəzarət markası
yapışdırılan müəlliflik hüququ və əlaqəli
hüquqlar obyektlərinin (audiovizual əsər, fonoqram,
kompyuter proqramı, məlumat toplusu, kitab) dövlət
reyestrinin aparılması ilə bağlı məsələləri
tənzimləyir.
2. Nüsxələrinə nəzarət markası yapışdırılan müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin dövlət reyestri (bundan sonra - Dövlət Reyestri) audiovizual əsərin, fonoqramın, kompyuter proqramının, məlumat toplusunun və kitabın nüsxələrinə (bundan sonra - nüsxələr) yapışdırılan nəzarət markalarının verilməsi üçün sənədlər, nüsxələri hazırlayan (istehsal edən) və yayan hüquqi və fiziki şəxslər (hüquqi şəxsin təşkilati-hüquqi forması), nüsxələrin adları, seriyası, nömrəsi və verilmə tarixi göstərilməklə, nəzarət markalarının sayı barədə məlumatları özündə əks etdirən dövlət informasiya ehtiyatıdır.
3. Dövlət Reyestri "Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının 2012-ci il 22 may tarixli 365-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyul tarixli 668 nömrəli Fərmanının 2.2-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi (bundan sonra - Agentlik) tərəfindən aparılır.
4. Dövlət Reyestri (forması əlavə olunur) kağız və elektron daşıyıcılarda tərtib edilir. Kağız daşıyıcıda tərtib edilən Dövlət Reyestri kitabı cildlənir, hər bir səhifəsi nömrələnir, qaytanlanır və möhürlənir.
5. Dövlət Reyestri hər il üzrə ayrıca tərtib edilir. İl tamam olduqda, bu Qaydaların 12-ci hissəsində göstərilən məlumatların daxil edildiyi səhifələrin sayı və qalan boş səhifələrin sayı, reyestrin aparılmasının başlandığı və həmin il üzrə qurtardığı tarixləri göstərilməklə "Xüsusi qeydlər" nəzərdə tutulan səhifədə Dövlət Reyestrini aparan məsul işçi tərəfindən müvafiq qeyd aparılır.
6. Dövlət Reyestrinə daxil edilən hüquqi və fiziki şəxslərin adları və digər məlumatlar düzgün yazılmalı, reyestr nömrələrinin sıra ardıcıllığına əməl edilməli, göstərilən məlumatlar bütöv verilməli, qeydlər aydın və yığcam olmalıdır.
7. Dövlət Reyestrində aşkar edilmiş səhv məlumatın (qeydin) üstündən xətt çəkilir və bu Qaydalara uyğun yeni qeydlər yazılır. Yeni qeyddə səhv hesab edilmiş məlumata (qeydə) istinad olunur.
8. Dövlət Reyestri Azərbaycan dilində tərtib edilir. Xarici adlar Azərbaycan dilinin tələffüz qaydalarına uyğun şəkildə Azərbaycan əlifbası ilə yazılır.
9.
Dövlət Reyestri kitabına daxil edilən məlumatlar bu məlumatlar
üçün ayrılmış bölməyə yerləşmədikdə,
həmin bölməyə əlavə vərəqlər
tikilir. Belə əlavələr edildikdə, reyestri aparan
şəxs kitabın "Xüsusi qeydlər" nəzərdə
tutulan səhifəsində müvafiq əlavə barədə
qeyd yazmalıdır.
10.
Dövlət Reyestrinin kağız və elektron
daşıyıcılarındakı qeydlər arasında
ziddiyyət olduqda, qanunvericilikdə ayrı qayda nəzərdə
tutulmayıbsa, kağız daşıyıcıda olan qeydlər
əsas götürülür.
11.
Dövlət Reyestri illər üzrə və nüsxələrə
yapışdırılmaq üçün nəzarət
markalarının verilməsindən sonra istifadəçilər
tərəfindən qanunvericiliklə müəyyən
edilmiş qaydada Agentliyə təqdim edilən və bu
Qaydaların 12-ci hissəsində göstərilən sənədlər
və məlumatlar əsasında aparılır.
12. Nəzarət
markaları istifadəçiyə verildiyi tarixdən 3 iş
günündən gec olmayaraq aşağıdakı məlumatlar
Agentlik tərəfindən Dövlət Reyestrinə daxil
edilir:
12.1.
nəzarət markalarının verilməsi üçün ərizənin
(sifarişin) Agentliyə daxil olma tarixi və qeydiyyat nömrəsi,
ərizəçinin (sifarişçinin) adı (fiziki şəxsin
soyadı, adı, atasının adı,
yaşadığı və olduğu yer), hüquqi şəxsin
adı, təşkilati-hüquqi forması, hüquqi
ünvanı, əlaqə telefonları, elektron poçt
ünvanları və müraciətin qısa məzmunu;
12.2.
nüsxələrin növü, hazırlandığı
(istehsal edildiyi) yer (ölkə, şəhər);
12.3. nüsxələrin adları və
yazıldığı maddi daşıyıcının
növü;
12.4. müəlliflərin (hüquq
sahiblərinin), ifaçıların adları;
12.5. nüsxələrin kim tərəfindən
və nə vaxt hazırlanması barədə məlumatlar;
12.6. nəzarət markasının verilməsi
barədə qərarın qəbul edildiyi tarix;
12.7.
nəzarət markalarının istifadəçilərə təhvil
verildiyi tarix, təhvil alan şəxsin adı.
13. Nəzarət
markalarını alan hüquqi şəxs fəaliyyətini
dayandırdıqda, yenidən təşkil olunduqda və ya ləğv
edildikdə, yaxud məhkəmənin qərarı ilə
müflis elan olunduqda, hüquqi şəxs yaratmadan
sahibkarlıq fəaliyyəti ilə məşğul olan
fiziki şəxs hüquqi şəxs yaratdıqda və ya həyata
keçirdiyi sahibkarlıq fəaliyyətini
dayandırdıqda, bu barədə Dövlət Reyestrinin
"Hüquqi varislik" qrafasında müvafiq qeyd
yazılır.
14.
Bu qaydaların 12-ci hissəsində göstərilən məlumatlar
ictimaiyyət üçün açıqdır. Maraqlı
şəxslərin və qanunla səlahiyyət verilmiş
müvafiq dövlət orqanlarının müraciətləri
əsasında 3 iş günü müddətində Dövlət
Reyestrindən çıxarışlar (kommersiya hüquqi
şəxslərin təsisçiləri
(iştirakçıları) və onların nizamnamə
kapitalındakı payları barədə məlumatlar istisna
olmaqla) sənədlərin surəti şəklində verilir.
15.
İstifadəçilərin Agentliyə təqdim etdikləri
sənədin (sənədlərin) saxta olduğu və ya məlumatlarda
təhriflərə yol verildiyi müəyyən edildikdə,
bu Qaydaların 12-ci hissəsində nəzərdə tutulan məlumatlar
Dövlət Reyestrinə daxil edilmir, yaxud daxil edilmiş belə
məlumatlar Agentliyin sədrinin müvafiq qərarı ilə
qüvvədən düşmüş hesab olunur və bu barədə
Dövlət Reyestrinin "Məlumatların hüquqi qüvvəsi"
qrafasında müvafiq qeyd yazılır.
Azərbaycan.-2013.- 25 yanvar.- S.7.