Respublika Hərbi Prokurorluğunun
geniş kollegiya
iclasında ötən ilin
yekunları və cari ildə qarşıda duran vəzifələr
müzakirə olunmuşdur
Yanvarın
25-də Azərbaycan Respublikası Hərbi Prokurorluğunda mərkəzi
aparat işçilərinin, Naxçıvan Muxtar
Respublikası və ərazi hərbi prokurorlarının
iştirakı ilə 2012-ci ildə görülmüş
işlərin və cari ildə qarşıda duran vəzifələrin
müzakirəsinə həsr olunmuş geniş kollegiya
iclası keçirilmişdir.
Hərbi
Prokurorluğun mətbuat xidmətindən AzərTAc-a
bildirmişlər ki, kollegiya iclasında hesabat məruzəsi
ilə çıxış edən baş prokurorun müavini
- hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev
qeyd etmişdir ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan
İlham Əliyevin rəhbərliyi ilə həyata
keçirilən məqsədyönlü tədbirlər nəticəsində
2012-ci ildə dövlət müstəqilliyimiz daha da möhkəmləndirilmiş,
demokratik, hüquqi dövlət, vətəndaş cəmiyyəti
quruculuğu prosesi sürətləndirilmişdir. Ölkənin
inkişaf dinamikasında ciddi keyfiyyət dəyişiklikləri
baş vermiş, sosial-iqtisadi siyasətin uğurla həyata
keçirilməsi nəticəsində böyük nailiyyətlər
əldə olunmuşdur.
Ölkə
iqtisadiyyatının dinamik inkişafının Silahlı
Qüvvələrin fəaliyyətinə də müsbət
təsir etdiyini söyləyən hərbi prokuror
bildirmişdir ki, son illər Ali Baş Komandan İlham Əliyevin
diqqət və qayğısı nəticəsində ordunun
maddi-texniki bazası əhəmiyyətli dərəcədə
möhkəmləndirilmiş, hərbçilərin sosial vəziyyətinin
yaxşılaşdırılması istiqamətində
mühüm addımlar atılmışdır. Bunun nəticəsində
ordunun döyüş qabiliyyəti xeyli yüksəlmiş,
şəxsi heyətin nizam-intizamı güclənmiş,
nöqsanların aradan qaldırılması istiqamətində
mühüm irəliləyişlərə nail olunmuşdur.
Ötən il Silahlı Qüvvələrdə cinayətkarlığa
qarşı mübarizə, qanunçuluq və hüquq
qaydasının möhkəmləndirilməsi istiqamətində
görülən işlər səmərəli olmuş,
hesabat dövründə qeydə alınmış cinayətlərin
99,3 faizi açılmışdır.
Hərbi
prokuror qeyd etmişdir ki, 2011-ci ilə nisbətən ötən
il Silahlı Qüvvələrdə və qanunvericilikdə nəzərdə
tutulmuş başqa silahlı birləşmələrdə
qeydə alınmış cinayətlər 0,4 faiz, hərbi
xidmət əleyhinə cinayətlər 1,5 faiz, o cümlədən
tabelik qaydaları əleyhinə olan cinayətlər 6,7 faiz, hərbi
xidmətdən yayınma 4,3 faiz, fərarilik cinayətləri
35 faiz, hərbi hissəni və xidmət yerini
özbaşına tərketmə cinayətləri 4,4 faiz,
hakimiyyətdən sui-istifadə etmə cinayətləri 20
faiz, qulluğa səhlənkar yanaşma cinayətləri 40,7
faiz, maşınları idarəetmə və istismar
qaydalarını pozma cinayətləri 50 faiz, mülkiyyət əleyhinə
olan cinayətlər 4,8 faiz, silahlı birləşmələrdə
ölüm halları 2,3 faiz, o cümlədən qəsdən
adam öldürmə 8,7 faiz azalmışdır. Hərbi hissəni
və xidmət yerini döyüş şəraitində
özbaşına tərk etmə halları baş verməmişdir.
Hərbi birləşmələrdə törədilmiş bir
sıra ağır və xüsusilə ağır cinayətlərin
açılması təmin olunmuşdur. Bu növ cinayət
hadisələrinin azalmasında hərbi prokurorluq
orqanlarının Müdafiə Nazirliyi, Dövlət Sərhəd
Xidməti, Daxili Qoşunlar və digər hərbi qurumlarla
qarşılıqlı sağlam və işgüzar əlaqələrinin
yaranması, habelə birgə tədbirlərin çox
böyük əhəmiyyəti olmuşdur. Bununla
yanaşı, qanunvericilikdə nəzərdə tutulmuş
silahlı birləşmələrdə tabelik münasibətlərində
olmayan hərbi qulluqçular arasında
qarşılıqlı münasibətlərin nizamnamə,
silahla və ya ətrafdakılar üçün təhlükə
törədən əşyalarla davranış
qaydalarını pozma, qəsdən sağlamlığa
ağır zərər vurma cinayətləri
artmışdır.
Silahlı
Qüvvələrdə və qanunvericilikdə nəzərdə
tutulmuş başqa silahlı birləşmələrdə qəsdən
adam öldürmə və özünü öldürmə
həddinə çatdırma cinayətlərinin
qarşısının alınması məsələsi hər
il olduğu kimi, ötən ildə də iki dəfə
Respublika Hərbi Prokurorluğunun kollegiyasında silahlı
birləşmələrin rəhbər vəzifəli şəxslərinin
iştirakı ilə məhkəmə və istintaq təcrübəsi
ümumiləşdirilməklə müzakirə edilmişdir.
Həmin cinayətləri doğurmuş səbəb və
şəraitin aradan qaldırılması üçün zəruri
qabaqlayıcı tədbirlərin görülməsinə
dair kollegiyanın qərarlarına əsasən silahlı birləşmələrin
komandanlıqlarına təqdimatlar, ərazi hərbi
prokurorlarına icmal-məktublar göndərilmişdir. Cinayətlərin
qarşısının alınması məqsədi ilə Müdafiə
Nazirliyi və digər qurumlarla birlikdə tədbirlər
planları hazırlanaraq təsdiq edilmiş və icrası təmin
olunmuşdur. Hazırda bu istiqamətdə işlər davam
etdirilir.
Respublika
Hərbi Prokurorluğu tərəfindən Səfərbərlik
və Hərbi Xidmətə Çağırış
üzrə Dövlət Xidmətinin idarə, şöbə
və bölmələrində aparılmış yoxlamalar nəticəsində
bir sıra hallarda
çağırışçıların hərbi xidmətə
çağırışdan əsassız azad edilmələri
onlara hərbi-həkim komissiyalarının rəylərinə
əsasən çağırışdan qanunsuz möhlət
verilməsi və çağırışçıların
valideynlərindən rüşvət alınması ilə
bağlı Bakı şəhərinin Binəqədi,
Sumqayıt şəhər, Gəncə şəhərinin
Nizami və Kəpəz rayonları, Lənkəran şəhər
və digər rayon şöbələrinin vəzifəli
şəxsləri barəsində Azərbaycan Respublikası
Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma),
313-cü (vəzifə saxtakarlığı) və 341-ci
(hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini
aşma və ya hakimiyyətdən istifadə etməmə)
maddələri ilə başlanmış cinayət işlərinin
istintaqı yekunlaşaraq baxılması üçün hərbi
məhkəmələrə göndərilmiş, həmin
işlər üzrə ittiham hökmü
çıxarılmışdır.
Azərbaycan
Respublikası Prezidentinin "Dövlət və bələdiyyə
əmlakının və vəsaitlərinin idarə
olunması sahəsində korrupsiya ilə əlaqədar
hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi
haqqında" 2009-cu il 22 iyun tarixli fərmanında və
cari il yanvarın 15-də Nazirlər Kabinetinin 2012-ci ilin
sosial-iqtisadi inkişafının yekunlarına və
2013-cü ildə qarşıda duran vəzifələrə həsr
olunmuş iclasındakı nitqində rüşvətxorluğa
və korrupsiyaya qarşı daha da ciddi mübarizə
aparılması, ictimai nəzarətin gücləndirilməsi
barədə verdiyi tapşırıqların icrası ilə
əlaqədar prokurorluq orqanlarının üzərinə
çox böyük məsuliyyət qoyulduğunu qeyd edən
Xanlar Vəliyev bildirmişdir ki, bu qəbildən olan cinayətlərin
aşkarlanması istiqamətində struktur qurumlar tərəfindən
bir sıra işlər görülsə də, bu sahədə
tədbirlər davam etdirilməlidir.
Hesabat
dövründə hərbi prokurorluq orqanları törədilmiş
cinayətlər nəticəsində hüquqi və fiziki
şəxslərə dəymiş maddi ziyanın 99,5 faizinin
istintaq zamanı ödənilməsini təmin etmişlər.
Xüsusi
vurğulanmışdır ki, 2012-ci ildə hərbi prokurorluq orqanları tərəfindən
bir çox ağır, mürəkkəb və
çoxepizodlu cinayət işlərinin istintaqı
tamamlanmış, ibtidai istintaqın keyfiyyətinin
yaxşılaşdırılması, qüvvədə olan
cinayət-prosessual qanunvericiliyin tələblərinə dəqiq
əməl edilməsi üzərində nəzarət
gücləndirilmişdir.
Ötən
il hərbi prokurorluq orqanları tərəfindən əməliyyat-axtarış
tədbirlərinin yerinə yetirilməsi üzərində
prokuror nəzarətinin gücləndirilməsi nəticəsində
axtarışda olanlardan 74 nəfər tapılıb istintaqa cəlb
edilmişdir. Təhqiqat orqanlarının fəaliyyətində
qanunların icrasına nəzarət qaydasında 138 yoxlama
keçirilmiş, nəticədə 2443 qanun pozuntusu aşkar
edilmiş, qanun pozuntularını doğuran səbəb və
şəraitin aradan qaldırılması üçün 351
təqdimat göndərilmiş, 141 nəfərə xəbərdarlıq
edilmiş, 52 cinayət işi başlanmış, təhqiqat
orqanlarının icraatında olan işlər üzrə 141
yazılı göstəriş verilmiş, cinayət işlərinin
başlanmasının rədd edilməsinə dair 26 qanunsuz qərar
ləğv olunmuşdur.
Kollegiya
iclasında təhqiqat orqanlarının fəaliyyətində
aşkar edilmiş nöqsanlar və qanun pozuntuları konkret
misallarla təhlil edilmişdir. Hərbi prokuror ərazi hərbi
prokurorlarından bu sahədə görülən işin səmərəliliyinin
artırılmasını və ilkin təhqiqatın tam, hərtərəfli
və keyfiyyətli aparılması üçün prokuror nəzarətinin
daha da gücləndirilməsini tələb etmişdir.
Hesabat
dövründə dövlət ittihamının müdafiəsi
şöbəsi tərəfindən birinci instansiya hərbi məhkəmələrinin
hökm və qərarlarından verilmiş 56 apelyasiya
protestinin 55 faizi təmin olunmuşdur.
Cinayətkarlığın
profilaktikası üçün məhkəmə qərar və
hökmlərinin rolunun artırılması, məhkumlar, həm
də başqa şəxslər tərəfindən yeni cinayətlərin
törədilməsinin qarşısını almaq məqsədi
ilə hesabat dövründə 216 məhkəmə prosesi səyyar
qaydada keçirilmişdir.
Keçən
il hərbi prokurorluq orqanlarında vətəndaşların
1623 müraciətinə baxılmış, 621 vətəndaş
mərkəzi aparatda qəbulda olmuş, ərazi hərbi
prokurorluqlarında 2664 vətəndaşın fərdi qəbulu
aparılmış, bilavasitə hərbi hissə və birləşmələrdə
1848 nəfər qəbul edilərək müraciətləri
üzrə müvafiq qərarlar qəbul olunmuşdur.
Ədliyyə
general-leytenantı Xanlar Vəliyev Xocalı, Qaradağlı,
Meşəli, Bağanis-Ayrım faciələri, terror, habelə
əsir düşmüş şəxslərə işgəncə
verilməsi və erməni silahlı qüvvələrinin
törətdikləri digər cinayət əməlləri ilə
bağlı Hərbi Prokurorluqda aparılan istintaq barədə
kollegiya iclasının iştirakçılarına məlumat
verərək bildirmişdir ki, həmin cinayət işləri
üzrə hazırda intensiv istintaq-əməliyyat tədbirləri
davam etdirilir.
Görülmüş
müsbət işlərlə yanaşı, kollegiya
iclasında "Prokurorluq haqqında" qanunda nəzərdə
tutulmuş fəaliyyət istiqamətləri üzrə
işin səmərəliliyinə mənfi təsir göstərən
hallar da ətraflı təhlil olunmuşdur.
Kollegiyada
həmçinin prokurorluq orqanlarının
yaradılmasının 94-cü ildönümü və
peşə bayramı günündə Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin 2012-ci il 1
oktyabr tarixli sərəncamı ilə "İgidliyə
görə" və "Dövlət qulluğunda fərqlənməyə
görə" medalları ilə təltif edilmiş hərbi
prokurorluq əməkdaşlarına dövlət
mükafatları təqdim olunmuşdur.
Prokurorluq
əməkdaşlarının dövlət
mükafatlarına layiq görülməsi Azərbaycan
Prokurorluğuna dövlət başçısı İlham Əliyev
tərəfindən göstərilən yüksək etimad və
inamın ifadəsi, dövlətçiliyimizin
maraqlarının qorunması işində prokurorluğun fəaliyyətinə
verilən yüksək qiymət kimi dəyərləndirilmiş
və prokurorluğun kollektivi üçün böyük məsuliyyət
yaratdığı qeyd edilmişdir.
Xanlar
Vəliyev diqqətə çatdırmışdır ki,
Nazirlər Kabinetinin 2011-ci il 12 yanvar tarixli qərarına əsasən
ötən ildə də Hərbi Prokurorluğun vəzifə
borclarını layiqincə yerinə yetirən 14 əməkdaşına
hərbi prokurorun əmri ilə məharət dərəcələri
verilmişdir.
Azərbaycan
Respublikası baş prokurorunun və hərbi prokurorun
müvafiq əmrləri ilə 11 işçi vəzifədə
irəli çəkilmiş, xidməti fəaliyyətlərində
fərqlənmiş 64 əməkdaş həvəsləndirilmiş,
59 işçi müxtəlif medallarla təltif olunmuş, 74 əməkdaşa
rütbələr verilmiş, 30 işçi intizam məsuliyyətinə
cəlb edilmiş, o cümlədən bir nəfər
prokurorluq orqanlarından xaric edilmişdir.
Sonra
məruzə ətrafında müzakirələr olmuşdur.
Respublika Hərbi Prokurorluğunun şöbə rəisi Səfər
Əhmədov, Bakı hərbi prokuroru Zöhrab Kazımov, Lənkəran
hərbi prokuroru İmran Əhmədov, Qazax hərbi prokuroru
Şahin Zamanov çıxış edərək hesabat
dövründə görülmüş işlərdən
danışmış, nöqsanların aradan
qaldırılması, qanunçuluğun möhkəmləndirilməsi,
insan hüquq və azadlıqlarının etibarlı
müdafiəsi, cinayətkarlığa qarşı səmərəli
mübarizənin təmin olunması ilə əlaqədar hərbi
prokurorluq orqanlarının qarşısında duran vəzifələrin
yerinə yetirilməsi üçün görüləcək
tədbirlər barədə ətraflı məlumat
vermişlər.
Respublika
hərbi prokuroru Xanlar Vəliyev kollegiyaya yekun vuraraq
bildirmişdir ki, hərbi prokurorluq orqanları Azərbaycan
Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin
prokurorluq orqanlarına göstərdiyi yüksək
qayğı və etimadı layiqincə doğrultmaq
üçün bütün zəruri tədbirləri bundan
sonra da dönmədən həyata keçirəcəklər.
Azərbaycan.-2013.- 26 yanvar.- S.6.