AŞ PA-nın qış sessiyası
avropalı deputatların qərəzli məruzələrə sərt
reaksiyası ilə yadda qaldı
Avropa
Şurası Parlament Assambleyasının (AŞ PA) qış
sessiyası həm də deputatların qeyri-obyektiv, kifayət
qədər balanslaşdırılmamış məruzələrə
qarşı sərt mövqe nümayiş etdirməsi ilə
yadda qaldı. Adətən əksər məruzələrlə
bağlı AŞ PA-da keçirilən müzakirələrdə
qətnamələrin həm müsbət, həm də mənfi
tərəflərini əks etdirən çıxışlar
olur. Lakin iki gün ardıcıl olaraq əvvəlcədən
böyük hay-küy doğurmuş iki məruzənin qəbul
edilməməsi az rast gəlinən hadisələrdəndir.
Yanvarın
23-də almaniyalı deputat Kristoffer Ştrasserin
hazırladığı "Azərbaycanda siyasi məhbuslar məsələsi"
sərlövhəli məruzə Assambleya üzvlərinin
böyük əksəriyyətinin iradəsi ilə rədd
edildi. Yanvarın 24-də AŞ PA-nın mədəniyyət,
elm, təhsil və media komitəsindən isveçli deputat
Mats Yohanssonun təqdim etdiyi "Avropada mətbuat
azadlığının vəziyyəti" adlı məruzə
də həmin aqibəti yaşadı. Parlament
Assambleyasının dördüncü iş
gününün sonunda müzakirəyə çıxarılmış
ikinci məruzədə bir çox ölkələrdə
kütləvi informasiya vasitələrinin mövcud vəziyyəti
ilə əlaqədar kifayət qədər ədalətli
baxışın əks olunmaması dönə-dönə
vurğulandı və 50-yə yaxın deputatın münasibət
bildirmək istədiyi bu müzakirələr
yarımçıq dayandırıldı, səsvermənin nəticəsi
isə məruzənin yararsızlığını təsdiq
etmiş oldu. Azərbaycan nümayəndə heyətinin
üzvü Rafael Hüseynovun yanvarın 25-də Parlament
Assambleyasında nəşr edilərək yayılan
mövqeyi də həmin məruzənin qeyri-obyektiv mahiyyətini
əks etdirmişdir. R.Hüseynovun hesabata əlavə edilən
yazılı münasibətində deyilir: "Avropada, yaxud
dünyanın istənilən məkanında azad mətbuatın
vəziyyətindən söz açarkən istər-istəməz
müasir mətbuat bütövlükdə nə dərəcədə
sərbəstdir sualına cavab vermək lazım gəlir.
Problemin mahiyyətinə vardıqca ümumiyyətlə, tam sərbəst
mətbuatın olub-olmaması belə tərəddüd
yaradır. Ən dəqiqi budur ki, tam sərbəst mətbuat
yoxdur və yalnız bir mətbuat vasitəsi digərinə
nisbətən daha az asılı, daha çox sərbəstliyə
malik ola bilir. Mətbuatın azadlığı yalnız onun
dövlətdən, hakimiyyətdən nə qədər
asılı olmasında da deyildir. Çünki insanlar siyasi
qüvvələrin, maliyyə strukturlarının, bəzən
isə gözə görünməyən idarəçilərin
bu gün dünyanın zahirən ən sərbəst
sayılası çox məşhur mətbuat vasitələrinə
güclü təsir imkanlarından da xəbərdardır.
Müasir mətbuatın ifadə azadlığı
baxımından üzləşdiyi
çətinliklərdən biri də xaricdən olan
açıq və qapalı təzyiqlərdir".
Təqdim
olunmuş məruzədə Azərbaycanla bağlı
yanlış, qeyri-obyektiv mövqenin ifadə olunması məsələsinə
toxunan Rafael Hüseynov əlavə etmişdir: "Azərbaycanın
azad mətbuatının bir sıra inkişaf etmiş Avropa
ölkələrindəki kimi, ayrı-ayrı problemlərin
mövcudluğuna baxmayaraq, hər
halda qənaətbəxş durumda olduğu etiraf edilməlidir.
Ərazi və əhalicə çox da böyük olmayan, 21
illik müstəqillik tarixinə malik bir ölkədə
hazırda gündəlik fəaliyyət göstərən
yüzlərlə qəzet, informasiya agentliyi, televiziya və
radionun, o cümlədən əyalətdə yaradılaraq
işini uğurla davam etdirən kütləvi informasiya vasitələrinin
olması yüksək qiymətləndirilməlidir.
Nüfuzlu
beynəlxalq təşkilatlar, Avropa Şurası başda
olmaqla Azərbaycan demokratiyasını da, Azərbaycanın
azad mətbuatını da məhz sərhəddən kənardan
gələn təzyiqlərdən qorumaqda yardımçı
olmalıdır. Əslində həmin təhlükələr
yalnız Azərbaycana deyil, elə bilavasitə Avropa dəyərlərinə
qarşı yönəlmişdir".
Məruzədə
yeni müstəqillik əldə etmiş bir sıra ölkələrdəki
mətbuat azadlığı məsələsinin təfərrüatlarının
düzgün işıqlandırılmaması, ədalətsiz
yanaşmaların həmin ölkələrin, o cümlədən
Azərbaycanın beynəlxalq təşkilatlara inamında tərəddüdlər
oyatmasını vurğulayan R.Hüseynov qeyd etmişdir:
"Bir incə məqam da heç vaxt və heç vəchlə
unudulmamalıdır. Azərbaycan kimi yeni demokratiya ölkələrini
əhatələmiş bir sıra iri qonşular həmişə
bunun marağındadırlar ki, belə ölkələri
Avropa Şurası kimi mütərəqqi qurumlardan
uzaqlaşdıraraq öz nüfuz dairələrinə daha
çox cəlb etsinlər. Ona görə də Avropa
Şurası bu qəbil yeni müstəqillik əldə
etmiş ölkələrə yanaşmalarında həmişə
qayğıkeş və diqqətli olmalı, onları
axıra qədər ədalətli olmayan, ikili standartlara
arxalanan tənqidləri ilə özündən aralayaraq
arzuolunmaz qüvvələrin ağuşuna doğru itələməməlidir".
AzərTAc-ın
xüsusi müxbiri Avropa Şurasının həyatında
çox az təsadüf edilən hadisə - iki məruzənin
dalbadal ləğv edilməsi məsələsi ilə
bağlı Azərbaycan nümayəndə heyətinin bu
qurumda rəsmən fəaliyyətə
başladığımız 2001-ci ildən üzvü olan
Rafael Hüseynovun mövqeyini öyrənmişdir.
R.Hüseynov demişdir: "Hər iki hadisə, yəni
obyektiv olmayan, reallığı təhrif edən məruzələrin
rədd edilməsi onu göstərir ki, Avropa Şurası
deputatları arasında ikili standartlara dözməmək,
haqsızlıqla barışmamaq, ədalətsizliyə
qarşı ortaq səylər nümayiş etdirmək təcrübəsi
artıq kifayət qədər qabarıq ifadə oluna bilir. Həm
də bir cəhət xüsusi nəzərə
alınmalıdır ki, bu hadisələr az sayda deputatın
iştirak etdiyi müzakirələr əsnasında deyil,
Assambleya üzvlərinin böyük əksəriyyətinin
qatıldığı iclaslarda baş vermişdir. Deməli,
AŞ PA-da çoxluq artıq bu cür düşünür
və müxtəlif təsir və təzyiqlərlə
hansısa qərəzli nəticələr əldə etmək
vaxt ötdükcə çətinləşir. Zənnimcə,
bunlar çox ibrətamiz göstəricilərdir. Azərbaycana
qarşı son 12 il ərzində qondarma "siyasi məhbus"
problemi ilə inadla təzyiq göstərilirdi və son
dövrlərdə K.Ştrasserin müxtəlif qüvvələrin
dəstəyi ilə yaratdığı siyasi şouları hər
kəs xatırlayır. Nəticə nə oldu? Nəhayət
ki, haqq zəfər çaldı. Bu, ilk növbədə Azərbaycan
dövlətinin, Prezident İlham Əliyevin
apardığı ağıllı, ardıcıl siyasətin,
Avropa Şurasında düzgün qurulmuş işin, eyni
zamanda, ayrı-ayrı avropalı deputatlarla
aparılmış uzunmüddətli izah, anlatma, inandırmaq
fəaliyyətlərinin yekunudur. Elə rədd edilmiş
ikinci məruzəyə münasibət də bu mövqeyin
davamıdır. Avropalı deputatlar artıq hər bir məruzəyə
bu cür diqqət və həssaslıqla yanaşmağın
zəruriliyini dərk etmişlər. Ən yaxşı cəhət
isə ondan ibarətdir ki, Assambleyada fəaliyyət göstərmiş,
qərəzli mövqe daşıyıcısı olmuş
Andreas Qross kimi deputatların burada meydan sulaması
dövrü bitir, daha ədalətli, daha güclü, daha qərəzsiz
deputatlarla Assambleyanın sıraları zənginləşir".
Əsgər
ƏLİYEV,
AzərTAc-ın xüsusi
müxbiri
Strasburq
Azərbaycan.-2013.- 26 yanvar.- S.2.