Roland KOBİA: Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsində gərginliyi
artıracaq istənilən addıma qarşıyıq
Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsində gərginliyi
artıracaq istənilən addıma qarşıyıq. AzərTAc
xəbər verir ki, bu sözləri Avropa
İttifaqının Azərbaycandakı nümayəndəliyinin
rəhbəri səfir Roland Kobia Ermənistan tərəfinin
Xocalı aeroportunu işə salması ilə bağlı məsələyə
münasibət bildirərkən yanvarın 23-də jurnalistlərə
demişdir.
Səfir
bildirmişdir ki, Avropa İttifaqı Xocalı aeroportu ilə
bağlı beynəlxalq qanunlar və normalar çərçivəsində
hərəkət etməyə üstünlük verir. Diplomat
qeyd etmişdir ki, Aİ münaqişənin həllini
yalnız beynəlxalq hüququn norma və prinsipləri
çərçivəsində dəstəkləyir.
R.Kobia
həmçinin diqqətə çatdırmışdır
ki, Avropa İttifaqının Cənubi Qafqaz və
Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi
Filip Lefortun fevralın birinci yarısında Bakıya gələcəyi
gözlənilir.
Ermənistan-Azərbaycan,
Dağlıq-Qarabağ münaqişəsinin tənzimlənməsi
istiqamətində ATƏT-in Minsk qrupunun gördüyü
işlərin Aİ tərəfindən dəstəkləndiyini
bildirən səfir qeyd etmişdir ki, təşkilat bu problemin
həlli ilə bağlı üzv dövlətlərə hər
zaman kömək etməyə hazırdır.
Azərbaycan.-2013.- 25 yanvar.- S.7.