Mədəniyyət və Turizm Nazirliyində görüş

 

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Riçard Morninqstar Mədəniyyət və Turizm Nazirliyində olmuşdur. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, nazir Əbülfəs Qarayev ilə görüşdə Amerika səfirliyinin dəstəyi ilə kitabxana, mədəniyyət və incəsənət sahəsində layihələr müzakirə olunmuşdur.

Əbülfəs Qarayev Azərbaycan ilə ABŞ arasında mədəniyyət sahəsində əməkdaşlığın inkişaf səviyyəsindən məmnunluğunu ifadə etmişbildirmişdir ki, nazirlik bu istiqamətdə silsilə tədbirlər keçirməkdə maraqlıdır. O, son illərdə ABŞ-da Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, diaspor təşkilatları tərəfindən milli mədəniyyətimizi təbliğ edən tədbirlərin təşkil olunduğunu xatırlatmışdır.

Səfir Riçard Morningstar öz növbəsində regionlarda fəaliyyət göstərən kitabxanalarda Amerikanın Corners Proqramının koordinatorlarının fəaliyyətinə nazirlik tərəfindən dəstək verilməsinin ümumi işin uğuruna fayda verəcəyinə diqqəti cəlb etmişdir.

Ə.Qarayev amerikalı diplomatdan yeni təmir olunmuş mədəniyyət müəssisələrinin yüksək texniki avadanlığının idarə edilməsi və müvafiq kursların təşkil olunmasına kömək göstərməsini xahiş etmişdir. Nazir həmçinin bu il mayın 29-dan iyunun 1-dək Bakıda keçiriləcək növbəti Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna ABŞ-dan nüfuzlu dövlət xadimlərinin dəvət olunacağını bildirmişdir.

Daha sonra nazir ABŞ-da fəaliyyət göstərən turizm-bələdçi kitabları nəşr edən şirkətlərin Azərbaycan haqqında bələdçi kitablar hazırlanması layihəsinə cəlb olunması ilə bağlı təklif irəli sürmüşdür.

Səfir R.Morninqstar iki ölkə arasında mədəniyyət və turizm sahələrində əməkdaşlığın gələcəkdə də genişlənəcəyinə əmin olduğunu söyləmişdir.

 

 

Azərbaycan.-2013.- 26 yanvar.- S.7.