Ömür çırağı söndürülsə də

 

Firidun bəy Köçərli-150

 

Azərbaycan ədəbi tənqidinin və ədəbiyyatşünaslığının görkəmli nümayəndələrindən biri Firidun bəy Köçərli akademik Həmid Araslının təbirincə ömrünün mühüm hissəsini xalqının maarifinə, ədəbi irsinin öyrənilməsinə sərf edən fədakar ictimai xadimdir. Ötən əsrin əvvəllərində realist bədii nəsrdə, dramaturgiyada, satirik publisistikada Cəlil Məmmədquluzadə, yeni şeir aləmində Mirzə Ələkbər Sabir, milli musiqinin inkişafında Üzeyir Hacıbəyli hansı zirvədə dayanırsa, gördüyü mühüm işlər sahəsində ədəbiyyatşünaslıq elmində də Firidun bəy Köçərli həmin ucalıqda qərar tutub. 57 baharlı ömrünün 40 ilini millətinin maariflənməsinə, mədəni tərəqqisinə həsr edən Firidun bəy Köçərli estetik fikir tarixində də şərəfli yerlərdən birinin sahibidir. Çoxcəhətli yaradıcılığa malik olan Firidun bəy Köçərli ədəbiyyat tarixçisi, nəzəriyyəçisi, tənqidçisi, tərcüməçi, mətbuat və teatr qurucusu, pedaqoq, maarifçi, ən başlıcası da böyük vətəndaş və milli duyğulara sahib bir fədai kimi adını tarixə pozulmaz hərflərlə həkk etdirib.

Firidun bəy Əhməd bəy oğlu Köçərli 1863-cü il yanvarın 26-da Şuşa şəhərində anadan olmuşdur. İbtidai təhsilini Mirzə Kərim Münşizadənin məktəbində alıb. Atası Əhməd bəyin elmə, maarifə, böyük marağı və həvəsi olub. Bu səbəbdən də oğlunu dövrünün ən yaxşı məktəblərində oxutmaq istəyində idi. Atasının arzularına rəğmən Firidun bəy Köçərli doğma şəhərdə fəaliyyət göstərən rus məktəbinə daxil olub. O dövrdə məşhur rus pedaqoqu  A.Çernyayevski Qafqazı dolaşaraq Qori Müəllimlər Seminariyası üçün ümidverən gənclər toplayırdı. Firidun bəy Köçərli onun diqqətini çəkib. Beləliklə, Firidun bəy Köçərli öz taleyini seminariyaya bağlayıb. 1879-1885-ci illər ərzində o, burada təhsil alıb. Seminariyanı bitirən ili bir müddət İrəvan gimnaziyasında dərs deyib. Onu İrəvanda təkcə pedaqoq kimi tanımırdılar. Qori Müəllimlər Seminariyasının məzunu Firidun bəy Köçərli 23 yaşındaikən İrəvanda teatr tamaşası təşkil edir. Mirzə Fətəli Axundzadənin "Müsyö Jordan və Dərviş Məstəli şah" komediyasının tamaşası İrəvan əhalisinin həyatında böyük mədəni hadisəyə çevrilir. On ilə yaxın bir müddət ərzində İrəvanda həm pedaqoq, həm də bir mədəniyyət xadimi kimi fəaliyyət göstərən Firidun bəy Köçərli yerli ziyalılardan Mirzə Məhəmməd Qəmərli ilə birlikdə ədəbi gecələr təşkil edir, poeziyaya, ədəbiyyata marağı olan gəncləri bir araya gətirərək onların formalaşmasında böyük zəhmət çəkir. Hələ İrəvan gimnaziyasında müəllim işlədiyi illərdə tərcüməçiliklə məşğul olan Firidun bəy Köçərli rus ədəbiyyatının tanınmış nümayəndələrindən Puşkinin, Lermantovun, Koltsovun və başqalarının əsərlərini ana dilimizə çevirməyə başlamışdı. Mirzə Fətəli Axundzadənin "Aldanmış kəvakib" povestinirus dilinə ilk dəfə Firidun bəy Köçərli çevirmişdir. Bu da faktdır ki, Azərbaycan və rus ədəbiyyatlarının əlaqələri haqqında ilk qeydləri Firidun bəy Köçərli etmişdir. Firidun bəy Köçərli eyni zamanda rus dilində yazdığı əsərləri ilə Azərbaycan klassiklərini rus və digər xalqlara tanıtmaqda faydalı görmüşdür.

İrəvanı tərk etdikdən sonra yenidən Qoriyə qayıdan Firidun bəy Köçərli 1895-ci ildən 1918-ci ilə qədər məzunu olduğu seminariyada dərs deyib. Hətta onu 1910-cu ildə Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin müvəqqəti təlimatçısı təyin ediblər. Burada çalışdığı illərdə həmvətənlərinin seminariyada təhsil almasına yardımçı olan Firidun bəy Köçərli uzun sürən səylərindən sonra onun təşəbbüsü ilə Qazaxda Müəllimlər Seminariyası açıldı. 1918-ci ildən ömrünün sonuna kimi bu seminariyanın müdiri vəzifəsində çalışan Firidun bəy Köçərli Gəncədə baş verən üsyan zamanı 20-ci diviziyanın hökmü əsasında həbs edilib. Erməni dığası Sarkis Danilyanın diktəsi ilə Firidun bəy Köçərli haqqında verilən saxta hökmdə yazılıb: "4 iyun 1920-ci il. Gəncə: "Mən 20-ci diviziyanın xüsusi şöbəsinin hərbi müstəntiqi, bu gün Firidun bəy Köçərlinskinin əksinqilabçı kimi ittihamnaməsi üzrə işinə baxaraqQazax İnqilab Komitəsinin ona verdiyi xasiyyətnaməni nəzərə alaraq bildirirəm ki, müttəhim Köçərlinski özünün hakimiyyətindən və böyük səlahiyyətindən istifadə edərək zəhmətkeş xalqa zorakılıq göstərmişdir. Köçərlinski Qazaxda... millətçilik ehtiraslarını qızışdırmışdır, nəticədə qonşu millətlər arasında toqquşmalar baş vermişdir. Onun verdiyi izahat heç də inandırıcı deyildir... Müttəhim Köçərlinskinin şahidlərin dindirilməsi haqqında ərizəsini rədd etmək lazımdır. Onun gələcəkdə azadlıqda qalması Qazax qəzasında əksinqilabi hərəkatın baş verməsinə, fəhlə və kəndlilərin günahsız olaraq qanlarının tökülməsinə səbəb ola bilər". Beləliklə, zülmətdə doğulub ətrafa nur saçan, millətinin maariflənməsi yolunda can qoyan, xalqlar arasında ayrı-seçkiliyə heç zaman yol verməyən humanist bir ürəyə malik olan milli duyğularla, bəşəri arzularla yaşayan, dövrünün ən böyük ziyalısı erməni fitnə-fəsadının qasırğasına düşüb. Erməni Sarkis Danilyanın hökmünə əsasən türkün böyük oğlu Firidun bəy Köçərliyə güllələnmə cəzası təyin edilir. Ən acısı da odur ki, bu hökmü təsdiq edən imzanın altında:"Fövqəladə komissar H.Sultanov" yazılıb. Erməni dəyirmanına su tökənlərin sonrakı aqibəti də elə belə qərəzli hökmlərə tuş gəlib. Firidun bəy Köçərlinin həbs edilməsi haqqında xəbər o zaman Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri  Nəriman Nərimanova çatdırılıb. O bu xəbəri eşidəndə bərk sarsılaraq Firidun bəyin azad olunması barədə Gəncəyə teleqram göndərib. Təəssüf ki, hər şey gec idi. Ermənilər gözəl bilirdilər ki, Firidun bəyin güllələnməsini ləngitmək onun xeyrinə ola bilər. Canilərin göstərişi ilə arxadan atılan güllə Firidun bəyin həyatına son qoyub. Uzun illər bu məsələni gizli saxladılar. Sadəcə, bir təsadüf nəticəsində güllələndiyi bildirildi.

Azərbaycan ədəbiyyatı tarixini sistemli bir halda öyrənmək, yaratmaq ideyası məhz Firidun bəy Köçərli tərəfindən həyata keçirilmişdir. Doğrudur, Mirzə Fətəli Axundzadə maarifçilik ənənələrinin fəal təbliğatçısı və yorulmaz təşkilatçısı olmuşdur. Amma çoxəsrlik Azərbaycan ədəbi irsini toplayıb, elmi prinsip və ardıcıllıqla öyrənərək öz tədqiqatının nəticələrini "Azərbaycan ədəbiyyatı" əsərində qələmə alması Firidun bəy Köçərlinin bu sahədə ən böyük xidməti sayılır. Bu əsəri yazmaqla Firidun bəy müasir Azərbaycan ədəbiyyat tarixçiliyi elminin əsasını qoymuş və beləliklə də, gələcək tədqiqatçılar üçün geniş bir yol açmışdır.

Hələ 1919-cu ildə Əliqulu Qəmküsar "Gələcək" qəzetində yazırdı: "Firidun bəy ən müqtədir, ən sevgili ədiblərimizdən biridir. Bu şəxs ədəbiyyat tariximizi yazmaq ilə bütün keçmişimizi diriltdi, şairlərimizin ülvi ruhlarını canlandırdı və həyati-fikriyyəmizi təbii yoluna saldı. Heyif ki, Firidun bəy həzrətlərinin çox az əsərləri oxuculara mal oldu".

Firidun bəy Köçərliyə qədər Azərbaycan ədəbiyyatşünaslığı ancaq təzkirə, cüng və müntəğəbaatdan ibarət olub. Əsrlər boyu da təzkirə müəllifləri Azərbaycan dilində yazıb-yaradan sənətkarları demək olar ki, unudublar.

Akademik Feyzulla Qasımzadə XIX əsr Azərbaycan ədəbiyyatında ilk mənbələr içərisində ən mühüm yeri Firidun bəy Köçərlinin "Azərbaycan ədəbiyyatı" əsərinin tutduğunu qeyd edib. Unudulmaz Kamal Talıbzadə də Firidun bəy Köçərli yaradıcılığını araşdıraraq onun bu əsərini "Azərbaycan türklərinin ədəbiyyatı" adlandırıb. Firidun bəy Köçərli haqqında ilk monoqrafik əsəri mərhum akademik Bəkir Nəbiyev yazıb. Doğrudur, Bəkir Nəbiyevə qədər Ş.Qurbanov, F.Qasımzadə, A.Zamanov, C.Xəndan və başqa tədqiqatçılar müəyyən araşdırmalar aparıb kitabça və məqalələr qələmə alıblar. Bəkir Nəbiyev həmkarlarından fərqli olaraq Firidun bəy Köçərlinin daha dolğun və ətraflı şəkildə tədqiqinə nail olub. Firidun bəy Köçərli ilə aparılan araşdırmalarda yol verilən nöqsan və yanlışlıqları üzə çıxaran Bəkir Nəbiyev Firidun bəy Köçərlinin işıqlı obrazını olduğu kimi qələmə alıb. Bəzi tədqiqatçılara görə, Üzeyir Hacıbəylinin seminariyaya rus maarifçisi A.Çernyayevskinin apardığı deyilirdi. Məhz B.Nəbiyev bu monoqrafiyada faktların köməyi ilə açıqlayıb ki, Üzeyir Hacıbəylini Qori  Müəllimlər Seminariyasına məhz Firidun bəy Köçərli dəvət edib. Onlarla qarabağlının o dövrdə seminariyada təhsil alması məhz bu şuşalı balasının xidmətidir. BirÜzeyir Hacıbəyli seminariyaya oxumağa gedəndə A.Çernyayevski beş il idi ki, vəfat etmişdi.

Akademik Bəkir Nəbiyev "Mənalı ömürdən səhifələr" adlı dəyərli tədqiqatında yazırdı: "Abasqulu ağa Bakıxanovun "Gülüstani-İrəm" əsəri tarixşünaslıqda olduğu kimi Firidun bəy Köçərlinin "Azərbaycan ədəbiyyatı" da ədəbiyyatşünaslığımızda ilk və mötəbər mənbələrdən biridir". Firidun bəy Köçərlinin adı çəkilən əsərini transliterasiya və tərtib edən, müqəddimə, izah və qeydlər yazan Ruqiyyə Qənbər qızı həmin əsər barədə yazırdı: "Azərbaycan ədəbiyyatı tarixi" Köçərlinin mötəbər məxəz kimi istər bütövlükdə, istərsə də ayrı-ayrı əsərlər üzrə yazılmış Azərbaycan ədəbiyyatı tarixi kitabları üçün bünövrə məqamında olmuşdur. Ədəbi irsimizin tədqiqi, tənqidi, pedaqojiestetik fikrimizin tarixi ilə məşğul olan tədqiqatçıların demək olar, hamısı ondan istifadə etmiş və müəyyən dərəcədə də bəhrələnmişdir".

Firidun bəy Köçərli Azərbaycan ədəbiyyatşünaslığı tarixində ilk dəfə olaraq ədib və şairlərimizin böyük əksəriyyətini əhatə edən ədəbiyyat tarixini yazmışdır. Bu əsərdə yüzdən artıq ədəbi irsionlardan böyük bir qisminin bioqrafiyası verilmiş, yaradıcılıqları haqqında müəllif fikri söylənilmişdir. Xalq yazıçısı Elçin yazır: "F.Köçərlinin əsəri öz tarixi rolunu çox gözəl oynamışdır. Azərbaycan sovet ədəbiyyatı tarixçiliyinin təşəkkül və inkişafına çox səmərəli kömək göstərərək yalnız fakt, material, ayrı-ayrı tarixi təfərrüatlar baxımından yox, həm də müəyyən mənada ədəbiyyatşünaslıq fikri, tədqiqat təfəkkürü baxımından sanballı və nüfuzlu bir elmi mənbə olmuşdur".

Şifahi xalq ədəbiyyatının toplanması və nəşri elmi-nəzəri ümumiləşdirilməsi Firidun bəyin diqqətindən yayınmırdı. Elə bunun nəticə və səmərəsidir ki, onun hazırladığı "Balalara hədiyyə" folklor toplusu kiçik oxucuların bədii zövqünə uyğun gəlirdi. Firidun bəy Köçərli folklor nümunələrini sadəcə toplayıb çap etməklə öz işini bitmiş hesab etmirdi. Filologiya elmləri doktoru, görkəmli Azərbaycan yazıçısı Mir Cəlal yazırdı: "Zəngin və əlvan xalq ədəbiyyatı inciləri barədə müəyyən elmi-nəzəri mülahizələr yürüdən Firidun bəy Köçərlinin topladığı bayatı, nağıl, tapmaca, atalar sözü və məsəllər, sayaçı sözləri ən zəngin xəzinədir. Firidun bəy Köçərli çox gözəl bilirdi ki, uşaqların və gənc nəslin tərbiyəsində folklorun müstəsna rolu var". Bu səbəbdən də Firidun bəy Köçərli şifahi ədəbiyyat nümunələrini göz-bəbəyi kimi qoruyub saxlayan, nəsildən-nəslə, zamandan-zamana ötürən öz xalqını qonşu xalqlara nümunə göstərərək yazırdı: "Mənim millətim öz tarixini, dolanacağını, vətənini və dilini sevir, bu qism əsərləri kəmali-zövq və diqqətlə cəm edib qiymətli sərmayə kimi saxlayıb və balalarının ilk təlim və tərbiyəsini onları öyrənməklə başlayır".

Firidun bəy Köçərli klassik Azərbaycan ədəbiyyatı haqqında geniş məlumata, dərin elmi-nəzəri biliyə, incə zövqə malik olduğu üçün hər bir qələm sahibinin yaradıcılığını özünəməxsus şəkildə təhlil etmək qüdrətində olub. Füzuli, Vaqif, Zakir, Seyid Əzim Şirvani kimi şairlər haqqında çox dəyərli oçerklərin müəllifidir. Eləcə də Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Y.V.Çəmənzəminli, M.Ə.Sabir barəsində ədəbi-tənqidi, realist fikirlərini əks etdirən maraqlı əsərləri var.

Firidun bəy Köçərli ana dilinin aşiqi idi. Onun 1913-cü ildə qələmə aldığı "Ana dili" məqaləsi o dövr üçün çox böyük əhəmiyyət kəsb etdi. Bir sıra qələm sahibləri müxtəlif dərgilərdə qəliz bir dildə yazılmış məqalələr dərc etdirərək Azərbaycan dilini korlayırdılar. Həmin vaxt mollanəsrəddinçilər, xüsusilə , Mirzə Cəlil, Əli Nəzmi belə mətbuata qarşı amansız mübarizə aparırdılar. Firidun bəy Köçərli bu ideya yolunda onlarla birləşirdi. Firidun bəy Köçərli dilimizin şirinliyini korlayanlara qarşı amansız idi. Qələm dostlarına tövsiyə edirdi: "Sadə, anlaşıqlı yazın. Dildə əllaməlik etmək yaramaz! Bu oxucu ilə yazıçı arasında keçilməz səd yaradır. O dövrdə Firidun bəy Köçərlinin "Ana dili məqaləsi "Molla Nəsrədin" jurnalında çap olunmuşdu. Unudulmaz maarifçi bu jurnalın dildə millilik sadəlik siyasətini müdafiə edirdi. Maraqlıdır ki, Firidun bəyin ana dili barəsindəki fikirləri yüz ildən sonra - bu gün böyük əhəmiyyətə malikdir: "Hər millətin özünəməxsus ana dili var ki, onun məxsusi malıdır. Ana dili millətin mənəvi diriliyidir, həyatının mayəsi mənziləsindədir. Ananın südü bədənin mayəsi olduğu kimi, ananın dili ruhun qidasıdır. Hər kəs öz anasını vətənini sevdiyi kimi ana dilini sevir".  

Görkəmli ədəbiyyatşünas alim, tənqidçi maarif xadimi Firidun bəy Köçərlinin elmi fəaliyyəti Azərbaycan tarixinin qiymətli səhifələrindəndir. Unudulmaz millət aşiqinin "Azərbaycan ədəbiyyatı" əsəri isə ədəbiyyatşünaslığımızın inkişafında böyük rol oynayan və bu gün də təravətini itirməyən əsərlərindən biridir.

Əlbəttə, Firidun bəy Köçərli təkcə Azərbaycan ədəbiyyatının tədqiqi ilə kifayətlənməyib. Yaradıcılığında Şərq, Qərb, Avropa, rus, eləcə də qonşu xalqların ədəbiyyatları haqqında elmi mülahizələr yürütmüş, ədəbi əlaqələr baxımından qiymətli fikirlər irəli sürmüşdür.

...O, 150 il öncə Azərbaycanın çox dilbər bir guşəsində - Şuşa şəhərində doğulmuşdu. Zülmətdə parlayan bir ulduz kimi ətrafa nur saçırdı. Maarif fədaisi kimi sorağı İrəvandan, Qazaxdan, Gəncədən eşidilirdi. Firidun bəy Köçərli millətinin aşiqi idi. O, gənc nəslin təhsil almasında, maariflənməsində, mədəni inkişafında bir məşəl kimi alovlanırdı. Onun bu nəcibliyi dostları sevindirsə də, öz millətinin taleyinə aydınlıq gətirsə də, gəncliyin yoluna işıq salsa da, düşmənləri xar edirdi. Xüsusilə də, ermənilər bu dağlar oğlunun faydalı işlərini, aydın məramını, xeyirxah əməllərini görmək istəmirdilər. Onlar Azərbaycanın Firidun bəy Köçərli adlı ziyasını qapatmaq üçün fürsəti fövtə vermirdilər. Nəticədə 57 yaşlı bir türk ziyalısının ömür çırağını söndürsələr də, onun arzuları, əməlləri əbədi nur saçır. Bu nurun işığında 150 ildir ki, neçə-neçə Firidun bəy Köçərlilər yol gəlir...

 

 

Flora XƏLİLZADƏ

 

Azərbaycan.-2013.- 26 yanvar.- S.7.