Azərbaycan inkişaf edən iqtisadiyyatı ilə Qafqazın parlayan ulduzuna çevrilmişdir

 

Türkiyənin nüfuzlu "Takvim" qəzetində ölkəmizin uğurlarından bəhs edən "Azərbaycan inkişaf edən iqtisadiyyatı ilə Qafqazın parlayan ulduzuna çevrilmişdir" sərlövhəli məqalə dərc edilmişdir.

AzərTAc xəbər verir ki, məqalədə deyilir: "Qardaş Azərbaycanda gənclər arasında işsizlik səviyyəsi azalmaqda davam edir. Beynəlxalq Əmək Təşkilatının "Qlobal Məşğulluq meyilləri - 2013" hesabatına görə, dost və qardaş ölkədə gənclər arasında işsizliyin səviyyəsi 11 faizə qədər azalmışdır. Nəzərə alsaq ki, Azərbaycanda 2000-ci ildə gənclər arasında işsizlik 18,4 faiz səviyyəsində idi, o zaman bu sahədə inkişafın səviyyəsi dərhal nəzərə çarpar".

Məqalədə bildirilmişdir ki, son 8 ildə Azərbaycanın iqtisadiyyatının 8 dəfə artması heyrət doğurur. Şübhəsiz, Azərbaycan iqtisadiyyatının şah damarı neft və təbii qazdan əldə edilən gəlirlərdir. Ölkə "qara qızıl" adlandırılan neftdən ildə 15 milyard dollar qazanır. Lakin Azərbaycanın gəlir mənbəyi yalnız neft və qaz deyildir. 2012-ci ildə neft gəlirlərində 6,5 faizlik azalma olmuşdur. Buna baxmayaraq, Azərbaycan iqtisadiyyatının inkişafı davam etmişdir. Qeyri-neft sektorundakı inkişaf səviyyəsi 9,7 faiz olmuşdur. Bu da Azərbaycanda özəl sektorun gücləndiyini və iqtisadiyyatdakı gəlir mənbələrinin artdığını göstərir. Beynəlxalq Əmək Təşkilatının məlumatları da dost və qardaş ölkədəki inkişafın bariz nümunəsidir.

Məqalədə diqqətə çatdırılmışdır ki, qonşu Ermənistan ilə bağlı məlumatlar isə acınacaqlı vəziyyətdədir. Ermənistanda demək olar ki, hər iki adamdan biri işsizdir. 2012-ci ildə ölkənin gəncləri arasında işsizliyin səviyyəsi 39,1 faiz olmuşdur.

 

 

Azərbaycan.-2013.- 26 yanvar.- S.4.