«İRS» jurnalının yapon
dilində ikinci nömrəsi çapdan çıxmışdır
Azərbaycan Respublikasının Yaponiyadakı səfirliyinin və "İRS" jurnalının redaksiya heyətinin birgə təşkilatçılığı ilə Azərbaycan həqiqətlərinin dünyada təbliği sahəsində geniş xidmətləri olan jurnalın yapon dilində ikinci nömrəsi nəşr olunmuşdur.
Nəfis tərtibatda hazırlanmış jurnalın nəşrinin məqsədi yapon xalqını Azərbaycanın zəngin tarixi-mədəni irsi, son illər əldə edilmiş böyük iqtisadi uğurları, incəsənəti, ədəbiyyatı, mətbəxi, turizm imkanları haqqında daha ətraflı məlumatlandırmaqdır.
İkinci Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı olmuş, Yaponiya xarici işlər nazirinin sabiq müavini Akiko Yamanakanın jurnalda dərc edilmiş məqaləsində forumun beynəlxalq əhəmiyyətindən geniş bəhs olunur. Azərbaycanın belə mötəbər beynəlxalq tədbirə yüksək səviyyədə ev sahibliyi etməsi xüsusi vurğulanır. Azərbaycanın təkcə regionda deyil, bütövlükdə dünyada sülhün bərqərar olunmasına və təhlükəsizliyin təmin edilməsinə böyük töhfələr verdiyi diqqətə çatdırılır.
Nəşrdə
Azərbaycan Xalq Cümhuriyyətinin tarixi, 20 Yanvar faciəsi,
Dövlət Bayrağı meydanı, Azərbaycan balet məktəbi,
ölkəmizin turizm imkanları, orta əsrlər
memarlığı, Qarabağ muğam məktəbi, mətbəximiz
haqqında və digər mövzularda məqalələr
öz əksini tapmışdır. Jurnalda Milli Azərbaycan
Tarixi Muzeyində saxlanılan yapon nizələri haqqında da
yaponiyalı oxuculara ətraflı məlumat verilmişdir.
Vüqar AĞAYEV,
AzərTAc-ın xüsusi
müxbiri
Tokio
Azərbaycan.-2013.- 25 yanvar.- S.7.