On iki ildir ki, ölkəmiz Avropa
Şurasının tamhüquqlu üzvüdür
Müstəqilliyini qazandığı gündən Azərbaycanın məqsədi dünyaya inteqrasiya, Qərb sivilizasiyasını cəmiyyətdə tətbiq etmək, eyni zamanda öz dəyərlərini uca tutmaqla inkişaf etmiş güclü dövlətlərdən birinə çevrilmək olub. Çox keçmədən siyasi, iqtisadi və sosial məsələlərin, yürüdülən siyasi xəttin və xarici siyasətin düzgün aparılması ölkəmizə beynəlxalq aləmin inamını artırdı. Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz layihələrinin reallaşmasından sonra Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rol əldə etdi. Həyata keçirilən demokratik islahatlar, konkret tədbirlər, iqtisadiyyatın inkişafı və xarici siyasətdəki uğurlar ölkəmizin Avropa Şurası və Qərbin digər siyasi və iqtisadi strukturlarında fəal iştirakını zəruri etdi.
Hələ 1992-ci il yanvarın 24-də Azərbaycan parlamenti "xüsusi dəvət olunmuş qonaq" statusu almaq üçün Avropa Şurasına müraciət etmişdi. 1996-cı ildə Azərbaycan AŞ PA-nın Venesiya Komissiyasına üzv qəbul edildi. Nümayəndə heyətimiz şuranın iclaslarında müntəzəm iştirak etməyə başladı. Lakin həmin dövrdə tamhüquqlu üzv olmaq üçün süni problemlər yaradılırdı. Dünya ictimai və siyasi həyatın bütün sahələrində qloballaşma reallığı ilə üz-üzə qalmışdı. Müxtəlif ölkələrdə proseslərə münasibət birmənalı deyildi, hər cəmiyyətdə tərəfdarları və əleyhdarları var idi. Müstəqilliyini yenicə əldə edərək dünyaya inteqrasiya yolunu tutan ölkələrə münasibət xüsusilə müzakirə olunur, gətirə biləcəyi təhlükələrdən ehtiyatlanırdılar. Azərbaycan kimi müsəlman dövləti üçün bu maneələri aşmaq daha çətin idi. Digər tərəfdən də müharibə, qaçqın-köçkün problemi, iqtisadi tənəzzül və sair. 1993-94-cü illərdən başlayaraq Azərbaycan xarici və daxili siyasətini düşünülmüş şəkildə qurur, bu təşkilatın əsas tələblərini və standartlarını nəzərə alır, qurumun qəbul etdiyi konvensiyalara qoşulurdu. Bu, ilk növbədə insan hüquqlarına dair Avropa Konvensiyasına və onun protokollarına aiddir.
Düşünülmüş siyasət çox keçmədən Azərbaycanın Qərbə və dünyaya geniş inteqrasiyasını sürətləndirdi, mötəbər beynəlxalq qurumların qapılarını üzünə açdı. Onlardan biri də Avropa Şurası Parlament Assambleyası idi. Dünyanın mövcud reallığının - birləşmək, anlaşmaq, əməkdaşlıq etmək olduğunu gözəl bilən ulu öndər Heydər Əliyev 1998-ci il yanvarın 20-də "Azərbaycan Respublikası ilə Avropa Şurası arasında əməkdaşlığın dərinləşdirilməsi və Azərbaycan Respublikasının mənafelərinin müdafiə edilməsi sahəsində tədbirlər" haqqında sərəncam imzaladı. 2001-ci il yanvarın 17-də Avropa Şurası Nazirlər Komitəsi Azərbaycanın təşkilata tamhüquqlu üzv olması haqqında qərar qəbul etdi. Xalqımız bu xəbəri böyük sevinclə qarşıladı. Bir neçə gün sonra - 2001-ci il yanvarın 25-də Azərbaycan Avropa Şurasının tamhüquqlu üzvü oldu. Həmin gün Strasburqda Avropa Şurasının mənzil-qərargahı qarşısındakı flaqştoka Azərbaycanın üçrəngli bayrağı qaldırıldı. Həmin tarixi mərasimdə ulu öndər Heydər Əliyev demişdi: "Biz ölkəmizin Avropa Şurasına qəbulunu yalnız indiyə qədər gördüyümüz işlərə, həyata keçirilən islahatlara verilən qiymət kimi deyil, həm də dövlətimizə və xalqımıza uzadılan dost əli kimi qiymətləndiririk və ona görə də mövcud olan bir sıra problemlərin vahid Avropa ailəsi daxilində həllini tapacağına inanırıq".
Azərbaycan vətəndaşları bundan sonra Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmək şansı qazandılar. Bəşəri və demokratik dəyərlərə əməl edən ölkəmiz bu illər ərzində Avropa ailəsinin tamhüquqlu üzvü kimi özünü doğrultmağa çalışdı. Həmişə Azərbaycana münasibətdə "ikili standart" mövqeyi nümayiş etdirən dövlətlər də reallıqdan qaça bilmədilər. AŞ PA-da Azərbaycanı təmsil edən nümayəndə heyətinin ilk rəhbəri olmuş cənab İlham Əliyevin təşəbbüskarlığı və diplomatik fəallığı nəticəsində elə birinci sessiyadan etibarən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair həqiqətləri özündə əks etdirən sənədlər yayıldı. AŞ PA BMT Təhlükəsizlik Şurasının qətnamələrindən daha açıq şəkildə Ermənistanı işğalçı adlandıran sənəd qəbul etdi. AŞ PA-nın 2005-ci ilin yanvar ayında qəbul edilmiş qətnaməsində Ermənistan rəsmən təcavüzkar ölkə kimi tanındı.
Bu illər ərzində Azərbaycan həm regional əməkdaşlıq, həm də Avropa və Avratlantik strukturlara inteqrasiya yolunda böyük nailiyyətlər əldə etdi. Ümumavropa dəyərləri milli maraqlarımıza uyğun formada tətbiq edildi. Ölkə Prezidenti İlham Əliyev nüfuzlu beynəlxalq mətbuat orqanlarına müsahibə verərkən Azərbaycanın Avropa ailəsinə inteqrasiya istəklərinə xüsusi önəm verdiyini vurğulamışdır.
Lakin müasir dünyada bir ədalətsizlik hökm sürür, eyni məsələyə fərqli standartlarla yanaşma getdikcə dərinləşir. Azərbaycan hələ də bəzi beynəlxalq qurumlar və dövlətlər tərəfindən "ikili standart" mövqeyi ilə rastlaşır. Elə beynəlxalq qurumlar var ki, islamofobiya xəstəliyinə tutulub. Müsəlman dövlətlərinə qarşı qərəzli çağırışlar edir, bu ölkələrdə baş verən hadisələr şişirdilir, terror hadisələri kimi qloballaşdırılır və həmin ölkəyə təzyiq vasitəsi kimi istifadə olunur. Belə qeyri-obyektiv münasibət dinc dünya yaratmaqdan uzaqdır və ancaq xalqlar və dövlətlər arasında problemlər yaşadır, münaqişələrin həllini ləngidir, günahkar tərəfə əməllərini inkişaf etdirmək imkanı yaradır. Bəzən bu cür nüfuzlu qurumların iclaslarında təcavüzkar dövlət açıq-aşkar müdafiə olunur, əməlləri ört-basdır edilir. Azərbaycanla bağlı isə süni problemlər yaradılır, işğalçı dövlətlə eyniləşdirilir. Əslində, Dağlıq Qarabağ problemi təkcə region üçün deyil, bütövlükdə Avropanın təhlükəsizliyi üçün maneədir. Azərbaycan nümayəndə heyəti bütün təzyiq və ikili münasibətlərə baxmayaraq, obyektivliyə nail olmaq istiqamətində var gücü ilə çalışır, üzv ölkələri Azərbaycana qarşı qeyri-obyektiv olmaqdan çəkinməyə səsləyir. Azərbaycan Avropa təhlükəsizlik sisteminə çox böyük töhfələr vermək imkanında və iqtidarında olduğu halda, bəzi Avropa dövlətləri bunu qısqanclıqla qarşılayır. Avropa Şurasının özü və beynəlxalq qurumlar Azərbaycana qarşı həmişə obyektiv olmur və ölkəmizə təzyiq etmək üçün öz mexanizmlərindən istifadə edirlər.
İstər insan azadlığı olsun, mətbuat azadlığı olsun və ya insan hüquqları olsun, ölkəsində bunların inkişafına Azərbaycan Avropadan az maraqlı deyil. Lakin burada baş verən hadisələr şişirdilir, transmilli mediaya çıxarılır, Azərbaycan Prezidentinin də dediyi kimi, onlar Azərbaycana bərabərhüquqlu dövlət kimi yanaşmaq istəmir, "böyük-kiçik" dövlət münasibəti nümayiş etdirirlər. Elə dövlətlər var ki, başqa ölkələrə ikili standartlarla yanaşmaq onun siyasətidir və belə dövlətlərin bir neçəsi də, təəssüf ki, AŞ PA-da təmsil olunur. Lakin Azərbaycan getdiyi uğurlu yolu inamla davam etdirəcək, demokratiya və insan hüquqlarının inkişafı istiqamətində səylərini durmadan artıracaq.
Rəsmiyyə
RZALI
Azərbaycan.-2013.- 25 yanvar.- S.5.