Ölməz ənənələr, unudulmaz səfərlər, uğurlu illər

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin regionlara müntəzəm səfərləri şəhər və kəndlərimizin ildən-ilə abadlaşmasına, sosial-iqtisadi inkişafın sürətləndirilməsinə, insanların həyat şəraitinin yaxşılaşdırılmasına xidmət edir.

Heydər Əliyev idarəçiliyi böyük bir məktəbdir. Bu məktəbi keçib onun dəyərlərini mənimsəyənlər həyatlarını mənalı yaşadıqları və insanlığa xidmət etdikləri üçün fəxr edə bilərlər. Daim seçilən, öyrənilən və qiymətləndirilən Heydər Əliyev idarəçilik məktəbinin əbədiyaşar, böyük ideoloji, siyasi, mənəvi təsirə malik olmasını səciyyələndirən başlıca cəhət onun umummilli dəyərlərə malik olmasındadır. Həm də hakimiyyətlə xalqın yekdilliyinə arxalanması, bəşəri ideyalara  yiyələnməsi, milli vəhtəti təmin etməsidir.

Vətəninin və xalqının taleyi, xoşbəxt gələcəyi ümummilli liderin həyatının və siyasətinin əsas qayəsini təşkil edirdi. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə həyat amallarını reallığa çevirmək üçün çox ciddi çətinliklərlə üzləşsə də, ancaq mübarizəsini davam etdirərək öz siyasətini qətiyyətlə həyata keçirmişdir.

Əlbəttə, bu mübarizədə ilk növbədə ulu öndər xalqının gücünə, etimadına, insanların ona olan inamına arxalanmışdır. Rəhbərin idarəçilik sistemində insanlar arasında hörməti olan kadrların irəli çəkilməsi, onların fəaliyyətinin düzgün istiqamətləndirilməsi önəmli yer tuturdu. Ulu öndər kadrları təşkilatçılıq bacarığına, biliyinə, uzaqgörənliyinə, sədaqətinə, cəsarətinə görə seçir və qiymətləndirirdi. Bütün sahələrdə haqqın-ədalətin, nizam-intizamın bərqərar edilməsinin tərəfdarı idi və buna nail olurdu.

Heydər Əliyev idarəçilikdə mövqesizliyin, yerlibazlığın, astagəlliyin qəti əleyhdarı idi. Vəzifəsini qiymətləndirməyənlərə, məsuliyyətini dərk etməyənlərə qarşı sərt mövqe tuturdu. Verdiyi tapşırıqların icrasına daimi nəzarət edirdi.

İnsanlarla həmişə təmasda olması, regionlara səfərlər etməsi, siravi adamlarla, ziyalılarla, gənclərlə görüşləri ona öz işini səmərəli qurmaqda, nöqsanları aradan qaldırmaqda, yeni vəzifələr qarşıya qoyub həyata keçirməkdə imkanlar yaradır, hakimiyyətlə xalqın birliyini möhkəmləndirirdi.

1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilən Heydər Əliyevin ilk gündən xalqın arasında olması, regionları qarış-qarış gəzməsi, insanlarla məsləhətləşmələr aparması, dəyərli təklifləri dəstəkləməsi, fəhləni fəhlə, kolxozçunu kolxozçu, sənətkarı sənətkar dilində danışdırması sonrakı illərdə qazanılan böyük uğurların əsası olmuşdur.

Geridə qalmış bir aqrar respublika kimi tanınan Azərbaycan artıq ötən əsrin 70-ci illərində sənaye respublikası kimi tanınırdı. Nəinki sənaye istehsalı, eləcə də kənd təsərrüfatı sahələrində, sosial-mədəni, iqtisadi sahələrdə, mənəvi aləmdə inqilabi dəyişikliklər baş vermişdi.

Diqqət yetirin: 1980-ci ilin göstəricilərinə görə sənayenin əsas istehsal fondlarının dəyəri 1969-cu illə müqayisədə iki dəfə artaraq 8,4 milyard rubla çatmışdır. 10 il ərzində respublikada 15 yeni iri maşınqayırma müəssisəsi istifadəyə verilmişdir. Həmin illərdə ümumi sahəsi 22,2 milyon kvadratmetr mənzil, 700-dən artıq məktəb, yüzlərlə tibb müəssisəsi, mədəniyyət ocaqları, böyük zavodlar, emal müəssisələri, içtimai-iaşə obyektləri, idman meydançaları tikilib istifadəyə verilmişdir. Bu illərdə ali təhsil müəssisələrinin sayı 12-dən 17-ə çatdırılmışdır. Kənd təsərrüfatı istehsalı bir neçə dəfə artmış, insanların sosial-rifah halı yaxşılaşmış, Azərbaycan demək olar ki, özünün intibah dövrünü yaşamışdır.

Heydər Əliyev hakimiyyətdə olduğu illərdə altı dəfə Ağcabədiyə səfər etmişdir. Bu səfərlərin hər biri rayonun sosial-iqtisadi, mədəni həyatında yeni bir inkişafın, ruh yüksəkliyinin, təzə tikintilərin əsasını qoymuşdur. Ağcabədidə pambıq, yağ-pendir zavodları, tikiş fabriki, bir çox məktəblər, mədəni obyektlər, tibb ocaqları məhz bu səfərlərin nəticəsi olaraq qaldırılan təkliflər əsasında tikilmiş, rayona dəmir yolu çəkilmişdir.

Ulu öndər insanların əhəmiyyətli təkliflərinə çox həssaslıqla yanaşır, hər kəsi diqqətlə dinləyir, lazımi tapşırıqlarını verir və göstərişlərinin tez bir zamanda yerinə yetirilməsini təmin edirdi. Onun 4 sentyabr 1974-cü ildə rayonun Kəhrizli kəndinə səfərini ağcabədililər bu gün də minnətdarlıqla xatırlayırlar.

Pambıq sahələrini gəzdikdən sonra kolxozçularla görüşüb səmimi söhbət edən Heydər Əliyevdən bir qadın kənddə taxıl üyütmək üçün dəyirman tikdirməsini xahiş edir.

Heydər Əliyev cavabında: "Nə üçün dəyirman tikdirməliyik, yaxşı olar ki, gözəl bir çörək zavodu tikdirək. Siz də sahədən gələndə süfrənizdə isti çörək görəsiniz, artıq əziyyət çəkməyəsiniz".

Çox çəkmədi ki, kənddə müasir tipli çörək zavodu tikildi və üç növdə çörək istehsal edilməyə başlandı.

Xatırlanılası belə görüşlər, səfərlər çoxdur. Bu səfərlər respublikanın bütün regionları üçün xarakterik idi. Toy-bayram kimi qarşılanan bu səfərlər yeni uğurlara yol açır, inkişafı sürətləndirir, insanlarda rəhbərə hörmət və ehtiram, işə məsuliyyət, əmək coşqunluğu yaradırdı.     

Heydər Əliyevin zəngin idarəçilik bacarığı onun ikinci dəfə hakimiyyətdə olduğu 1993-2003-cü illərdə özünü daha qabarıq şəkildə göstərmişdir. Xalqın təkidi ilə hakimiyyətə qayıdan Heydər Əliyev tez bir zamanda Azərbaycanı parçalanmaqdan, anarxiyadan qurtarmış, ölkədə ictimai-siyasi sabitliyi bərpa etmiş, siyasi, sosial-iqtisadi sahələrdə çox mühüm islahatların həyata keçiririlməsinə nail olmuşdur.

"Əsrin müqaviləsi"nin imzalanması, mühüm əhəmiyyətli layihələrin həyata keçirilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, ilk növbədə, ölkə vətəndaşlarının mənafeyinə xidmət edən qərarların qəbul edilməsi yaxşı nəticələr vermiş və bugünkü naliyyətlərimizin qazanılması üçün zəmin yaratmış, gələcək inkişafın təməlini qoymuşdur.

Milli iqtisadi inkişaf strateğiyasının düzğün müəyyənləşdirilməsi və həyata keçirilməsi Heydər Əliyevin ən böyük xidmətlərindən sayılmaqla iqtisadiyyatımızın gələcək istiqamətlərini düzgün təyin etmək və səmərəli sahələrə yönəltmək baxımından əvəzolunmazdır.

Heydər Əliyev hümanist və qədirbilən insan idi. O, qazanılan nailiyyətləri, uğurları xalqın adı ilə bağlayır və hər bir nəticəni xalqın iradəsinin ifadəsi kimi qiymətləndirirdi. Ümummilli lider deyirdi: "Mənim həyat amalım bütün varlığım qədər sevdiyim  Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib".

Məhz buna görə də Heydər Əliyev idarəçilik məktəbi və siyasi kursu bu gün örnək kimi öyrənilir, yüksək qiymətləndirilir, əldə rəhbər tutularaq istiqamət proqramı kimi qəbul edilir.

Heydər Əliyev idarəçilik təcrübəsindən bəhs edərkən Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin yazdığı bu fikirlər diqqəti çəkir: "Heydər Əliyev həm özünün nadir siyasi istedadı sayəsində, həm də milli dirçəlişin mükəmməl fəlsəfi konsepsiyasına əsaslanaraq, müasir Azərbaycan adlandırdığımız bir məmləkəti, onun bugünkü həqiqətini, sabahkı gününün etibarlı bünövrəsini yarada bilmişdir".

Fərəhli haldır ki, möhkəm bünövrə üzərində bərqərar olan Azərbaycan siyasəti və iqtisadiyyatı ölkəmizin Prezidenti cənab İlham Əliyevin uzaqgörənliyi və yüksək təşkilatçılıq bacarığı sayəsində yeni-yeni ugurlar qazanır, Heydər Əliyev kursu inam və qətiyyətlə həyata keçirilir.

Bu təbiidir. Çünki Heydər Əliyev ömrünün son anlarında belə, xalqının taleyi barədə çox ciddi düşünmüş, ölkənin gələcək müqəddəratını inandığı və böyük ümid bəslədiyi bir insana - İlham Əliyevə etibar etdiyini öz xalqına məsləhət bilmişdir. O, qətiyyətlə xalqına bəyan etmişdi: "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".

Ulu öndər qənaətində haqlı idi. İlham Əliyevin ümummilli liderin siyasi kursuna sədaqətindən bəhrələnən Azərbaycanın bugünkü tarixi nailiyyətləri, beynəlxalq aləmdə artan nüfuzu, ölkəmizdə yaradılan ictimai siyasi sabitlik, insanların mədəni rifah halının, sosial vəziyyətinin ildən-ilə yüksəlməsi, iqtisadiyyatda, mədəniyyətdə, mənəvi aləmdə baş verən köklü dəyişikliklər və irəliləyişlər bunu deməyə əsas verir.

Cənab İlham Əliyev  Heydər Əliyev siyasi kursunu, idarəçilik ənənələrini sözdə deyil əməldə, özü də çox böyük uzaq görənliklə, təmkinlə, siyasi gedişlərlə və bugünkü reallıqları düzgün qiymətləndirməklə həyata keçirən dövlət rəhbəridir.

 Xarici və daxili siyasətdə ümummilli dəyərlərin ön plana çəkilməsi, siyasi müstəqilliyin iqtisadi azadlıqla tamamlanması cənab İlham Əliyevin fəaliyyətini səciyyələndirən başlıca xüsusiyyətdir. Fəaliyyətin bu əsasda qurulması istər beynəlxalq aləmdə, istərsə də ölkə vətəndaşları arasında Azərbaycan Prezidentinə böyük hörmət qazandırmışdır.

Bunu bir neçə əyani faktla izah etmək olar.

Bu gün Azərbaycan BMT Təhlükəsizlik Şürasının qeyri-daimi üzvlərindən biridir.

Beynəlxalq aləmdə ölkəmizi müstəqil siyasət yeridən, demokratik norma və prinsiplərə əməl edən, dünyada sülhün, əmin-amanlığın təmin olunmasına dəstək verən bir dövlət kimi tanıyır və qiymətləndirirlər.

Bir çox beynəlxalq tədbirlərin, idman yarışlarının, musiqi müsabiqələrinin Azərbaycanda keçirilməsi dünyada artan nüfuzumuzun göstəricisidir.

Dünya dövlətləri ilə ölkəmizin əlaqələri durmadan genişlənir və möhkəmlənir.

2012-ci ildə Azərbaycan iqtisadi inkşaf göstəricilərinə görə dünyanın 140 ölkəsi arasında 46-cı yerdə qərarlaşmışdır. İqtisadi inkişafa görə respublikamız dünya səviyyəsində sürətlə irəliləyən ölkələrdən biridir.

Azərbaycanın dövlət büdcəsi son illərdə bir neçə dəfə artaraq 2013-cü ildə 20 milyard manat səviyyəsinədək  yüksəlmişdir.

Ölkədə yoxsulluğun səviyyəsi 6 faizə enmiş, işsizlik 5,2 faizdir. Keçən il əhaliyə 74,4 milyon manat ipoteka krediti verilmişdir, 1 milyondan artıq yeni iş yerləri açılmışdır, əməkhaqları, sosial müavinətlar artırılmışdır. Azərbaycan beynəlxalq əhamiyyətli bir çox layihələrə imza atmışdır.

Respublikamız Avrozonada böhranın hökm sürməsinə baxmayaraq 2012-ci ildə ÜDM-dəki artım tempini qoruyub saxlamışdır. Çox yaxşı haldır ki, bu, neft sektornun deyil, qeyri-neft sektorunun hesabına baş vermişdir. Cənab Prezidentin qeyd etdiyi kimi, artıq ölkəmiz bütün beynəlxalq maliyyə qurumlarının qiymətləndirmələrinə görə orta gəlirli ölkələr sırasına daxildir.

Ölkəmizin strateji valyuta ehtiyatları 25 dəfə, dövlət büdcəsi 17 dəfə artmışdır. Azərbaycanın tarixində ilk dəfə neft hasilatı ildə 50 milyon tona, qaz hasilatı 30 milyard kubmetrə çatdırılmışdır.

2012-ci ildə 1 milyon 500 min Azərbayacan vətəndaşının sovet banklarında batmış əmanətləri geri qaytarılmışdır.

Bunlar keçən il əldə edilən göstəricilərin bir hissəsidir. "Azərbaycan 2020: gələcəyə baxış" inkişaf konsepsiyasının imzalanması ölkəmizin gələcək inkişafı üçün çox mühüm tarixi əhamiyyətə malikdir və bu konsepsiya ölkəmizin iqtisadi hədəflərini dəqiq müəyyənləşdirir.

Əlbəttə, gətirdiyimiz faktlar cənab İlham Əliyevin təşkilatçılıq bacarığının nəticəsi olmaqla bərabər, həm də Prezidentlə xalqın birliyinin, ölkə rəhbərinin vətəninə və hər bir vətəndaşa məhəbbətinin, sədaqətinin ifadəsidir. Cənab İlham Əliyev ölkənin hər bir vətəndaşının Prezidenti olduğunu artıq sübut edib. Odur ki, dövlətimizin başçısı insanlar arasında böyük nüfuza malikdir.

Ulu öndərin idarəçilik ənənələrinə sadiq qalan cənab İlham Əliyev bu gün regionlara səfər etməyə, insanlarla görüşməyə, onların arzu və təkliflərini dinləməyə daha çox üstünlük verir. Mütəmadi xarakter daşıyan bu səfərlər xalqla Prezident arasında münasibətlərin möhkəmlənməsinə, həm də hər bir rayonun, kəndin sosial-iqtisadi inkişafına imkanlar yaradır, qarşılıqlı inam və etimadın formalaşmasına kömək edir, insanların bir məqsəd uğrunda səfərbər olunmasını asanlaşdırır.

Bu yaxınlarda partiya məsləkdaşlarımdan biri mənə hamı üçün maraqlı və fərəh doğuracaq bir fakt söylədi. O, bildirdi ki, sovet hakimiyyətinin mövcud olduğu 70 il ərzində Azərbaycana rəhbərlik etmiş şəxslərin regionlara səfərlərini araşdırmış və məlum olmuşdur ki, bu illərdə respublika rəhbərlərinin hamısı bir yerdə İlham Əliyev qədər regionlara səfər etməmişlər.

Düşündürücü faktdır və həm də ölkə başçısının regionlara göstərdiyi qayğı və diqqətin əyani sübutudur. Bu nümunələr mənə Azərbaycan Prezidentinin Ağcabədiyə 17 yanvar 2008-ci, 6 və 24 dekabr 2011-ci ildə tarixi səfərlərini xatırladır. Həmin səfərlər zamanı cənab İlham Əliyev bir neçə sosial obyektin, yaşayış binasının, magistral yolun açılışında, yeni müəssisələrin təməlqoyma mərasimlərində iştirak etməklə yanaşı, rayon sakinləri ilə də səmimi görüşlər keçirdi, Ağcabədinin gələcək inkişafının istiqamətlərini müəyyənləşdirdi, sosial-iqtisadi tərəqqini təmin etmək məqsədi ilə əlavə vəsaitlər ayrılması barədə sərəncamlar imzaladı, müvafiq orqanlara konkret tapşırıqlar verdi.

Həmin səfərlərin nəticələri çox uğurludur və bu gün Ağcabədinin sosial-iqtisadi həyatında özünü aydın göstərir. Hazırda şəhərin 22 küçəsi əsaslı təmir edilmiş, işıqlandırma sistemi yenidən qurulmuş, 5 kəndə içməli su çəkilmiş, uzunluğu 24,5 km olan asfalt yolu yenidən qurulmuşdur.

8320 şagird yerlik 32 məktəb, məcburi köçkün və qaçqın ailələri üçün 556 mənzilli 5 mərtəbəli 10 yaşayış binası, əlil və şəhid ailələri üçün 36 mənzilli 3 yaşayış binası, Qarabağ Muğam Mərkəzi, 6 inzibati bina, böyük  taxıl anbarı, şahmat məktəbi, sutkalıq istehsal gücü 250 ton olan süd məhsulları kombinatı, sutkalıq istehsal gücü 20 ton olan süd emalı zavodu, maliyyə idarəsi, sosial müdafiə fondu, baytarlıq xidməti idarəsi üçün yeni binalar tikilib istifadəyə verilmişdir.

Rayonun bir çox kəndləri qazlaşdırılmış, yeni parklar, xiyabanlar salınmış, yüz minlərlə ağac əkilmiş, içtimai-iaşə obyektlərinin sayı artırılmışdır. Əhalinin məşğulluğunu təmin etmək məqsədilə minlərlə yeni iş yerləri açılmışdır. Sosial mədəni həyatda əsaslı dəyişikliklər baş vermişdir.

Hazırda şəhərin mərkəzində 205 çarpayılıq xəstəxananın, olimpiya idman kompleksinin, saatda istehsal gücü 50 ton olan asfalt zavodunun, 1000 və 5000 tonluq soyuducu anbarın, illik istehsal gücü 15000 ton olan ət kəsimi kombinatının, çörək və un məmulatları zavodunun, gənclər mərkəzinin, YAP-ın rayon təşkilatı üçün inzibati binanın, 150 yerlik uşaq bağçasının və digər obyektlərin tikintisi sürətlə davam etdirilir.

Rayonda 3000 başlıq "Aqat Aqra" MMC heyvandarlıq kompleksinin istifadəyə verilməsi, kənd təsərrüfatı istehsalçılarına güzəştli vəsaitlərin ayrılması, yeni suartezian quyularının qazılması kənd təsərrüfatı məhsulları istehsalının xeyli yüksəlməsinə zəmin yaratmışdır. 2012-ci il ağcabədililər üçün uğurlu olmuşdur.

Bir rayonun timsalında yaxın illərdə əldə olunmuş bu nailiyyətləri nəzərə çatdırmaqda məqsədim hakimiyyətlə xalqın birliyinin, dövlət başçısının insanlara qayğısının və vətəndaşların öz rəhbərinə sağlam münasibətlərinin, Prezidentin regionların sosial iqtisadi inkişafına diqqətinin və rayon rəhbərlərinin, iş adamlarının bu diqqətə əməli səfərbərliyinin xarüqələr yaratmaq, hər bir çətinliyə qalib gəlmək iqtidarında olduğunu ifadə etməkdir.

Azərbaycan Respublikasının Prezidenti öz xalqı ilə birdir. Bu, sözdə deyil, əməldə belədir. Əgər cənab İlham Əliyev özünün ən əziz günlərindən birini - ad gününü, 50 illik yubileyini Ağcabədidə laçınlı məcburi köçkünlərlə bir yerdə qeyd edib fəxrlə "Mən ailə üzvlərimin arasındayam" deyirsə, əlavə izahata ehtiyac yoxdur.

Prezidentin regionlara hər bir səfəri gələcək uğurlarımızın başlanğıcıdır. 2012-ci il bu baxımdan - rəhbər xalq birliyinin möhkəmlənməsi, regionların sosial-iqtisadi inkşafı, xalqımızın həyat şəraitinin daha da yaxşılaşması, nailiyyətlərimizin artması baxımından əlamətdardır. Ölkə başçısı cənab İlham Əliyevin düşünülmüş düzgün siyasəti, öz xalqına sonsuz qayğısı və məhəbbəti, eləcə də Azərbaycan xalqının öz Prezidentinə etimadı və inamı sözsüz ki bundan sonrakı illərimizi daha mənalı, daha yaddaqalan edəcəkdir.

 

 

Tahir RZAYEV,

Milli Məclisin deputatı

 

Azərbaycan.-2013.- 25 yanvar.- S.6.