Avropalı deputatların əksəriyyəti
Azərbaycanda gedən demokratik prosesləri dəstəkləmişdir
Yanvarın 23-də Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinin vəziyyətinə dair ölkəmiz üzrə həmməruzəçilər Pedro Aqramuntun (İspaniya) və Cozef Debono Qrexin (Malta) və almaniyalı deputat Kristofer Ştrasserin Azərbaycanda "siyasi məhbus" məsələsi ilə bağlı məruzələri ətrafında müzakirələr keçirilmişdir.
Çıxışa yazılan 50-yə yaxın deputatın əksəriyyəti Azərbaycanda gedən demokratik prosesləri dəstəklədiyini bildirmişdir. Almaniyalı deputat Robert Valter 1918-ci ildə Azərbaycanda ilk dəfə qadınlara seçmək və seçilmək hüququnun verildiyini, gənc respublikada demokratiyanın inkişaf etdiyini diqqətə çatdırmışdır. Fransalı deputat Jan-Mari Bokelin çıxışı xüsusi maraq doğurmuşdur. O demişdir: Mən bir çox məsələlərə diqqəti cəlb etmək istərdim. İlk növbədə ölkənin malik olduğu iqtisadi potensial hazırda demokratiyanın inkişafına rəvac verir.
Bu gün digər həssas bir məsələni - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini xüsusi qeyd etmək lazımdır. Münaqişə daha çox demokratiyaya doğru yönələn səyləri xeyli dərəcədə əngəlləyir. Azərbaycan xalqının 10 faizini təşkil edən qaçqın və məcburi köçkünlər məsələsinə diqqət yetirilməlidir. Biz bu məsələdə ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyərək münaqişənin həlli üçün çalışmalıyıq. Bizim təşkilatımızın tərkibində münaqişə şəraitində olan iki ölkə vardır. Parlament diplomatiyası demokratiyanın inkişafına kömək edəcək nəticələrin əldə olunmasına gətirib çıxarmağa imkan verməlidir. Qeyd edim ki, Avropa İttifaqı da məsələlərə bu prizmadan yanaşır, çünki bu yaxınlarda tərəfləri münaqişəyə dair danışıqları sürətləndirməyə çağırmışdır. Aİ-nin genişlənmə üzrə komissarı da bir neçə həftə əvvəl bu ölkədə demokratiyanı gücləndirmək üçün göstərilən səyləri xüsusi qeyd etmişdir. Eyni zamanda, avropalı komissar Brüssel ilə Bakı arasında enerji sahəsində əməkdaşlığın inkişafını alqışlamışdır.
Jan-Mari Bokel almaniyalı deputat K.Ştrasserin məruzəsinin Azərbaycanın tutduğu demokratiya yolunda müşayiətedici ruhda olmadığını söyləmişdir. Bildirilmişdir ki, həyata keçirilən səyləri və əldə edilən irəliləyişləri görmədən həmin ölkəni tənqid etmək düzgün deyildir.
Fransalı deputat demişdir: "Mən habelə diqqəti Azərbaycanın yerləşdiyi geopolitik vəziyyətə və Ermənistan ilə müharibə vəziyyətinə çəkmək istəyirəm. Azərbaycanda mövcud olan və model xarakteri daşıyan bəzi elementləri xüsusi qeyd etməliyəm. Ölkədə mövcud olan dünyəvilik, dinlərarası birgəyaşayış da xüsusi qeyd edilməlidir. Bu səbəblərdən mən Monitorinq Komitəsinin hazırladığı məruzənin lehinə səs verəcəyəm. K.Ştrasserin məruzəsi isə qərəzli və natamam olduğuna görə ona səs verməyəcəyəm".
Fransalı deputatlardan Rene Ruke, Jak Ruke, Terri Mariani Ermənistanın Azərbaycan ərazilərinin 20 faizini işğal etməsi nəticəsində bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün həyatı yaşadığını, onların hüquqlarının pozulduğunu, K.Ştrasserin başqa yol tutduğunu, ölkədə iqtisadi yüksəlişin göz qabağında olduğunu və bu yüksəlişin demokratik proseslərdən xəbər verdiyini, müsəlman ölkəsi olmasına baxmayaraq, Azərbaycandakı tolerantlığın Avropa ölkələrinin əksəriyyətinə nümunə olduğunu bildirmişlər.
Polşadan, Rusiyadan, Türkiyədən, Macarıstandan, Sloveniyadan və başqa ölkələrdən olan deputatlar "siyasi məhbus" anlayışının müəyyənləşmədiyi halda onun Azərbaycana tətbiq edilməsini pisləmiş və Azərbaycanın son illər bütün sahələrdə əldə etdiyi nailiyyətlərdən, beynəlxalq aləmdə nüfuzunun artmasından söhbət açmışlar.
Azərbaycana qarşı daim qərəzli mövqe nümayiş etdirən ermənilər və onların bəzi avropalı havadarları yenə ölkəmizə qara yaxmaq ənənəsinə sadiq qalmışlar. Onların çıxışları avropalı deputatlar tərəfindən narazılıqla qarşılanmış və layiqli cavablarını almışlar.
Azərbaycan nümayəndə heyətinin üzvü Rövşən Rzayev çıxışında məruzələrini hazırladığı dövrdə dövlət və ictimai orqanların həmməruzəçilərə hərtərəfli kömək göstərdiyini diqqətə çatdırmış, yeni ildə AŞPA-nın Avropada münaqişə ocaqları ilə və nəzarət edilməyən ərazilərlə ciddi məşğul olacağına əminliyini bildirmişdir.
Azərbaycanın tolerant ölkə kimi tanındığını və Avropaya inteqrasiya etməkdə maraqlı olduğunu xatırladan deputat respublikamızın Avronest Parlament Assambleyasının təşkilatçılarından biri olduğunu bildirmişdir.
Rövşən Rzayev son illərdə Azərbaycan parlamentinin mühüm qanunverici aktlar qəbul etdiyini və bu aktların müəyyən sosial qrupların müdafiəsinə istiqamətləndiyini, nəticə etibarilə onların təmin olunmasında öhdəliklərin yerinə yetirilməsinə xidmət göstərdiyini vurğulamışdır. Almaniyalı deputat K.Strasserin "siyasi məhbus" məsələsi ilə bağlı hazırladığı məruzəyə münasibət bildirən Milli Məclisin deputatı onun ölkəmizi nüfuzdan salmağa istiqamətləndiyini qeyd etmişdir.
Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov ondan əvvəl çıxış edən erməni deputata irad tutaraq bildirmişdir ki, Azərbaycanı tənqid etmək, Azərbaycandakı "siyasi məhbus"larla bağlı problemləri görmək əvəzinə Helsinki Vətəndaş Assambleyasının siyahısında yer alan və Dağlıq Qarabağda müharibəyə getməkdən imtina edən 65-dən çox gənci azad edin. S.Seyidov demişdir: On iki ildir ki, Avropa Şurasındayam. İlk dəfədir ki, bir mövzudan bəhs edən iki məruzə fərqli formada assambleyanın müzakirəsinə çıxarılır. Bu, birinci fikrimdir. Azərbaycan monitorinq altındadır. Bu proses çərçivəsində əlimizdən gələni edirik. Bu vəziyyətdə düşünmək lazımdır. Monitorinq Komitəsinin məruzəsi tənqidi olsa da, ona hörmətlə yanaşırıq.
K.Ştrasserin məruzəsinə gəldikdə isə, onunla necə razılaşmaq olar? Bu məruzədə müxtəlif faktlara rast gəlinir. Bu, çox qəribədir, cənab prezident. K.Ştrasserin təqdim etdiyi siyahıda nəyi görürük? Orada mövcud olmayan insanların adına rast gəlinir. Qırxdan çox şəxs artıq azad olunmuşdur. On nəfər yurisdiksiya qarşısındadır. Yalnız bir neçə saat əvvəl K.Ştraser İnsan Hüquqları Komitəsinə qərəzli şəkildə və bilərəkdən aktuallaşdırılmış siyahı təqdim etmişdir. Biz K.Ştrasserə qarşı deyilik. O, bu Assambleyanın üzvüdür. O, vaxtilə Azərbaycana səfər etmişdir. Amma o, burada başa düşülməyən faktlar irəli sürür. Biz K.Ştrasserin məruzəsinin əleyhinəyik. Bu, bizim təşkilatımızın təşviq etdiyi dəyərlərə, inama xələl gətirir. Bu dəyərlər sual altındadır. Dəyərlər təşkilatdan daha çox önəmlidir. Mən Avropanın böyük ailə kimi dəyərlərinə inanıram.
Nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva bu gün Azərbaycanın həll olunmamış Dağlıq Qarabağ probleminin, Azərbaycan ərazisinin 20 faizinin işğalının bütövlükdə ölkənin iqtisadi inkişaf strategiyasının tam həyata keçirilməsinə imkan vermədiyini qeyd etmişdir. Hələ də ölkədə qaçqın və məcburi köçkün insanların, yurd-yuvalarından didərgin düşdükdən sonra dünyaya gəlmiş uşaqların problemləri gündəmdədir. Sözsüz ki, dövlət tərəfindən onlar üçün hər bir şərait yaradılmış, lazımi maliyyə dəstəyi ilə təmin edilmiş, müasir tipli şəhərciklər salınmışdır. Təəssüflə qeyd etməliyəm ki, ötən il Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində durğunluq prosesi olmuşdur. ATƏT-in Minsk Qrupunun münaqişənin həlli ilə bağlı göstərdiyi fəaliyyətdə irəliləyiş nəzərə çarpmamışdır. Yerevanın destruktiv mövqe nümayiş etdirməsi bu məsələnin cari ildə də həll olunmasını sual altında qoyur. Ermənistanın və onun rəhbərliyi heç bir yeni təkliflə çıxış etmədən Madrid prinsiplərinin yenilənməsindən geri çəkilərək status-kvo məsələsini gündəmə gətirirlər. Bu vəziyyət bütövlükdə regionda baş verən siyasi proseslərə mənfi təsir edir, Cənubi Qafqaz ölkələrinin daxili və xarici siyasəti üçün risk yaradır.
Burada biz bir müddət əvvəl Kristofer Ştrasser tərəfindən "siyasi məhbus"larla bağlı hesabatı dinlədik. Ştrasserin fikrincə, onun siyahısına Azərbaycanda siyasi əqidəsinə görə məhkum edilən 85 nəfər daxildir. Həmin insanların müxtəlif qanun pozuntularına görə həbs olunduqlarını nəzərə alaraq, qeyd etməliyik ki, məruzəçi yalnız öz subyektiv fikirləri əsasında məsələni araşdırmadan bu qənaətə gəlmişdir.
Azərbaycan nümayəndə heyətinin digər üzvü Rafael Hüseynov çıxışında demişdir: Bu gün Azərbaycan Avropa Şurası ilə 12 illik, lakin müqəddiməsini də nəzərə alsaq, 15 illik əməkdaşlığının növbəti hesabatını verir. Bu isə yalnız son dövrlərin deyil, bütövlükdə irəlilədiyimiz yolun bir daha nəzərdən keçirilməsini zəruri edir.
Mən Azərbaycanın Avropa Şurasına qəbul olunması üçün ilk təşəbbüslər etdiyi illəri xatırlayıram. O vaxt Azərbaycan Prezidenti Heydər Əliyev Avropa Şurasından gələn ekspertlərin, mətbuat nümayəndələrinin iştirak etdikləri bir görüşdə demişdi ki, bizdən xeyli əvvəl Avropa Şurasına üzv olan dövlətlərdən birinin başçısı guya xeyirxahlıqla mənə söylədi ki, niyə o təşkilata belə can atırsınız? Oraya qəbul ediləndən sonra hər dəfə cürbəcür tənqidlərlə, təzyiqlərlə qarşılaşacaqsınız.
Heydər Əliyev bu əhvalatı xatırlayaraq ardınca Azərbaycan və Avropa Şurası münasibətlərinin fəlsəfəsini ifadə edən vacib bir fikir söyləmişdi. Bildirmişdi ki, biz totalitar rejimin buxovlarından yenicə qurtulmuş ölkəyik. Bizim məqsədimiz müasir, demokratik bir dövləti yaradıb inkişaf etdirməkdir. Ona görə də yolumuzun uğurlu olması naminə nə qədər çətinlik, nə qədər tənqid olsa da, dözəcəyik. Çünki Avropa Şurası bir demokratiya məktəbidir.
Sonrakı illər Azərbaycan bu seçimə nə qədər sadiq olduğunu əyani şəkildə nümayiş etdirmişdir. Azərbaycan Avropa Şurasına üzv olduğu 2001-ci ilin yanvarından indiyədək - 12 il müddətdə əslində daha uzun bir yol keçmiş, çox ciddi irəliləyişlərə nail olmuşdur. Bu, ilk növbədə cəmiyyətin və dövlətin demokratikləşməsi, insan haqlarına hörmətin daha artıq bərqərar olması, bir çox demokratik təsisatların yaranması və uğurlu fəaliyyəti ilə bağlıdır.
Tənqidlərə gəlincə, onlar həmişə olacaq və bu, təbiidir. Fransa, Böyük Britaniya, Almaniya və digər ölkələr Avropa Şurasının qurucusu olan dövlətlərdir. Hətta onlar belə bu gün burada tənqiddən sığortalanmamışlar və yeri gəldikcə bu və ya digər problemlə əlaqədar tənqidlərə məruz qala bilirlər. Bu baxımdan Azərbaycan kimi gənc üzvün və yeni demokratiya ölkəsinin oxşar aqibətlə qarşılaşması gözlənilməz deyildir. Sağlam tənqid həmişə lazımdır. Əslində bu, ümumi işə kömək edən bir vasitədir. İstək ondan ibarətdir ki, tənqid qərəzli olmasın, çox tez-tez müşahidə edildiyi kimi, ikili standartlara əsaslanmasın, məntiqsiz olmasın, hansısa çirkin niyyətlərə xidmət etməsin.
Azərbaycan Avropa Şurası qarşısında götürdüyü öhdəliklərə sadiqdir, onlara ardıcıl şəkildə əməl edir və bu yolla da daim irəliləyəcəkdir. Çünki o dəyərlər ki, onlara əməl olunmasını Avropa Şurası tələb edir, onu bizdən daha əvvəl ölkəmizin milli bayrağında əks olunmuş dövlətçilik fəlsəfəsi tələb edir. Biz bu yolda həmişə mübariz və dönməz olacağıq!
Milli Məclisin deputatı Sahibə Qafarova Azərbaycanın bir dövlət olaraq fərqli xalqların nümayəndələrinin mehriban, dostluq şəraitində yaşadığı bir məkana çevrildiyini, bu gün xristian icmasının da ölkəmizdə əsas çoxluq təşkil edən müsəlman cəmiyyəti ilə eyni hüquqlara sahib olduğunu diqqətə çatdırmış, dövlətin öz vətəndaşlarına münasibətinin heç bir dini, milli, irqi əsaslara söykənmədiyini qeyd etmişdir. Məhz buna görə də azərbaycanlı, rus, yəhudi, gürcü, erməni və s. olmasından asılı olmayaraq bütün vətəndaşlarımız ortaq dəyərlərimizlə və ortaq maraqlarımız naminə yaşamağı özünə şərəf bilir. Heç də təsadüfi deyildir ki, bu gün dünya liderləri, ölkəmizdə səfərdə olan müxtəlif xalqların nümayəndələri Azərbaycanı tolerantlıq, dini dözümlülük baxımından örnək ölkə hesab edir, bu istiqamətdə tətbiq olunan modeli müsbət qiymətləndirirlər. Eyni zamanda Azərbaycanda hər bir vətəndaş özünün hüquq və azadlıqlarından yüksək səviyyədə yararlanmaq imkanına malikdir, istədiyi ictimai qurumu yarada, istənilən təşkilata üzv ola, istədiyi mətbuat orqanını təsis edə bilir.
Azərbaycanda 4 min 500-dən artıq kütləvi informasiya vasitəsinin, 3 min 600-dən artıq qeyri-hökumət təşkilatının dövlət qeydiyyatından keçdiyini xatırladan deputat son iki ildə onların dəstəklənməsi və fəaliyyətinin təşviqi, maddi-texniki təchizatının gücləndirilməsi üçün dövlət büdcəsindən 15 milyon dollardan artıq vəsait xərcləndiyini, Azərbaycanda KİV-in azad və sərbəst fəaliyyəti üçün hər cür şərait yaradıldığını, Konstitusiya çərçivəsində söz, fikir, məlumat azadlığına təminat verildiyini bildirmişdir.
Hazırda siyasi məhbuslar anlayışı ilə bağlı gətirilən nümunələr beynəlxalq və hüquqi meyarlar kimi qəbul oluna bilməz. Nə regional, nə də qlobal səviyyədə qəbul olunmamışdır. Çünki bu məsələ ilə bağlı hətta Avropa Şurasının özündə də dəqiq hüquqi hədlər müəyyənləşdirilməmişdir. Təbii ki, özlüyündə belə bir sual meydana çıxır: hər hansı bir ölkə siyasi məhbus və ya cinayətkarın müəyyənləşdirilməsi üçün hansı meyarlara görə ittiham olunur? Ona görə də bu suallar cavabını tapmadıqca Azərbaycanı bu məsələdə ittiham etmək tamamilə yersizdir.
K.Ştrasserin Azərbaycanda "siyasi məhbus" məsələsi ilə bağlı məruzəsi gərgin müzakirələrdən sonra səsə qoyulmuşdur. 125 deputat məruzə üzrə hazırlanmış qətnamə layihəsinin əleyhinə, 79 nəfər isə lehinə səs vermişdir.
Bunu
Azərbaycanın və AŞPA-dakı nümayəndə heyətimizin
qələbəsi hesab etmək olar.
Əsgər ƏLİYEV,
AzərTAc-ın xüsusi
müxbiri
Strasburq
Azərbaycan.-2013.- 25 yanvar.- S.5.