Sumqayıt Dövlət Universitetində akademik Ramiz Mehdiyevin «Şah
İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət
kimi» sərlövhəli məqaləsinin müzakirəsi
keçirilmişdir
Yanvarın
25-də Sumqayıt Dövlət Universitetində (SDU) Azərbaycan
Respublikasının Prezidenti Administrasiyasının rəhbəri
akademik Ramiz Mehdiyevin "Azərbaycan" qəzetində dərc
olunmuş "Şah İsmayıl Səfəvi ali məramlı
tarixi şəxsiyyət kimi" sərlövhəli məqaləsinin
müzakirəsi keçirilmişdir.
AzərTAc
xəbər verir ki, tədbiri giriş sözü ilə
açan SDU-nun rektoru professor Nadir Qəhrəmanov "Şah
İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət
kimi" məqaləsinin günümüz üçün əhəmiyyətini
diqqətə çatdırmışdır. Qeyd edilmişdir
ki, müəllif məqalədə Şah İsmayılın
Azərbaycanı birləşdirmək qüdrətindən,
onun böyük sərkərdə, şair və s. kimi səciyyəvi
cəhətlərindən söz açaraq ətraflı
araşdırmaları əsasında gerçək həqiqətlərin
üzə çıxarılmasına nail olmuşdur.
Səfəvilər
dövləti dövründə Azərbaycanın geosiyasi vəziyyəti,
bu dövrdə əldə edilmiş nailiyyətlərdən
bəhs edən rektor məqalədə bütün bu məqamlara
aydınlıq gətirildiyini bildirmişdir.
Universitetin
tarix fakültəsinin dekanı professor Adil Baxşəliyev
demişdir ki, Azərbaycan müstəqillik qazanana qədər
tariximizin Səfəvilər dövrünə doğru
yanaşılmamışdır. Sovet ideologiyası bu dövrə,
eləcə də Şah İsmayıl Xətai şəxsiyyətinə
yanaşmada da özünü göstərmişdir. Yalnız
ölkəmiz müstəqillik qazandıqdan sonra Səfəvilər
dövlətinin Azərbaycan tarixindəki yeri
araşdırılaraq üzə
çıxarılmışdır. Bu mənada akademik Ramiz
Mehdiyevin araşdırması xüsusi əhəmiyyət
daşıyır.
Ümumi
tarix kafedrasının müdiri professor Şirxan Səlimov
qeyd etmişdir ki, bu məqalə tariximizin böyük bir
dövrünə yeni bir yanaşmanı özündə
ehtiva edir. Məqalədə əsaslandırılır ki, Səfəvi
dövləti həm milli atributları etibarilə, həm
coğrafi, həm də idarəetmə baxımdan türk
dövlətidir. Bu baxımdan məqalə
Azərbaycana, onun tarixinə qarşı böhtan atanlara
tutarlı bir cavabdır.
Azərbaycan tarixi kafedrasının müdiri
dosent Əmirxan İsayev də vurğulamışdır ki,
sözügedən məqalə tariximizin mühüm bir səhifəsinə
verilən qiymət, yeni təfəkkürlü
yanaşmadır.
Universitetin
prorektoru professor Yadigar Hüseynov isə qeyd etmişdir ki,
akademik Ramiz Mehdiyevin "Şah İsmayıl Səfəvi ali
məramlı tarixi şəxsiyyət kimi" məqaləsi
yeni səfəviçilik ideyasının əsasını
qoymuşdur. Beləliklə, yazıda yer alan tezislər
tarixçilərimizin yeni vəzifələrini müəyyənləşdirmək
baxımından da çox qiymətlidir.
SDU-nun Fəlsəfə
kafedrasının müdiri professor Həsən Sadıqov məqalənin tədqiqatçılar
üçün yeni istiqamətlər müəyyənləşdirdiyini
diqqətə çatdırmışdır. Bildirmişdir
ki, bundan sonra uzun bir tarixi dövr ərzində tarixçilərimiz
məqalədə qoyulmuş problemlərin
araşdırılması və təhlili ilə məşğul
olmalıdırlar.
Azərbaycan.-2013.- 26 yanvar.- S.3.