«Freedom House» tərəfindən təqdim edilən hesabat beynəlxalq əməkdaşlıq siyasətinə və beynəlxalq hüquq normalarına tamamilə ziddir

 

Son illər ölkəmizdə insanların azad və təhlükəsiz yaşaması, müstəqilliyimizin möhkəmləndirilməsi istiqamətində çox ciddi tədbirlər həyata keçirilmişdir. Bu istiqamətdə beynəlxalq təşkilatlarla əməkdaşlıq ön cərgədə gedir. Azərbaycan Respublikası insan hüquqları sahəsində 300-dən çox beynəlxalq müqavilənin iştirakçısı və nüfuzlu təşkilatların (BMT, Avropa Şurası, UNESCO, Beynəlxalq Əmək Təşkilatı, MDB, GUAM, İslam Konfransı Təşkilatı və s.) üzvüdür. Təkcə bir faktı qeyd etmək lazımdır ki,  Beynəlxalq Əmək Təşkilatının 60-dan çox konvensiyasına qoşulan dövlətimiz həmin təşkilatın ən mühüm tərəfdaşlarından hesab edilir.

İnsan hüquqlarının təminatı və qorunması müasir Azərbaycan dövlətçiliyinin banisi, ulu öndər Heydər Əliyevin fəaliyyətinin əsası olmuşdur. 1993-cü ildə ulu öndərin hakimiyyətə qayıdışından sonra Azərbaycanda insan hüquqlarının təminatlı sisteminin bünövrəsi qoyulmuşdur. Müstəqil Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də qəbul edilmiş ilk Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxarmışdır. Konstitusiyada əksini tapmış bu strateji məqsəd ilk növbədə hüquqi islahatları və insan haqlarının qorunması prinsipinin real həyatda tətbiqini zəruri etmişdir. Azərbaycan Respublikası Konstitusiyasında, BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və digər beynəlxalq müqavilələrdə əksini tapmış insan hüquq və azadlıqları əhatəli şəkildə təsbit olunmuşdur. Konstitusiyanın ikinci mühüm bölməsi insan hüquq, azadlıq və vəzifələrinə həsr edilmişdir. Əsas Qanunun 10-cu maddəsində deyilir ki, Azərbaycan Respublikası başqa dövlətlərlə münasibətlərini hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplər əsasında qurur. Konstitusiyanın 12-ci maddəsinin 2-ci hissəsində göstərilir ki, bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. 12-ci maddənin 1-ci hissəsində xüsusi vurğulanır ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.

Konstitusiyanın davamı olaraq respublikada aparılan digər qanunvericilik islahatları da xüsusi qeyd edilməlidir. Bütövlükdə göstərilməlidir ki, Azərbaycan Respublikasında hüquqa və ədalətə söykənən mülki cəmiyyətin formalaşdırılması üçün ilk növbədə milli qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılmasına başlanmış, ardıcıl surətdə həyata keçirilən köklü iqtisadi, sosial və hüquqi islahatların qayəsində insana qayğı, insan ləyaqətinə, şəxsiyyətinə hörmət prinsipi dayanmışdır. Qəbul edilən bütün normativ-hüquqi aktlarda insan hüquqları ideyası və onlara hörmət ön plana çəkilmişdir.

İnsan hüquqlarının qorunmasında mühüm addımlar kimi 22 fevral 1998-ci il tarixli "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin fərmanı və   "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramının təsdiq edilməsi haqqında" 18 iyun 1998-ci il  Azərbaycan Respublikası Prezidentinin sərəncamı mühüm yer tutur. 28 dekabr 2006-cı il tarixli "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin sərəncamında xüsusi olaraq qeyd edilmişdir ki, hazırda Azərbaycanın yaşadığı yeni inkişaf mərhələsi insan hüquqlarının müdafiəsi sahəsində aparılan ardıcıl islahatların davam etdirilməsini şərtləndirir. Dövlət başçısı İlham Əliyevin 17 iyun 2007-ci il tarixli fərmanı ilə isə 18 iyun tarixinin İnsan Hüquqları Günü elan olunması ölkəmizdə insan amilinə həssas münasibətin bariz təcəssümüdür. Eyni zamanda 27 dekabr 2011-ci il "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında" Azərbaycan Prezidentinin sərəncamı da xüsusi vurğulanmalıdır. Altı bölmədən ibarət olan Milli Fəaliyyət Proqramında beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq əlaqələri əks olunmuş və bir sıra mühüm vəzifələr ön plana çəkilmişdir.

Digər sənədlər də xüsusi qeyd edilməlidir. Məsələn, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 yanvar tarixli "Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" fərmanının 6-cı bəndində Azərbaycan Respublikası Ali və Azərbaycan Respublikası Apelyasiya məhkəmələrinə tövsiyə edilmişdir ki, İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi işini təşkil etsinlər və onu məhkəmə təcrübəsində nəzərə alsınlar. Daha sonra "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2006-cı il tarixli sərəncamının 5-ci bəndində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə və Azərbaycan Respublikası Ali Məhkəməsinə tövsiyə edilmişdir ki,  insan hüquqlarının müdafiəsini tənzimləyən beynəlxalq sənədlərin müddəalarının məhkəmə təcrübəsində tətbiqini təmin etsinlər.

Hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən dövlətdaxili sferada və beynəlxalq aləmdə, o cümlədən mühüm beynəlxalq təşkilatlarda aparılan uğurlu və ideal fəaliyyət dövlətimizin insan hüquqları istiqamətində də düzgün siyasətini bir daha sübut edir. Bu gün Azərbaycan Respublikası insan hüquqlarının müdafiəsinin beynəlxalq mexanizmləri ilə sıx əməkdaşlıq qurur və onlara müvafiq dövri hesabatlar təqdim edir. İrəli sürülən tövsiyələr də daim Azərbaycan Respublikası tərəfindən qanunvericiliyimizin daha da təkmilləşdirilməsində istifadə olunur.

Dövlətimizin bu il BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi isə Azərbaycan üçün təkcə təbliğati-siyasi məzmun kəsb etmir. Respublikamız bu uğura imza atmaqla, faktiki olaraq təşkilat çərçivəsində mühüm qərarların qəbulu prosesində əsas dövlətlərdən birinə, həlledici söz sahibinə çevrilmişdir. Şübhəsiz, Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi, möhtərəm Prezident İlham Əliyevin də vurğuladığı kimi, Azərbaycan xalqının tarixi qələbəsidir. Ancaq qeyd etmək lazımdır ki, bu tarixi nailiyyət Azərbaycanda gedən demokratik dəyişikliklərə, insan hüquqları sahəsindəki mühüm addımlara beynəlxalq təşkilatlar və dövlətlər tərəfindən verilən cavabdır.

Bu gün Azərbaycan Respublikası özünün dövlətdaxili qanunvericiliyi ilə daim fəxr edir. Bu qanunvericilik geniş beynəlxalq əməkdaşlıq siyasətinə əsaslanır. İnsan hüquqları sahəsində fəaliyyətə xüsusi diqqət yetirən dövlətimiz bu sahədə kadr hazırlığını da ön plana çəkmişdir. Belə ki, BDU-nun hüquq fakültəsində xaricdən dəvət olunmuş mütəxəssislərin iştirakı ilə magistratura səviyyəsində ingilis dilində tədris edilən "İnsan hüquqları" ixtisaslaşmasında bu sahədə peşəkar kadr hazırlığı həyata keçirilir.

Ancaq təəssüf ki, bəzi beynəlxalq qeyri-hökumət təşkilatlarının heç bir əsas olmadan və dövlətimizin uğurları nəzərə alınmadan qeyri-obyektiv siyasət yürütmələri başadüşülən deyil. Belə beynəlxalq qeyri-hökumət təşkilatları tərəfindən atılan əsassız və obyektivlikdən uzaq addımlar dövlətlərin beynəlxalq cəmiyyətə inamını zəiflədir, bütövlükdə beynəlxalq təşkilatlar sisteminə ciddi zərbələr vurur. Belə qeyri-hökumət təşkilatı kimi "Freedom House" xüsusi yer tutur. Azərbaycanda insan hüquqları sahəsində atılan mühüm addımları heç bir halda qeyd etməyən təşkilatın "Dünyada azadlıqlar: 2013" adlı hesabatında ən qərəzli mövqelərdən biri Dağlıq Qarabağa da xüsusi yer ayırmasıdır. İşğalçı dövlət olan Ermənistanın himayəçiliyi ilə qorunan beynəlxalq cəmiyyət tərəfindən tanınmamış bir ərazinin qabardılması özü beynəlxalq hüququn ayaqlar altına salınmasıdır. Bundan başqa, işğalçı dövlət olan insan hüquqları sahəsində həmişə beynəlxalq təşkilatlar tərəfindən tənqid edilən Ermənistanın isə "Qismən azad ökələr" siyahısında olması dövlətimizə qarşı ən qərəzli bir mövqeyi əks etdirir.

Belə qeyri-hökumət təşkilatlarının beynəlxalq nüfuzu ola bilməz. Çünki mühüm beynəlxalq təşkilatlar (BMT, Avropa Şurası, BƏT  s.) tərəfindən dövlətimizə verilən layiqli müsbət dəyərlər apardığımız düzgün daxili-xarici siyasət belə qeyri-hökumət təşkilatları tərəfindən heç vaxt kölgə altına salına bilməz.

 

 

Əmir ƏLİYEV,

Bakı Dövlət Universitetinin professoru,

 hüquq elmləri doktoru

 

Azərbaycan.-2013.- 25 yanvar.- S.3.