AŞ PA-da Azərbaycanda
«siyasi məhbus» məsələsi ilə
bağlı qətnamə layihəsinin əleyhinə səs verənlər əslində
Avropa dəyərlərinə, ədalətə, hüququn
aliliyinə hörmət nümayiş etdirdilər
Avropa
Şurası Parlament Assambleyasında almaniyalı deputat Kristof
Ştrasserin Azərbaycanda "siyasi məhbus" məsələsi
ilə bağlı hazırladığı qətnamə
layihəsinin əleyhinə səs verənlər əslində
Avropa dəyərlərinə, ədalətə, hüququn
aliliyinə hörmət nümayiş etdirdilər.
Bu
sözləri AŞ PA-nın Hüquq məsələləri
və insan hüquqları komitəsinin üzvü, Milli Məclisin
deputatı Elxan Süleymanov yanvarın 25-də keçirdiyi mətbuat
konfransında söyləmişdir.
E.Süleymanov
bildirmişdir ki, K.Ştrasser hazırladığı məruzədə
həbsdən azad olunanları, terrorçuları, qatilləri,
xüsusilə ağır cinayətlər törətmiş
şəxsləri "siyasi məhbus" kimi təqdim
etmişdir. Almaniyalı deputat Azərbaycana qarşı qərəzli
və ədalətsiz mövqe tutmuşdu. O, məruzəçi
olduğu müddətdə Azərbaycan ilə əməkdaşlıq
etməmiş və obyektiv araşdırma
aparmamışdır. Bu səbəbdən də avropalı
deputatların böyük əksəriyyəti qətnamə
layihəsinin əleyhinə səs verdilər, beləliklə
də ayrı-seçkiliyə, ikili standartlara qarşı
çıxdılar. Bu isə haqqın və ədalətin zəfəridir.
E.Süleymanov
demişdir ki, hələ 2001-ci ildə Avropa
Şurasının (AŞ) müstəqil ekspertləri tərəfindən
Azərbaycanda ehtimal olunan "siyasi məhbus"larla
bağlı meyarları əks etdirən qətnamə layihəsi
hazırlanmışdır. Bu meyarlar qurumun bütün
üzv dövlətlərinə deyil, təkcə Azərbaycana
şamil edilmişdir. AŞ-yə üzv olan 47 ölkədən
yalnız Azərbaycanda siyasi məhbus məsələsinin
araşdırılması ölkəmizə qarşı
münasibətdə ikili standartın olduğunu göstərirdi.
AŞ
PA-nın növbəti qış sessiyasında Azərbaycan
ilə bağlı iki məsələnin müzakirə
olunduğunu diqqətə çatdıran E.Süleymanov həmməruzəçilər
Pedro Aqramund və Cozef Debono Qrexin hazırladığı məruzənin
yüksək səs çoxluğu ilə qəbul edildiyini
demişdir. Bildirilmişdir ki, ölkəmizin AŞ
qarşısında üzərinə götürdüyü
öhdəliklərin icrası ilə bağlı dördillik
hesabatı əks etdirən sənəd təşkilatın
Monitorinq Komitəsinin hələ dekabrın 12-də
keçirilən iclasında müsbət qiymətləndirilmiş,
demək olar ki, heç bir əlavə və dəyişiklik
olmadan qəbul edilmişdir.
AzərTAc
Azərbaycan.-2013.- 26 yanvar.- S.2.