İsmayıllıda rayon ictimaiyyətinin nümayəndələri ilə görüş keçirilmişdir

 

Yanvarın 25-də İsmayıllıda son günlər baş verən hadisələrlə bağlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüş keçirilmişdir. Görüşdə Yeni Azərbaycan Partiyasının nümayəndələri, Milli Məclisin deputatları, hüquq-mühafizə orqanlarının əməkdaşları, sakinlər, ziyalılar, gənclər, idarə və müəssisələrin rəhbərləri iştirak etmişlər.

Daxili İşlər Nazirliyinin idarə rəisi Cavanşir Məmmədov yanvarın 23-də baş vermiş hadisə ilə bağlı cinayət işinin açıldığını və araşdırma aparıldığını bildirmişdir. Qeyd edilmişdir ki, rayonda baş verən hadisələr zamanı yanğınlar törədilmiş, ictimai obyektlərə və şəxsi mülkiyyətə ciddi ziyan vurulmuşdur.

İsmayıllıda yaşanan gərginliyin hər kəsi narahat etdiyini qeyd edən YAP sədrinin müavini, icra katibi Əli Əhmədov demişdir ki, bu, bütövlükdə sabitliyimizə, dövlətçiliyimizə xələl gətirən, İsmayıllı sakinlərinin narahatlığına səbəb olan hadisədir. Biz bu narahatlığın tezliklə aradan qalxmasını istəyirik. Bu gərginliyin aradan qaldırılması üçün ən vacib şərtlərdən biri onun səbəblərini araşdırmaq, burada maraqlı olan tərəflərin niyyətini aydınlaşdırmaqdır. Mən qəti əminəm ki, bu olaylardan ən çox narahatlıq keçirən və əziyyət çəkən sadə insanlardır. Görünən odur ki, məişət zəminində baş verən xırda anlaşılmazlıqdan istifadə edənlər vardır. Müəyyən qüvvələr adi avtomobil qəzası ilə bağlı yaranan söz-söhbəti böyüdərək iğtişaşlara gətirib çıxarmışlar. Bu hadisədən ayrı-ayrı qüvvələr siyasi divident qazanmağa çalışır.

 Ə.Əhmədov ismayıllıların sağlam düşüncəli, dövlətçiliyi, sabitliyi sevən insanlar olduğunu bildirərək demişdir: "Yerli camaat təxribatçı insanların müəyyən niyyət və hərəkətlərinə fikir vermir. Bu təxribatçı insanlar tezliklə ifşa olunmalıdır".

İsmayıllı rayonunda YAP-ın minlərlə fəal üzvünün olduğunu bildirən Əli Əhmədov demişdir ki, onlar dövlətimizə, rayonun inkişafına xidmət edən insanlardır. Onlar da bu narahatlığın aradan qalxmasına öz töhfələrini verəcəklər. Artıq  rayonda vəziyyət normallaşıb. İsmayıllı camaatı rayonda sabitliyin təmin edilməsi işini öz əlinə almalı, təxribatlara uymamalıdır.

Tədbirdə çıxış edən rayon ziyalıları baş verənlərdən təəssüf hissi keçirdiklərini söyləmiş, araqızışdıranları və belə hadisələrin bir də təkrarlanmaması üçün əllərindən gələni edəcəklərini vurğulamışlar.

Bildirilmişdir ki, aksiya iştirakçılarına qarşı güc tətbiq edilməyib, əksinə, onlarla danışıqlar aparmağa üstünlük verilmişdir.

Tədbirdə bir daha vətəndaşların təmkinli olması üçün izahat işlərinin davam etdirilməsinin vacibliyi vurğulanmışdır. Qeyd olunmuşdur ki, tələbləri küçələrdə deyil, müvafiq qurumlara sivil şəkildə müraciət etməklə bildirmək olar, aksiya iştirakçıları istənilən vaxt rayon rəhbərliyi ilə görüşüb şikayət və tələblərini irəli sürə bilərlər.

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 26 yanvar.- S.4.