Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq

 Şurasının toplantısı keçirilmişdir

 

Yanvarın 24-də Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv dövlətlərin diaspor məsələləri üzrə cavabdeh dövlət qurumlarının rəhbərlərinin ilk görüşü keçirilmişdir.

AzərTAc xəbər verir ki, görüşdə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın diaspor məsələləri üzrə cavabdeh dövlət qurumlarının rəhbərləri iştirak etmişlər.

Toplantının məqsədi TDƏŞ-ə üzv dövlətlərin diasporları arasında əməkdaşlığın gücləndirilməsi, türk dünyasının birliyi ideyalarının həyata keçirilməsi üçün səylərin birləşdirilməsi və gələcək fəaliyyət strategiyasının müəyyənləşdirilməsidir. Toplantı çərçivəsində TDƏŞ-ə üzv dövlətlərin diaspor məsələlərinə cavabdeh dövlət qurumlarının Məşvərət Şurasının yaradılması, 2013-cü ildə bu ölkələrin diaspor təşkilatları rəhbərlərinin I Forumunun keçirilməsi, türkdilli xalqların diaspor təşkilatları rəhbərlərinin birgə fəaliyyət strategiyasının hazırlanması və Əlaqələndirmə Şurasının təsis olunması ilə bağlı məsələləri müzakirə edilmişdir.

Diasporla üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Azərbaycan diaspor təşkilatlarının qurulması və inkişaf etməsində ümummilli lider Heydər Əliyevin xidmətlərindən danışmışdır.  Bildirilmişdir ki, ulu öndər Heydər Əliyev dünya azərbaycanlılarının birgə fəaliyyəti istiqamətində gördüyü işləri Prezident İlham Əliyev uğurla davam etdirir.

Komitə sədri qeyd etmişdir ki, türkdilli dövlətlərin fəaliyyətini əlaqələndirmək üçün bu gün daha sıx əlaqələr qurulmalıdır. Vurğulanmışdır ki, Azərbaycan və Türkiyə diasporları çox sıx fəaliyyət göstərir və digər türkdilli ölkələrin də bu fəaliyyətə qoşulması zəruridir. Bu işdə birgə fəaliyyət qarşıya çıxan problemlərin həllinə kömək edəcəkdir. Türkdilli dövlətlərin diaspor təşkilatlarının inkişafı üçün Azərbaycan diasporu hər zaman əlindən gələni etməyə hazırdır. Bu da türkdilli ölkələrin diasporlarının birləşməsinə şərait yaradacaqdır.

Tədbirdə çıxış edən TDƏŞ-in baş katibi Xəlil Akıncı türk diasporlarının xarici ölkələrdə birləşdiyi xüsusi mərkəzlərin yaradılmasının vacibliyini bildirmişdir. X.Akıncı qeyd etmişdir ki, həmin mərkəzlər türk diaspor təşkilatlarının ortaq məsələlərini həll etməli, onların qaldırdığı məsələləri təmsil etdiyi ölkələrin dövlət rəhbərliyinə çatdırmalıdır.

TDƏŞ-in baş katibi türk diaspor təşkilatlarının vahid siyasət yürütməsini təmin etməyin də vacibliyindən danışmışdır. Bildirilmişdir ki, dünyanın hər yerində türk diasporları fəaliyyət göstərir. Onların fəaliyyətlərinin əlaqələndirilməsi türklərə yönələn mənfi təbliğatın qarşısının alınması, türk imicinin dünyada daha da artmasına xidmət etməlidir. Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) üzərinə də diasporların fəaliyyətinə töhfələrin verilməsi istiqamətində böyük düşür.

Tədbirin əhəmiyyətini vurğulayan Ümumdünya Qazaxlar Assosiasiyası idarə heyətinin sədr müavini Talqat Mamaşev  bildirmişdir ki, etnik qazaxların çox hissəsi Qazaxıstandan kənarda dünyanın 40-dan çox ölkəsində yaşayır. T.Mamaşev onların daha çox Çində (1,5 milyon), Özbəkistanda (1,5 milyon), Rusiyada (1 milyon), Monqolustanda (150 min) məskunlaşdığını diqqətə çatdırmışdır.

Qırğızıstan Respublikasının Xarici İşlər Nazirliyinin məşğulluq və miqrasiya məsələləri departamentinin direktoru Keştakbek Aytımatov Azərbaycanda xeyli sayda qırğızın yaşadığını diqqətə çatdırmışdır. O demişdir: "Məqsədimiz onları bir araya gətirməkdir. Çünki bu, turizm, mədəniyyət sahəsində ölkələrimiz arasında əlaqələrin inkişafına töhfəsini verəcəkdir".

Tədbirdə çıxış edən TürkPA-nın baş katibi Ramil Həsənov və başqaları bildirmişlər ki, tədbir həm türkdilli xalqların əlaqələrinin genişləndirilməsində böyük rol oynayacaq, həm də diaspor təşkilatlarının fəaliyyətinin inkişafına təkan verəcəkdir.

Sonra tədbir müzakirələrlə davam etdirilmişdir.

Müzakirələrdən sonra yekun sənəd qəbul olunmuşdur.

Sənəddə TDƏŞ-ə üzv dövlətlərin diaspor təşkilatlarının ortaq strategiyasının müəyyən edilməsi üçün  mütəxəssislərdən ibarət Təmas Qrupunun yaradılmasına dair müddəa öz əksini tapmışdır. Həmçinin sənəddə türk dövlətlərin diaspor təşkilatlarının rəhbərlərinin I Forumunun Azərbaycanda keçirilməsi də qərara alınmışdır.

 

Azərbaycan.-2013.- 25 yanvar.- S.4.